"SSRİ-nin dağılması ərəfəsində gələcək Rusiya
maraqlarının təminatı olan etnik-ərazi münaqişələrinin bir çoxu
məhz Primakovun rəhbərliyi altında təşkil olunmuşdu".
Axar.az xəbər verir ki, bu barədə politoloq Ərəstun Oruclu öz
Feysbuk hesabında yazıb. O, Rusiyanın keçmiş Baş naziri Yevgeni
Primakovla bağlı fikirlərini bölüşüb:
"Bu insanın bütün həyatı təxribatçılıq və dağıdıcılıq içində
keçdi. Primakov sovet partiya və KQB sistemlərinin yetişdirmiş
olduğu ən nadir nüsxələrdən biri idi. Bu adamın gah iqtisadçı, gah
şərqşünas, gah jurnalist, gah da diplomat olması göstərirdi ki,
Yevgeni Maksimoviç bütün bu "peşələrinin" arxasında daim öz əsas
mahiyyətini - casusluğunu gizlədirdi və həmin casus fəaliyyəti
sayəsində (özü də söhbət kifayət qədər iri çaplı casusdan gedir)
əvvəllər Yaxın Şərqdə, SSRİ-nin dağılması ərəfəsində sovet
respublikalarında, imperiya dağıldıqdan sonra isə dünya miqyasında
ən çirkin əməllərdə fəal iştirakçı oldu. Belə ki, Misirdə və İraqda
jurnalist qismində çalışan Primakov bu ölkələrdəki rejimlərlə
yanaşı, həm də onlara qarşı silahlı mübarizə aparanlarla "ünsiyyət"
qurmağa müvəffəq oldu. Məsələn, İraq diktatoru Səddam Hüseynlə və
bu ölkənin vitse-prezidenti olmuş Tariq Əzizlə yaxın münasibətlər
qurmuş sovet casusu, eyni zamanda, çox rahat şəkildə ölkənin
şimalına səfərlər edərək kürd lideri Məsud Bərzani ilə də görüşə
bilirdi".
Ə.Oruclu keçmiş baş nazirin Azərbaycanın yaddaşında iki əsas
hadisə - Qarabağ və 20 Yanvar faciəsi ilə qalacağını deyib:
"SSRİ-nin dağılması ərəfəsində gələcək Rusiya maraqlarının
təminatı olan etnik-ərazi münaqişələrinin bir çoxu məhz onun
rəhbərliyi altında təşkil olunmuşdu:
Postsovet ölkələrdəki milli hakimiyyətlərin devrilməsi zamanı
isə Primakov artıq xeyli böyümüşdü və bir zamanlar casusu olduğu
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru idi və öz çirkin
əməllərini artıq qlobal miqyasda həyata keçirirdi. Bu insan bizim
yaddaşımızda və tariximizdə iki əsas hadisə ilə qalacaq. Qarabağ
faciəsi və qanlı 20 Yanvar təcavüzünün əsas təşkilatçısı kimi.
Deyirlər, yaxşıya da rəhmət düşür, pisə də, ancaq məncə Primakov
kimisinə ancaq lənət düşür".