Yuxarı

Kitab təqdimatı, yoxsa kitab toyları? – Alternativlər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitab təqdimatları oxucu kütləsini cəlb etmək baxımından xüsusi əhəmiyyət kəsb etsə də, təəssüf ki, ölkəmizdə keçirilən əksər kitab təqdimatları formaca bir-birinə bənzəyir və oxucunu öz təkrarçılığı ilə yorur.

Axar.az olaraq mövzu ilə əlaqədar ədəbiyyat adamlarına belə bir sualla müraciət etdik:

Azərbaycanda kitab təqdimatlarının formatını bəyənirsiniz və alternativ format təklif edə bilərsinizmi?

"Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu indiki kitab təqdimatlarının formatından razı deyil, ancaq mövcud durumda buna o qədər də pis baxmır:

"Kitab oxumağı ictimailəşdirmək məqsədilə kitab təqdimatlarına başladıq. Bu da effektiv oldu. Hazırda bu format işləyir. Amma kitab təqdimatı, sadəcə, dostlara zəng edib kitabı onlara satmaq deyil. Mənə elə gəlir ki, bu da kitab təqdimatının bir növüdür, ona da pis baxmıram. Amma dostlara zəng edib kitab almaqları üçün çağırmaq, görünür, çarəsizlikdir. Yazar, adətən, auditoriyalara gedir, müəyyən qruplar qarşısında öz kitabını təqdim edir, kitabı haqda danışır. Biz kitab təqdimatını daha çox sözün fiziki anlamında qavrayırıq və kitabları öz ətrafımıza satmaqçün təqdim etmiş kimi görünürük. Amma əslinə baxsan, bu, belə deyil. Sadəcə, indiki təqdimatlar çarəsizliyin ən optimal çıxış yoludur. Auditoriyalar genişlənərsə, tələbələrə çıxış imkanı əldə olunarsa, müxtəlif təşkilatlarda, televiziyalarda kitablar haqda danışmaq imkanı yaranarsa, mənə elə gəlir ki, o zaman bəyənmədiyimiz və narazı olduğumuz bu forma mahiyyət etibarilə özünü dəyişər və bizim istədiyimiz bir müstəviyə gəlib çatar.

Bu, bir mərhələdir. Uzaqbaşı beş kitabı bu formada təqdim etmək olar.

Beş-altı dost-tanışımız var ki, onlarla kitab söhbəti edə bilirik. Sonda onlar da bu təqdimatlardan imtina edəcək. İndiki kitab təqdimatları kitab toylarıdır. "O mənim kitab təqdimatıma gəlibsə, mən də onun kitab təqdimatına getməliyəm" tipində.

"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli hansısa alternativə ehtiyac görmür:

"Mən kitab şəbəkəsində keçirilən təqdimatlardan razıyam. Təbii ki, insanların daha aktiv olmağını istərdim. Hesab etmirəm ki, hansısa alternativ və ya qeyri-ənənəvi bir yola ehtiyac var. Mən daha çox ənənəvi, klassik bir təqdimata üstünlük verirəm. Bu klassik təqdimat zamanı yazıçıyla oxucu arasında ünsiyyət yaranır. Mən bunun tərəfindəyəm. Yazıçı öz əsərinin mətnini oxucularına təqdim etməlidir və oxucularının suallarına cavab verməlidir".

AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid isə daha maraqlı təqdimatların tərəfindədir:

"Bəzən Yazıçılar Birliyində bizim yazarlar hansısa orijinal bir şəkildə təqdimata yeniliklər qatırlar: təqdimatı bəzən özləri aparır, oxucularına söz verirlər və sairə.

Məsələn, Şəhriyar del Geraninin tədbirində onun oxucuları kitabdan şeirlər oxudular. Yazıçılar, xüsusən də, cavanlar istedadlı şəxslərdir. Onlar fikirləşib orijinal alternativlər meydana gətirməlidirlər.

Əlbəttə, mən də ənənəvi, sıxıcı, pafoslarla dolu olan kitab təqdimatı tədbirlərindən bezirəm. Mümkün qədər təqdimatları maraqlı aparmağa çalışıram. Yenə də deyirəm, çalışıb yeni üsullar, alternativlər ortaya qoymaq, təqdimatı orijinallaşdırmaq lazımdır.

Amma ümumiyyətlə, son zamanlar kitaba olan maraq pis deyil. Müxtəlif kitab mağazaları da imza günləri, təqdimatlar keçirir. Əsas odur ki, kitaba maraq artsın. Buna hələ ki, nail ola bilməsək də, qeyd etmək lazımdır ki, 10 il əvvələ nisbətən indi xeyli tərəqqi müşahidə olunur. Əvvəllər təqdimatlar olduqca az idi, kitab çıxırdı və onun müəllifinin yaxınlarından başqa heç kimin xəbəri olmurdu. Amma indi sosial şəbəkələr, saytlar kitab təqdimatlarını işıqlandırırlar. Bu özü kitabların təbliğidir".

"XAN" Nəşriyyatının direktoru Müşfiq Xana görə, kitab təqdimatları dəyirmi masa, kolxoz iclası çərçivəsini aşmalıdır:

"Başqa seçim imkanları olmadığına görə ənənəvi təqdimat formatı ilə razılaşırıq – müəllif haqqında qələm dostları bir neçə söz deyir, imzalama mərasimi, şəkillər çəkilir və tədbirdən sonra məhz maddi durum imkan verirsə, süfrə arxasında xudmani bir məclis... Vəssəlam! Kitab təqdimatları dəyirmi masa, kolxoz iclası çərçivəsini aşmalıdır.

Keçən il kitab təqdimatlarımdan birini ad günümdə keçirdim. Köklü olmasa da, bu, hardasa dəyişiklik, yenilik idi. Bu il isə Kənan Hacı ilə kitabımızı eyni gündə, eyni saatda təqdim etdik. Bu da yeniliyə doğru kiçik bir detaldı.

Gecə klublarında, yaxud açıq havada keçirilən kitab təqdimatlarını bəyənirəm. Ümumiyyətlə, hansısa yaradıcılıq məhsulunu publikaya təqdim edəndə önəmli şərt, fikrimcə, ortamın səmimi və sərbəst olmasıdır. Məsələn, bu ay fürsət düşsə, növbəti kitab təqdimatımı dəniz kənarındakı çimərliklərdən birində keçirəcəm. Yaxud da hansısa dağın döşündə yerdən çay süfrəsi arxasında şeir kitabını oxuculara təqdim etmək heç vaxt yorucu ola bilməz".

Şair Qismət isə "kitab təqdimatı" sözünün özünü belə doğru hesab etmir:

"Əvvəla, onu deyim ki, mən kitab təqdimatı yerinə, "imza günü" deməyin tərəfdarıyam. Bizdə kitab təqdimatlarında, adətən, tost demək yarışı olur. Paradoks da burdadır: kitabı hələ indicə almış adam həmin kitab haqda axı nə danışa bilər? Ona görə hamı ümumi cümlələr deyir, müəllifin yaxşı insan olmasından danışır, onunla bağlı bir-iki yumoristik xatirəni yada salır. Əgər mütləq kimsə danışmalıdırsa, bu ancaq kitabın redaktoru və ya əgər varsa, ön sözün müəllifi ola bilər, vəssalam. Bu öz yerində, ümumən bu format, yəni adamların sırayla durub tost deməsi gülüncdür, biabırçıdır, sovetdənqalma ənənədir. Təhtəlşüur məsələsidir, adətən, əksər adamlar kitab təqdimatlarına tədbirin qeyri-rəsmi hissəsi – havayı yeyib-içmək üçün yığışır, ona görə də çıxışçılar balaca bir yerdəyişmə ilə kitabı da qədəh kimi tutub tost deməyə başlayırlar. Mən imza günü formatının tərəfdarıyam, müəllif kitabını imzalayır və çıxıb gedir. Səfərdə olduğum xarici ölkələrdə də bu sadə formatın işləkliyini görmüşəm. Alternativlər, axtarışlar hər sahədə mənim üçün həmişə maraqlıdır, amma bizdə bir-iki cəhd oldu və məncə, tutmadı. Marginal, lap eksperimental, dəlisov bir variant deyim, kimin ağlına batsa: metroda imza günü!"

Tarix
2015.05.29 / 10:24
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla