Yuxarı

Qocanı daşlara çırpdım

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlığı vermirlər, alırlar!

(esse)

Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

Şəhriyar

Yəqin yaşdandır, gördüyüm yuxular yadımda qalmır, qalsa da, qara-ağ rənglərdən və dumanlı epizodlardan ibarət olur.

Amma bu yuxu rəngli kino kimi canlı idi və mən bütün ağrıları, acıları həyatdakı kimi yaşayırdım, odur ki, detallarına qədər yadda saxlamışdım. Deməli, gördüm ki, mənə tanış gələn, amma xatırlaya bilmədiyim bir yerdəyəm. Bura şimaldan və cənubdan başı qarlı, hündür dağlarla əhatə olunmuşdu. Günçıxandan onu böyük bir dəryanın suları yuyurdu. Günbatanı isə dumanlı idi, oradan soyuq küləklər əsirdi. Nə isə üşüdüm, üzümü günçıxana tutub getdim. Gün yavaş-yavaş dəryadan qalxırdı, onun qırmızı şüaları gözümü qamaşdırsa da, yolumu işıqlandırırdı. Bir azdan o, ətrafa gözəllik, mənə isə istilik gətirəcəkdi. Hələlik isə xəyallarımın istisinə qızınıb yoluma davam etdim.

Buranın hər daşı, torpağı mənə tanış, doğma gəlirdi. Sanki mən nə vaxtsa, çox-çox əvvəl, hələ doğulmamışdan qabaq burda olmuşdum, yaşamışdım. Burda hər tərəf yamyaşıldı, hara baxırdım, meyvəli bağlar görürdüm, ağ-qara şanı dünyanı başına götürmüşdü.

Başlanğıcını şimaldan, başı qarlı dağlardan alan dağ çayı "şən qəhqəhələrlə" dəryaya doğru tələsirdi. Hər daşın altından qaynayan "durnagözlü" bulaqlar ona qüvvət verirdi. Bəlkə mən yuxuda ölmüşdüm, cənnətə düşmüşdüm?! Bilmirdim...

Çayın sahilinə çatanda əyildim, onun buz sularından ovuclayıb içmək istədim. Bu zaman kimsə məni səslədi, başımı qaldırdım. Yuxarı tərəfdən, çayın sahili ilə əcaib-qəraib bir məxluq gəlirdi. Elə bil canımdan soyuq bir cərəyan keçdi, vahimələndim. Yuxuda mənə elə gəlirdi ki, bütün təhlükələr şimaldan gəlir. Məxluq isə artıq qarşımda durmuşdu - bu, yaşı ilə əsrimizə meydan oxuya biləcək bir qoca idi. Dünyanın dərdi-səri, ömrün illəri onu əymiş, əritmiş, ola bilsin ki, bir vaxtlar boylu-buxunlu olmuş bu adamı yumağa döndərmişdi. Yayın istisi, qışın soyuğu onu qap-qara qaraltmışdı. Üstünə gön çəkilmiş skeleti xatırladan bədənini belinə bağladığı cındırdan başqa heç nə örtmürdü. Məni heyrətlərə qərq edən bu cındırın günəş şüaları altında bərq vuran qızıl kəmərlə bağlanması idi. "Yəqin bir vaxtlar böyük imkanları olub, qızıl kəmər də həmin dövrün yadigarıdır" düşündüm və müşahidələrimi davam etdirdim.

Qocanın iri başını cılız bədəni güclə saxlayırdı. Saçı-saqqalı ağappaqdı, lap müqəddəslərə oxşayırdı. Hər tarixin bir iz qoyduğu iri alnı, ağıllı, mavi gözləri vardı. Bir an mənə elə gəldi ki, bu gözlər də buz kimi soyuqdur, günbatandan əsən küləklər kimi adamı üşüdür.

Bu zaman qoca gülümsədi, mavi gözləri səmimiyyətlə doldu, istiləşdi, doğmalaşdı. Dedi: "Xoş gəlmisən, bala! Mən səni çoxdan gözləyirəm. Gözləyirəm ki, gələsən, məni çaydan keçirəsən". Bir anlıq, bu yerlərin daşı, torpağı kimi, bu qoca da mənə tanış, doğma gəldi, sanki mən onu da nə vaxtsa görmüşdüm, hardansa tanıyırdım. Odur ki, qorxub çəkinmədən qocaya yaxınlaşdım, onu qollarımın üstünə götürüb çaydan keçirmək istədim. Amma qoca boynuma minmək, mənim boynumda çayı keçmək istədiyini bildirdi. Düzü, əvvəl tərəddüd etdim - hətta yuxuda da heç kimi boynuma mindirmək istəmirdim. Sonra fikirləşdim ki, qocadır, zəifdir, yəqin soyuq suyun onu isladacağından ehtiyat edir. Əyilib onu boynuma götürdüm. Qoca ayaqlarını boynuma doladı, saçlarımdan bərk-bərk yapışdı. Coşqun dağ çayına girdim, su qurşağıma çıxsa da, soyuq hiss etmirdim. Ortada bir neçə yerdə gur sular az qala məni yıxmışdı, amma möhkəm durdum, yıxılmadım. İndi düşünürəm ki, yıxılsaydım, heç olmasa ayılardım, bəlkə canım qurtarardı!

Çayı keçən kimi əyildim, qocanı düşürtmək istədim. Qoca isə ayaqlarını boynuma daha bərk doladı, ağlı-qaralı qıvrım saçlarımdan daha bərk yapışdı. Nəfəsim daraldı, gözlərim qaraldı, dizi üstə çökdüm. Qoca zindan kimi ağır yumuruqları ilə başımı döyəcləməyə başladı. Qışqırmaq istəyirdim, qışqıra bilmirdim… Nəfəsim çatmırdı, boğulurdum, xırıldayırdım…

Qoca yəqin ki, mənim öləcəyimdən qorxub ayaqlarını bir az boşaltdı, gözlərimə bir az işıq gəldi. Gördüm ki, boynuma doladığı ayaqları camış gönü kimi qap-qara və cadar-cadardır. Qorxdum, vahimələndim, dedim bu, yəqin şeytanın özüdür. Deməli, mən cənnətə düşməmişdim, cənnətdə şeytanın nə işi var?!

Bu zaman qoca məni reallığa (yuxuya) qaytardı, başımı yumuruqlayıb əmr etdi ki, ayağa qalxım. Çayın sahili ilə şimala doğru yol aldıq...

Beləliklə, taleyin qisməti ilə boynuma minmiş bu qocanın quluna çevrildim. Mən nə istədiyimi deyə, nə də istədiyim yerə gedə bilərdim. Qoca isə dayanmadan danışır, məni eşşək kimi işləməyə məcbur edirdi. Xoşuna gələn meyvə ağacı görəndə, başımı gözümü yumuruqlayır, məni həmin ağaca tərəf "sürürdü". Özü yeyib doyandan sonra mənə də bir-ikisini verirdi ki, acından ölməyim. Ən pisi o idi ki, qoca təbiətin səsinə də elə mənim çiyinlərimdə "hay" verirdi, təbii ehtiyaclarını da boynumda ödəyirdi. İydən, üfunətdən, aclıqdan, yorğunluqdan ölmək istəyirdim, ölə bilmirdim.

Sanmayın ki, mən öz taleyimlə barışmışdım. Yox, bir-iki dəfə qocanın ayaqlarından yapışıb yerə çırpmağa çalışmışdım. O isə camış gönü kimi qap-qara ayaqları ilə boynumu elə sıxmışdı ki, huşumu itirib yerə yıxılmışdım. Sonra isə başıma-gözümə döyüb məni ayağa qaldırmış, şimala doğru "sürmüşdü".

Nə isə, az müddətdən, çox əziyyətdən sonra şimalda yerləşən dağların ətəyinə, iki çayın qovuşduğu yerə gəlib çıxdıq. Burada kiçik bir dağ çayı bizim çaya qarışırdı. Qoca sevincindən boynumda atılıb-düşdü, mənə kiçik çayın sahili ilə getməyi əmr etdi. Mən ətrafa diqqət etdim, hər tərəfdə insan sümükləri ağarır, arabir dişlərini ağardan kəllələr də gözə dəyirdi. Qoca mənə burada dayanmağı və çaya yaxınlaşmağı əmr etdi. Mən elə bildim çayı keçəcəyik, sevindim ki, qocanı da, özümü də çay daşlarına vurub məhv edərəm, heç olmasa azad insan kimi ölərəm. Amma sən saydığını say…

Çayın sahilində uzunsov taxta tabaqlar gözümə dəydi. Bunlar da mənə tanış gəlirdi, amma nə olduğunu, harada gördüyümü xatırlaya bilmirdim. Qoca bu taxta tabaqlardan birini götürməyi, qumla doldurub çayın suyunda yumağı əmr etdi. Nəhayət, başa düşdüm ki, qoca mənə niyə bu qədər əziyyət verib, bu boyda yolu keçirib bura gətirib. Belindəki qızıl kəməri əvvəlcədən görsəm də, fikrindəkiləri başa düşməmişdim. Qoca qızıl hərisi idi, məni də bura qızıl yumağa gətirmişdi. Ətrafda ağaran insan sümükləri, insan kəllələri də məndən qabaq bu işlə məşğul olanların izləri idi. Şübhəsiz ki, məni də belə bir tale gözləyirdi. Deməli, mən ömrümün axırına kimi, qoca da boynumda qızıl yumalı idim?! Hətta düşünəndə dəhşətə gəlirdim.

Amma reallıq belə idi, qoca mənə dincəlməyə imkan vermirdi. Doğrudur, arabir ətrafda bitən üzümdən, alma-armuddan yemək üçün işdən ayrılırdıq. Tabaqlar dolanda isə yuyulmuş qızılı yaxınlıqdakı mağaraya daşımalı olurdum. Bu mağara da qızıl təpəcikləri və adam sümükləri ilə dolu idi. Qoca qızılın artdığını görəndə cuşa gəlirdi, boynumda atlanıb-düşür, başımı yumuruqlayırdı. Düşünürdüm ki, yəqin qoca qızıldan və adam sümüklərindən saray tikmək istəyir. Azadlıq istəyi isə məni tərk etmirdi, qoca qızıl həsrəti çəkdiyi kimi, mən də azallıq həsrəti çəkirdim.

Hardansa oxuduğum, ya eşitdiyim bir fikir daim qulaqlarımda cingildəyirdi: "Biz hamımız azad olmaq istəyirik, amma çoxumuz bunun üçün heç nə etmək istəmirik". Mən isə etmək istəyirdim, amma əvvəlki kimi, ehtiyatı əldən vermək istəmirdim. Başıma dəyən yumuruqların ağrısı, boğulmaq qorxusu məni "öz səhvlərimdən öyrənməyə" vadar edirdi. Məqamı gözləyirdim, qoca mənim boynuma hiylə ilə minmişdi, onu hiylə ilə də düşürmək lazım idi.

Bir dəfə mağaranın yaxınlığında çoxlu balqabaq tağları gördüm. Elə tağların üstü də balqabaqla dolu idi və ağlıma bir fikir gəldi. Qocanın kefinin kök olduğu vaxta saldım, qızılı boşaldıb geri qayıdanda yetişib qurumuş balqabaqların bir-ikisinin içini boşaltdım. Ətrafda bol olan ağ-qara üzümdən sıxıb bu balqabaqların içinə doldurdum. Ağızlarını gillə bağlayıb günün altına qoydum. Qoca bütün bunlara şübhə ilə (hiss edirdim) göz qoysa da, mane olmurdu. Qızılı yuduğum müddətdə gün balqabaqları qızdırır, içindəki şirəni şəraba döndərirdi. Mən də bu şərabdan içib keflənir, dünyanın dərdini-sərini unudurdum. Hətta kefimdən (?!) atılıb-düşməyə, oynamağa başlayırdım. Doğrudan da, utanmasan, oynamağa nə var ki!

Qoca da bütün bunlara artıq şübhə ilə yox, maraqla (hiss edirdim) göz qoyurdu. Və bir dəfə balqabağın birini ona verməyi tələb etdi. Mən vermək istəmədim, şərabdan içib qul oduğumu unutmuşdum. (Şərabın gücü də bundadır – insanın ruhunu işıqlandırır, qul da özünü azad sanır). Xərçəng qısqaclarını andıran ayaqlar boynuma dolandı, zindan kimi ağır yumuruqlar başıma qalandı. Mən bir anlıq diz üstə çökdüm… Və başıma sanki qeybdən gəlmiş qeyri-adi bir fikirlə ayağa qalxdım. Balqabağı qocaya verdim. Qoca məmuniyyətlə içdi, ağzını marçıldadıb birini də istədi. Mən də eyni məmuniyyətlə ikinci balqabağı ona uzatdım. Qoca alıb ləzzətlə başına çəkdi. O içdikcə mən ayaqlarının boşaldığını hiss edirdim. Bir azdan ayaqlarını boynumdan açdı, ancaq saçlarımdan yapışıb çiynimdə atılıb-düşməyə başladı.

Mən o böyük məqamın yetişdiyini anladım. Yavaş-yavaş çayın sahilinə doğru addımladım. Qocanın belindəki qızıl kəmərdən yapışıb boynumdan qaldırdım, var gücümlə kiçik çayın böyük daşlarına çırpdım. Qoca suyun içinə düşüb boğulmağa başladı. Ancaq mənim ürəyim soyumadı. Qızılla dolu tabağın birini götürüb qocanın başına çırpdım. Sonra birini də, birini də... Onun murdar qanı çayın təmiz suyu ilə qarışdı. Təmiz su murdar qanı yudu, axın tabaqları apardı. Qocanın cəsədi isə qızılların altında qaldı, çayın içində görünməz oldu.

Bir anda təbiət də gözlərimdə gözəlləşdi. Suların səsini, quşların nəğməsini eşitməyə, çəmənin, güllərin rəngini görməyə, ətrini hiss etməyə başladım.

Mən yuxuda olsa da, azad oldum…

Tarix
2015.05.29 / 08:45
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla