Ana səhifə Kult |
Müstəqil "Oda" Teatrının üç günlük Şəki qastrolu yekunlaşıb.
Bu barədə Axar.az-a teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov deyib.
Teatr rəhbərinin sözlərinə görə, qastrol səfəri uğurla başa çatıb:
"Səfər zamanı yeni insanlar tanıdıq, yeni dostlar qazandıq. Bu bizim üçün çox maraqlı oldu. Budəfəki qastrolumuzda da mərkəzdə yox ucqar qəsəbədə tamaşa nümayiş etdirdik. Məcburi köçkünlərin məskunlaşdığı qəsəbənin Yeni Çələbixan adına Mədəniyyət Evində "Tikanlı məftillər" tamaşasını göstərdik. Üç günlük səfərimizdən çox məmnun qayıtdıq. İnsanlara müharibələrin verdiyi fəsadlar haqda fikirlərimizi çatdırdıq".
Teatr heyəti tamaşadan əlavə məcburi köçkünlərin və xüsusən də uşaqların fikirlərini öyrənib, tamaşa haqda, teatr haqda geniş məlumat veriblər. Onların sözlərinə görə Şəkidə yaşayanlar teatrı yüksək sevgi ilə qarşılayıb. Yeni Çələbixan Mədəniyyət Evinin rəhbəri də çıxışı zamanı teatr heyətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycanın yeganə müstəqil teatrı olan "Oda" bununla ikinci qastrol səfərini yekunlaşdırıb. Teatr bundan öncə Biləsuvar rayonuna səfər etmişdi. Üçüncü mövsümünün açılışına qədər teatrın bir neçə rayona da səfər edəcəyi nəzərdə tutulub. Səfərlər başa çatdıqdan sonra isə, iyulun 15-də teatrın 2 yaşının tamam olması və 3-cü mövsümə keçməsi ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək.
Qastrol zamanı nümayiş olunan tamaşanın müəllifi türkiyəli yazar Müzəffər İzgü, rejissoru İmam Həsənov, aktyorları isə Elmin Bədəlov və Niyaz İlyasoğludur.
Tarix
2015.06.30 / 17:13
|
Müəllif
Nihad Cəbrayıl
|