Yuxarı

Sökülən 42 villa və varlılarla savaş yolu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayıl türməsindən villalara doğru

"Heç nə izsiz qalmır"- almanlar əbəs yerə belə deməyiblər. Məsələn, sən kriminal keçmişini gizlətməyə çalışarkən bütün zahiri və daxili dəyişikliklərə getməyə razılaşırsan, lakin əvəzində növbəti cinayətlərə yol verirsən.

Ona görə sovet keçmişimizin bir parçası kimi zəbt olunaraq paytaxt tariximizdən silinən sonuncu "Dostluq parkı"nda inşa edilmiş bahalı mülklərin də fəlsəfəsini başa düşmək üçün detektiv janrda düşünməkdən başqa çarəmiz qalmayıb. Vəhşi kapitalizmin birinci mərhələsindən uğurla çıxan azərbaycanlılar öz varidatlarını dayanıqlı valyutada saxlamaq üçün daşınmaz əmlakı mühüm alternativ kimi seçiblər. Hansı yolla qazanıldığı onsuz da soruşulmayan böyük pulların daimi amnistiya qərarı altında olmasından istifadə etməmək, əlbəttə, ağılsızlıq olardı.

Cəmiyyətin üst qatına çıxmış burjuaziyamız bütün dünyada olduğu kimi əhalinin aztəminatlı hissəsindən sürətlə ayrılaraq xüsusi ərazilərdə özünə qəsr və qala tikməkdə davam edir.

Dərhal sual olunacaq: məgər kapitalizmin əsas xarakterini müəyyənləşdirən belə təbəqələşmə deyilmi? Vaxtilə bütün ictimai formasiyaların marksist-leninçi anlayışlarla dərkinə çoxları qarşı çıxdığından, indi biz müasir iqtisadçılar nəslinin görkəmli nümayəndələrinə istinad eləməyə məcburuq. Görün, "21-ci əsrin kapitalı"nı yazmış Tomas Piketti ötən yüz ili və bizi gözləyən perspektivi necə xarakterizə edir?

Müharibə varlıların və kasıbların həyatında

Bir kitabı ilə dünyada məşhurluq qazanan Paris məktəbinin 42 yaşlı professorunun dərin tədqiqatlarının nəticələrinə görə, Amerika və Qərbi Avropa əhalisinin 10 faizi və yerdə qalan hissəsinin maddi imkanları arasındakı fərq 1980-ci ildən bu yana artmaqdadır. Yalnız 1914 və 1970-ci illər mərhələsində müharibələrdən qaynaqlanan "anomaliyaları" çıxmaq şərtilə bu nisbət dəyişməyib. İqtisadi qeyri-bərabərliyinin normaya çevrildiyini görərkən, hər bir fərdin zənginlik mərtəbəsinin yuxarısına çıxmasını onun şəxsi qabiliyyəti və istedadı ilə deyil, daha çox irsi yolla ona qalmış varidat, yaxud faydalı nikahlardan əldə olunmuş mülklər təşkil etdiyinə əmin olursan. Üstəlik, bazar iqtisadiyyatının qanunları bir ovuc azlığın maraqlarına daha çox xidmət edir.

Yəni demokratik cəmiyyətlərin başlıca tezisinin burada iflasa uğradığını görməmək mümkün deyil. Belə ki, hər kəs öz istedadı və çalışmaları sayəsində maddi nemətlərin sahibinə çevrilməliydi. Nəticədə hamının avtomatik olaraq milli gəlirdən ədalətli qaydada bəhrələnəcəyi, hüquq bərabərliyinin buna geniş imkanlar açacağı haqqındakı miflər də beləcə dağılmış oldu.

Bəs onda dövlət nə üçündür? Burada lenincəsinə "cəbr aləti"ndən və hamıdan hesab sormaq üçün yaradılmış bolşevik cəza-izləmə aparatından danışmağa tələsməyin. Liberal dəyərlər dünyasında dövlət insanları və cəmiyyəti təhlükələrdən qorumaq üçün məhdud səlahiyyətlərə malik gözətçidən başqa bir şey deyil. Ancaq suala cavab verməzdən əvvəl alimin gətirdiyi başqa bir misala diqqət yetirək. Sən demə, Qərb özünün ərsəyə gətirdiyi üsul-idarənin başlıca ziddiyyətlərini həll etməkdə acizdir. Böyük inqilablar törədərək ümumxalq sərvətlərinə sahib durmuş və bununla da özəl sektorun xüsusi inkişaf səviyyəsinə çatmış ölkələrin hamısında dövlətlər kasıb bir duruma düşüblər, çünki xarici borcları artmaqda davam edir.

Rəqəmlər çox kədərlidir. Dünyanın iqtisadi nəhəngləri sayılan Britaniya və Fransanın müxtəlif maliyyə mərkəzlərinə, fondlara və ayrıca ölkələrə borcu ÜDM-in 90 faizinə bərabərdir. Əvəzində isə şəxsi sərvətlər də elə həmin nisbətdə ümummili gəlirin nüvəsini təşkil edir və təhlillər belə bərabərsizliyin gələcək onillərdə də davam edəcəyinə şübhə yeri qoymur.

Bəlkə burada dövlətin müdaxiləsini arzulayanlar vaxtilə Fransada milyonlarla insanın dünya üçün birlik, bərabərlik və qardaşlıq şüarlarını irəli sürməsində, vətəndaş kodeksləri və şəxsi toxunulmazlıq hüquqları haqqında müxtəlif billəri meydana gətirməsində bir siyasi cinayət görürlər? Axı gerçəkdən də bütün məzlumların uğrunda həyatlarını qurban verənlərin ideallarının ziddinə olaraq kapitalın bərabər bölgüsü təmin olunmayıb, imtiyazlı azlığın "bəxti gətirməkdə" davam edir. Köləlik zəncirindən azad olanların çoxu sonradan gedib ağalarının kölgəsinə sığınmağa məcbur qalırlar. Bütün maliyyə-iqtisadi böhranlarda, yaxud silahlı savaşlarda kisələrini dolduranlar isə həmişə başqaları olur.

Arxitektura azadlığı və koması uğrunda savaşanlar

Şəhərimizin Bayıl yamaclarına yalnız həbsxana assosiasiyası ilə yanaşanlardan fərqli olaraq, ən azı 42 adam orda yeni "milyonçular məhəlləsi" salmağa risk etməyib. Ələ keçirilən yerlər məxsusi olaraq Xəzər dənizinə doğru geniş üfüqlər açmaqla bərabər, xüsusi turizm komplekslərinin yerləşdiyi massivin bir hissəsidir. İlkin məlumatlara görə, villaların hər birinin bazar qiyməti 3-5 milyon dollar civarındadır. Böyük yaşıllıq zonasının yerində ucalan mülklərin yaxın dağ və qayaüstü əhatəsi zənginlik vadisi kimi göz oxşadıqca uzanıb gedir. Burada orta əsrlər Romasında təşəkkül tapmış Barokko üslublu malikanələrin hər növünə rast gələ bilərsən. Belə füsunkar memarlıq nümunələri Qərbin intibah dövrünün romantizmini xatırladır və mənəvi azadlıqların məhsulu kimi qarşımıza çıxır. 70 ilin sovet əsarəti Azərbaycan insanının daxilində buxovladığı arxitekturanı, rəngarəng peyzaj qalereyasını və antik əşyalar dünyasını neft bumu yaşayan paytaxtımızın hər guşəsinə daşıyıb gətirməyə imkan verib. Axı yeraltı sərvətimizin heç olmasa bir damlası hamımızın damarından keçib gedir…

Burada qurulmasına illər və böyük pullar sərf olunmuş, bir vaxtlar erməni sənətkarlarının əlindən aldığımız inşaat sənayemizin qanuniliyi, tikinti normalarına əməl etməsi şərti çoxlarına yersiz görünür. Axı parkı yaşayış məskəninə çevirənlər qeyri-rəsmi ödənişlərlə dövlətin bütün hüquq sistemini ala biləcəklərinə əmin olublar. Prezidentin dediyi kimi, bütün günahları üstünə götürməyə və istənilən cinayət hökmünə möhür vurmağa hazır olan şəhər bələdiyyələri paytaxt burqomistrlərinin arxa bağçalarında saxladıqları gecə gözətçilərinə çevrilib.

Lakin bir çoxlarının müstəntiq qiyafəsində maraqla kimə məxsusluğunu sual etdiyi villalar təkcə Bayılda tikilməyib və onu belə intizarla gözləmək heç də ədalət hissindən xəbər vermir. Nəyin mənbəyini öyrənmək istəyirlər - xərclənən pulların, yoxsa, alınan adamların? Məgər yüksək materiyadan danışıb hamını sovet təvazökarlğına çağıranlar sufi ömrü yaşayıb o məkanlardan imtina edərdilər? Əsla yox. Ona görə sadə xalqın diskussiyalarını düzgün məcraya yönəltmək ictimai rəyi fromalaşdıran institutların ümdə vəzifəsidir. Dünənə qədər müxtəlif neft buruqlarının gilyotin bıçağına çevrilərək kəsdiyi gecəqondu evlərinin dağılmasındakı mənzərə ilə Bayıl ehramlarının uçurulması yalnız bir cəhətinə görə fərqlənir: koması başına uçurulan fəqir evlərinin sahibləri nəinki qaçıb gizlənmir, əksinə, günəş altındakı son nəfəsliyi uğrunda əsil ölüm-dirim savaşına çıxırdılar.

Türkiyədə tez-tez gördüyümüz mənzərədir, deyilmi? Halbuki hər kəsin evlə təminatı üçün əlçatan şərtləri yaratmaq azdır, insanların buna yetəcək qədər vəsaitinin olması naminə nəhəng zavodları, fabrikləri hərəkətə gətirmək, yüksək texnologiyaya dayanan kütləvi məşğulluq sahələrini yaratmaq hər bir hökumətin borcudur.

Bahalı həbslər dövlətə baha başa gəlir

Dövlətin əraziləri isə təkcə Bayılda ələ keçirilmir. Siyahısı tutulsa, yüz min hektarlarla münbit torpaqlar, meşələr, təbii qoruq zonaları, hətta mədən yataqları və yamaclar da şəxsi mülkiyyətlər altına düşür. Buradaca vurğulayaq ki, strateji layihələr həyata keçirilərkən, o cümlədən, müxtəlif infrastruktur dəyişilikləri zamanı on minlərlə torpaq sahibi dövlətdən ədalətli kompensasiya tələb edirdi. Qanunlar belə razılaşmaların dəqiq hüquqi çərçivəsini müəyyənləşdirsə də, vətəndaşla məmur arasındakı sövdələşmələri Quran ayəsinə büküb imzalamaq heç də hər zaman mümkün olmur. Bəs onda dövlətin mülkiyyətinə əl uzadılırsa, hansı cəza mexanizmi işə düşməlidir?

Əlbəttə, həbsxana haqqında ümumiyyətlə danışmağa dəyməz. Çünki son kredit milyonçularının qanunazidd əməlləri üzündən məhbəs bir neçə varlını artıq qəbul edib və həyatını belə kardinal dəyişənlərin hesabına ölkənin ictimai-siyasi mənzərəsi də xeyli dəyişib. Təəssüf, dünyada bahalı həbslərin statistikası yoxdur. Lakin buna bolşevikcəsinə sevinənlər də çox səhv edirlər. Çünki əski inqilabçılar nəslindən fərqli olaraq, müasir katorqanın içərisindən çıxanlar azadlığa döndükləri andan itirdikləri dəbdəbəni qaytarmaq üçün bütün vasitələri yenidən işə salırlar. Dünyada bu mərhələni çoxdan keçən onlarla ölkə var. Kapitalistlər birləşməyi bacarırlar. Onlar ictimai rəyə təsir etməyə, sosial toqquşmalar törətməyə qadirdilər. Çünki nüfuza və geniş əlaqələrə malikdilər. Ona görə həmin təbəqə ilə həssas davranmağa məcbursan.

Baxın, keçmişdə yalnız məzlumlara güc göstərildiyini iddia edənlərin çoxu indi Azərbaycanda böyük kapitala və biznesə basqıdan danışmağa başlayıblar. Doğrudan da pulun özünə təhlükə görərkən sabit və təminatlı məkanlara üz tutması yeni hadisə deyil. Türkiyənin birjalar ittifaqının bu ilin yanvar-aprel ayları ərzində orada ortaq yaradılmış 60 şirkətdə, o cümlədən, 16 səhmdar cəmiyyətdə azərbaycanlıların da yer aldığını açıqlaması maliyyə sızıntıları haqqında iddiaların əsassız olmadığını sübut edir. Düzdür, yatırılan investisiyanın məbləği bir neçə milyon dolları keçmir, ancaq rəsmi elan olunan və gizlində qalan vəsaitlərin hər manatına ölkə iqtisadiyyatında əlahiddə ehtiyac duyulduğunu hər kəs etiraf edir.

Dövlətlə dövlətlilərin savaşı tarixdə burjua inqilabları ilə nəticələnib. İndiki Amerika aristokratiyasının kriminal keçmişini yada salan çox az adam var. Morqanlar və Rotşildlər istənilən partiya və qrupun üzərində hakimiyyət qurmağı bacarıblar. Ona görə də burjuaziya ilə müttəfiq olmaqdan başqa yol qalmır.

Baxın, imtiyazlı zümrə həmişə siyasi iqtidarları şantaj etməyi bacarıb. Axı paytaxt merinin qarşısına çıxmayanlar həmişəlik Volter sükutu elan eləməyəcəklər. Onların müxtəlif vəzifə adamlarına bağlılığı rəsmən bəyan olunursa, onda gələcək sabotajlar, iqtisadi və siyasi əngəlyaratmalar qaçılmaz olacaq. Qazanılmış pulların dövlətin əleyhinə işləməsi, yaxud müxalif qüvvələrin əlinə keçməsi ötən əsrin 90-cı illərində bütün postsovet məkanındakı qeyri-sabitliyin başlıca səbəbləri idi. Satılmağa hazır olan medianın, hər bir narazı hökumət yetkilisini himayəyə götürməyə qadir xarici mənafe qruplarının dünyasında yaşadığımızı bir an belə unutmamalıyıq. Bəli, siyasət maraqları idarəetmə sənətidir!

Sağ qalmaq və ya varlılar üçün yazılmış qanunlar

İki gün əvvəl Putin "Böyük Rusiya" konfransında növbəti dəfə xalq arasında daha çox dartışılan "oliqarxların yönəltidiyi dövlət" iddialarına ustalıqla cavab verdi. Rusiyanın biznes elitasından bir qovluq şikayət məktubunu qəbul edən rus prezident iş adamlarını hakimiyyyətlə gizli sövdələşməyə, dar dəhlizlərdə razılaşmaya deyil, açıq yollarla, hamının aşkar görə biləcəyi vasitələrlə özünə üstün şərait yaratmağa səslədi. Rüşvətlə deyil, qanunlarla işləməyə çağırışın, Putinin hamı üçün bərabər imkanlar təklifinin havadan necə asılı qaldığını görməmək mümkün deyildi - narazı baxışlar, kristallaşmış proteksiyaçılıq ənənələrinin qısa zaman ərzində dəyişilməsinin mümkün olmadığını bir daha göstərdi.

Azərbaycanın yaxın keçmişində böyük ticarət mərkəzləri olan AMAY Abdullanın günahlarının nə olduğunu yalnız məhkəməmiz bilir. Lakin hər dindirilməsində müxtəlif hüquqi aktlara baş vuran sabiq biznesmenin qanunla silahlanması yaşadığımız dövrün başlıca dərsləridir. Cəmi bir dəfə "sağ qalma" yarışlarını izləyən hər kəs əmin olur ki, vəhşi təbiətdə mövcudluğunu qorumaq üçün nəhayətdə, hüquqi normaları tanımalısan. Bunun alternativi yoxdur.

Ərazilərimizin işğal reallığı indi paytaxtda daha yaxşı duyulur. Torpaq fondları tükənməkdə, əhalimiz isə artmaqdadır. Ona görə bütün qəsr və qalalara müharibə aça bilməyəcəyimizi nəzərə alıb dünyanın getdiyi yola baş vurmalıyıq. Qərblilər sovet adamlarına ötürdükləri sistemin növbəti həlqəsini təklif edirlər: bahalı mülklərə yüksək vergi və məbləği hər ölkədə fərqli olan yuxarı gəlirlərə diferensial öhdəliklər tətbiq etmək varlılarla savaşı hüquq müstəvisinə gətirməyin yeganə yoludur.

Dövlət təminatlı vətəndaşlarının hesabına güclüdür. Sadə xalq dilinə çevirsək, bütün zümrələrə münasibətdə ədalətili olmağın yolu hər kəsdən qazandığı və ya mailk olduğuna uyğun vergi almaqdır.

Ona görə də Bayılda həbsxana divarlarının yerində villalar ucaltmaq istəyənlərə sadəcə qanuni menyünü göstərmək lazımdır. Dövlətin torpağını mülkə çevirənlər çoxmilyonluq malikanələrində kirayə yaşamağa razı olmayıb sonda haqqa dönəcəklər. Bax onda Dövlət Bayrağının kölgəsinə hamı bir millət kimi toplaşa biləcək!

Depardye nahaq yerə Parisi Moskvaya dəyişməmişdi ki!

Tarix
2015.05.29 / 12:48
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla