Yuxarı

Mətanətdən Andranikə…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nədənsə bir faciəyə çox adam ağlayanda mən ağlaya bilmirəm. Bir neçə gün əvvəl bir uşağın ölümünə o qədər ağlamışdım ki! Amma Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğında ölən uşaqlara ağlaya bilmədim.

Sanki bir neçə gün əvvəl hamısını bir yerdə göz yaşımla yuyub dəfn etmişdim; sanki göz yaşlarım da özünü 16-cı mərtəbədən yerə atmışdı.

Dəhşətli idi... Binadan çıxan tüstüyə baxanda adamın tüstüsü təpəsindən çıxırdı. Uşaq vaxtı bir yer yananda babam deyirdi ki, bütün ermənilər yığılıb orada siqaret çəkir, o da ermənilərin tüstüsüdür. İndi hər dəfə yanğın görəndə o yadıma düşür...

Bu faciə ilə bağlı sosial şəbəkələrdə status yazmayan, münasibətini bildirməyən qalmadı, hətta müğənnilər "iki daşın arasında" mahnı da bəstələyib oxudular.

18 mayda Laçına ağlayan toplum 19 mayda Avroviziya xəyalları qurmağa başlayırdı ki, dağların – binanın başını qara duman aldı. Şuşanın dağları başı dumanlı idi... Təəssüf ki, Laçının dağları da başı dumanlı oldu.

Əvvəlcə onu deyim ki, bu millətin nümayəndəsi olaraq deyil, bir insan kimi adamların yanmasına yandım, yaralanmasına yaralandım, onları xilas etmək üçün fədakarlıq edənlərə qarşı isə içimdə adını tapa bilmədiyim xoş hisslər yarandı – amma ağlaya bilmədim...

Bu faciə göstərdi ki, bu gün Çingiz Mustafayevin "Bir dənə biqeyrət qayıtmadı..." sözü qaldı ötən əsrdə. Binanın içinə girən qəhrəmanlar qayıtdılar. Əllərində silah yox idi... Amma uşaq var idi. Bəlkə də o polisin qucağındakı körpə 30 il sonra Azərbaycan tarixini dəyişəcək.

Hadisədən bir gün keçdi, cismən yananlar və onlara görə mənən yanıb qovrulanlar keçdi ikinci plana, aparıcı Mətanət gündəmi işğal elədi. Aparıcı xanımın verilişində yanğın haqqında işlətdiyi "Elə bil, bir külək idi, əsdi, bir film idi, baxdıq bitdi" sözləri adamları yandırıb-yaxdı. Bu sözlər camaatı elə dindən-dondan çıxartdı ki, deyərdin, Andranik gəlib əliyalın camaatdan kəsilən qulağının intiqamını almağa.

Videoya baxanda, düzü, mən də bərk əsəbiləşmişdim aparıcıya. "Necə ola bilər ki, belə faciəyə bu qədər laqeyd olasan? Hətta olsan belə, camaatın həssas olduğu bir vaxtda bunu gizlədə bilərdin", – deyə düşündüm. Mənə görə, ifrat səmimiyyət mədəni həyasızlıqdır...

Əlqərəz, bir az keçmişdi ki, haqqında edilən təhqirlərə dözməyən Mətiş "Gün üzü"nə çıxıb gözünün qorasını axıtmağa başladı ki, bəs "etməyin, eləməyin, mən "vətənpərvərka" bir qadınam, heç vaxt elə şey demərəm, videonu montaj ediblər" və s. Hərə öz hiss etdiklərinə görə haqlıdır, əfəndilər. Bəlkə də, o məqsədlə deməyib – ildə, heç olmasa, bir kitab üzü açmadığından fikrini ifadə edə bilməməyi normaldır və ya bəlkə də o məqsədlə deyib, sonradan camaatın qınağının qorxusundan verilişdə göz yaşına boğulub.

Mənim məqsədim nə Mətanəti asıb-kəsmək, nə də ona haqq qazandırmaqdır. Savadsız, fikrini nitq mədəniyyətinin əsas şərtlərinə uyğun şəkildə – dəqiq, düzgün ifadə edə bilməyən aparıcıları mən qədər tənqid edən yoxdur. Bu dəfə aparıcının sözlərinin bu qədər şişirdilməsinə haqq qazandıra bilmədim.

Sadəcə, onu demək istəyirəm ki, ayrı vaxt humanistlikdən, tolerantlıqdan dəm vuranlar az qaldılar aparıcını daş-qalaq edələr. Görəsən, Mətiş qadına qarşı zor tətbiq edilən ölkələrdən birində, məsələn, İraqda, Somalidə, ya da Pakistanda olsaydı, başına hansı oyunu açardılar? Düzdür, onun efirdə o cür danışmağa haqqı yox idi – hərçənd ki, bu haqqı vermək də bizim işimiz deyil – amma o, bu milləti təhqir etmədiyi halda millətin nümayəndələri aparıcını təhqir etdi. Niyə elə fikirləşirsiniz ki, adamın ürəyinə zorla insaf, sevgi, ağrı salmaq olar? Quyuya su tökməklə quyu sulu olmaz. Adamların hisslərini idarə etmək haqqında sertifikatı nə vaxt, hardan almısınız? Vallah, 2-3 gün sonra Elnur Avroviziyada qalib olsa, bəzi adamlar elə bir fişəng atacaqlar ki, ta 16-cı mərtəbəyə qədər qalxacaq.

Nazim Hikmət Xirosimada ölən uşaqların timsalında dünyada ölən bütün uşaqları 60 il əvvəl hamının əvəzindən şeir kimi ağlayıb, bəsimizdir:

Qapıları döyən mənəm
qapıları birər-birər.
Gözünüzə görünmürəm
gözə görünməz ölülər.

Xirosimada öləli
hardasa on il olar.
Yeddi yaşında bir qızam,
böyüməz ölü uşaqlar.

Saçlarım alışdı öncə,
gözlərim yandı qovruldu.
Bir ovuc külə çevrildim,
külüm havaya sovruldu.

Mənim sizdən özüm üçün
istədiyim heç bir şey yox.
Şəkər belə yeyə bilməz
kağız kimi yanan uşaq.

Döyürəm mən qapınızı,
xala, əmi, bir imza ver.
Uşaqlar öldürülməsin
şəkər də yeyə bilsinlər.

Tarix
2015.05.22 / 17:35
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu yoldakı körpü təmir edilir – Ehtiyatlı olun!

“Molla Nəsrəddin” jurnalı haqda şok faktlar

Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

“Belə bayağı, primitiv sözlər...”

Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Aşıq Ədaləti öldürmək istəyən kim olub?

Erməni hakerlərdən növbəti hücum - Foto

Möcüzələr yaradan Qəbələ sakini – Video

Pamuk: “63 il əvvəl İstanbul...”

Azyaşlılara sevindirici xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla