Ana səhifə Toplum |
ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı "İnsan
haqları 2014" hesabatının Azərbaycanla bağlı hissəsi qərəzli və
məqsədlidir.
Hesabatda qeyd olunur ki, Azərbaycan ordusunda əsgərlərin döyülməsi
problem olaraq qalır və bəzi hallarda ölümlə nəticələnir.
İşğalçı Ermənistanla döyüşə hazır vəziyyətdə vətəni qoruyan orduda
belə halların olmasının iddia edilməsi, erməni dəyirmanına su
tökmək və Azərbaycan ordusunda qeyri-sağlam mühitin olması fikrini
formalaşdırmaq, əsgərlər və onların valideynlərini daim narahat və
qorxu içində saxlamaq niyyəti güdür. Lakin onlar unudurlar ki, bu
gün ordudakı vəziyyət 5-10 il bundan əvvəlki vəziyyət deyil.
Əksinə, Ermənistan ordusunun bərbad olması, əsgərlərin Dağlıq
Qarabağda döyüşmək istəməməsi, postlara muzdluların və mülki
şəxslərin qoyulması heç kimə sirr deyil.
Həbsxanalar və saxlanma məntəqələrindəki şəraiti tənqid edən Dövlət
Departamenti qeyd edir ki, həbsxanalarda şərait pis və bəzən də
həyat üçün təhlükəlidir. Qeyri-adekvat qidalanma, isitmə və
havalandırma sisteminin pis olması, tibb xidmətinin zəif olması
səbəbindən yoluxucu xəstəliklərin yayılması problem olaraq
qalır.
Penitensiar sahəyə ictimai nəzarəti həyata keçirən "İctimai
Komitə"nin koordinatoru kimi qeyd etmək istəyirəm ki, son illərdə
qanunvericiliyə edilmiş çoxsaylı əlavə və dəyişikliklər, 10 iyul
2012-ci ildə qəbul edilmiş "Həbs yerlərində saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunu məhz məhkumların və saxlanılan şəxslərin
vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Məhkumların görüş və
telefon danışıqlarının vaxtının iki dəfə artırılması, tibbi müayinə
və vəkillə təminatı, ərzaq qəbulu qaydaları, şəxsin saxlanılması
zamanı ailəsinin dərhal məlumatlandırılması və s. kimi halları,
həmçinin isitmə və havalandırma sistemi ilə bağlı işlərin artıq
neçə il əvvəl başa çatdırılmasını ABŞ ya görmür, ya da özlərinin
yaratdığı və qanunsuz olaraq yüzlərlə məhbusu istintaq işi
aparılmadan və məhkəmənin hökmü olmadan saxladıqları Guantanamo
həbsxanası ilə səhv salırlar.
Polis və təhlükəsizlik orqanlarının rolu bölümündə qeyd olunur ki,
polis kütləyə nəzarət etmək üçün müxtəlif metodlardan istifadə
edir, etirazçılara qarşı həddən artıq güc tətbiq edir.
Əslində, dünyanın hər yerində polis və təhlükəsizlik orqanları bu
işi görür, lakin qanunla icazə verilmiş metodlarla.
Deyəsən ABŞ öz ölkəsinin vətəndaşları ilə yanaşı, eyni zamanda
digər ölkələrin şirkət rəhbərlərinin, siyasi xadimlərin və hətta
dövlət başçılarının izlənməsini və telefon danışıqlarının qanunsuz
olaraq dinlənilməsini unudur?!
ABŞ-da demək olar ki, polis hər gün vətəndaşlara qarşı güc tətbiq
edir, odlu silahdan istifadə edərək irqi ayrı-seçkiliyə yol verir
və günahsız olaraq insanlara atəş açıb öldürür.
Maraqlıdır ki, Dövlət Depatamenti ABŞ-ın Ferqyuson şəhərində polis
Darren Vilsonun 18 yaşlı silahsız qaradərili Maykl Braunu,
Klivlenddə 12 yaşlı qaradərili oğlan uşağını əlindəki oyuncaq
tapançanı silah bilərək güllələnməsini, Baltimorda baş verənləri və
neçə-neçə bu cür halları görmür və ya görmək istəmir. Bəs polisin
bu zorakılığına etiraz əlaməti olaraq ABŞ-ın 100-dən çox şəhərində
keçirilmiş aksiyalar nədən xəbər verir?!
Əgər Azərbaycanda polis və ya təhlükəsizlik orqanları tərəfindən
belə bir hal baş vermiş olsaydı, onda görün Dövlət Departamenti
hansı bəyanatlarla çıxış edərdi...
Azərbaycanda ədalətli mühakimə bölümündə qeyd edilir ki, məhkəmə
sistemi korrupsiyalaşmış və qeyri-səmərəli olaraq qalır, hakimlər
müstəqil deyillər və s.
Bu, Azərbaycanda mövcud olan hakimiyyətin qollarından biri –
məhkəmə hakimiyyətinə qarşı böhtan və iftiradan başqa bir şey
deyil. Əvvəla, bu yaxınlarda yaradılmasının 10 illiyini qeyd
etdiyimiz və müstəqil qurum olan Məhkəmə-Hüquq Şurası 10 ildir ki,
bu sahədə islahatlar aparır və çox uğurlu nəticələr əldə etmişdir.
Hakimlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi,
məhkəmə proseslərinə onlayn sistemin tətbiqi, tərəflərin məhkəmə
prosesinə sms vasitəsilə dəvət edilməsi, yeni müasir məhkəmə
binalarının tikilib istifadəyə verilməsi, hakimlərə Avropa Məhkəmə
təcrübəsinin öyrədilməsi və presedent hüququnun tətbiqi və s. kimi
çoxsaylı işləri görməmək mümkün deyil.
Bu gün Azərbaycan məhkəmələrinə üz tutan minlərlə vətəndaşın
hüquqlarını bəlkə məhkəmə deyil, ABŞ müdafiə edir?
Dövlət Departamenti ədalət mühakiməsindən danışarkən Klivlenddə 12
yaşlı uşağı oyuncaq tapançaya görə öldürən polisi həbs etməkdən
imtina edən hakimləri və polisi sadəcə işdən uzaqlaşdırmaqla
kifayətlənən ədalət mühakiməsini xatırlasın!
Son olaraq ABŞ Dövlət Departamentindən soruşmaq istərdim ki, nə
üçün indiyə qədər öz ata-baba torpaqlarını ziyarət etməyə getmiş və
erməni işğalçıları tərəfindən əsir götürülmüş Dilqəm Əsgərov və
Şahbaz Quliyev barədə yazmır, onların pozulmuş hüquqlarının
bərpasını və azad olunmasını tələb etmir?
Nəyə görə Ermənistanı işğalçı adlandırmır? Nə üçün Azərbaycanın 1
milyon qaçqın və məcburi köçkünlərinin hüquqları onları narahat
etmir? Niyə müstəqil bir dövlətin, Azərbaycanın ərazilərinin 20%
işğalına biganə yanaşır? Nəyə görə ATƏT-in Minsk Qrupunun həmsədri
olan ABŞ 20 ildən artıqdır ki, işğalçını öz adı ilə çağırmır və ona
qarşı sanksiyalar tətbiq etmir? Bəlkə ABŞ dünyada mövcud olan və
hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarının
varlığını unudub?
Sonda isə məndə belə bir sual yarandı, iyunun 23-də AŞPA-da qəbul
edilmiş 13801 saylı qətnamədən "Ermənistanın Azərbaycanın Dağlıq
Qarabağ və ətraf 7 rayonu işğal etməsi faktını tanıyır" cümləsinin
çıxarılmasında ABŞ-ın rolu varmı? Cavab bəllidir!
Tarix
2015.07.03 / 16:13
|
Müəllif
Axar.az
|