Yuxarı

Erməni əsgəri tikə-tikə oldu...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin budəfəki qonağı İsmayılov Qələndər İdris oğludur.

1963-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Burada boya-başa çatıb. 1981-ci ildə Sovet ordusunda həqiqi hərbi xidmət keçib, 1983-cü ildə vətənə qayıdaraq müxtəlif yerlərdə işləyib. 1988-ci ildə ermənilər Qarabağın sərhədyanı kəndlərində təxribatlar törədərkən onlara qarşı əliyalın mübarizə aparıb. 1991-ci ilin sonlarında mərhum Milli Qəhrəman Şirin Mirzəyevin "könüllülər batalyonu"na qoşulub və burada tabor komandiri vəzifəsini icra edib. Ailəlidir, 3 övladı var, kirayə kafe işlədir. Dövlət tərəfindən əlil maşınıyla təmin edilib, Prezident təqaüdçüsüdür.

Əliyalın döyüşdə 3 kəndi aldıq, ancaq...

- Qələndər bəy, istərdik ilk dəfə döyüşə atıldığınız günlərdən danışasınız.

- Əvvəlcə, sizə müsahibə üçün təşəkkür edirəm. Mən Axar.az-ı böyük zövqlə oxuyuram. Bu sayt biz Qarabağ qazilərinə doğmadır. Mən ilk dəfə Şirin Mirzəyev kimi bir sərkərdənin batalyonunda döyüşmüşəm. İlk döyüşüm Naxçivanik, Pircamal istiqamətində olub, 50 nəfərə 10 avtomatla girmişdik döyüşə. Bircə Elbrus Orucovun iki tankı, bir BMP-si bizə kömək edirdi. İki avtomatımız "uçebni" idi. Düşündük ki, əgər erməni öldürsək, onun silahıyla döyüşərik. O qədər yüksək əhvali-ruhiyyəmiz vardı ki, elə bil, dovşan tutmağa gedirdik. Demək olar ki, əliyalın döyüşə girirdik. Uğurlu əməliyyat olsa da – 3 kənd alsaq da, sona qədər kömək gəlmədi deyə, oranı boşaltdıq. Bir maşınımız minaya düşdü, daha sonra bir tankımız və BMP-miz vuruldu, canlı itkimiz olmadı.

- Ən çox itkini hansı döyüşdə verdiniz?

- Əsas itki verdiyimiz döyüş Ağdərə rayonunun Canyataq, Gülyataq kəndləri istiqamətində olmuşdu. Meşədə iki dəfə döyüş oldu. O kəndlərə hücum edib ala bilməmişdik, amma 3-cü dəfə aldıq. Bu döyüşlərdə güllələr yağış kimi yağırdı, ağacların budaqlarının ovuntusu toz kimi başımıza ələnirdi. İlk əsgərimi də bu döyüşlərdə itirdim. Döyüşə gedirdik, minaatanın mərmisi düz onun üstünə düşdü. Qucağımda can verəndə son sözünü dedi: "Komandir, mən hələ ölmək istəmirəm! Hələ qalıb döyüşmək istəyirəm". Bunu heç vaxt unuda bilmirəm! Tərslikdən hava dumalı idi, hücuma keçdik. İki qrupa ayrıldıq: biz dağın döşüylə getdik, o biri qrup isə aşağı yolla irəlilədi. Bir kənd aldıqdan sonra dəhşətli dumana düşdük. Ayağımızın altını da görmürdük. Gənc əsgərlərim qorxurdu, onlara ürək-dirək verirdim ki, qorxmayın, biz də silahlıyıq, heç kim bizi tuta bilməz. İrəlilədikcə gördük ki, hələ közü soyumamış ocaqlar var. Erməni yavaş-yavaş geri çəkilirdi, amma hava dumanlı olduğundan bilmirdik ki, hara gedirik. Anidən tank səsləri gəldi. Heç cürə anlaya bilmirdik ki, gələn ermənidir, ya bizimkilər? Zalım uşaqları bir kəlmə də danışmırdılar. Dəstəmlə yolun kənarında gizləndik ki, kimsə bir kəlmə danışsın, bilək bunlar kimdir. Anidən onlardan biri "avtomat, avtomat" - dedi. Yenə anlamadıq: erməni də avtomat deyir, biz də avtomat deyirik. Yenidən bir əsgər qışqırdı ki, 7,62-dir. Sən demə, erməni qaçanda yolda düşüb qalan silahmış. Beləliklə, çıxdım ortaya, "kimsiniz?" - dedim. Onlar da bizim kimi donub qalmışdılar. Can şirindir axı, hamı qorxur. Bunlar bizim qrupun bir hissəsiymiş, erməninin basdırdığı minaları təmizləyə-təmizləyə gəlirmişlər. Həmin gün biz birləşib yenidən hücuma keçdik, hər iki tərəfin tankları vardı. Döyüş meşədə olduğundan hər iki tərəfin tankları, DŞK-ları atırdı. Yaşıllıq olduğu üçün bir-birimizi görə bilmirdik, amma erməni postunu görürdük.

Sürət Hüseynovun dəstəsi döyüşdən qaçdı

- Döyüş zamanı sizi güldürən məqamlar olubmu?

- Hə, elə həmin döyüşdə gülməli bir hadisə baş verdi. Ən yaxın əsgərim anidən məni çağırdı ki, komandir, erməni görürəm, atım? Mən də gülərək dedim ki, at da, nə gözləyirsən axı? Elə bil, ermənini vurmaq üçün tətiyi mən sıxmalıyam, zalım uşağı, onsuz da, atışma gedir, biz gördüyümüz düşməni vurmalıyıq da. Həmin gün 90 yaralımız olmuşdu! Yaralımız çoxdur deyə, əsgərlər qorxmuşdular. Baxmayaraq ki, ermənini qovduq, oraları aldıq. Canlı texnikamız onların basdırdığı minalara düşürdü. Nəhayət, aldığımız yerlərdə postlarımızı qurduq. 3 gün sonra bizə əmr gəldi ki, buranı boşaldın, guya Sürət Hüseynovun dəstəsi bura nəzarət edəcək. Elə də oldu, biz oranı tərk edib onlara təhvil verdik. Heç üstündən 1 həftə keçməmişdi ermənilər bütün aldığımız kəndləri geri qaytardı. Sürətin dəstəsi oranı qoyub qaçdı.

- Başqa hansı döyüş xatirəniz var?

- Deməli, bir gündə Fərrux dağına çıxırdıq, həddindən artıq yüksəklikdir deyə, gündüz ora çıxmaq çətin idi. Səhərə yaxın dağın başına çatdıq. Orada erməni postu vardı. Səhər saat 8 olardı. Baxdım ki, erməninin biri postda əllərini açıb gərnəşir, tez dedim, qumbaraatanı verin mənə. Düşündüm ki, bunlar postda 5-6 nəfərdirlər, postu vurum ki, hamısı məhv olsun. Postu yox, düz bu ermənini ortasından vurdum, tikə-tikə oldu. Sən demə, onlar da bizi görürmüşlər, tez oradan çəkildik. Bizim çəkildiyimiz yeri necə vurdularsa, darmadağın oldu oralar. Əgər orda qalsaydıq, hamımız məhv olacaqdıq. Bir dəfə də Maykl ləqəbli köməkçim dedi ki, qabaqda bir erməni əsgəri var, yaralıdır, izn ver, gedim onu gətirim. Əslində, o erməni yaralı deyildi, bizimkilərdən çıxanı vururdu. Mən buna başa sala bilmədim ki, ay qardaş, yaralı deyil, salamatdır, kim çıxırsa, onu da vurur. Faktiki iki əsgərimizi vurmuşdu. Yarası elə dərin idi ki, böyük binti belə salırdın yaraya, amma qan kəsmirdi. Nəsə, bu Maykl mənim gözümü oğurlayıb yaralı ermənini gətirməyə gedib. Özü ilə apardığı əsgər gəlib "Mayklı vurdular", - dedi. Tez qaçıb gördüm ki, erməni BMP-si onu necə vurubsa, başının yarısı yoxdur. Özümdən asılı olmayaraq, atıldım bunun üstünə və ani başımı qaldırdım ki, erməni BMP-si məni də nişan alıb. Tez onu sürüyüb çıxardım. Gətirib meyitini ailəsinə yolladım. Bilirsiniz, bunlar çox dəhşətli səhnələr idi...

Bizimlə döyüşən qadınlar artıq kişiləşmişdilər

- Siz komandir idiniz, döyüşçülərinizə, əsas da xanım döyüşçülərinizə necə davranırdınız?

- Açığı, əsgərlərimi çox sevmişəm, amma tumar çəkməmişəm, əksinə, kişi döyüşçülərimi döymüşəm. Özlərinə də demişəm ki, sizi cəzalandırıram ki, buradan ananıza meyitinizi yox, salamat bədəninizi göndərim. Biz ora ölməyə yox, öldürməyə, torpağımızı azad etməyə getmişdik. Bəli, xanım döyüşçülərimiz çox olub. Məsələn, Solmaz, Şəlalə, Sevil və adını unutduğum bir çoxları... Biz onlarla bacı-qardaş kimi olmuşuq. Onsuz da, onların bütün duyğuları kişiləşmişdi. Əsgərimə demişdim ki, sizə gələn güllə öncə mənə dəyməlidir, öncə minaya mən düşməliyəm, siz yox. Qabaqda özüm olmuşam həmişə, ona görə də indi hansı əsgərim məni görürsə, boynuma sarılır.

- Bəs necə yaralandınız?

- Deməli, əməliyyatlardan əvvəl gedirdik kəşfiyyata – sirləri öyrənirdik. Bir dəfə gedəndə erməni tankının səsini eşitdik, amma atışma yox idi. Üç dəfə getdiyim yolda mina olduğu halda düşməmişdim, gördüyüm minaları təmizləmişdim. Sonuncu dəfə gedəndə atışma düşdü, sonrasını xatırlamıram. Güllə sağ yanağımdan girib soldan çıxmışdı. İkinci güllə qoltuğumdan girib mədə-bağırsağımı, yəni içalatımı sıyırıb ciyərimdə dayanmışdı və hələ də ciyərimdə erməni qəlpəsi daşıyıram. Vurulanda ani olaraq düşündüm ki, artıq ölürəm. Ölümü gözləyə-gözləyə özümdən getdim. Bir il ağzım açılmadı. Sağalıb qayıtdıqdan sonra uğurlu əməliyyatlarımız olub. Elə olub ki, döyüşdə ermənini geri oturdub, canlı texnikasını gətirmişik. Hətta erməni vertolyotunu da vurub çaya salmışıq. Hücumların birində xəbər gəldi ki, geri dönün, mühasirədəsiniz. Bu məqamda hamı vahiməyə düşdü. Şirin Mirzəyevə qulaq asmayanlar minaya düşdülər. Çünki o, xəritəylə hansı yolların təhlükəsiz olduğunu bilirdi. Biz də bu anda əsgər dolu erməni "Kamaz"ını vurduq.

Müharibə ani qərar verməyi tələb edir

- Qələndər bəy, xatirələri danışdınız, dinlədik, bəs sizcə, bu döyüşlərin filmlərdəki döyüşlərlə fərqi nədədir? Məsələn, siz rejissor olsanız, bu döyüşləri necə çəkərdiniz? Bir də bizim əsgərlə erməni əsgərinin fərqi nədədir?

- Bizim əsgərlə erməni əsgərinin müqayisə etməyə dəyməz. Çünki onlar qorxaqdır. Bizim əsgər əliyalın olsa da, qorxmur. Həmin müharibə ilə bizdə çəkilən filmlər arasında qəti oxşarlıq yoxdur, onlar nağıl çəkirlər, reallıqdan uzaqdır. Mən film çəksəm, olduğu kimi çəkərəm. Müharibə ani, ağıllı qərarlar verməyi tələb edir, vəssalam!

- Tutduğunuz əsirlərlə necə davranırdınız?

- Əsirlərlə davranmağın qaydaları var. Onlar vəhşidirsə, biz də vəhşi olmamalıyıq. Yenə deyim ki, döyüşdə başımız elə xarab olur ki, gözümüz heç nə görmürdü, insan döyüşdə vəhşiləşir. Baş kəsmək, sanki, toyuq başı kəsmək kimidir. Çünki bir saat əvvəl yemək yediyin dostunun meyitini görəndə artıq sənə heç nə fərq etmir. İndi ermənilərə heç nəyi keçmərəm.

- Bəs nə vaxt tərxis olmusunuz və son olaraq bugünkü gənclərə sözünüz nədir?

- 1997-ci ildə tərxis olundum. Son olaraq da gənclərimizə deyirəm ki, qorxmasınlar, vətən üçün döyüşmək hər birimizin borcudur. Camaat özünə ev-eşik quranda mən heç nəyə baxmayaraq, vətənə təmənnasız qulluq etmişəm. Geri dönüb çətin günlər keçirsəm də, ailəmlə əl-ələ verib ev-eşiyimi qurmuşam. Vətən üçün döyüşən evsiz qalmaz, Allah buna izn verməz!

Tarix
2015.07.01 / 09:09
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla