Yuxarı

“Əliyev dedi, heyf ki, toyuna gələ bilmirəm, amma...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İbad Hüseynovdan çox bəhs edilib. Haqqında yüzlərlə məqalə, onlarla kitab yazılıb, film çəkilib. Onunla görüşüb "Xatirə dəftəri"ni vərəqlədik, uşaqlıq, yeniyetməlik və gənclik illərinə birgə səyahət etdik.

Dəcəl pioner

- İbad bəy, sizin haqqınızda həm Azərbaycan vətəndaşının, həm də düşmənlərimizin kifayət qədər məlumatı var. Sizinlə bir qədər fərqli söhbət etmək, ötən anlara qayıtmaq istəyirəm. Məktəbli, pioner olmusunuz...

- Bəli, olmuşam, hər kəsin uşaqlıq illəri, yeniyetməlik anları olub və çox maraqlı idi o günlərim.

- Necə xatırlayırsınız?

- Bu haqda həmişə fikirləşirəm. Amma hələ heç kəs məndən o günləri soruşmayıb. Uşaqlıq illərində çox dəcəl idim. Günüm həmişə dava-dalaşda keçərdi. O qədər xatirələrim var ki...

Erməni qızlarını...

- Məsələn, kimlərlə dalaşardın, dəcəlliyin hara qədərdir?

- Yadıma gəlir, məktəbli olarkən bizi hər il 1 Mayda parada aparardılar. İndiki Xocavənd rayon mərkəzində olardı nümayiş. Mənim rezindən "raqatka"m vardı. Erməni qızları əllərində şar, gül-çiçək dəstəsi sıra ilə gedərdi. Onları vurardım. Bir dəfə də getmişdik, paradın qızğın vaxtı idi, tribunanın qarşısından keçirdik, cibimdən "raqatka"nı çıxarıb erməniləri, onların əlindəki şarları vurdum. Möhkəm dava düşdü, parad dağıldı. Bizdən milisə şikayət etdilər. Şöbəyə apardılar. Valideynlər gəldi. Bir az başağrısı oldu.

- Demək, uşaq vaxtından onlara qarşı antipatiyan vardı.

- Mənim Həsən adlı babam vardı, bizə həmişə ermənilərdən danışardı. Uşaqlıqdan beynimizə köçmüşdü ki, ermənilər düşmənimizdi – babalarım, kəndin ağsaqqalları ermənilərin xəyanətkar olmasından, zaman-zaman bizim millətə pislik, nankorluq etməsindən çox danışardı.

- Erməniyə nifrətin belə yaranıb, demək.

- Uşaq vaxtı çox davakar olmuşam. Atam həmişə deyərdi ki, bu uşaqda nəsə qeyri-adilik var. O bunları deyəndə, mənim hardasa 10 yaşım olardı. Heç vaxt evə əliboş gəlməzdim. Hara gedərdimsə, nəsə gətirərdim. Gecədən keçmiş qoyunlarımızı harada otluq vardısa, ora aparardım, bir-iki saat doyuzdurub gələrdim.

- Axı bu başqasının həyətinə, ya da dövlətin qoruğuna basqın idi.

- Mən bunu oğurluq kimi görməmişəm. Qoyunları ermənilər tərəfə aparıb onların sahəsini otarardım. Oranın Xasay kişi adlı qoruqçusu vardı. Bütün uşaqlar ondan qorxardı. Bir dəfə uşaqlarla qoyunları saldıq otlağa. Gəlib apardı, onun elə itləri vardı ki, canavar da qorxardı o itlərdən. Qoyunları salmışdı bir fermaya. Uşaqlar dedi, gedək valideynlərimizə deyək. Qoymadım. Fermanın arxa tərəfi dağlıq hissəyə söykənirdi. Uşaqları həvəsləndirdim, həmin yerdən fermanın banını söküb girdim pəyəyə. Beləliklə, qoyunları çıxartdıq. Biz uşaq idik, qoyunlar bizdən ağır olardı. Xasay kişi səhər gələndə görür ki, pəyənin qapısı bağlıdır, damı sökülüb, qoyunlar da yoxdur. Dəhşətə gəlib ki, qoyunlar özü çixa bilməz. Xasay kişi bizə gəldi, atamdan soruşdu ki, qoyunlar hanı? Atam dedi, qoyunlar səndəydi. Xasay qayıtdı ki, sən oğlunu çağır, soruşum, görüm necə çıxardıb qoyunları. Atam məni çağırdı, mən də olduğu kimi danışdım.

Anama dedi ki, bu İbadı haradan almısan?

İbad bir neçə macəra danışır, üz-gözündə o illərin sevinci, fərəhi var, qara gözlərinin dərinliyində saf bir uşaq təmizliyi görünür. O bu hadisələri danışdıqda hələ ki, qan-qada, müharibə görmədiyi günlərini yaşayır. Üzündə qəribə, sevinc dolu bir ifadə görünür:

- Bir dəfə də anam, atam oturmuşduq həyətimizdə. Qonşuda bir kişi vardı, bizə gəldi, anama dedi ki, bu İbadı haradan almısan? Bu uşaqda qeyri-adilik var, de görüm, bu nə sirdir? Atam həmin kişiyə acıqla, "sarsaq-sarsaq danışma", - dedi.

- Yaxşı, bəs özün bu davakarlığın, qorxmazlığın sirri nədir, heç fikirləşmədin? Yəqin, qardaşlarından xasiyyətinə görə fərqlənirdin.

- Qardaşlarımın hamısı qorxmaz idi. Müharibə vaxtı biz 5 qardaş döyüşün ən qaynar yerlərində olduq. Mən, sadəcə, uşaq vaxtdan çılğın olmuşam. Atam da qorxmaz kişi olub, özü də ovçu idi. Bir dəfə anam dedi, bəs İbad bətnimdə olanda kişi mənə xəlvət canavar ürəyinin kababını yedirdib. Deyir, mən bunu sonradan bilmişdim.

- İbad bəy, bütün bunlar kənd uşaqları ilə çöldə-bayırda olan hadisələrdir. Bəs məktəbdə necə idin, müəllimləri incitmirdin ki?

- Bir dəfə sinif uşaqlarını götürdüm, keçdik məktəbin arxasına. Nə isə oyun oynayırdıq. Bütün məktəb isə dəhlizə toplaşmışdı, hansısa tədbirə hazırlıq idi. Mənim bu hərəkətim direktorumuz Həsrət müəllimi əsəbiləşdirdi. Məktəbin ikinci mərtəbəsindən tullandı biz olan yerə və düşdü mənim boynuma. Mən onu itələyib qaçmaq istəyəndə çiynimdən yapışıb dartdı, pencəyimin çiyni cırıldı. Nə isə, acığım tutdu, çəpəri dartıb saldım bunun üstünə. Axşam bir neçə müəllim bizə gəldi. Dedilər, oğlunuz bizə qarşı kobudluq etdi, hasarı üstümüzə aşırtdı.

Ara, Muğanlı daha yoxdur, onu yandırmışıq

- Bəs ən böyük istəyin nə idi? Yoxsa dava-dalaş başını elə qatmışdı, heç gələcək haqda fikirləşmirdin?

- İdmana böyük marağım vardı. Müharibə olmasaydı, bəlkə də, mən idmanda böyük uğurlar qazanmışdım. Uşaq vaxtımdan idmanla məşğul olmuşam, əsas da əlbəyaxa döyüş idman növləri ilə. 1988-ci ildə hərbi xidmətə getdim, orada da idmandan uzaqlaşmadım. İdmana marağımı və yaxşı idmançı olduğumu görüb hərbi hissənin idman zalını mənə tapşırdılar. Bir dəfə məşqdən çıxanda gördüm televiziyada Bakını göstərirlər. Yanvarın 21-i idi. Bakıdakı yanvar faciəsini göstərirdilər. Bütün azərbaycanlı əsgərləri yığdım, gördüklərimi dedim, dəqiqləşdirdik və bildik ki, Bakıda qırğın olub. Oturaq aksiya keçirdik. Düz 5 gün heç nə yemədik, içmədik, təlimlərə çıxmadıq. Azərbaycanlı zabitləri gətirdilər ki, onlar bizi başa salsınlar – burda aclıq etmək olmaz. Buna son qoyun, yoxsa hamınızı güllələyib Amur çayına atarlar. Dağılışmadıq. Altıncı gün Hərbi Dairədən, Mayorov familiyalı bir general-mayor gəldi. Təsəvvür edin, hərbi hissənin bütün zabitləri əsim-əsim əsirdi. Bizə "qiyamçı" deyirdilər. O gəldikdən sonra bizi yığdılar zala. Onun danışdığını bir azərbaycanlı zabit tərcümə eləyirdi. Öyüd-nəsihət verdi. Sonda dedi, kimin sözü var, eşidirəm. Əlimi qaldırdım, dedim ki, bəs Bakıda qırğın olub, silahsız xalqımızı qırıblar, bu biri tərəfdən də ermənilər Qarabağa hücum edir, göndərin Qarabağa, orada xidmətimizi davam etdirək. Məni dinlədikdən sonra yanına çağırdı, əlini çiynimə qoydu, dedi ki, bəs narahat olmayın, o torpaqlar hamısı bir ölkəyə məxsusdur, biz özümüz Azərbaycanı qoruyuruq. Dedim, bəs necə qoruyursunuz ki, Bakıda o boyda qırğın olub. Ona dedim ki, mən dünən kəndimizə zəng etmək istədim, Martunidə poçtda işləyən erməni mənə dedi ki, ara, Muğanlı daha yoxdur, onu yandırmışıq. General əmr elədi ki, bizi başqa-başqa hərbi hissələrə dağıtsınlar. Yeni hərbi hissədə də dayanmadım. Xidmətimin başa çatmasına 4 ay qalmış mənim hərbi biletimə möhür vurub azad etdilər, "çıx get" dedilər. Pulsuz idim. Azərbaycanlıları tapdım, pul yığıb məni Bakıya yola saldılar. O ki qaldı nə arzulayırdım? Deyim, uşaq vaxtından Brüslinin filmlərinin çox sevirdim. Heç bir filmini buraxmazdım. Yəni bütün məşqləri onun istiqamətində eləyirdim. Qoyuna gedəndə də, ot çalmağa gedəndə idman eləyirdim. İnanırdım ki, tanınmış idmançı olacam. Həmişə birinci olmaq istəmişəm. İstəmişəm haqqımda danışılsın, məni tərifləsinlər. Valideynlərim məni həmişə tərifləyərdi. Bundan ləzzət alırdım.

-Yaxşı, valideynlər tərifləyirdi. Bəs məktəbdə müəllimlərin?

- Müəllimlərim əvvəllər ailəmizə şikayət edirdi, deyirdilər ki, davakardı. Çox sonralar məktəblilərlə məni görüşə çağırmışdılar. O zaman Həsrət müəllim çıxışında dedi, mən İbaddan belə qəhrəmanlığı gözləyirdim. Bir söz də deyim, inan, mən heç vaxt uduzmazdım. Müharibədə də heç vaxt uduzmadım. Bizim bölgədə gedən bütün döyüşlərin önündə olmuşam. Bunun şahidi olanlar var. Melkumyandan danışırlar, o hadisə mənim sonuncu döyüşümdə olub. Onu öldürdükdən 3 ay sonra ağır yaralandım.

Mənim ermənin başını kəsdiyim…

- Yaxşı İbad bəy, görürəm səni daha çox müharibə özünə çəkir. Axı necə oldu ki, Melkumyan söhbəti gündəmə gəldi? Sən onu öldürmüsən, üstündən nə qədər vaxt keçib, döyüşmüsən, yaralanmısan, sağalmısan, atəşkəs...

- Düz deyirsən, heç mənim özümün də xəbərim olmadan, uzun vaxtdan sonra "onu kim öldürüb?" deyə araşdırdılar. Mən döyüşlərimi açıqlamağı sevməmişəm. Bu, bizim borcumuz idi, düşünmürdük ki, bizə nə vaxtsa "sağ ol" deyəcəklər. Deyim də bu necə bilindi. Şuşanın icra başçısı vardı, rəhmətlik Nizami Bəhmənov. Bir dəfə mənim erməninin başını kəsdiyim şəkil onu əlinə düşüb, maraqlanıb ki, bu kimdir? Deyiblər, Muğanlıdan İbaddır. Götürüb qardaşım Eyvaza zəng vurub. Mənim haqqımda soruşub, o da deyib ki, qardaşımdır. O da qardaşıma deyib ki, bəs xəbərin varmı, qardaşının kəsdiyi baş Melkumyanındır? Mənim nömrəmi alıb. Zəng elədi, "haradasan?" – dedi, Bakıda olduğumu bilib, yanına çağırdı. Nə isə, getdim. Xeyli söhbət etdi. ANS-in müxbiri vardı – Etibar, onu göndərdi evimizə, dedilər, danış, razı olmadım çəkilişə. Kameranı stolun üstünə qoydular, "yaxşı, elə-belə bizə danış" dedilər. Demə, gizlində çəkirmişlər. Sonra veriliş gedəndə mənə zəng vurdular ki, bax.

Bizimkilər əlaqəyə girib, geri çağırırdı

- Müharibənin izləri təkcə xatirələrində qalmır. Yaralanmısan, bədənində qəlpə yaralarının izləri də var. Sonuncu döyüş yaddaşında necə qalıb?

- Mənim bütün döyüşlərim yadımdadır. Bizim postlarla erməni postunun arasında xeyli məsafə vardı. Hər gün kəşfiyyatçılardan ibarət dəstə ilə bu qədər məsafəni qət edir, düşmənin arxasına keçib geri qayıdırdım. Komandanlığa dedim ki, biz səngərimizi elə orada da qazıb, müşahidə məntəqələrimizi qura bilərik. Razılıq vermədilər. Mənim isə beynimə nə düşdüsə, ağlım nəyi diktə etdisə, onu da etmək kimi bir xasiyyətim var. Kəşfiyyatçılarla nəzərdə tutduğum yerə qədər getdik, səngəri qazdırdım, dedim, bu gündən bizim səngərimiz və postumuz bura olacaq. Ermənilər bizi güclü atəşə tutdu, cavablarını verib, yerimizi möhkəmləndirdik. Bizimkilər əlaqəyə girib, geri çağırırdı. Radistə dedim ki, aparatı söndür. Özüm də otluqda uzandım, guya yatıram. Məni yuxu aparır, əsgərlər radistə deyir ki, rabitəni açıq qoy, bizi çağırsınlar düşək. Bu da açır. Bu zaman böyük qardaşım Eyvaz əlaqəyə girir, məni çağırır. Getmək istəmədim. Qardaşım dedi, səni görməyə gəlmişəm, gəl, görüm, qayıdarsan. Razılaşdım. Sürücüm Akiflə getdik. Bir qədər aralanan kimi minaya düşmüşük. 3 ay sonra hospitalda özümə gəldim. Akif isə şəhid olmuşdu.

Erməni bizi bizdən yaxşı tanıyır

Divar boyu İbadın döyüşçü yoldaşları, Türkiyə Prezidenti Ərdoğanla şəkilləri. Azərbaycanın millət vəkilləri və digər tanınmış adamları ilə şəkilləri və hədiyyə olunmuş qiymətli əşyalar sıralanıb. Öyrənirəm ki, bu yaxınlarda Ankarada qəhrəmanımızın adına küçə də verilib. Verəcəyim sualı gözləmir:

- Onlar məni özlərinin qəhrəmanı hesab edirlər. Deyim ki, bütün dünya məni araşdırıb qurtarıb, amma bizimkilər hələ də araşdırır. Bax Qarabağ niyə getdi? Mən həmişə deyirəm, biz beş barmaq kimi səpələnmişik, hələ yumruğu tuta bilməmişik. Ona görə də hələ müharibə haqda söz gedə bilməz. Mümkün deyil. Erməni bizi bizdən yaxşı tanıyır. Biz nə vaxt birləşsək, erməni torpaqları qoyub qaçacaq. Mən 21 yaşımda 12 rütbəli ermənini öldürdüm, biri sağ qaldı, onun da qulağını kəsdim gətirdim. Bilirsən, bu gün mən də özüm özümə baxanda şübhələndim ki, bu mən idimmi? İndi Melkumyanın başını kəsmədiyimi deyənləri qınamıram.

Sənədlər hazırdır, 2 min dollar verin keçsin

- Axı haqqında yazırlar, film çəkirlər, ta uşaqlıqdan ermənilərlə düz deməmisən, amma giley də hiss olundu. Nə olub, sənə olan münasibətdə nəsə xoşagəlməzlik var?

- Biz Milli Qəhrəman adı qazanmaq üçün döyüşmədik. Biz Milli Qəhrəman adı almaq istəsəydik, beş qardaş beşimiz də alardıq. Bizim tərəflərin döyüşçüsü də, komandiri də biz olmuşuq. 20 min hektar torpağı saxlamışıq, bizdədir. Dağlıq Qarabağda yeganə yer bizim vuruşduğumuz ərazi və mənim özbaşıma qazdırdığım səngər, qurduğum postdur ki, orada Azərbaycanın bayrağı dalğalanır. Hospitaldan çıxdıqdan sonra səngərə getmişdim. Ulu öndər də gəlmişdi. Komandirim dedi ki, çıx, görüş. Mən çəlikdə idim, çıxmadım, Ali Baş komandanın qarşısında şikəst döyüşçü kimi görünmək istəmədim. Haqqımda ona bəhs etmişdilər, Ulu öndər özü demişdi ki, o, bu gündən Azərbaycanın Milli Qəhrəmanıdır. Sənədlərini göndərin. Sənədləri göndərdikdən sonra məndən… "şirinlik" istədilər.

- Kim istəmişdi?

- Qardaşımı Müdafiə Nazirliyinə çağırmışdılar, demişdilər ki, bəs sənədlər hazırdır, "şirinlik" verin, keçsin. Eyvaz qardaşım da demişdi ki, bizə pullə veriləcək Milli Qəhrəman adı lazım deyil. Ulu öndərin ağzından çıxıb, elə Milli Qəhrəmandır. Ona görə də mənə Azərbaycan Bayrağı Milli Ordeni verdilər.

Heydər Əliyev zəng edir

Heydər Əliyev toyum günü mənimlə telefonda danışdı. Demək, 1999-cu ilin noyabrında, toyumdan iki gün qabaq rabitə naziri Nadir müəllim mənə telefon hədiyyə elədi. Həmin nömrəni indi də işlədirəm. Dedilər ki, telefon açıq qalsın, sənə zəng gələcək. Toy günü getdik Şəhidlər xiyabanına. Xiyabana girəndə telefonuma zəng gəldi, açdım, Bəylər müəllimin səsiydi. Dedi ki, bəs indi sizinlə cənab prezident danışacaq. Prezident məni təbrik etdi, dedi, Türkiyəyə səfərə gedirəm, səninlə yol üstə danışıram. Heyf, zamanım olmadığı üçün sənin toyunda ola bilmədim. Amma mənim nümayəndələrim sənin toyundadır.

- Toy harada oldu?

- "Azərbaycan" şadlıq evindəydi. Gəldim gördüm toyda deputatlar, cənab prezidentin şöbə müdiri, başqa nümayəndələri və hədiyyəsi. Şəxsi imzası ilə. Toy gedə-gedə xəbərləri qoşdular, xəbərlərdə getdi onun təbrik sözləri.

- Bəs o gələnlərdən pul yazdıran oldu?

- Mənə elə gəlir ki, yox. Prezident həm də dedi ki, Rəfael Allahverdiyevə tapşırmışam, səninlə görüşəcək. Toyu edib getdik rayona. Səhəri mənə zəng gəldi, açdım, dedi ki, bəs Rəfael müəllimin köməkçisidir – Mir Əyyub, təcili gəl, prezident səni tapşırıb. Getdim, mer məni görəndə soruşdu ki, sən kimsən? Dedim döyüşçüyəm. Onda da çəlikdəydim. O görüşdən sonra mənə ev tikmək üçün torpaq sahəsi, bir də 10 min dollar pul verdilər…

Tarix
2015.05.24 / 10:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla