Yuxarı

Sərkisyanın Qarabağ kartı və...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərkisyan Ermənistanın Müdafiə Nazirliyində dəyişiklik etdi. Qarabağ separatçılarının "müdafiə naziri" Movses Akopyan Ermənistan Baş Qərargah rəisinin müavini vəzifəsinə gətirildi. Sərkisyanın etibar etdiyi digər şəxs isə qondarma rejimin "müdafiə naziri" vəzifəsinə yola salındı.

İlk baxışda çox sadə, heç bir effekti olmayan dəyişiklik kimi görünür. Lakin Sərkisyan öz oxunu bir az daha uzağa nişan alıb.

Qəribə məqam orasındadır ki, Ermənistan mətbuatı da bu məsələdə sakitlik nümayiş etdirdi. Heç bir "eksklüziv" yayımlamayan mətbuat sadəcə prosesləri izləməklə kifayətləndi.

Sərkisyanın üç qorxusu

Əslində Sərkisyanın hakimiyyətdə qalma və ya prezidentlikdən getdikdən sonra ona təsir imkanları çox aşağı düşüb. Son günlər elektrikin qiymətinin artırılması ona olan ümidin bir az daha itirilməsinə səbəb olub. Buna görədir ki, artıq aktiv şəkildə İrəvan küçələri etiraz aksiyalarının meydanına çevrilib. Üstəlik, Sərkisyan Rusiyanın da ümidlərini puç edib. Çünki İrəvandakı etiraz aksiyaları digər bir tərəfdən də Moskvaya qarşı yönəlmiş mitinqlər kimi anlaşılır. Gümrü olayları, Sərkisyanın Ermənistan ictimaiyyətinə təsir imkanlarının aşağı düşməsi Rusiyanı narahat edir.

Digər bir tərəfdən isə Köçəryan artıq tam aktivləşib. Onun son Qarabağ səfəri, burada qondarma rejimin eks-lideri Arkadi Qukasyanla səmimi söhbəti və bir çox erməni nazirinin onun qəbuluna yazılmaları Sərkisyanın qorxularının daha da artmasına səbəb olur. Əslində Moskva üçün də hazırkı zamanda real namizədlər sırasında Robert Köçəryanın adının olması məqbuldur.

Sərkisyanı qorxuya salan üçüncü amil isə geosiyasi şəraitdir. Qarabağda ard-arda məğlubiyyət, üstəlik, Bakının İrəvanı siyasi-blokadada saxlaması, Gürcüstanla münasibətlərin Rusiya ucbatından pis olması, Türkiyənin Azərbaycana dəstəyini artırması, İranın isə başının üzərini qara buludlar alması (Yəmən böhranı, nüvə danışıqları, İŞİD və kürd probleminə görə - İ.H.) İrəvanı çətin duruma salıb. Bundan başqa: Rusiyanın üzərinə hücumların artması Ermənistan üçün gələcəkdə heç də yaxşı günlər vəd etmədiyini göstərir.

Sərkisyanın narahat olduğu məqam da buradır. Prezident anlayır ki, istənilən halda ona dəstək verə biləcək əsas iki qüvvə - Rusiya və Qərb onun yanında olmayacaq. Səbəb isə sadədir - Qərb Sərkisyanı "sentyabr qərarı"na görə bağışlamır. Rusiya isə arxasında dayandığı adama etimadını itirib.

Xocalı qatili hakimiyyətə hazırlanır?

Ermənistanda hər zaman Qarabağ ön planda olub. Məhz Qarabağ kartı hakimiyyətlərin dəyişməsində əsas güc rolunu oynayıb. Həm Petrosyan, həm Köçəryan məhz bu kartın vasitəsilə hakimiyyətlərini idarə edib və ya onu itiriblər. Sərkisyan isə bu kartın mahir oyunçusudur. Belə ki, orduda öz adamlarını yerləşdirən Sərkisyan özünə dayaq kimi bu qüvvəni hər zaman ön plana gətirib. Ən maraqlı məqam isə hazırda Ermənistan ordusunun yuxarı eşelonunun demək olar ki, əksəriyyətinin Qarabağdan olan ermənilərdən təşkil edilməsidir.

Sərkisyanın orduda ən böyük dayağı məhz Seyran Ohanyandır. Xocalı soyqırımının əsas iştirakçılarından olan Ohanyan ordu daxilində böyük dəstəyə sahibdir. Elə ona görə də bəzi mənbələr Ohanyanın növbəti prezident olacağını iddia edirlər. Maraqlı məqam isə təxminən 5 ay öncə həm müxalifət, həm iqtidar, həm də özünü bitərəf adlandıran media qurumlarının ("Lragir.am", "Jamanak" qəzeti, "News.am", "Tert.am" saytı həmişə ön pillədə olurdu – İ.H), ən kəskin yazarlarında belə eyni anda Ohanyanın piarı ilə məşğul olmağa başlamasıdır. Belə ki, İrəvanın Moskvanın tam nəzarətində olduğunu iddia edən KİV məhz Ohanyanın və ordunun buna yeganə müqavimət göstərən qüvvə olduğunu yazmaqdadır. Görünür, Ohanyanın bu cür bəh-bəhlə təriflənməsinin təşkilatçısı da məhz Sərkisyandır.

Lakin Ohanyan hələ də əhali arasında gərəkən hörməti qazanmayıb. Üstəlik sosial-iqtisadi şəraitin pisləşməsi İrəvanda hərbi nazirə qarşı marağı soyudub.

Çox güman ki, Sərkisyan da bunu görür. Erməni liderin yaxın zamanlarda onun nüfuzunu qaldırmaq üçün müəyyən radikal addımlara gedəcəyini istisna etmək olmaz. Ona görə də əsas istifadə variantının Qarabağ olacağını da ikinci plana atmaq gərək deyil. Qarabağda vəziyyətin zərrə qədər qızışması (avqust hadisələrində olduğu kimi – İ.H.) belə bunun üçün ideal imkan ola bilər. Böyük ehtimalla Sərkisyana tabe olan media qurumları məhz bu məqamda Ohanyanı qəhrəman kimi təqdim edəcəklər. Daha sonra isə əhaliyə Qarabağda savaş mesajları sırınacaq.

Qarabağda lokal toqquşma ola bilərmi?

Bəs Kreml necə? Əslində bu bir tərəfdən Kreml üçün sərfəli oyundur. Çünki xalqın gözündə yeni qəhrəman yaradılması Rusiyanın burada maraqlarının daha çox qorunmasına gətirib çıxaracaq. Üstəlik, Qarabağdan gələn savaş informasiyaları diqqətlərin sosial-iqtisadi durumdan az da olsa ayrılmasına səbəb olacaq ki, bu da Moskvanın xeyirinədir.

Sərkisyan Putindən Ohanyanı istəsə və bu variantı irəli sürsə, çox güman ki, ikinci razılaşacaq. Beləliklə, Qarabağda yenidən kiçik lokal toqquşmaya yaşıl işıq yandırılacağını düşünmək mümkündür. Əlbəttə, bu dəfə də Qarabağda açılan hər atəşə görə erməni mediası Azərbaycanı günahlandıracaq. Və "uğurlu əməliyyatla düşmənin susdurulması" təbliğatı Sərkisyanın dayağı Ohanyanın hakimiyyətin zirvəsinə yolunu açacaq. Bu isə sonradan Sərkisyanın hakimiyyətə təsir etməsinə şərait yaradacaq.

Məhz buna görədir ki, Sərkisyan Levon Mnatsakanyanı Qarabağa göndərdi. Ordunun silahla təhcizatı, ən gizli müqavilələrin imzalanmasını həyata keçirən bu adam üçün Qarabağ özünü publikaya tanıtmaq baxımından böyük imkandır. Movses Akopyana gəlincə isə Sərkisyanın ən yaxın adamı hesab edilən qondarma rejimin hazırkı lideri Bako Saakyanın dəstəklədiyi general üçün çox güman ki, İrəvanda mühüm postlardan biri nəzərdə tutulub. Belə ki, hazırda Ermənistanın Baş Qərargah rəisi olan Yuri Xaçaturov artıq yaş senzini doldurmaq üzrədir. Sərkisyan məhz ordunun beyini hesab edilən bu aparata özünün ən etibarlı adamını yerləşdirmək istəyəcək. Bu, həm də Ohanyanın mövqelərinin möhkəmlənməsinə şərait yarada bilər.

İstənilən halda Sərkisyan sakit oturmayacaq. Etdiyi son gedişlə o, Köçəryanın hücumlarını dəf etmək üçün özünə sipər hazırlamış oldu. O, bu sipərin arxasından qalxaraq hücuma yalnız əlindəki Qarabağ kartını oynamaqla keçəcək. Məhz bundan sonra Kremldə Sərkisyanın qələminin qırılıb-qırılmamasına qərar veriləcək.

Lakin bu siyasətdir. Siyasətdə isə hədəfə gedən yollar istənilən zaman dəyişə bilər.

Tarix
2015.06.22 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Parlament Saakaşviliyə görə boykot olunur – Tələb

Bezos iqlim dəyişikliyi ilə mübarizə üçün 2 milyard ayırır

Tramp: Konqres İsrailə nifrət edənlərlə doludur

Fransa: Bakı ilə İrəvan arasındakı bu prosesi dəstəkləyirik

İrəvan dəhlizə görə pul ayırdı – Sərkisyandan iddia

ABŞ-ın Bakı səfiri İrəvana getdi

Rusiya Ukraynaya girə bilər, amma çıxa bilməyəcək

Hindistanla ABŞ Çin sərhədində təlimə başladı

Rusiya S-500-ləri bu ölkələrə sata biləcəyini açıqladı

Rusiya silah ixracını azaltmayacaq - Şuqayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla