Yuxarı

Qafqazın tək skripkası...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbəlik vaxtı idi. Moskvadaydıq. O vaxt Tengiz Abuladzenin "Tövbə" filmi böyük ekranlara yenicə buraxılmışdı...

Bir gün rus tələbələr hamısı həmin filmə baxmağa getdi. Mən qəsdən getmədim. Ona görə getmədim ki, istəyərdim belə bir filmi bizimkilər çəksin, rus tələbələr də desin ki, azərbaycanlılar əla film çəkib. Təbii ki, hirsim soyuyandan sonra həmin filmə baxdım. Amma ürəyimdəki acıq çəkilməmişdi, hələ də qalmışdı.

Onlar həmişə Qafqazda özlərini Avropanın bir hissəsi, Avropaya, onun dəyərlərinə ən yaxın millət hesab edir və bununla sanki qafqazlılara acıq verirdilər... Bəli, elə Sovetlər vaxtında da belə idi. Bir də görürdün ki, bunlar Con Lennonun ölümünü xüsusi matəmlə qeyd edirdilər. Bizimkilərin çoxu isə heç bilmirdi ki, Lennon kimdir...

Futbol komandaları da pis deyildi. Onlar Kipianidən danışanda mən də məcbur olub Banişevskidən danışırdım, amma ürəyimin dərinliklərində özümə hesab verirdim ki, "Neftçi"yə və Azərbaycana sədaqətinə baxmayaraq, Banışevski hər halda azərbaycanlı deyil...

Başa düşürəm, gürcülər heç də bizə düşmən millət deyil. Hətta indi Gürcüstanın Azərbaycan üçün önəmini görməmək siyasi daltonizmdir. Həm də daha biz əvvəlki kimi emosional gənclər də deyilik. Gürcülərin də emosionallığı aşağı enib, elə bizim də. O ki qaldı indiki gəncliyə, onların əvəzinə danışa bilmərəm. Bəlkə də onlar üçün heç belə bir ölkə yerli-dibli yoxdur, bəlkə heç yadlarına da düşmür? Axı, dünya o qədər böyükdür ki...

Bu günlərdə gürcülər amerikalılarla birgə hərbi təlim keçirdilər. Hər tərəfdən bu təlimlərdə 600 nəfər iştirak edirdi. Ona qalsa, bizimkilər Türkiyə ilə daha böyük təlimlər keçirir! Amma mənə bir qədər acıq verən odur ki, gürcülər israrla NATO-nun və ABŞ-ın qapısını döyür. Hətta onların müdafiə naziri mülki şəxsdir, üstəlik də qadındır. Belə detallar NATO-ya üzv olmaq istəyən ölkələr üçün qaydadır - Alyansın tələblərinə görə, müdafiə naziri mülki şəxs olmalıdır.

Demirəm ki, onların NATO-ya tuşlanan səyləri hədəfə dəyir. Yox, hələ də bu xüsusda - Gürcüstanın NATO-ya üzv olması mövzusunda ciddi söz deyən azdır. O ki qaldı ABŞ-a... Bu da mübahisəli məsələdir. Bəli, C.Buş Gürcüstana səfər etmişdi. Nəsə dəyişdimi? Gürcüstanı NATO-ya qəbul etdilərmi? Etmədilər və yaxın vaxtlarda da etməyəcəklər. Yeni "Marşall planı"na start verildimi? Yox, bu da olmadı. Ərazi bütövlüyü bərpa olundumu? Yox, əksinə, Rusiyanın daha ciddi aqressiyası ilə üzləşdi…

Gürcüstan iqtisadi baxımdan Azərbaycanın sayəsində mövcuddur... Mən bunları kinayə ilə demirəm. Ona görə ki, bir az əvvəldə dedim, biz siyasi daltoniklər deyilik - Gürcüstan Azərbaycana lazımdır. Həm də elə təsəvvür yaranmasın ki, Gürcüstanın bəzi uğursuzluqları mənə ləzzət verir. Yox, əsla. Sadəcə, istəyərdim ki, biz də Qərbə doğru, NATO-ya doğru, Avropa Birliyinə doğru gedək – baxmayaraq ki, bu gedişin riskləri çox böyükdür...

İndi Qərbə inteqrasiya baxımından Gürcüstan Qafqazda "tək skripka" kimi görünür. Ermənilər nə edir, nə etmir, bunun üstündə dayanmayacağam, çünki onlardan yazanda mənim ürəyim bulanır... Biz də yerimizdə saymırıq, inkişaf edirik, Gürcüstan bəlkə də daha çox bizim sayəmizdə inkişaf edir...

Burada da bir az acığım tutur. Başqa vaxt gənc dövlətlərə, yeni demokratiayalara yardımdan danışan böyük dövlətlər bunu etməyə tələsmir və faktiki olaraq Gürcüstanı bizim öhdəmizə buraxıblar...

Olsun. Düşünürəm ki, biz də izafi filantropiyaya varmamalıyıq. Zəruri köməyi etmək lazımdır - o qədər ki, bu, Azərbaycana lazımdır...

Əslində, mən Gürcüstandan daha çox Qərbə acıqlıyam. Ona görə ki, onlar sarıdan real bir iş görmürəm - Qarabağ problemi qalır, Rusiya təhlükəsi qalır, Abxaziya qalır, Osetiya qalır, Dnestr bölgəsi qalır... İstədiyim odur ki, Qərb ölkələri başa düşsün, gənc dövlətlərin Qərbə inteqrasiyası yolundakı çətinliklər subyektiv səbəblərdən qaynaqlanmır, bunun obyektiv tərəfləri də var. Qərb həmin obyektiv tərəfləri Ukraynada görür, amma başqa bölgələrdə görmək istəmir. Ona görə də heç nə alınmır, o səbəbdən ki, bir az uzağı görməmək də gözün ciddi qüsurlarından biridir...

Tarix
2015.05.25 / 08:45
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla