Yuxarı

Ermənilərin öldürdüyü futbolçunun evindən – Reportaj

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ona, sadəcə, "Şair Hüseyn Fərəhli" deyirlər... Qazaxın Fərəhli kəndində doğulub, elə özünün də fərəhli, sevincli günləri az olmayıb, şeirlər yazıb, məclislərin yaraşığı olub. Amma heç vaxt...

Amma heç vaxt şairlik iddiasına düşməyib. Şair Hüseyn haqda "özü üçün yazıb" demək də düz olmaz. Onun şeirlərini dostları, yaxınları və görmədiyi, tanımadığı yüzlərlə oxucusu əzbərdən deyir. Oxucu... Bəlkə də, yerinə düşməz bu söz, axı onun şeirləri heç yerdə dərc olunmur ki, "oxucusu var" deyilsin. Onun şeirləri dildən-dilə keçir, ürəklərə qonur, yaddaşlara cızılıb qalır...

Şair Hüseyn Fərəhli (Hüseynov) hazırda doğulub boya-başa çatdığı kənddə yaşamır. Binəqədi rayonundakı Rəsulzadə qəsəbəsində yaşayır.

Həyatın ağır sınaqları belini büküb, səsini alıb, gözlərinin dərinliklərindən qəm boy atır. Adamın inanmağı gəlmir ki, bu bəbəklərdə bir də sevinc cücərə, fərəh boy ata... Ürəyində dağdan ağır bir həsrət yükü gəzdirir. Oğul həsrəti...

Onun sığındığı, kürəyini söykədiyi divanda bir məhzunluq və məsumluq var... Sanki büzüşmüş şəkildə oturan bu adamın öz ağırlığını deyil, ürəyindəki ağrıları saxlayır...

Dostu, Qarabağ qazisi Natiq onun acısını, ağrısını öz ağrısı bilib çəkir:

- Qonşumdur, həm də yaxın dostum. O, müharibənin qızğın vaxtında orduya çox böyük yardımlar edirdi, iş adamı idi, amma sonradan haqsız təzyiqlərə də məruz qaldı...

İkiotaqlı, havası adamı sıxan mənzildə şair Hüseynlə üz-üzə oturmuşam. Səsi illərin o tayından gəlir. Hiss edirəm ki, ürəyi dolu olsa da, həm də acizdir.

- Qoy Natiq danışsın, - deyir. Gözlərimin içinə baxır, baxışları onu bu əzabdan qurtarmağı xahiş edir sanki...

Onun ailəsi böyük bir faciənin, itkinin ağrısını yaşayır. Yeganə oğlanları futbolçu Emil Hüseynov aprelin 19-da Rusiyanın Yekaterinburq şəhərində ermənilər tərəfindən qətlə yetirilib... Hər ikimiz susuruq. Mənim üçün bu haqda söz açmaq çox çətindir... Onun üçün isə danışmaq... Nələri danışsın ki?! Oğlunun ilk günündən sona qədər yaşantıları, keçdiyi yol, Allah bilir, gündə neçə dəfə gözünün önündən keçir. Onun baxışlarının izinə düşürəm, nəzərlərim Emilin otaqdan asılmış portretinə dikilir. Şəklin yaxasından çempion olarkən aldığı medal asılıb...

Axır ki, Hüseyn kişi ağır da olsa, danışır:

- Ona qarşı haqsızlıq çox oldu, başını götürdü getdi burdan. Əmisi oğlu Ceyhun zəng etmişdi, "Uralmaş" futbol klubu ilə müqavilə bağlayacaqdı. Məşqlərə də çıxırmış, bəyəniblər də... Amma bir neçə sənəd də lazım olub, nə isə Emil də bezib...

Yenə də hıçqırıq dolu səs qıfıla düşürmüş kimi boğazında kilidlənir. Arıq boğazından içəri udduğu havanı çətinliklə bayıra tərəf qaytarır...

- Hüseyn müəllim, "haqsızlıq" dediniz... Emil deyirdimi sizə bunları?

- O, çox az danışırdı. Deməzdi problemlərini. Amma deməyə də bilmirdi. Komandada oynadı, amma pulunu vermədilər... "Abşeron" klubunda çempion oldu, medal da aldı, komanda güclülər dəstəsinə qalxdı, amma Emilin maaşını vermədilər. Təkcə orada yox, bütün komandalarda...

- Emil hansı klublarda oynayıb?

- "Neftçi"də, Qəbələnin "Karvan" klubunda oynayıb. U-17, U-19, U-21 yığmalarının oyunçusu olub. "Karvan"la illik müqaviləsi 15.000 manat idi. Amma ona cəmi 500 manat pul verdilər. Əsas heyətdə oynaya-oynaya. "Karvan"da bir il oynadı.

- Yox, Yunis Hüseynov gələndən sonra onu 1 il də saxladı klubda... İki il oynadı. – Bunu Hüseynin həyat yoldaşı Afaq xanım deyir.

Afaq xanım göz yaşlarına əsir olur. Üzü aşağı süzülən yaşlar insafsızcasına ürəyi yaralı qadını təqib edir. Şəkil albomunu açan ana oğlunun şəkillərini göstərir. Ayrı-ayrı futbol meydanlarında... Türkiyədəki təlim məşq toplantılarında çəkilən şəkillər ö günləri geri qaytarsa da, Emili gətirə bilmir.

- Uşaq vaxtlından sadə idi. Sakit uşaqdı, heç kürlüyü olmazdı. Boy-buxunlu, yaraşıqlı oğlum vardı. Niyə belə oldu? Heç kəsi incitməzdi...

Süfrəyə çay stəkanlarını düzür.

- Ucaboydu. Gözümün qabağında böyümüşdü, - bunu ailənin dostu qazi Natiq deyir.

Afaq ana deyir ki, balası üçün gözaltı da edibmiş: "Harada gözəl, tərbiyəli bir qız görürdüm, gəlinim bilirdim. Amma hələ özünə deməmişdim. Onu əmisi oğlu Ceyhun çağırdı. Arxayın idik, Hüseynin böyük qardaşının oğlu idi. Dedi ki, Əlağa Şıxlinskinin nəvəsi Şahin Şıxlinskinin orada əlaqələri genişdir. Uzaq qohumluğumuz da çatır. Tapşırmışdı da. Amma işləri düz gəlmədi deyə, oynaya bilmədi..."

- Axırıncı dəfə gedəndə gördüm. Aprelin 18-də zəng vurmuşdu bacısına, demişdi, birbaşa bacısıgilə gələcək. 19-da gediblər kafedə çörək yeməyə... Ermənilər də varmış, deyiblər, Azərbaycan musiqisi səsləndirməyin. Sən demə, onlar Andranikə görə mitinq keçirmək istəyiblər, icazə verilməyib. Aprelin 24-ə qədər dava-dalaş salmaq niyyətləri varmış.

Sonra siqaret yandırır. Xanımı çiyinlərinə isti nəsə salmaq istəyir, razı olmur.

- Mən danışa bilmirəm... Onun ətrini heç kəsdən ala bilmirəm... O, başqa oğul idi. Bilmirəm, heç istədiyi qız vardı, yoxsa yox.

Şair Hüseynin gözləri yaşda boğulur. Sinəsi körük tək enib qalxır.

- Hadisə belə olub... Kameralara da düşüb. 3-4 nəfər erməni gəliblər kafeyə, "musiqini səsləndirməyin" – deyiblər. Bayırda da maşınlarda da xeyli erməni oturubmuş . Gözləyirmişlər dava düşsün, onlar da içəri girsinlər. Nə isə bizim uşaqlardan biri çıxıb çölə, bir azdan Emil deyib ki, bəs bu, harada qaldı? Deyiblər, ermənilərlə mübahisə edir. Ardınca çıxanda görüb ki, ermənilər bizim azərbaycanlını döyür. Emil siqaret çəkirmiş, tullayıb yerə və ermənin birini vurub. Ermənilər maşınlardan tökülüşüb gəliblər. Armaturla başını vurub deşiblər. Ayaqlarını, qıçlarını, üz-gözünü... Onlar çox olub...

Daha danışmır. Valideynlərinin göz yaşları diktofonu söndürməyimə səbəb olur.

Yaddaşımda Hüseyn Fərəhlinin baş daşı üçün bir bənd şeir qalır:

Elə tufan qopdu, elə yel əsdi,
Bir şax budağımı qopardı dünya.
Vaxtı ki deyildi, yaman tələsdi,

Arxa dayağımı apardı dünya.

Emilin bacısı Günel xanımla telefon əlaqəsi saxlayıram.

- Adam atadan, anadan yetim qalar, mən qardaşdan yetim qaldım, - deyir bacı.

Sonra əlavə edir ki, qardaşım bir dəfə mənə demişdi ki, şeir yazıram, amma atam bilməsin. Axtardım, onun sosial şəbəkədə yaydığı bir şeiri tapdım.

Şeiri göndərir, baxıram, şeirdə müəyyən qüsurlar olsa da, ömrünü gənc yaşlarında qətl olunaraq başa çatdıran bir şəxs həyatın acı həqiqətlərini yazıbmış. Sanki ürəyinə damıbmış xoş günlərin hələ çox uzaqda olması və o günlərə yetməyin zor bir iş olması...

Şeiri bir neçə dəfə oxuyuram, siz də oxuyun, oxucu, düz demirəmmi?

Sanma ki, qədimsən, qoca həyatsan,

Mən körpə uşağam sənin yanında.

Aldığım dərslərdən sən xəbərdarsan,
Qoyma ki, bir daha yanım odunda.

Yaşamaq nə qədər ağırmış, demə,

Canıma qıymağı düşünürəm mən.

Ölmək yaşamaqdan bahaymış demə,

Sakitcə yerimdə büzüşürəm mən.

Kaş ki, həmişəlik uşaq qalaydım

Böyüyüb görməzdim kədəri, qəmi

Bu dərddən, əzabdan uzaq olaydım

Car çəkib gəzməzdim bütün aləmi...

Tarix
2015.05.22 / 09:33
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla