Ana səhifə Yazarlar |
"Birinci xanım" institutu və ya biz niyə şanslıyıq?
Bütün qadınlar da kişilər kimi tarixin bir parçasıdır. Amma... Az sayda qadın var ki, tarix yaza bilir...
Onlar ya əla diplomat doğulur, ya dünyada gözəl ana olmağın örnəyini göstərir, ya da öz həyat yoldaşıyla çiyin-çiyinə dayanır, ona arxa-dayaq olaraq tarix səhifələrinə ad yazdırmağı bacarırlar.
Bütün bunlara eyni anda sahib olmaqsa o qadının möhtəşəmliyinə sübutdur və buna çox nadir hallarda rastlanılır. Belə qadınların var olduğu ölkələr də nadir ölkələr sayılmalıdır. Kişilər onsuz da güclüdür. Əgər bir ölkənin üstəlik qadını da güclüdürsə, demək, o dövlət, o toplum həmişə ayaqda qalmağı bacaracaq!
Azərbaycan kimi...
Diplomat, Ana, Həyat Yoldaşı və... Həyat Yoldaşına əsl Yoldaş...
Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva haqda çox söz deməyə ehtiyac yoxdur. Onsuz da o, haqqında danışsınlar deyə işləmir, fəaliyyət göstərmir. Bu, onun təbii halıdır, həyat tərzidir...
"O, insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilir. Bu, onun xasiyyətinin ən fərqləndirici cəhətidir. Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri hər zaman davam etdirməyə çalışacaq".
Prezident İlham Əliyevin söylədiyi bu fikirlər onun fəaliyyəti haqqında hər şeyi, indiyə qədər deyilən və deyilməyənləri, bundan sonra deyiləcəkləri ehtiva edir.
O, xeyriyyəçidir, insanları sevir və bütün bunları daxilindəki mərhəmət hissinə söykənərək edir. Mərhəmətin siması ana simasıdır, qadın simasıdır! O da məhz belə qadındır və Azərbaycan belə qadınların olduğu nadir ölkədir...
Mehriban Əliyevanın adı bu günkü dünyamızda mahiyyət etibarilə "Birinci Xanım" statusunun Parlaq Nümunəsi kimi tarixə keçir.
"Birinci xanım" statusu – hazırkı dünyada bu, öz anlamından xeyli uzaq düşüb. Bunun arxasında nə insanlıq görəvi, nə bütün uşaqlara analıq qayğısı, nə də bəşəri sevgi görünür. Halbuki XIX əsrdə yaranmış "Birinci Xanım" institutu təkcə birinci şəxsin həyat yoldaşı olmaq demək deyildi.
"Birinci xanım" anlayışı bir qadına sosial həyatda oynadığı rola, insanlar üçün sərf etdiyi çabaya, ümumbəşəri dəyərlər naminə çəkdiyi əziyyətə, dövlətlərarası münasibətlərə, dostluğa, mədəni və humanitar əlaqələrə verdiyi töhfəyə, beynəlxalq sülh üçün göstərdiyi səylərə və bütün uşaqlara yönəlik analıq qayğısına görə şamil edilir. Və bütün bu sadalananlarla bahəm o, öz həyat yoldaşının arxasında sona qədər dayanmağı bacarmalıdır.
Bu, böyük enerji və fədakarlıq tələb edir. Və şübhəsiz ki, daxili sevgi olmadan bunları etmək mümkün deyil.
...Bir yolu birinci dəfə zərurətdən, ikinci dəfə məcburiyyətdən gedənlər tapılar. Amma bir yolu sona qədər getmək ona ürəkdən bağlı olmaq deməkdir...
Görünən odur ki, çağdaş dünyada ən böyük dövlətlərin birinci xanımları öz statuslarının tələb etdiyi işləri reallaşdırmağa ya vaxt tapmır, ya da buna istəksiz yanaşırlar.
Və təəssüf ki, "birinci xanım" anlayışı istər yarandığı Amerikada, istər Avropada, istərsə qoca Şərqdə yalnız birinci şəxsin həyat yoldaşı olmaq kimi başa düşülür. Biz dünyanın əksər birinci xanımlarının nəinki beynəlxalq arenada, heç öz ölkəsində də insanlardan ötrü çaba sərf etmədiyinə şahid oluruq...
Misal üçün, dünyaya hökmranlıq etmək iddiasında olan Amerikanın
birinci xanımı Mişel Obama. Amerikalıların demokratiya adı altında
müharibə və ölümə qonaq elədikləri əfqan uşaqları üçün bircə dəfə
də olsun nəsə edibmi? Yaxud Əfqanıstanın qonşuluğunda yerləşən,
terrordan və amansız təbii fəlakətlərdən əziyyət çəkən pakistanlı
ailələrə baş çəkibmi?
Aydındır, okeanın o tayı buralardan çox uzaqdır... Amma nədənsə
məsələ maraqlar üzərində intişar tapanda məsafə çox sürətlə
qısalır.
Qərbli birinci xanımlar daha çox şou-proqramlarda rəqs etməyi,
qeyri-adi hərəkətlər etməyi, yaxud ərlərini qısqanmaları ilə
gündəmə gəlirlər. Avropa cəmiyyətləri üçün bu, məqbul ola bilər,
lakin belə imic "birinci xanım" anlayışının mahiyyətinə-məğzinə
uyğun gəlmir və bəşəriyyətin xilasına heç bir töhfə vermir.
Beləliklə, günümüzdə "birinci xanım" anlayışı bir çox hallarda
siyasi korrektələrə (politically correct) məruz qalır. Yəni əvvəlki
anlamını dəyişərək, tamam fərqli məfhuma çevrilir. Məhz dünyanın
bir çox birinci xanımlarının həyat tərzi bu ictimai-siyasi
terminolojinin deformasiyaya uğrayaraq "daha rahat yaşayış mənbəyi"
kimi başa düşülməsinə gətirib çıxarır.
...Güclü qadınlar həyata xüsusi missiya ilə gəlir və istər ailə, istərsə bəşəriyyətin ən çətin situasiyalarında meydana qədəm basırlar...
Mehriban Əliyeva da məhz qarmaqarışıq dünyanın dəyişkən mənzərəsində öz fəaliyyəti ilə "birinci xanım" anlayışının mahiyyətini bərpa edir, onu əsl mənasına, məğzinə, məcrasına qaytarır, birinci xanımlığın yalnız rahat yaşayış tərzi ilə assosiasiya olunmadığını sübuta yetirir.
Bir çox birinci xanımlar yolu birinci dəfə zərurətdən, ikinci dəfə məcburiyyətdən gedir və üçüncü dəfə imtina edirlər. O isə yolu sonuna qədər gedir və bunu daxilindəki sevgiyə söykənərək edir. Bunun özü bəşəri hadisədir. Qlobal düşüncənin bariz göstəricidir.
O, anadır, O, ideal həyat yoldaşıdır, O, ölkəsi üçün bütün gücü ilə çalışır və həyat yoldaşına dəstək verir, Onunla əl-ələ, çiyin-çiyinə Azərbaycanı qələbəyə aparır. O, tarix yazır, dahilər və qaliblər kimi...
Azərbaycan tarixi əsrlər boyu dahilərə və qaliblərə çox şahidlik edib. Bu ölkə tarixin döyüş meydanlarında həlledici rol oynayan güclü və mərd qadınları ilə də iz qoyub.
Şərqin ilk qadın diplomatı və yaşadığı coğrafiyanı min bir
bəladan qurtaran Sara Xatun da bu millətin övladı idi, öz ağlı və
mədəniyyətə qayğısı ilə tarixə düşən Möminə Xatun da. Düşmən
qarşısında sona qədər həyat yoldaşının yanında dayanan, ona güc
verən Bəyim Xatunun damarlarında da bu millətin qanı axırdı...
Mehriban Əliyeva da günümüzdə Azərbaycanın fəxr etdiyi qadındır. O,
doğma ölkəsini dünyada təbliğ edir, onun tarixini, mədəniyyətini,
mənəviyyatını, təbiətini, hər daşını-qayasını qoruyur. O, müstəqil
Azərbaycana qarşı dünyanın apardığı ədalətsiz savaşda xalqın
liderinin yanındadır, ona güc verir...
O, Sara Xatun qədər diplomatdır.
Müasir diplomatiyada bir ölkənin xaricdə aparılan təbliğatı əsas
faktordur. Bu gün bir çox məsələlərin həllində ölkənin dünya
miqyasında tanınması xüsusi rol oynayır. Məhz Mehriban xanım
Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin, tarixi
həqiqətlərinin dünyada təbliği sürətli vüsət alıb. Artıq dünya
Azərbaycanı 10 il öncəki kimi görmür. Azərbaycanın adı dünyanın ən
mötəbər tribunalarında çəkilir...
Mehriban Əliyevanın diplomatik fəaliyyətində iki istiqamət xüsusilə
önəmlidir.
"Mədəni diplomatiya". Diplomatiyanın bu üsulu bir ölkənin başqa
ölkələr arasında mədəni üstünlüyü, fərqliliyi, həmçinin onun özünün
mədəni imici deməkdir. Belə diplomatiya ölkənin siyasi əlaqələrinə
xüsusi töhfə verə bilir. Misal üçün, ABŞ, Çin, Sinqapur, Yaponiya,
Fransa və Rusiya kimi ölkələr mədəni diplomatiyadan siyasətdə geniş
istifadə edirlər. Çin təcrübəsi xüsusilə diqqət çəkir. Bu ölkədə
yaradılmış Konfutsi Fondunun 100-dən çox institutu dünyanın
müxtəlif yerlərində fəaliyyət göstərməklə Çinin rəsmi siyasətində
uğura töhfə verir.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da
Azərbaycanın mədəni diplomatiyasının inkişafında xüsusi rol
oynayır. Fond və onun müxtəlif ölkələrdə yaradılan filialları
Azərbaycanın təbliğatını aparır, "Azərbaycan Mədəniyyəti Günləri"
keçirməklə ölkənin cəlbediciliyini artırır, onun tanınma arealını
genişləndirir və rəsmi Bakının siyasi diplomatiyasına güclü dəstək
olur.
Onun Azərbaycan sərhədlərindən kənardakı fəaliyyəti Dağlıq Qarabağ
həqiqətlərinin tanınmasında da xüsusi çəkiyə malikdir. Buna
yüzlərlə misal gətirmək olar. Təkcə "Qarabağ həqiqətləri" toplusu
ingilis, fransız, alman, rus, macar və yapon dillərində dünyaya əsl
həqiqətləri çatdırır.
Onun çoxşaxəli fəaliyyəti Azərbaycanla müxtəlif beynəlxalq təşkilatlar arasında əməkdaşlığa da böyük dəstək olur.
"Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESKO arasında sıx əməkdaşlıq yaranıb".
UNESKO-nun keçmiş Baş direktoru Koişiro Matsuura onun haqqında belə deyir.
Qurumun baş direktorunun müavini Marsio Barbosa isə "Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfirləri üçün örnəkdir" deyə onu nümunə göstərir.
Aparılan mədəni diplomatiya özü ilə avtomatik olaraq iqtisadi
divident gətirir. Kiçik bir detal: Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması turist marağına səbəb olur. Ölkəyə gələn hər
bir turist isə büdcəyə əlavə vəsaitin daxil olması deməkdir.
İctimai diplomatiya (public diplomacy). Hökumətlərarası
münasibətlərdən fərqli olaraq, beynəlxalq kommunikasiyanın müxtəlif
növləri ilə silahlanmış ictimai diplomatiyanın hədəfi xarici
vətəndaş və xalqlardır. Bu diplomatiya nəticəsində dünyanın məşhur
insanları ölkənin təbliğinə cəlb olunur və xalqlar üzərində daha
effektli təbliğat qurulur.
Mehriban Əliyevanın uğurla həyata keçirdiyi ictimai diplomatiya nəticəsində beynəlxalq rəyə təsir edə bilən məşhur şəxsiyyətlərlə təmaslar qurulur və onların dili ilə Azərbaycanın təqdimatı aparılır. Buna bir misal kimi, Mstislav Rostropoviçin Azərbaycanla dostluğunu göstərmək olar. Onun vəfatından sonra hər il Bakı doğumlu maestronun adına Beynəlxalq Musiqi Festivalının keçirilməsi Azərbaycanın təbliği üçün mühüm addımdır. Bu, Rostropoviçsevərlərin Azərbaycana bağlılığını artırır və ölkəmizin dünya ictimai rəyində yerini möhkəmləndirir.
Mütəmadi olaraq keçirilən Bakı Beynəlxalq Humanitar Forumu da Azərbaycanın ictimai diplomatiyasının ən uğurlu nümunələrindəndir.
Belə nümunələr kifayət qədərdir və Mehriban Əliyevanın apardığı ictimai diplomatik fəaliyyətin bu gün Azərbaycana yetərincə divident gətirdiyini artıqlaması ilə isbatlayır.
Mehriban Əliyevanın ölkə hüdudlarından kənardakı fəaliyyəti təkcə Azərbaycanın təbliği ilə məhdudlaşmır. O, eyni zamanda bəşəri dəyərlər üçün səy göstərir.
"Siz ölkənizin mədəniyyətini bütün dünyada təşviq etmək üçün böyük işlər görmüsünüz. Siz, eyni zamanda, dünyadakı müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın və onlara dözümlülük əsasında yanaşmanın böyük tərəfdarısınız" – deyə BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Sergey Orconikidze onun haqqında danışarkən bildirir.
O, sivilizasiyaların qovuşmasına və dünyanın sülh şəraitində yaşamasına çalışır. Məhz buna görə 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban Əliyevanın təkcə Pakistanda həyata keçirdiyi işlər onun
fəaliyyətində bəşəri çalarların nə dərəcədə güclü olması faktını
təsdiqləyir. Təsadüfi deyil ki, Mehriban Əliyeva Pakistan İslam
Respublikasının ali dövlət mükafatı "Hilal-e-Pakistan" ordeni ilə
təltif edilib. Pakistanlı jurnalist Həmid Şahinin təbirincə desək,
"kədəri sevincə döndərən İnsan"!..
O, bütün bunları tutduğu yola ürəkdən bağlı olduğu üçün edir.
O, Möminə Xatun qədər mədəniyyətin qoruyucusudur.
Kədəri sevincə döndərən İnsan həm Azərbaycan, həm də bəşəri mədəniyyətin xilası üçün əvəzsiz fəaliyyəti ilə seçilir: "Biz azərbaycanlılar öz qədim və zəngin tariximizlə, mədəniyyətimizlə fəxr edirik, Azərbaycanı dünyada əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik", - deyə o bildirir.
Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu yaradılıb. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan "Azərbaycan - İrs" jurnalını təsis edib.
2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqraf Muzey Kompleksi yaradılıb. 2013-cü ilin iyul ayında Fransada "Azərbaycan Kannda" mədəniyyət günləri təşkil olunub.
Mehriban Əliyevanın rəhbərliyi ilə Bakıda Müqəddəs Məryəm kilsəsi yenidən qurulub, Strasburqda kafedral kilsəsi, Luvr muzeyi və Versal sarayı təmir olunub.
Onun səyləri nəticəsində bu gün Azərbaycan muğamı UNESKO
tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib.
Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs siyahısına
salınıb. İçərişəhər Qoruğu UNESKO-nun təhlükədə olan Ümumdünya İrs
siyahısından çıxarılıb. Aşıq sənəti və Novruz bayramı UNESKO-nun
Qeyri-maddi mədəni irs siyahısında özünə yer alıb.
2012-ci ilin dekabrında tar sənəti və ifaçılığı da UNESKO-nun
Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına düşüb.
Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub
saxlanılması, inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətinə görə
Mehriban Əliyeva 11 il öncə UNESKO-nun xoşməramlı səfiri
seçilib.
O, bəşəri mədəniyyətin qorunması istiqamətindəki fəaliyyətinə görə
"Qızıl Motsart" medalı ilə təltif olunub.
...Və hər şeydən öncə o, ANAdır, öz üç övladının, bütün Azərbaycan uşaqlarının və hər yerdə qayğıya, sevgiyə ehtiyacı olan körpələrin anası.
Alman klassiki Höte yazırdı: "Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı ana qədər hörmətli ola bilməz".
Mehriban Əliyevanı tez-tez uşaq evlərində, qayğıya ehtiyacı olan uşaqların arasında görmək olur. O, sanki uşaqlarla nəfəs alır, bütün uşaqlara öz doğma övladı kimi yanaşır.
"Uşaqlara qayğı nə qədər çox olsa, yenə azdır", - Mehriban Əliyeva söyləyir.
Onun həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı",
"Talassemiyasız həyat naminə" kimi layihələr nəticəsində minlərlə
körpə ölümə qalib gəlib! Onun təşəbbüsü ilə tətbiq olunan amnistiya
aktları sayəsində minlərlə Azərbaycan vətəndaşı öz ailəsinə,
övladlarına qovuşub.
Mehriban Əliyeva bir ana kimi Azərbaycanda və dünyanın müxtəlif
yerlərində uşaqlar üçün etdiyi xeyriyyəçilik fəaliyyətinə görə
"Qızıl ürək" mükafatına layiq görülüb.
O, Bəyim Xatun qədər həyat yoldaşının, Azərbaycan Prezidentinin yanında dayanan, bu ölkənin qüdrətlənməsi uğrunda aparılan və ona qarşı ədalətsizcəsinə təşkil olunan mücadilədə Azərbaycanın liderinə güc verən qüdrətli və zərif qadındır.
2009-cu ildə "İTAR TASS"-a müsahibəsində deyirdi:
"Həyat yoldaşım üçün hədiyyə seçmək də asan deyil. O, çox təvazökar adamdır, adətən, yalnız məişətdə zəruri olan şeylərdən istifadə edir. Yadımdadır, həyat yoldaşımın 45 yaşı tamam olanda ona nə bağışlamaq barədə uşaqlarla uzun müddət götür-qoy etdik. Axırda uşaqlarla birlikdə şəkil çəkdirdik, bu şəkil üçün çərçivə sifariş etdik və bu sözləri yazdırdıq: "Biz səni çox sevirik". Bu, onu çox mütəəssir etmişdi, çox razı qalmışdı və həmin fotoşəklimiz o vaxtdan bəri həmişə onun stolunun üstündədir".
Bu, yəqin ki, sadə və xoşbəxt ailənin ən gözəl fotosudur. Xoşbəxtliyin tablosu. "Biz səni sevirik" - hər bir atanın, ailə başçısının həmişə ehtiyacı olduğu söz...
"Ailədəki sevgi insanları sevməyin əsas mənbəyidir" -, dahilərdən biri belə deyib.
Sirr buradadır: sadə çərçivəli bir fotonu və "biz səni sevirik" ifadəsini doğum günündə ən böyük hədiyyə hesab edən sadə ailə başçısı – Azərbaycan lideri öz xalqına sevgi ilə xidmət edir və bu ölkəni zirvəyə doğru aparır.
Bu ölkə 20 il öncəki mənzərədən çox fərqlənir. Daha heç bir ata əliboş getdiyi evində övladının gözlərinə utancla baxmır, daha heç kəs küçədə qorxa-qorxa gəzmir, daha heç kim bu gününü yaşamaq üçün gələcəyini xərcləmir. Bu ölkə dünyaya güclü olmağın, insana dəyər verməyin, insanlığın, humanizmin nəzəriyyəsini təqdim edir.
Və bütün bunların arxasında güclü Azərbaycan lideri İlham Əliyev və hər zaman onun yanında dayanan güclü Azərbaycan xanımı Mehriban Əliyevanın zəhməti, xalq sevgisi, təvazökarlığı sezilir. Bu, zənnimcə, dünyanın "bütün təbəddülatlara rəğmən bu kiçik ölkə - Azərbaycan necə güclü olmağı bacarır?" və özümüzün özümüzdən soruşduğumuz "biz niyə şanslıyıq?" suallarının cavabıdır.
Dünyanın heç də həmişə sevmədiyi bu şanslı ölkə öz güclü lideri və onun arxasındakı güclü-zərif xanımı ilə yenə tarix yazmağa hazırlaşır.
...İlk Avropa Oyunlarına sayılı günlər qalıb və dünyanın gözü Azərbaycandadır. Oyunların Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə hər şeyi mükəmməl şəkildə həyata keçirib, artıq son akkordlar vurulur.
"Onun "Eurovision" mahnı müsabiqəsinin təşkilat komitəsinə sədrliyi uğurlu olub. Avropa Yayım Birliyi, eləcə də bu cür tədbirlərin təşkilatçılarının fikirlərinə görə müsabiqə çox müvəffəqiyyətlə təşkil edilib, son illərin ən yaxşı müsabiqələrindən biri olub. Onun yaxşı təcrübəsi vardır" - deyə Prezident İlham Əliyev Mehriban xanımın işini qiymətləndirərkən bildirib.
Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika
Federasiyasının prezidenti seçilib. 2004-cü il dekabrın 28-də
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş
Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv olub.
2003-cü ildə Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika
üzrə Dünya Kuboku yarışlarının, 2005-ci il Dünya Çempionatının
Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında Mehriban
Əliyevanın beynəlxalq idman aləmindəki nüfuzu xüsusi rol
oynayıb.
Onun idman sahəsində, xüsusilə beynəlxalq idman yarışlarının
təşkilində təcrübəsi kifayət qədərdir. Məhz bu təcrübəyə istinad
edən Azərbaycan Prezidenti ilk Avropa Oyunlarının təşkilini
Mehriban Əliyevaya həvalə etməklə seçimində yanılmadı.
XÜSUSİ QEYD: I Avropa Oyunlarının Azərbaycana siyasi və iqtisadi xeyir verəcəyi şübhəsizdir. Lakin əldə edəcəyimiz dividentlər sırasında diplomatik qazancımızı da xüsusi vurğulamaq lazımdır. Söhbət Mehriban Əliyevanın indiyə qədər həyata keçirdiyi mədəni və ictimai diplomatiyadan gedir.
Oyunlar zamanı Azərbaycana istər idmançılar, istərsə müxtəlif sektorlarda çalışan turistlər gələcək. Onların Azərbaycan mədəniyyəti ilə əyani tanışlığı mədəni diplomatiyamızın və dünyada mədəni imicimizin güclənməsi deməkdir.
Bununla yanaşı, həmin ərəfədə Bakıda olacaq idman dünyasının və digər sektorun məşhur insanları ilə birbaşa təmaslar qurulacaq. Beləliklə, ictimai rəyə təsir gücünə malik insanlar dünya ictimaiyyətinə əyani şəkildə gördükləri, tanış olduqları Azərbaycanı təqdim edəcəklər. Bu, əlavə xərc və əmək sərf etmədən ictimai diplomatiyanın həyata keçirilməsidir.
... İnanmaq və onun uğrunda mübarizə aparmaq, nəticə əldə
olunanadək yorulmadan savaşmaq. Ölkə belə bir möhtəşəm gedişə
şahidlik edir: Azərbaycanın lideri və ona dəstək verən birinci
xanım inamla, inancla məqsədə doğru irəliləyir və... ONLAR
QALİB GƏLİRLƏR!!!
Nəticə ortadadır və biz gözümüzün önündə cərəyan edən bu gözəl
mənzərəyə tamaşa edirik: Gözəl Günlərdir,
Azərbaycan.
Tarix
2015.06.01 / 23:55
|
Müəllif
Aynur Camalqızı
|