Yuxarı

Xalq artisti: “Onları eşidəndə ətim ürpəşir…”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"96% səmimi" layihəsində:

Axar.az "96% səmimi" layihəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı ilə müsahibəni təqdim edir.

Çox təəssüf ki, belələri çoxdur

– Dramaturgiyamızın hazırkı vəziyyəti sizi qane edirmi? Nə çatır, nə çatmır?

– Biri var - klassik dramaturgiya, biri də var zamanına görə yaranan bədii materiallar. Məsələn, Şekspirin əsərlərində zaman anlayışı yoxdur – onlar bütün dövrlər üçün aktualdır. Nə vaxt yazılmasından asılı olmayaraq bu əsərlərdə yaşadığımız dövrdə baş verən hadisələrin assosiasiyasını görürük. Elə dramaturji materiallar da var ki, yazıldığı yerdə və zamanda da ölür. Hazırda bizdə yazıldığı anda ölən pyeslər çoxdur. Amma maraqlı pyeslər də var. Problem ondan ibarətdir ki, bizə qaranı ağ kimi sübut etmək istəyənlər var.

– Dramaturqlar pyes yazanda rollar haqqında aktyorlarla məsləhətləşməli, teatrla daim kontaktda olmalıdırlar?

– Dramaturgiya ədəbiyyatın ən çətin və ciddi sahəsidir. Bəziləri elə bilir ki, pyes "dedim-dedi"dən ibarət olur. Xeyr, belə deyil, bu cür düşünmək böyük bəladır. Bu gün peşəkar bir rejissor Şekspirin, Cavidin, Mirzə Cəlilin bir əsərini səhnələşdirsə, ixtisarlar edə bilər, amma əlavələr edə bilməz. Ancaq bu gün yaranan bədii materialların üstündə işləmək olur. Məsələn, teatr dramaturqa bir mövzu verir, o da yazır. Birgə yaradıcı ünsiyyət prosesində müəyyənləşdirirlər ki, nəyi çıxarmaq, nəyi əlavə etmək olar və sair. Bu, normal prosesdir, əslində. Teatrı bilməyən adamın pyes yazması üzməyi bilməyən adamın dənizə girməsi kimi bir şeydir. Çox təəssüf ki, hazırda belələri çoxdur.

– İstisnalar yoxdur bəs?

– Təbii ki, var. Məsələn, Əli Əmirli artıq zamanımızın dramaturqu kimi yetişib. Maraqlı yazır, mövzu tapmağı və teatrla işləməyi bacarır. On il əvvəl onun əsərləri ancaq Azərbaycanda tamaşaya qoyulurdusa, bu gün Rusiyada, Orta Asiyada tamaşaya qoyulur. Demək olar, Azərbaycanın elə bir teatrı yoxdur ki, Əli Əmirliyə müraciət eləməsin.

142 illik tarixdə 3 beynəlxalq mükafatla qayıtdıq

– Əli Əmirlinin adını yaxşı dramaturq kimi nisbətdə çəkirsiniz, yoxsa klassiklərə alternativ imza kimi deyirsiniz?

– Yox, qətiyyən, alternativ imza kimi çəkmirəm. Mən Əli Əmirli haqqında bu günün dramaturqu kimi danışıram. Deyə bilmərəm ki, bundan sonra Cəlil Məmmədquluzadə kimi dramaturq bir daha olacaq, ya yox. Elçin Əfəndiyev də maraqlı yanaşır hadisələrə, amma fərqli yanaşır. Elə dramaturqlar da var ki, əsərləri bədii mətn kimi yox, teatrın məhsulu olanda maraqlı olur. Bəhram Osmanov kimi peşəkar rejissor söz yığınından elə bir tamaşa ərsəyə gətirir ki, o tamaşa uğur qazanır. Teatr üç sütunun üstündə dayanır: dramaturgiya, rejissor, aktyor. Bu ayaqlardan biri yerində olmayanda qəza baş verir. Bəzən müasir dramaturqların bizə təqdim etdikləri əsəri qəbul etməyəndə bizdən inciyirlər, elə bilirlər, biz onları aldadırıq. Başa düşmürlər ki, onları bura gəlməmişdən aldadıblar ki, sən dramaturqsan. Ağlı başında, sənət əxlaqı yerində olan adam həm də obyektiv olmağı bacarmalıdır. Düzünü deməyi bacarmaq lazımdır, əks halda "sən mənim dərvişim ola bilməzsən, mürşidim ola bilməzsən".

– Akademik Milli Dram Teatrında istedadını göstərmək istəyən hər kəsə şərait yaradıldığını deyirlər.

– Yox, bura tədris teatrı deyil. İncəsənət Universitetinin tədris teatrları var. Tələbələr təhsil aldıqları müddətdə orda tamaşalar hazırlayır. Diplomu alandan sonra isə teatra gəlməlidirlər. Amma bu vaxt da onlara tamaşa verilməməlidir – əvvəlcə rejissor assistenti, sonra rejissor olmalıdırlar. Bizdə isə hər gələnə qapı açılır. Dram Teatrında nə rejissor sənəti, nə aktyor sənəti, nə də dramaturgiya tədris olunur. Bura akademik teatrdır – tədris deyil, təcrübə yeridir. Burada işləyən aktyor, rejissor, qəbul olunan pyes teatrın tələblərinə cavab verməlidir. Qapını hamıya açırıq, nə baş verir? Akademik Teatr nüfuzunu itirir. Təəssüf ki, bu gün dərnək səviyyəsində belə olmayan tamaşalar oynanılır səhnədə. Əsas səbəbi də tamaşanı hazırlayan rejissorun peşəkar olmamasıdır.

– Tamaşaçı azlığı kimi yaxşı dram əsərlərinin ortaya çıxmamasının da səbəbi, bəlkə, elə istədiyimiz vaxt internetdən kinoya baxa bilməyimiz, teatra getməyə həvəsimizin olmamasından irəli gəlir? Dramaturq fikirləşir ki, onsuz da, baxan olmur və nəticədə yazmaqdan soyuyur?

– Yanlış yanaşmadır. Kim deyirsə ki, teatrın tamaşaçısı yoxdur, yalan deyir. Yaxşı tamaşanın tamaşaçısı həmişə var. Biz Əli Əmirlinin "Mesenat" tamaşasını oynayanda 5 il zal dolu oldu, eləcə də "Varlı qadın" tamaşasında. Ramiz Novruzun Qarabağ mövzusunda olan "Hələ sevirəm deməmişdilər" tamaşasını 6 il dolu zalla Azərbaycanın hər yerində oynadıq. Bəhram Osmanovun quruluş verdiyi "Xəcalət" tamaşası 9 ildir oynanılır. Yeganə tamaşadır ki, Akademik Milli Dram Teatrının 142 illik tarixində 3 beynəlxalq teatr festivalından mükafatla qayıdıb. O festivallarda İngiltərənin, Fransanın, Portuqaliyanın, Yaponiyanın Akademik teatrları iştirak edirdi. Təsəvvür edin, biz "ən yüksək aktyor oyunu"na görə mükafatını Avropanın əlindən alıb gəlmişik.

Biz kimi aldadırıq?

– Daha çox dramaturqun rolu oldu, yoxsa teatrın?

– Daha çox teatrın. Çünki dramaturqun yazdığı bədii mətndir, tamaşaya qoyulanda o, artıq teatrın məhsulu sayılır. Bəzən ortabab bir pyesdən də yaxşı tamaşa alına bilər – bu, artıq rejissorun peşəkarlığından irəli gəlir. Rol bölgüsü də düzgün aparılmalıdır: "Bu mənim əmim oğludur, bu mənim sevgilimdir, bu mənim dostumdur" şəklində yox. Qloballaşma – Azərbaycanın dünyaya inteqrasiya elədiyi dövrdə sənətə qarşı da eyni münasibətdə olaq da. Avropa ona görə bizdən qabağa gedir ki, onlar heç vaxt yaxşıya pis, pisə yaxşı demirlər. Bilmirəm, Şərq əxlaqıdır, nədir, amma bizdə bu yoxdur. Biz həqiqəti deməyi bacaranda heç bir problemimiz olmayacaq. Biz çox istedadlı xalqıq. Sadəcə olaraq, imkanlarımızı realizə edib ortaya qoymağı bacarmırıq.

– Bu gün aktyorun narazı olmağa əsası var?

– Narazılıq aktyorların öz aralarındadır. Sovet vaxtında senzura var idi. İndi isə bu yoxdur. Bizdə hamının maaşı verilir, üstəlik, teatrdan qazandığımız da özümüzə qalır, dövlət almır onu bizdən. Biz isə bunun müqabilində ortaya yaxşı tamaşa qoya bilmirik. Bu da ondan irəli gəlir ki, biz ümumi mənafeyi şəxsi mənafeyə qurban veririk çox vaxt. Sovet vaxtında isə qazandığını da dövlətə verirdin. O vaxt ildə 3-4, indi isə 10-12 tamaşa hazırlanır, onun içində 2-si üzə çıxası olur, qalanları heç nə. Biz kimi aldadırıq?

– Aktyorlardan danışmışkən, siz özünüzü rola uyğunlaşdırırsınız, yoxsa rolu özünüzə?

– Aktyorun işi rejissorun verdiyi rolu oynamaqdır. Təəssüf ki, bu gün aktyor rejissora diktə edir: özü üçün mizan qurur, kostyum seçir və s.

– Teatr aktyoru filmdə asanlıqla çəkilə bilər, yoxsa əksinə?

– Niyə çəkilməsin ki?

Tamaşa vaxtı improvizə etmək tərbiyəsizlikdir

– Ötkəm İskəndərov deyir ki, mən film aktyoruyam, teatr mənlik deyil, onun üçün böyük məşq prosesi keçmək lazımdır.

– O, Ötkəm müəllimin problemidir. Mənə elə gəlir, teatr-kino aktyoru bölgüsü olmamalıdır. Həsənağa Turabov, Hamlet Xanızadə teatr aktyorları idi, amma eyni zamanda kinomuzda ən yaddaqalan rolları canlandırıblar. Kino aktyorları isə teatra gələndə, düzü, bir az çətinlik çəkirlər. Teatr bir az çətin məsələdir.

– Hansı rolla adınızı çağırmağa başladılar?

– "Unuda bilmirəm"dəki Kamranla. Akademik Teatrdakı ilk rolum olub.

– "Pəncərədə işıq" teletamaşanızda mühafizəkar bir obrazı canlandırmısınız. İnanmıram ki, indi bu mövzuda əsər yazılıb tamaşaya qoyula. O vaxt aktual idi bu mövzu?

– O mövzu həmişə aktual olub. Azərbaycan təkcə Bakıdan ibarət deyil. İnsanların hadisələrə yanaşmaları fərqlidir. Müasir zamanın şərtlərini qəbul etməyib yaşayan mühafizəkar ailələr kifayət qədərdir. Bəziləri "qısqanc, geridəqalmış" kimi qiymətləndirsə də, mən o teletamaşadakı rolu çox sevirəm. Və burdan belə bir nəticə çıxarıram: "Sevməklə iş bitmir, sənə əziz olanı qoruyacaqsan". Bizə əziz olan çox şeyi qorumadığımızdan itirdik, itirə-itirə də gəlirik, əsas da torpaqlarımızı.

– Ən son hansı pyesi oxumusunuz?

– Millerin Sara Bernar haqqında maraqlı bir pyesi var – "Smex lanqustı" (Lanqustların gülüşü - red.). Onu oxumuşam bu yaxınlarda. Yaşa dolmuş aktrisanın səhnə eşqindən danışır. Bir də Şekspirin "Korialan" əsərinin tamaşaya qoyulmağını istəyərdim. Bu əsər Azərbaycanda tamaşaya qoyulmayıb, keçmiş SSRİ məkanında da bircə Ermənistanda tamaşaya qoyulub.

– Bəs, əsərlərə öz improvizələriniz olur?

– Mənə elə gəlir ki, bütün improvizələr tamaşa təhvil verilənə qədər olmalıdır. Tamaşa vaxtı improvizə etmək tərbiyəsizlikdir. Bəzən görürsən ki, tamaşaçını güldürmək xətrinə nəsə dedilər, bunlar qeyri-ciddi şeylərdir. Aktyor Şekspirə, Hüseyn Cavidə nə əlavə edə bilər axı? "Bu şəhərdə"nin, "Şən hazırcavablar klubu"nun öz yaradıcılıq prinsipləri var. Məsələn, Musiqili Teatrda çox rahatlıqla əlavələr edirlər, öz işləridir. Mina təmizləyənlər də bir dəfə səhv edir, aktyorlar da. Aktyor bir dəfə səhv etdisə, səhnədə öldü, demək.

Mənim ətim ürpəşir onları eşidəndə

– "Bu şəhərdə" demişkən, onların yaradıcılığını necə qiymətləndirirsiniz? Sizcə, qeyri-ciddi işlə məşğuldurlar?

– Onların hərəsinin, dediyim kimi, öz yaradıcılıq prinsipləri, öz tamaşaçıları var. Bütün insanları bir qəlibə sığdırmaq olmaz. Mən normal baxıram. İstənilən materialda əxlaqdan kənar bir şeydə yoxdursa, bir söz demək olmaz. Rafaellə Coşqun istedadlı aktyorlardır. Bu yolu seçiblər, uğur olsun onlara. Akademik teatrda başqa cürdür vəziyyət. Dünya eyni rəngdə olsaydı, inkişaf olmazdı.

– Nə iş görürsünüz hazırda? Hansı tamaşa üzərində işləyirsiniz?

– Sonuncu dəfə türk dramaturq Toyqun Orbayın əsəri əsasında Bəhram Osmanovun hazırladığı "21:15 qatarı" tamaşasını səhnələşdirdik. Bu, əsil XXI əsrin dramaturgiya nümunəsidir. Çox maraqla məşq eləyirdik. Ayın 16-da müəllif özü də gəlmişdi Azərbaycana. Başqa təkliflər də var. Bizim elə yaşımızdır ki, zəif tamaşa ortaya qoymaq ixtiyarımız yoxdur. Düzdür, bəziləri bir-birlərinə "dahi" deyə müraciət edir, mənim ətim ürpəşir onları eşidəndə. Amma bu da faktdır ki, zəif tamaşa nümayiş etdirməyə haqqımız çatmır.

Tarix
2015.05.25 / 09:48
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla