Yuxarı

“Demişəm, onsuz da hamınızı tutacaqlar”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mərhum yazıçı-publisist, "Əfqanıstan uçurumu" romanıyla Azərbaycan Milli Kitab Mükafatı müsabiqəsinin qalibi olmuş Zakir Sadatlının doğum günüdür.

Axar.az həyatdan vaxtsız köçən mərhum yazıçının doğum günündə Pərviz Cəbrayılın ona yazdığı yazını oxuculara təqdim edir.

***

Onun Ayrı Sadatlı olduğunu çoxları bilmir. Ancaq AYRI ADAM olduğunu kim bilmirdi ki...

Dünya səndən doymamışdı,
Sən dünyadan doyub getdin.
Bizi gözündən qoymazdın,
Özün bizi qoyub getdin.

Dedin bəlkə böyümüşük,
dünya gəlməz eynimizə.
Bizi belində gəzdirdin,
özün qalxdın çiynimizə.

Üstünə töküldü sənin,
üstündə gəzdiyin torpaq.
Əlini üzdü dünyadan
gülünü üzdüyün torpaq.

Bizə "can bala" dedilər
ögey bildiyin arvadlar.
Yaman ağladılar səni
deyib-güldüyün arvadlar.

Adamdı urvatlı tutan
yenə də, vallah, adamı.
Allah yasına gəlmədi,
bildinmi, allah adamı?..

Bu şeiri nə vaxt yazıb o? Bilmirəm. Heç soruşmadım da. Bəlkə cavanlığında, bəlkə hər addımı ölüm vəd eləyən Əfqanıstan torpaqlarında... Bəlkə elə yenicə yazmışdı - canına dəyən allahsız mərəzdən xəbər tutandan sonra... İlk dəfə Ankarada ucuz "Prestij" otelindəki odamızda eşitdim onun şeirlərini. Telefonumun yaddaşı üçün söyləməsini xahiş elədim. Ayrılıq ərəfəsində yeni, ayrı bir adamla tanış olduğumu anladım.

***

Deyirlər, ölənlə ölmək olmur. Doğru deyirlər. Ancaq ölənlə yaşamaq var. İllərdi biz ölənlərimizlə ölə bilməsək də, onlarla yaşayırıq. Ölənlə ölmək ölənlə yaşamağın yanında toya getməlidi.

Deyirlər, son ölən ümid olur. Ayrı adam da dünyasını dəyişdi və demək ki, daha bir ümid öldü. Beləcə, ümidlərimiz bir-bir ölür. Hər dost, hər doğmamız getdikcə ümidimiz bir az daha azalır. Hər azərbaycanlının ümidi Azərbaycanın sabahına olan böyük ümidin bir tikəsidi. Hər gedən özüylə bizim ümidimizdən də bir tikə aparır. Dostlar öldükcə biz də bir tikə ölürük. Yoxsa insan əbədi olardı.

***

Ankaraya düşdüyümüz andan halım xarablaşdı. Bir il başı bundan daha betərini çəkmiş adam kimi hara getdiyimi, kimin yanında getdiyimi bilirdim. Xərçəng zəhrimar ölənlə torpağın altına getmir ki, qalır, ölənin doğmalarıyla qalır və hər gün onların da canını alır, qırxayaq kimi ruhundan yapışıb sızladır, sızladır, xox gəlir...

İçim sızlayırdı. Axı gerçəkləri ona necə deyəcəkdim, onu necə aldadacaqdım, həkimlə təkbətək necə qalacaqdım ki, tam gerçəyi dilbədil öyrənəm və onun bundan xəbəri olmasın.

Son nəfəsinə kimi zarafatcıllığını, baməzəliyini əksiltmədən tam saxlaya bilmiş bu adam mənim sarsaq halıma baxıb dedi: "Ayə, ay camaat, bu Elbrus da elə bilir ki, məni düz-əməlli bir adama qoşub, mənim əlimdən tutacaq. Bu dəqiqə ona zəng vurub abrını ətəyinə bükəcəm, mənə qoşmağa adam tapmırdınmı, deyəcəm... Noolub, ay qağa, vallah qıraqdan baxan olsa, deyər, elə bu dəqiqə türmədən qaçıbsan. Demişəm, onsuz da, hamınızı tutacaqlar..." Dəyirman daşı kimi ağır-ağır hərlənən başımla, sıxılan ürəyimlə gülməyə çalışırdım...

***

Daha adamları sevib qurtardım,
Sevgidən, nifrətdən doydum, ilahi.
Üstündən ah çəkdim bir-iki qullab,
onu da yarımçıq qoydum, ilahi.

Adamlar içini xaraba qoyub,
uçuq divarının dibiynən gedir.
Hərə öz başına bir noxta salıb,
bir zatı qırığın ipiynən gedir.

Otlar ac qarına çıxır torpaqdan,
sular birnəfəsə yürüyüb gedir.
Ağac bastırırsan göyərib çıxır,
adam bastırırsan çürüyüb gedir.

Başın qarışıqdı, başına dönüm,
küfr olar desəm ki, işin-gücün yox.
Səndən bəndələrin çörək istəyir,
Sən olan yerdə də əkin-biçin yox.

İlahi, səni də dişimə vurdum,
yerdən göy çağırmaz, göydən yer məni.
İlahi, sən mənə, yiyə durmadın,
Dədəmə, nənəmə apar ver məni...

***

Müharibə bəşərin elə murdar kəşfidi ki! Ordan meyiti gələnlər də, diri qayıdanlar da ölüb gəlir. Müharibədən sağ çıxmaq mümkün deyil. Həyatında müharibə olmayan bir xalq varmı, yoxmu bilmirəm. Olmaz, düşünürəm. Demək, bu dünyada sağ qalan bir xalq yoxdu. Xalqların hamısı ölüb, hansısa döyüş meydanında qalıb. Ölən xalqınsa sağ fərdi olmaz. Ayrı da Əfqanıstanda ölmüşdü. İllər qabaq.

Yenicə çapdan çıxmış "Əfqanıstan uçurumu" kitabını biz Anar Niftəliyevlə hələ 2000-də "Millətin səsi" qəzetində onu az qala məcbur edərək, danlayaraq (!) (ədəbiyyatda yazmaq üçün danlanmaqdan şirin nə var?..), yalvararaq yazdırır, oxuyurduq. Adı "Yaddaşımın Əfqanıstan xatirələri"ydi. Avqustda Ankaradan qayıdandan sonra ona elə bir yaradıcı enerji gəldi ki, beşcə ilə o enerji ilə dünyanın sözünü demək olar. O bu gücü çox uzaq gələcək üçün hesablayıb işə saldı, ancaq haradan biləydi ki, bu güc cəmi 6 ay üçün verilib. "Əfqanıstan"ı tamamladı, kağıza çıxartdırdı, oxuyub fikrimi bildirmək və sonra da redaktə etmək üçün mənə verdi. Redaktəyə vaxt eləyə bilməyəcəyimi dedim: "Anara verək". Oxumaq üçünsə xahiş-minnət 10 gün vaxt aldım. Damağı islanmasa da, razılaşdı. Elə həmincə günün sabahı, səhər saat 11-də yuxudan duran kimi zəng vurdum: "Ağsaqqal, kitabı bitirdim! Bu gün görüşək. Yoxsa bilirsən, huşsuzam, fikirlər yadımda qalmayacaq..." Görüşdük. Açıq havada oturub çay içirdi. Mənə də süzdü. Çay soyumuşdu. Təzə çay dedi. Gün çıxmışdı. Ama payızın soyuğu özünü göstərirdi. Ona soyuq olacağını düşünə-düşünə gördüm ki, üşüyürəm. "Sənə burda soyuq olar",- dedim. "Aya, qağa, üşüyürsən, gəl keçək bir az da günəvərdə oturaq..." Sonra yaxınlıqdakı kafedə oturduq. Artıq kitabın ikinci hissəsini yazacağından danışırdı. İsrar eləyirdim ki, təcili onu da yaz, bir kitab olsun, ver çapa. "Qoy bu müalicələr bitsin",- dedi...

Kitabı oxuyanda anlamışdım. Hətta barmağımı Əfqanıstan xəritəsindəki düz həmin dağın sıldırımlı başına basıb, yerini dəqiq göstərə bilərəm. Onun ağ ciyəri o gün, mühasirədə olduqları o gecə orada qalmışdı. Bəzən mənə elə gəlir ki, indi oraya gedə bilsəm, onun ciyərini həmin daşın üstündə tapa da bilərəm. Ancaq özünün planında vardı. "Bir az özümə gəlim, gedəcəyəm Əfqanıstana". Mən də ciddi-ciddi onu bu fikrindən daşındırmaq istəyirdim: "Oralar xatalıdı indi..." Bəlkə də dediyi vaxt gedə bilsəydi, ciyərini də tapıb qayıdardı...

Dəfələrlə görüşlərimizdə kitabın adını dartışdıq. Dəyişmək istəyir, ancaq tapdığı adların heç biri döşünə yatmırdı. Elə bil, Əfqanıstan sözü heç cür ürəyindən çıxmırdı. Kitabdanca aldığım sözü ona ad kimi təklif elədim: "Ya zdes umer". Elə rusca. Bəyəndi. Ancaq yenə də Əfqanıstandan ayrıla bilmədi. Çünki o, gerçəkdə də çoxdan, lap çoxdan oralarda olmüşdü. Ölən öldüyü yerdə qalır... Hələ də oralarda bir daşın üstündə o söz də eləcənə durur: "Ya zdes umer..."

***

Bu çayın dərəsi tilsimə düşüb,
körpüsü, keçidi, keçilməz, Ayrı.
Bir daş tullayıblar, suyu lillənib,
axıb durulmasa, içilməz, Ayrı.

Meşkinin yolları doğrandı, Ayrı.
Doğranan yolları yarğandı, Ayrı.
Bu xalq kimə belə pislik eləyib,
bu xalq niyə belə qarğandı, Ayrı?

Heç tale bu qədər pərt olmaz, Ayrı,
pərt üzü bu qədər sərt olmaz, Ayrı.
Ürəyə bu qədər nisgil sığınmaz,
ürəkdə bu qədər dərd olmaz, Ayrı.

"Sonrası nə təhəriydi, ay Allah?.." - son bəndi xatırlamaq istədi, ancaq alınmadı və təəssüflə təslim oldu: "Hə, yadımda qalan budu",- dedi.

"İndi bu, Əhməd babanın şeiridi? O şair olduğunu dediyin. Ata babandı da?" – soruşuram.

- Yox, ana babamdı,- deyir. - Ata babam müharibəyə gedib, gəlməyib. 43-cü ilin fevral ayında itkin düşüb, o gedən gedib, nə şəkli qalıb, nə başqa bir şeyi.

- O baban deyib də oğlanlarına ki, mənə İrandan şey gətirin?

- Oğlanlarına yox, qız nəvələrinə. Mənim qardaşlarıma. İrana gedirmişlər, elə hamısı deyib ki, baba, sənə ordan nə gətirək? İndi yəqin pal-paltar nəzərdə tutublar da. İrandan nə gətirərlər – təsbeh, saqqız-zad, belə şeylər... (gülür). Kişi də: "Yox, görün imkanınız olsa, İrandan qayıdanda mənə bir-iki qulac sərhəd məftili qırıb gətirin", - deyəndə, uşaqlar elə biliblər zarafat eləyir. Çünki kişi çox zarafatcılıydı. İkinci dəfə gedəndə yenə deyiblər, əşi, sənə nə alaq, ordan nə gətirək? Deyib ki, siz sözə qulaq asan adam deyilsiz, heç gətirməyin, heç nəyinizi istəmirəm. Bir dəfə bir söz dedim gətirdiz ki? Deyiblər, axı sən nə dedin gətirmədik? "Əşi, mənə məftil gətirin dedim də". Görüblər kişi ciddidi. Deyiblər, hə, yaxşı, gətirək də. Kiçik qardaşım var, Ehtiram, deyir, qağa, gələndə üç-dörd qulac məftildən kəsib şələnin böyrünə qoydum, gətirdim kişiyə. Ondan sonra kişi həyətdə bir ocaq qalayıb, üstünə dəmir qoyub, məftilləri də dolayıb o dəmirə. İki maşın odun yandırıb bunun altında, üç-dörd gündən sonra gəliblər ki, a kişi neynirsən, nağayrırsan? (Burada ikimiz də gözlərimiz yaşarana kimi gülürük.) Bu qədər odunu yandırıb qurtardın, axı bu nə məftildi, bundan nə düzəldəcəksən? Adətən dəmiri yandırıb bir şey düzəldərlər də. Kişi də qayıdıb deyir, əə, nə təhər adamsız, iki yüz ildi bu məftil mənim anamı ağladır, mənim nəslimi kəsir, bir kopayoğlu gəlib demir ki, Əhməd, bu nə tüstüdü e, çıxır səndən? İndi nə oldu, deyir, qohum-əqrəba çıxdızmı bu iki qulac məftilə? Yandırıram, gəlib hamınız himayədarlıq eləyirsiz... – Sözünü bitirib, ah çəkir: - Eeeh, ay qardaş, indi də belə...

Susuruq...

Yeri gəlmişkən, bəlkə də çoxu bilmir ki, Zakirin ilk adı Ayrı olub. Babası Əhməd qoyubmuş. O sərhəd məftilini yandıran kişi. Sonradan o adı kim dəyişib, niyə dəyişib, bilmirəm. Bəlkə də demişdi, unutmuşam. Düşünürəm ki, dəyişməsəydilər, adı belə olacaqdı: Ayrı Sadatlı.

Onun Ayrı Sadatlı olduğunu çoxları bilmir. Ancaq AYRI ADAM olduğunu kim bilmirdi ki...

2013, fevral

Tarix
2016.05.16 / 11:49
Müəllif
Pərviz Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Ağır itki…

Biz şəhərin gözəlliyini göstərmək istədik - Tilke

İŞİD 7 üzvünü belə partlatdı - Foto

İlk və son səfər... - Günün fotosu

Kosmosla iki əlaqə - Günün fotosu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla