Yuxarı

“Erməni qadın Fərman Kərimzadəni ölümdən qurtarıb”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük azərbaycanlılar" layihəsində:

Səhhətində problemlər yaşayan Xalidə xanım müsahibəni məhz Fərman Kərimzadənin xatirəsinə həsr edəcəyimi öyrəndikdə xeyli kədərləndi: "Onun haqda danışmamaq mümkün deyil", - dedi. Maraqlı, çətin, sevinc və əzab dolu Fərman Kərimzadəli ömründən bəhs etdi.

Bizi kitab qovuşdurdu...

- Xalidə xanım, lap əvvələ qayıdaq. Fərman Kərimzadə ilə necə tanış olmusunuz?

- 59-60-cı illərdə"Vətən" kinoteatrının yanında kitab mağazası vardı. Mən rəfiqəmlə tez-tez həmin mağazaya kitab almağa gedərdim. Bir gün gənc bir oğlan bizə yaxınlaşdı. Elə birinci görüşdən xoş təəssürat bağışladı, amma açığı, onun mənimlə maraqlanacağını heç ağlıma belə gətirmirdim.

- Nə üçün o fikirdə idiniz?

- Yanımda rəfiqəm var idi, düşünürdüm ki, Fərmanın o qızdan xoşu gəlib. Hətta bir qədər sonra məktub göndərəndə rəfiqəm Gülçöhrəyə dedim ki, al oxu, Fərmandan sənə məktub var. Oxuyanda gördük ki, Fərman məktubu mənə ünvanlayıb.

- Sevginiz ailələr tərəfindən necə qarşılandı? Qarşı çıxan olmadı ki?

- Əlbəttə oldu. Ailəm onların qaçqınlıq həyatı sürdüyünü bildirərək, bir zaman öz yurdlarına qayıdacaqlarını bəhanə gətirib, dəfələrlə elçiləri qapıdan geri qaytardı. Ailəmiz onları tanımadıqları üçün vaxt istəyir, hər dəfə də "gedin yazda gələrsiniz", - deyirdi. Yazda isə payız fəslini xatırladırdılar. Bu minvalla düşünürdülər ki, Fərman usanıb, sonunda məndən əl çəkəcək. Lakin hər şey əksinə oldu.

- Maraqlıdır, Fərman müəllim ailənizin buz ürəyini hansı yolla əridə bildi?

- Elə maraqlısı da bundadır ki, onların ürəyinə yol tapa bilməsə də, mənim ürəyimə artıq çoxdan yol tapmışdı. Odur ki, onun 21, mənim isə 19 yaşım olanda biz artıq ailəli idik.

- Valideyn razılığı olmadan?

- Bəli. Elçilərini qapımıza göndərən və hər dəfə bəhanə ilə qarşılaşan Fərman və qohumları məni qaçırtmaq qərarına gəldilər.

Abbasqulu bəy özü idi...

- Bu sualı sizə sonda ünvanlamaq istərdim, amma nədənsə məhz indi məqamı olduğunu düşünürəm. İstedadlı, tanınmış və yaraşıqlı insanla ailə həyatı sizin üçün çətin olmadı ki?

- Qətiyyən. Sevgi, anlayış olan yerdə hər zaman xoşbəxtlik hökm sürür. Mən onun yalnız həyat yoldaşı kimi qayğısını çəkmirdim,eyni zamanda, ilk oxucusu, ilk tənqidçisi idim.

- Bəzən yazarlar öz əsərlərində qəhrəmanlarını özlərinə bənzədir, sevdiyi insanların xasiyyətinə uyğun obraz yaratmağa çalışır. Fərman Kərimzadənin obrazları içərisində sizin və özünün prototipi kimlər olub?

- "Xudafərin körpüsü"əsərində Uzun Həsənin anası SaraXatun obrazını eynilə mənim xasiyyətimə uyğun yaradıb. "Qarlı aşırım" romanında Abbasqulu bəyi isə özünə bənzədib. Onun kimi mərd, doğru və dürüst insan idi. Heç bir zaman sözündən dönməzdi.

- Bəs xasiyyətində çatışmayan xüsusiyyətlər hansılar idi?

- İnanın ki, mənfi xüsusiyyətləri yox idi. Müsbət tərəfləri isə həddindən artıqdı. Alicənab və əliaçıq insan idi. Evimizdə tələbələri qonaq qalardı. Çox zaman zəng edərdi ki, tələbələr gələcək, onlara pul ver, yola sal. Mən heç soruşmurdum kimdilər, gələn uşaqlara əlli-əlli pul paylayıb, yola salardım. Bu cür səxavətli idi.

- Üç qızınız, bir oğlunuz var. Fərman müəllim onlar üçünnecə valideyn olub?

- Ciddiliyi ilə yanaşı, səmimiliyi, sadəliyi də vardı. Onun evdə olduğu zaman hər kəs sakit olardı. Amma uşaqların heç bir zaman xətrinə dəyməzdi. Bir dəfə xatırlayıram ki, ortancıl qızım Sevinc parketin parıldaması üçün onu yağla silir. Fərman xəbəri olmadan otağa girən kimi qəfildən yıxılır. Onun səsini eşidən kimi mən də otağa daxil oluram və yağlı parketdə sürüşüb yıxılıram. Hədsiz əsəbi olduğumu görən Fərman vəziyyəti gülməklə ötüşdürdü: "Görürsənmi, Xalidə, məni yıxmaqları az deyil, səni də aşırtdılar. Yox, bunlar bizim axırımıza çıxmamış əl çəkən deyillər", - dedi.

Yeganə yeganə övladdır ki...

- Yaradıcılıq baxımından hansı övladınız atasının yolunu davam etdirir?

- Böyük qızım Yeganə Kərimzadə yazıçıdır. Hələ uşaq ikən gözəl şeirləri ilə Fərmanı və onun yazıçı dostlarını valeh edirdi. Bildiyiniz kimi, Fərman həmdə gözəl rəssam idi. O, eyni zamanda,Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdi. Yeganə elə yeganə övlad oldu ki, onun yolunu davam etdi. Əvvəlcə rəssamlıq akademiyasını bitirdi, sonra Moskva Universitetində filologiya fakültəsinə daxil oldu. Mənim adımı daşıyan 15 yaşlı Xalidə nəvəm də rəssamlığa çox böyük maraq göstərir. Gələcəkdə dizayner-rəssam olmaq niyyətindədir.

- Yazıçı peşəsi və həyatı olduqca çətin olur. Fərman bəy qızının yaradıcılıqla məşğul olmasına necə yanaşdı?

- O, Yeganənin fikrini bəyənirdi, yalnız həmişə tövsiyə edərdi ki, təmənnasız yazsın, yazıya ürəyini qoysun. Söyləyirdi ki, əks təqdirdə heç bir zaman yaxşı yazıçı ola bilməz.

- Həyat yoldaşınızın əliaçıq və qonaqpərvərliyindən bezdiyiniz zamanlar olubmu?

- Qətiyyən. Onun hər kəlməsi mənim üçün qanun olub. Hətta bir hadisəni danışım sizə. Bakıda 70-ci illərin ədəbiyyat günləri keçirilirdi. Mənə səhər tezdən işdən zəng etdi ki, günortaya türk dilli millətlərin nümayəndələri evimizə qonaq gələcəklər. Onların zövqünə uyğun yemək hazırlamaq lazım idi. Dərhal taksi ilə bazara getdim, lazım olan ərzağı alıb geri qayıtdım. Bir neçə saata artıq masanın üzərində qoyun basdırması, aş, yarpaq dolması, sarma-dolama,türk yeməkləri hazır vəziyyətdə qonaqlar üçün düzülmüşdü. Tatar, türk, özbək qonaqlarımız cəld və ləzzətli hazırladığım yeməkləri daddıqca məmnunluq hisslərini gizlədə bilmirdilər. Ertəsi gün Fərmana Yazıçılar Birliyindən xüsusi təşəkkür gəldi.

- Fərman Kərimzadənin keçmiş SSRİ respublikaları və Yaxın Şərqdə kifayət qədər tanındığını bilirik. Xarici səfərlərə gedərkən sizi özü ilə aparırdımı?

- Birlikdə Moskvaya, İrana, Türkiyəyə gedərdik. 1985-ci ildə SSRİ baş nazirinin təşəbbüsü ilə Azərbaycandan Türkiyəyə səfər edən ilk yazıçı oldu. Əziz Nesinlə görüşdü. Orada Türkiyə-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsi üçün çox çalışdı. İki ay Türkiyədə qaldıq.

- Məndə olan məlumata əsasən, tanınmış siyasət və elm insanları ilə möhkəm dostluğu olub.

- Doğrudur. Bir çox siyasi xadimlərlə görüşərdi, ziyafətlərdə iştirak edərdi. Moskva səfərlərin birində Brejnevin qızı Qalina Brejneva ilə tanışlığı möhkəm dostluğa çevrilmişdi.

"A mojno avtoqraf?"

- Onun məşhurluğu və daim çalışması sizi narahat etmirdi ki?

- Mən artıq bu yükü öz üzərimə götürmüşdüm. Desəm ki, bu hissdən məmnunluq hissi keçirirdim, yanlış olar. Amma Fərmana görə istənilən əziyyətə qatlanmağa dəyərdi. Bir dəfə xatırlayıram ki, Moskvaya dincəlməyə getmişdik. Küçələrdən birində gəzirdik. Bərkdən dedim ki, nə yaxşı oldu, bir qədər qulağımız dincələr. Elə sözümü bitirməmişdim ki, gördüm bir nəfər "Farman, Farman Kerimzada, a mojno avtoqraf?"- qışqıraraq bizə doğru qaçır.

- Onun bir sıra xalqlar tərəfindən sevildiyini vurğuladınız. Tənqidlərə və ya təzyiqlərə məruz qaldığı zamanlar olubmu?

- Sonuncu romanlarını yazdıqda müxtəlif təzyiqlərlə qarşılaşdı. "Təbriz- namusum" və "Qarlı aşırım" romanlarını bir çoxları həzm edə bilmədi,ələlxüsus da, türklərə düşmən kəsilən ermənilər.

- Məlumdur ki, Fərman müəllim Ermənistanda doğulub və ermənilər onun əsərlərini sevə-sevə oxuyublar...

- Onlar onu Koroğlu çağırardılar. İstedadına görə sevirdilər, siyasi düşüncələri ilə razılaşmırdılar. "Qarlı aşırım" romanında Ermənistan camaatından danışılır. Qəmlo, əslində, real həyatdan götürülən kürd obrazıdır. O, qaniçən obraz qismində təsvir edildiyi üçün bu hal yerli camaatın narazılığına səbəb oldu.

Fərmana ölüm fərmanı...

- Onlar narazılıqlarını hansı şəkildə büruzə verirdilər?

- Öz aralarında Fərmana ölüm fərmanı yazmaqla. Təsəvvür edin ki, həmin ərəfələrdə Fərman bir erməni ailəsində qonaq qalır, axşam evin sahibəsi həyat yoldaşıma acı həqiqəti söyləyir ki, bu gecə o sözügedən evdə gecələsə, səhərə Azərbaycana meyiti göndərilə bilər. O xanım gecə ilə Fərmana təhlükə dolu, ölüm qoxusu gələn evdən qaçmağa yardım edir.

- Deməli, Fərman Kərimzadənin tanınmış və istedadlı olması onun həyatda təhlükələrlə üzləşməsinə mane olmayıb?

- Xeyr. Onun üçün hər zaman təhlükə olub. Amma istedada gəlincə, kifayət qədər tez tanınıb. Təsəvvür edin ki, 25 yaşı vardı, "Qarlı aşırım"romanını yazdı, 27 yaşında həmin əsər üzrə "Axırıncı aşırım" filmi çəkildi.

- Onun haqda hər danışdığınız kəlməni ehtiyatla, sanki özü də yanınızda əyləşib dinləyirmiş kimi ifadə edirsiniz.

- Əslində, mən Fərmanla özümü itirmişəm. Amma çox zaman onun varlığını hiss edirəm. İnan ki, heç bir kəlməsi yadımdan çıxmır. Mən onun üçün çox gözəl yeməklər hazırlayırdım. Uzaq səfərlərə gedəndə məktub yollayardı ki, xanım, bişirdiyin aş üçün darıxıram, burada yeməklər dadsızdır. Arxasınca da şeir ünvanlayırdı:

Əlinin dadına, duzuna qurban,

Mən sənin özünə, sözünə qurban...

(susur)

- Şeirin ardını xatırlamırsınız, Xalidə xanım?

- Xatırlayıram,sadəcə olaraq, söyləsəm, ağlayacam, qarşınızda göz yaşı tökərək, sizin də kövrəlməyinizi istəmirəm.

Ağrılı Ağrı dağı, ağrın alım...

- Elə isə kövrəlməmək üçün Fərman Kərimzadə ilə bağlı bir xoş əhvalat danışın.

- Onunla keçirdiyimiz hər günün özü bir xoş əhvalatdır, xatirədir. Amma bir gün evdə ət sousu hazırlayırdım, gördüm ki, kartof qurtarıb. Zəng etdim ki, evə kartof alsın. Bir neçə saatdan sonra gördüm ki, maşını dayanıb darvazanın yanında, uşaqların hərəsi bir ləyən, vedrə ilə maşının baqajından şaftalı daşıyır. Dedim,ay Fərman, bu nədir belə? Bəs kartof almadın? Dedi, əşşi, kartofu neynirsən, qoy uşaqlar şaftalı yesinlər, ətə- qana gəlsinlər. Soruşdum, bəs qazana nə əlavə edim? Cavab verdi ki, eybi yox, bu dəfə kartofsuz bişir.

Yəni, bu qədər baməzə, duzlu-söhbətli insan idi.

- Onun işinin yarısı sizin öhdənizə düşdüyündənbezmirdiniz ki?

- Evə o qədər zənglər olardı ki... Hərdən deyirdim, mən elə bil, sənin katibənəm. Gülürdü. Sən demə, ən bəxtəvər vaxtlarım məhz elə həmin dövr imiş. Və məhz o bəxtəvər günlərimizin birində evdən getdi və bir daha geri qayıtmadı.

- Bir çox ölkələrdə səfərdə olmuş, tanınmış insanlarla dostluq münasibəti quran və həyatını maddi baxımdan xoş keçirən Fərman Kərimzadənin ən böyük arzusu nə idi?

- (Kövrəlir) Ən böyük arzusu Ermənistan ərazisində yerləşən Ağrı dağda olmaq idi. Amma bu arzusu həyata keçmədi. Bir gün mən avtobusla Şam şəhərindən ziyarətdən qayıdırdım. Növbəti dayanacaqda enəndə harada olduğumuzu soruşdum və heyrətdən gözlərim doldu. Fərmanın sözlərini xatırladım: "Ağrı dağ, Haçalı dağ. Ağrın alım,ağrılı Ağrı dağı. Uşaq vaxtı hey qaçardım Ağrı dağın ətəyinə çatmaq üçün, amma ayağım heç dəymədi o torpağa. Hədsiz uzaq idi və nəhəng idi... qaçmaqla yetişmək olmurdu qoynuna..."

Avtobusdakı sərnişinlər kəklikotu topladılar. Mən də bir dəstə kəklikotu yığdım. Sonra Ağrı dağın ətəyində oturub, hönkür-hönkür ağlamağa başladım. Düşündüm ki, ömrü boyu Ağrı dağa qovuşmaq həsrətilə yaşayan Fərmanın ayağı dəyməyən yerdə indi mən dayanmışam, amma onsuz...

Savalan dağına çatana qədər göz yaşı axıtdım. Astanaya yetişəndə yığdığım kəklikotuları avtobusun pəncərəsindən küləyin ixtiyarına verdim və onlar yol boyu səpələndilər. Düşündüm ki, mən bu kəklikotuları Fərmansız evə apara bilmərəm. Bu onun ruhu qarşısında haqsızlıq olardı. 25 ildir ki, dünyasını dəyişib. 52 yaşı tamam olandan 12 gün sonra bizi tərk etdi. Amma hər dəfə adı eşidiləndə ürəyimdə bir çırpıntı, doğma və əziz insan üçün bir nisgil yaranır. Yenidən həyata gəlsəydim, onunla ömür sürməkdən imtina etməzdim. Nə qədər üzücü və əzab dolu xatirələrlə bol olsa belə...

Tarix
2015.06.04 / 09:09
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla