Ana səhifə Gündəm |
Litvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün bir sıra görüşlər keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
xəbərə görə, Litva Hərbi Məktəbini ziyarət edən nazir təhsil
müəssisəsi ilə tanışlıqdan sonra keçirilən görüşdə ölkələrimizin
hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi
istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə
mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda
seminarların, kursların və digər tədbirlərin təşkil edilməsi barədə
fikir mübadiləsi aparıb.
Sonra Z. Həsənov NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub.
Müdafiə nazirinə mərkəzin təyinatı, məqsədi, fəaliyyəti, enerji
təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər
barədə ətraflı məlumat verilib.
Müdafiə naziri Azərbaycanın NATO-nun fəal tərəfdaşlarından biri
olduğunu bildirərək, Litva Silahlı Qüvvələrində həyata keçirilən
islahatların təcrübə baxımdan əhəmiyyətini, beynəlxalq sülhyaratma
əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkəmizin hər zaman terrora
və separatçılığa qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə
çatdırıb.
Hər iki görüşdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi
mövzusu müzakirə edilərək, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı
məlumat verilib.
Tarix
2015.07.02 / 20:27
|
Müəllif
Axar.az
|