Yuxarı

Mən necə vəhhabi oldum…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

– Baba da getdi də.

– Hara?

– Suriyaya.

– Birdən İŞİD-ə qoşular?

– Bəs mən nə deyirəm?

– Nə-ə??? Ola bilməz.

– Oldu. "Mən dinimi Şam torpaqlarında yaşamaq istəyirəm", – deyə-deyə gedib Suriyaya çıxıb. İstəyirsən, nömrəsini verim danış?

– Yox, istəmirəm.

Baba mənim sinif yoldaşım olub. Özü də sadəcə sinif yoldaşı yox a, Baba mənim dostum olub. 11-ci sinifdə tutduğum "Arzu" dəftərimdə "Niyar (zarafatca mənə "Niyar" deyirdi), dostluq 2-ci mən deməkdir, sən mənim 2-ci "mən"imsən", – yazmışdı. İndi o arzuları necə adlandırım, indi o xatirələrə nə ad qoyum? "Bir İŞİD militanının xatirələri?"

2 gün əvvəl, gecə xəbər tutdum ki, İŞİD-ə qoşulub. Bir neçə aydır Suriyada imiş.

Çox baməzə idi, dərsdə gözlərimizdən yaş gələnə qədər güldürürdü bizi. Seyidlərin şəkilləri ilə məzələnirdi, xüsusilə, Ətağanı lağa qoyurdu.

Bu an elə bil İŞİD bütün orta məktəb xatirələrimi diri-diri yandırıb!

Bu işin ağlamalı tərəfidi. Söylü demiş, "qavağı ağlamalıdı, dalı hırıldamalı". Demək, mənə Babanın bu yola düşdüyünü xəbər verən sinif yoldaşım ondan soruşub ki:

- Ay qa, buralara da gələssiz?

- Məqsədimiz bütün dünyanı tutmaqdır.

- Onda sallah gəlməmişdən mənə xəbər elə, o namazın sözlərini öyrənim.

- Yaxşı.

Əgər Baba buralara gəlsə, ilk işi mənim başımı qibləyə tutub kəsmək olacaq...

***

Baba dindar idi. Daim dini təbliğ edərdi. Ən çox təsirə düşən də mən idim. Mənə namazın sözləri yazılan, qılmaq qaydası göstərilən kitab gətirdi. Söz vaxtına çəkər, elə Ramazan idi. Qədir gecəsinə qalmışdım. Gecə namazın sözlərini öyrənib ilk sübh namazımı qıldım. O qədər sevincli idim ki... Sinfin qapısını açanda yuxulu gözlərlə Babanı axtardım, "Baba, mən bu gün namaz qıldım", – dedim. O sevinci onun gözlərində görməli idiniz. "Niyar, sevindiyimdən az qala qucaqlayıb öpəcəkdim səni, necə yaxşı bir iş tutmusan".
Bir müddət sonra mənə bir telefon gətirəcəyini dedi.

– Neynirəm telefonu, telefonum var.

– Yox, sən namaz qıldığına görə hədiyyə kimi gətirəcəyəm sənə.

Təxminən bir neçə ay namaz qıldım, dindarların təbirincə, namaz məni, mənim təbirimcə, mən namazı atdım. Çünki dərslərimi oxuyub universitetə qəbul olmalı idim, namaz isə vaxt itkisi idi.

Namazı atandan sonra öyrəndim ki, Baba vəhhabi imiş... Taledəndi, ya vəhhabilərdə bu cür adqoyma ənənəsi olmasa da, Məhəmməd ibn Əbdül Vəhhab ət Təmiminin şərəfinəydimi, uşaqlar onu "Əbdül" deyə çağırırdı. Xəbərim olmadan mən də vəhhabi olubmuşam... Deyilənə görə, Baba və onun kimilər pulla dini təbliğ edirmişlər. Eşidəndə çox qorxmuşdum və sevinirdim ki, daha namaz qılmıram.

Babanın mənə münasibəti dəyişmişdi. Bunu hiss eləyirdim. Öz tərəfinə çəkdiyi bəzi uşaqlarla dərsdə "xısın-xısın" pıçıldaşdığını görürdüm. Mənə yarızarafat, yarıciddi "kafir" deyirdi. Hətta bir dəfə "Niyar, çarə səni öldürməkdir", – dedi. Mən həmin vaxtlar küçədə gedəndə qorxurdum, tez-tez dönüb arxaya baxırdım, dostumun bıçağın soyuq tiyəsini tutmuş isti əlini daim kürəyimdə hiss edirdim, bu qorxu uzun müddət mənimlə yoldaşlıq elədi.

Hamımız – yəni sinifdə yaxın olan oğlanlar-qızlar – universitetə qəbul olduq. Biz dostluğumuzu davam etdirirdik. İndi də mənim üçün "tələbəlik illəri" yox, "məktəb illəri" anlayışı var. Baba get-gedə sinif yoldaşlarımızdan bir neçəsini də öz tərəfinə çəkməyi bacarmışdı... Amma o vaxt İŞİD haqqında məlumatlı deyildim və Babanın maksimum nə qədər qəddar ola biləcəyini təsəvvür belə etmirdim...

– Babanın nömrəsini ver mənə, görüm neçə baş kəsib?

– Verərəm, amma bir şərtlə ki, səy-səy danışmayasan, özü də zəng eləmə, votsapa (whatsapp) girsə, orda yaz.

Nömrəni göndərdi. Amma zəng edə bilmədim. Əlim gəlmədi nədənsə.

Sinif yoldaşım deyir ki:

– Hərdən gedib Babagilə baş çəkirəm, anası çox ağlayır. Yazıq qadını işdən də çıxarıblar ona görə. İstəyirsən, Babanın şəkillərindən göndərim sənə? Amma söz ver ki, baxan kimi siləcəksən.

– Göndər.

Şəkilləri göndərir. Saqqallı, vahiməli, itirəcək heç nəyi olmadığını ifadə edən bir üz, əlində PK, sanki "yaxın gəlməyin, xatirələrinizi məhv edərəm" – deyir...

– Nə oldu, qorxdun?

– Gözüm dolub...

– Bu da Babanı son dəfə gördüyüm anın fotosu. Yaslara getmirdi, amma anam rəhmətə gedəndə gəlmişdi bizə. Hamı gedəndən sonra, gecə gəldi. Elə bil, gedəcəyi ürəyimə dammışdı, şəklini çəkdim. Səhər eşitdik ki, gedib.

Deməyə söz tapmıram... Redaksiyada bölüşürəm hisslərimi. Uşaqlar deyir ki, bir-iki aya öldürüb göndərərlər. Mənsə etiraz etmək istəyirəm: "Mənim dostumla işiniz olmasın, qoy o adamları öldürsün, amma özünü öldürməsinlər", – demək istəyirəm, bacarmıram. Axı mənim dostumun saqqallı, qorxunc simasında bircə yaşıl gözləri həminkidir. Gələndə yüz faiz məni öldürəcək, amma başımı kəsməmişdən qabaq ona bir sual verəcəyəm:

"Axı niyə?.."

Tarix
2015.06.24 / 09:20
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu yoldakı körpü təmir edilir – Ehtiyatlı olun!

“Molla Nəsrəddin” jurnalı haqda şok faktlar

Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

“Belə bayağı, primitiv sözlər...”

Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Aşıq Ədaləti öldürmək istəyən kim olub?

Erməni hakerlərdən növbəti hücum - Foto

Möcüzələr yaradan Qəbələ sakini – Video

Pamuk: “63 il əvvəl İstanbul...”

Azyaşlılara sevindirici xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla