Yuxarı

Avropa siyasəti çökür: Səbəb

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Riqada Şərq tərəfdaşlığı sammiti start götürüb. Rəsmi Bakı artıq Prezident İlham Əliyevin bu sammitdə getməyəcəyini bəyan edib. Onun yerinə Azərbaycanı bu görüşdə Xarici İşlər naziri Elmar Məmmədyarov və Prezident Adminitrasiyası rəhbərinin müavini Norvruz Məmmədov təmsil edəcək.

Maraqlı məqam orasındadır ki, Bakının rəsmən bu istəyini bəyan etməsindən sonra APA agentliyi özünün etibarlı mənbələrinə istinadən mühüm informasiya yaydı. Məlumatda əslində Bakının Avropa Birliyinin fəaliyyətindən narazı olduğu və onun Bakıya qarşı qərəzli mövqe tutmasını təqdir etmədiyi bildirildi.

Görünür, Bakı artıq Avropa Birliyinin Şərq tərəfdaşlığı layihəsinin reallaşmayacağını bilir. Üstəlik, son dövrlərdəki proseslər bu proyektin nəticələrinin tam şəkildə gerçəkliyə çevrilməsinin mümkünsüz olduğunu nümayiş etdirir. Rusiyanın postsovet məkanın hələ də əsas güc mərkəzi olaraq qalması Brüsselin bütün imkanlarını əlindən alıb.

Hazırda isə veriləcək əsas bir neçə sual var. Bunlar sırasında ən önəmli suallardan biri Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramının niyə nəticə əldə etməməsidir.

Bunun isə hər üzv ölkə üçün ayrıca səbəbi var. Təəssüf ki, Brüssel yaranmış bu proseslərin öhdəsindən heç cürə gələ bilmədi. Son günlər onun Rusiya kimi nəhəngin qarşısında tərəddüdü ona olan etimadın daha da azalmasına gətirib çıxartdı. Şərq tərəfdaşlığının konkret nəticəyə çatmaması layihəyə üzv altı ölkənin hər birində müxtəlif cür təzahür etdi və bir növ Avropa bu ölkələri özündən kənara itələmiş oldu.

Belorus – Moskvanın sadiq qardaşı

Doğrudur, Ukrayna böhranı başlayandan bu yana Lukaşenkonun Kremlin təsir dairəsindən çıxmaq istədiyi ilə bağlı şayiələr gəzir. Əslində, Rusiyaya qarşı yürüdülən sanksiyaların təsiri onsuz da ağır şəraitdə olan Minski çətin duruma salır. Artıq illərdir ölkəni idarə edən Lukaşenko da Putinin təsir dairəsindən çıxmağı fikirləşir. Doğrudur, Şərq tərəfdaşlığı layihəsi onun üçün mühüm imkanlar yaradır. Lukaşenko Qərbdə ona qarşı münasibətin necə olduğunu anlayır. Əslində o, Brüsselin yanında yer alacağı halda özünün üzərindən dərhal xətt çəkiləcəyini başa düşür. Bu isə Lukaşenkoya heç bir halda sərf eləmir.

Lukaşenkoya Moskvanın təsirindən qurtulmağa imkan verməyən önəmli digər məqam da var. Hazırda Minskin boğazından Moskvanın öz caynaqları ilə necə yapışdığı heç kəsə sirr deyil. Bunun üçün Rusiyanın Belorusda olan hərbi bazalarına və hökumət dairələrinə təyin edilən mühüm şəxslərin bir çoxunun Moskvanın nəzarətində olmasına diqqət etmək kifayətdir. Məhz bu amillər Lukaşenkoya irəliyə doğru addım atmağa imkan vermir. Brüssel son altı il ərzində məhz bu istiqamətdə fəaliyyətini genişləndirməliydi. Bunun əvəzinə isə o, Lukaşenkonu yanına buraxmayaraq, ona qarşı tələblər irəli sürdü. Bu isə təbii ki, Lukaşenkonu Avropanın qucağına heç vaxt gətirməyəcəkdi.

Ukrayna – qardaşlığın "bəhrəsi"

Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqavilənin "ən yaxşı" bəhrəsini məhz Ukrayna gördü. Artıq bir neçə aydır ki, Vaşinqtona yaxınlığı ilə seçilən ukraynalı siyasətçilər (məsələn, eks-prezident Viktor Yuşşenko) Avropanın onları satdığını bəyan edirlər.

Kiyevə Brüsseldən vəd edilən dəstəyi yalnız sözdə müşahidə etmək mümkündür. Əslində isə 2014-cü ildə Ukrayna ilə aparılan danışıqlarda Kiyevə ayrı şeylər vəd edilmişdi. Qərb istənilən halda Ukraynaya dəstək verəcəyini söyləyirdi. Bəs indi necə?

Hazırda Ukrayna meydanda təkdir. Ölkənin şərqində iki separat zona (Donetsk və Luqansk respublikaları) yaradılıb. Rusiya demək olar ki, hər gün məhz bu ərazilərə müxtəlif silahlar göndərir. Üstəlik, terrorçuların dayanmayacağı və işğal etdikləri əraziləri daha genişləndirəcəkləri də bildirilir. Ölkəyə aid Krım yarımadası artıq faktiki olaraq əldən gedib və rəsmən Rusiyaya birləşdirilib. Ukrayna ən dəyərli xəzinəsini itirib. Moskva isə artıq Dnesteryanı yaxınlığında yerləşən Odessada da separat (bu vilayətdə "Bessarabiya Xalq Respublikası" yaradılması istənilir) əhval-ruhiyyəni hər keçən gün daha da artırır. Bunun qarşılığında isə Avropa sadəcə bəyanatlar verməklə, tənqidlərlə kifayətlənir.

Ukrayna zamanla ölür. Bir zamanlar Avropanın ən böyük dövləti olan bu ölkə artıq parçalanıb yox olma riski ilə üz-üzədir. Belə olan halda Qərbin qazandığı uğur da burada sonlanmış olacaq- həm də faciəvi.

Moldova – bəxti gətirməyən qardaş

2014-cü ildə Kişinyov Avropa Birliyi ilə rəsmən assosiativ üzvlük haqqında müqaviləni imzaladı. Əslində, Moldova digər üzv ölkələrin hər birindən fərqli olaraq, nisbətən daha yaxşı geopolitik şəraitdə özünə yer etməyi bacarıb. Amma heç bir halda Kişinyovun azad şəkildə hərəkət etməsinə Moskva izn verməyəcək. Onsuz da müqavilə imzalanmazdan əvvəl Kremlin Moldovaya mühüm təsir imkanı kimi qalan Dnesteryanı münaqişəsi var idi. Üstəlik, Rusiyanın burada öz hərbi bazasını yerləşdirməsi Kişinyov üçün əlavə problem yaratdı.

Kreml tərəfindən Brüsselə cavab addımı olaraq atılan addım da kifayət qədər maraqlı idi. Moldova assosiativ üzvlük haqqında müqaviləni paraflaşdırandan dərhal sonra Qaqauziya muxtariyyəti özlərinin əsas hədəflərinin Gömrük İttifaqına yönəlmək olduğunu və Kişinyovun Qərb siyasəti ilə razılaşmadığını bəyan etdi. Son seçkilərdə Kremlin açıq-aşkar müdafiə etdiyi namizədin qalib gəlməsi Moldovanın işini daha da ağırlaşdırdı.

Bu ölkənin yeni münaqişə zonasına çevrilməsi üçün potensial təhlükə mövcuddur. Avropa isə məhz bu problemin öhdəsindən gəlmək iqtidarında deyil.

Gürcüstan – arzularının qurbanı olan qardaş

Avropa siyasəti üçün ən ağır cavabı Tiflis verdi. 2008-ci il müharibəsi Gürcüstanı ağır vəziyyətə saldı.

Tiflis hələ də düşdüyü o böhrandan çıxa bilməyib. Moskvanın məhz bu Cənubi Qafqaz ölkəsinə qarşı sərt siyasətinə Qərb sadəcə ənənəvi hədələrlə cavab verməklə kifayətləndi. Üstəlik, assosiativ üzvlüklə bağlı müqavilədən dərhal sonra Moskvadan şok zərbə alan Gürcüstan demək olar ki, öz əraziləri ilə tamamilə vidalaşıb.

Kreml yenidən öz ənənəvi siyasətini həyata keçirdi. Abxaziya və Cənubi Osetiya ilə müttəfiqlik və inteqrasiya haqqında müqavilə imzalayan Putin bu bölgələrin müdafiəsini öz üzərinə götürdü. Bir zamanlar Axalkalakidən rusları qovan gürcülər indi öz torpaqlarında iki yeni hərbi bazanın yerləşdirilməsini müşahidə etməyə məcburdurlar.

Moskva isə hələlik daha önəmli kartını əlində saxlamış olur. Ölkənin cənubundakı ermənilərə hər cür təsir vasitəsi olan Rusiya Tiflisin növbəti "yanlış" addımında onu cəzalandırmaqdan ötrü Samsxe-Cavaxetiyanı alovlandıracaq. Bu isə avtomatik olaraq Gürcüstanın rəsmən yox olması deməkdir.

Avropa da ənənəvi olaraq susur və "narahatlıqla izləyir".

Ermənistan – Rusiyanın qardaşı

Ən maraqlı məqam isə Ermənistanı bu layihəyə qoşmaq cəhdi idi. Avropa onsuz da illərdir ki, müxtəlif variantlarla İrəvanda Rusiyanın təsir dairəsini zəiflətməyə çalışır. Lakin bütün mühüm dairələri əlində saxlayan Kreml istənilən problem zamanı sadəcə kadrların dəyişikliyini etməklə kiçik qardaşını "qoruyur". Özündən başqa heç kəsi burada ağalığa buraxmayan Rusiya məhz İrəvan vasitəsilə Cənubi Qafqaz siyasətini diktə edə bilir.

Əslində, Avropanın start nöqtəsi məhz Ermənistan olmalıydı. Düzgün qurulmayan və cəsarətsiz siyasətin nəticəsində isə Avropa Ermənistanla bərabər, Azərbaycanı da özündən uzaqlaşdırmağa başladı (Dağlıq Qarabağın işğal faktında israr edilməməsi). Ermənistanın Avrasiya İttifaqına qoşulduğunu bəyan etməsi isə Brüsselin bütün planlarına vurulmuş ən ağır zərbə oldu. Lakin Avropa hələ də Sərkisyanın mənasız addımından nəticə çıxarıb, məsələyə yanaşma tərzini dəyişdirə bilməyib.

Azərbaycan – yalnız qardaş

Azərbaycan əvvəldən assosiativ üzvlüklə bağlı müqaviləni imzalamayacağını bəyan edib. Bakının buna qarşı fikri indiyə qədər dəyişməzdir.

Əslində Bakının yürütdüyü balanslı xarici siyasət də dediyi sözdən dönməməyə imkan verir. Azərbaycan bu addımı ilə Rusiya-Qərb toqquşmasında tərəf olmayacağı barədə siyasi kursuna sadiqlik nümayiş etdirir.

Əvəzində isə strateji əməkdaşlıq əvəzinə Avropa Azərbaycanı "qara piarla" hədələyir, hətta iş o yerə çatır ki, Avropa Oyunlarının ilkinə qucaq açıb, "Avropa ailəsinə" mədəni sahədə inteqrasiya edən Bakının məhz bu addımına qarşı inanılmaz kampaniya aparılır.

Azərbaycanın dəstəyini qazanmaq istəyən qurum heç bir halda Bakının üzərinə təhdid və şantajla yox, təkliflərlə və paketlərlə gəlməlidir. Hətta "təkliflər və paketlərlə" daxil olmaq istədiyi qardaş - "gözü çıxan Ukrayna"nı gördüyü halda Azərbaycan hansı əsasla təhdidlərdən çəkinməli və özünü tərəf kimi apararaq xaosa sürüklənməlidir?

Nəticə:

Sadalanan dövlətlərin hər birində adı çəkilən problemlərdən belə nəticəyə gəlmək olar ki, Şərq tərəfdaşlığı layihəsi öz aktuallığını itirməyə başlayıb. Əslində proyekt doğru düşünülsə də, həyata keçirilməsi məsələsində həddən artıq problemlər var. Avropanın öz yanına çəkmək istədiyi ölkələrdən ən azından beşinin tərkibində ya münaqişə ocağı var, ya da ki qonşu dövlətlə müharibə şəraitindədir. Üstəlik Rusiyanın bu ölkələrə təsir imkanlarının zəiflədilməsinə heç bir şəraitin yaradılmaması, onların müdafiəsinə zəmanətin verilməməsi artıq bu layihənin təsir imkanlarını aşağı salıb. Əgər Avropa yaxın müddətdə yanına çəkmək istədiyi ölkələrlə bağlı yanaşmasını dəyişməsə, onları tamamilə itirəcək.

Bu isə Avropanın siyasi iflasıdır.

Tarix
2015.05.22 / 09:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Parlament Saakaşviliyə görə boykot olunur – Tələb

Bezos iqlim dəyişikliyi ilə mübarizə üçün 2 milyard ayırır

Tramp: Konqres İsrailə nifrət edənlərlə doludur

Fransa: Bakı ilə İrəvan arasındakı bu prosesi dəstəkləyirik

İrəvan dəhlizə görə pul ayırdı – Sərkisyandan iddia

ABŞ-ın Bakı səfiri İrəvana getdi

Rusiya Ukraynaya girə bilər, amma çıxa bilməyəcək

Hindistanla ABŞ Çin sərhədində təlimə başladı

Rusiya S-500-ləri bu ölkələrə sata biləcəyini açıqladı

Rusiya silah ixracını azaltmayacaq - Şuqayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla