Yuxarı

Hamısı keçmişdə qalıb?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi çoxu üçün "Sonuncu dəfə nə vaxt kinoteatrda olubsan" sualı "Kainat necə yaranıb" sualı kimi qəfil və qəlizdir. Elə bəndəniz də bu xüsusda qürurlanmaqdan çox uzaqdır. Halbuki tələbəlik vaxtı ən çox sevdiyimiz iş elə kinoteatrlara baş çəkmək idi...

O vaxt yaxınlığımızda bir kinoteatr vardı. Adına da "Litva" kinoteatrı deyirdilər. İçində kafesi və sərgi zalı vardı. Bura bir az tez gəlir, azacıq kafedə boğazımızı yaşlayandan sonra sərgiyə tamaşa edərdik...

Bunu niyə xatırladım? Bu yaxınlarda kino haqqında verilişlərdən birində türk aktrisası Türkan Şoray haqqında danışırdılar. Belə məlum oldu ki, bu gözəl aktrisa öz puluna üç məktəb və iki kinoteatr tikdirib. Bu, bizdə bir qədər dolaşıq hisslər oyatdı. Bir tərəfdən kinoteatrları yada salıb bir xeyli kədərləndik. O biri tərəfdən də nədən bizdə xeyriyyəçilik ənənələrinin olmaması, daha doğrusu, onların itirilməsi haqqında düşüncələrə daldıq...

Əslində, Azərbaycanın çox böyük xeyriyyəçilik ənənələri olub. İndi biz burada durub adlar çəkməyəcəyik. Onlar hamıya bəlli... Amma bir sualdan yaxamızı qurtara bilmədik ki, bilmədik. Sual da budur ki, doğrudanmı, yaxşı nə varsa, hamısı keçmişdə qalıb?

İndi də varlı-imkanlı adamlar az deyil. Amma onlar ən yaxşı halda özləri üçün villalar tikdirir. Bizə də ən yaxşı halda həmin villalara baxıb köks ötürmək və bir daha, təkrar olaraq keçmişləri yada salmaq qalır.

Mən heç nə demirəm. Bakı gündən-gündən gözəlləşir. Amma quruculuq işlərinin demək olar ki, mütləq coxluğunu dövlət özü aparır. Biz burada sanki bir xeyriyyəçi görürük - o da dövlətdir...

Məktəblər də dövlət hesabına yenidən qurulub, təmir olunub və yaxud da tamamilə təzədən tikilib. Amma kinoteatrlar isə çox azdır. Hətta deyərdim ki, olduqca azdır.

Bilmirəm, kinoya maraq azalıb, yoxsa sadəcə, kinoteatrlar azdır?.. Təbii ki, bu kino məsələsi lap bir filmdə deyildiyi kimi, olduqca qəliz məsələdir. Mən şəxsən müasir kino haqqında saatlarla mühazirələrə qulaq asardım. İndi həmin mövzuda verilişlərə baxanda adamı keçmiş kino üçün nostalji bürüyür...

Düzdür, nostalgiya həm də fərdi məsələdir. O şeylər ki, bizim uşaqlığımızda və gəncliyimizdə baş verib, onlar bizim üçün istisnasız olaraq gözəldir. Amma bunun içində bir obyektiv tərəf də var. Bir nəfərin qəribə bir ifadəsi vardı. O, bir şeyi təsvir etmək istəyəndə deyirdi ki, filan şey lap "vur-çatlasın"dır... İndi kinolara baxanda adam lap dilxor olur - kriminal fantastikaya qarışıb, fantastika isə "boyevik"ə...

Ona görə də təkrar-təkrar düşünürsən ki, doğrudanmı, yaxşı nə varsa keçmişdə qaldı? Keçmişdə ədəbiyyat, kino və teatr, hətta musiqi adamı düşündürürdü. Bu gün isə hər şey əyləndirir, hər şey əyləncə üçündür. Heç bir vaxt oyun həvəskarı olmadığımdan isə əyləncə mənim heç xoşuma gəlmir...

Azərbaycan rejissorlarından biri deyirdi ki, kino aktyorunun gözləri gərək iri və mənalı olsun. Bu sözləri qəribçiliyə salmaq lazım deyil. Bəzən kinoda aktyorun bircə baxışı adama nələr demir? Hanı o kinolar?.. Əslində onlar yenə də çəkilir. Amma televiziyaya yol tapana qədər çox vaxt keçir. Kinoteatrlar və kinoindustriyası isə yoxdur...

Biz çox vaxt "Oskar" və ya "Qızıl palma" mükafatı alan filmlərin yalnız adını eşidirik. Bu təntənələrə baxmaq hamımızın xoşuna gəlir. Amma kinolardan tamam xəbərsiz oluruq. Bu filmləri alan, onları bizim dilə çevirən və nümayiş etdirən lazımdır. Bu isə yoxdur...

İndi telekanallar hamısı serial çəkməyə girişib. Hətta bunun üçün vəsait də alırlar. Amma demək istəyirsən ki, çəkməyin də, nə olar? Serial çoxdur və bu gün onlar daha əvvəlki kimi maraq doğurmur... Əvəzində yeni kinolar alın və bu filmləri nümayiş etdirin...

Sonuncu dəfə "Sakit Don" filminə baxmışdım. Təbii ki, keçmiş sovet kinolarını nəzərdə tuturam. Həmin film məndə nə qədər hislər oyatdı və bir daha özüm-özümdən soruşmalı oldum ki, doğrudanmı, bu da keçmişdə qaldı? Doğrudanmı, daha heç bir vaxt azərbaycanlı balası "Sakit Don"u oxumayacaq və o filmə baxmayacaq?

Bir sual də məni rahat buraxmır. Nədən realizm bir janr kimi tamamilə bir kənara tullanılsın? Nədən?..

Məni yalnız bir məsələ rahat edir ki, bir tamaşaçı kimi, bir oxucu kimi hələ olan-qalanla tamam barışmamışamsa, deməli hələ tamam qocalmamışam və hələ yaşamağa dəyər...

Hərçənd bir sual getdikcə beynimdə özünə daha çox yer eləyir: "Doğrudanmı, yaxşı nə varsa, keçmişdə qaldı?.."

Tarix
2015.07.03 / 09:33
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla