Yuxarı

Kolxoz sədri: “Məni qayınarvadım tutdurub...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türmə əhvalatları

Bu dəfə "Kolxoz sədri" ayamalı dustaq Fazildən bəhs etmək istəyirəm. Yaşı 50-dən çox olardı. Gümrah adamdı. Fikir vermişdim, özünəməxsus hərəkətləri vardı. Məsələn, dağınıq saçları gözlərinin üstünə düşdükcə sol əlinin barmaqları ilə daraqlayıb alnından yuxarı atır, sonra da üst dodağını qabağa verib burnunun havasını alnına tərəf qovurdu. Yerliləri onun haqqında xoş danışmazdı:

- Alnını açıq saxlamaq alnıaçıq olmaq deyil, bu adam o qədər günah sahibidir ki, - deyirdilər.

Amma necə deyərlər, yamını da verməzdilər, çalışıb ağsaqqal kimi hörmətini saxlayardılar:

- Öz inəyimizin balasıdır, nə edək? Nə ediriksə, öz adımıza edirik, çölə atmayacağıq ki?!

Həyatdır da, dönüb arxaya baxırsan...

Doğrusu, o məni əvvəllər heç maraqlandırmazdı. Amma haqqında danışılanlar və onun hər kəsdən uzaq durması diqqətdən də kənar qalmırdı. İmkan tapıb söhbət etmək istəyirdim. Mən o imkanı gəzdiyim zaman, bir dəfə o özü məni söhbətə tutdu. Tibb məntəqəsinin həyətində tək oturmuşdum. Yaxınlaşdı, qarşı tərəfdə oturdu, həmsöhbət gəzirmiş kimi dağdan-dərədən bəhs etdi, sonra da mənim işlərimlə maraqlandı:

- Necədir işlərin?

- İşlərim pis deyil, səhər dururam, gedirəm işə, günorta çıxıram nahar fasiləsinə, axşam da gəlirəm bura.

Başa düşdü ki, ələ salıram. Sözümün ardını gətirdim, incitmək istəmədim:

- Burda nə iş, rəhmətliyin oğlu, "zon"da nə iş?

Doğrusu, heç simpatiyam olmayıb ona. Nə idisə ondan ətrafa mənfi bir enerjinin yayıldığını hiss edirdim. Yerliləri ona Kolxoz sədri deyirdi, bilirdim ki, bu da lağdır.

- Şair, bilirəm e, zindandayıq, amma dedim olsun da, burda da boş dayanmırıq axı, nə iləsə başımızı qatırıq. "Volyada" heç belə deyildik, gedirdik naxıra, gəlirdik axıra... bu da axırımız... Həyatdır da, dönüb arxaya baxırsan, çox şeylərə təəssüf edirsən, - saçlarını alnına tərəf daraqlayır, burnundan çıxan hava yenə də dağıdır.

- Bu, axır deyil, sədr, bu, hələ başlanğıcdır, biz təzədən qayıdacağıq evimizə, hər şey təzədən başlanacaq. Özü də çox üzülmə, zənn elə ki, gedibsən Rusiyada işləməyə, burada səni döyən yox, söyən yox, - bu da mənim ona verəcəyim təskinlik idi.

Ara-sıra yaxınlaşan dustaqların salamını növbə ilə alırdıq. Özünü tanıyan dustaqlar bizə mane olmaq istəmirdi.

Fazil ümumi barakda qalsa da, imkanlı dustaq təsiri bağışlayırdı. Yerliləri deyirdi ki, onun pulu itətökdür, sadəcə, özünü qısır, bedalaq kimi qələmə verir. Bicin biridir.

"Sağlam adam olduğuna görə də o, əlavə xərc töküb ayrı yaşamaq istəməyə də bilər", - deyənlər də vardı.

Birdən ağlımdan keçdi ki, onun həyat hekayətini soruşum: Necə olub tutulub, günahı nədir və sair...

Qumar oynayırlar, dava-dalaş salırlar

- Sədr, sən axı heç kriminal adama bənzəmirsən, necə oldu ki, tutuldun?

Fazil, görünür, marağında imiş içinin qat kəsən ötənlərini danışsın:

- Belə götürəndə heç nəyə görə, hamı kimi mən də səhvim ucbatından həbs olundum. Ötənləri qaytarmaq olmur, ötənləri unutmaq olmaz, unutsaq, yenidən günaha batarıq.

Əhllərinin uzaq gəzməyinin səbəbini soruşuram:

- Niyə çox vaxt tək gəzirsən, heç kəsə qarışmırsan, heç "xlebnik"in də yoxdur?

Fazilin yaralı yerinə toxundum, deyəsən. Sualı gözləyirmiş kimi, anındaca cavab verdi:

- A kişi, bunlara barmağını göstərirsən, qolundan tuturlar. O qədər problemləri var ki... Qumar oynayırlar, iynə vururlar, dava-dalaş salırlar, gündüzlər yatırlar, gecələr oyaq qalırlar, əliəyrilik edib dolaşırlar. Sonra da gəlirlər ki, əhlin üzvü dolaşıb, pul yığıb kömək edək. Nə qədər olar? Sən ölməyəsən, bu gədələrin çoxunun valideynini, qardaşını, əmisini "volya"dan tanıyıram, hamısı belədir, yaxşı əməlləri ilə yada düşmürlər. Burda özlərini yaxşı oğlan kimi tanıdırlar, az qala, başa çıxalar. Qoy rədd olsunlar...

Dərdinin üstünü açdım, deyəsən. İndi başa düşdüm ki, yerliləri ondan niyə razı deyil.

- Amma onlar sənin haqqında xoş danışır, yerlimizdir, sadəcə, bu dünyanın adamı deyil, nə edək, qorumalıyıq onu, - deyirlər.

Fazil, az qala, dəli olsun, əsəbi halda düz gözümün içinə baxdı:

- Sən də onlara inandın? Nə bu dünya, nə o dünya? Bunların hər iki dünyası çirkabın içindədir. Ay qardaş, xəstə ola, ac ola adam kömək edə. Yoxsa, gəlirlər ki, filankəs dolaşıb, rəis pul istəyir, başını qırxacaqlar və daha nə bilim nə. Deyirəm, adə, sən iynə vurub dolaşacaqsan, mən balalarımın boğazından kəsib gətirdiklərini sizə verməliyəm?!

Fazilin dedikləri həqiqət idi. Onun əhlin bəzi işlərində kənarda qalması heç də simic olmasından xəbər vermirdi.

Qaynı arvadına gözü düşən qurumsaq

- Sənə nə üçün "Kolxoz sədri" deyirlər? - mövzunu dəyişdim.

- Nə bilim, burda hamıya bir ad qoyurlar. Yəqin ki, heç kəsə yovuşmuram, yaxud dik-dik gəzirəm ona görə...

- Fazil, bəs səni niyə həbs ediblər?

Artıq ikinci dəfə idi soruşurdum. Doğrusu, onun həbsi haqda da heç kəs danışmırdı. Amma o da mümkün deyildi ki, həbs olunmasının səbəbi bilinməsin. Lakin bir dəfə onun həmyerlisi olan mayor rütbəli bir zabit, mənimlə nərd oynayarkən yaxınlıqdan keçən Fazilə baxıb:

- Qaynı arvadına gözü düşən qurumsaq, - demişdi. Sonra da haqqında xoş olmayan söhbətlər etmişdi.

Fazil bu dəfə də cavabdan boyun qaçırdı:

- Şair, hərə bir adla tutulur da, hər kəs öz əməlinin cəzasını çəkir.

- Axı söz-söhbət gəzir ki, sən qaynına qarşı düz eləməmisən, onu incidibsən, arvadını döyübsən və başqa söz-söhbət...

Fazil udqundu. Ətrafa baxdı, qəzəbli halda mənə:

- Kim deyir bunu? Hansı avaranın ağzından çıxıb bu? Məni adam döydüyümə görə tutublar, nə qayın, nə qayınarvadı?

Məni qayınarvadım tutdurub, amma...

- Nə bilim, ay sədr, uşaq deyilsən ki, burda heç nəyi gizlətmək olmur. Adamın özündən qabaq sorağı gəlib çatır, yaxud çölə "malyavka" göndərirlər. Söz varsa, demək, nə isə var da.. Hələ deyirlər ki, səni qayın arvadı özü tutdurub...

Fazil dilxor oldu. Hiss etdim ki, bu adamın nə isə gizlini var, lakin istəmir ki, bilinsin. Amma mən də artıq sözümü demişdim, geri çəkilən deyildim:

- Həm də nə qədər gizlin saxlasan, üstünə əlavələr olunacaq və elə bir əməli adına yazacaqlar ki, ömrünün axırına qədər səni incidəcək. Düz de, sən qayının arvadına göz dikmişdin?

Fazil, doğrudan da, pis vəziyyətə düşmüşdü. Əsəbi idi həm də. Əlini cibinə apardı, balaca bir bükülü çıxardı:

- Bu Qurana and olsun, elə şey yoxdur. Düzdür, məni qayınarvadım tutdurub, ancaq ortada namussuzluq olmayıb.

Bükülünü cibinə qoyduqdan sonra yan cibindən siqaret götürüb yandırdı. Dərin bir qullab vurub əlavə etdi:

- Bilirəm, inanmayacaqsan, amma həqiqət belədir.

Gizir qayınarvadımla yaxınlıq edir...

- Bəs qayın arvadı səni niyə tutdursun ki?

Fazil, doğrudan da, pis yerdə axşamlamışdı. Danışmaq istəmirdi. Amma danışdıra bildim:

- Bilirsən ki, buradakıların çoxu bilir kim nəyə görə tutulub. Ən azından, əhldəkilər məlumatlıdır. Yenə də deyirəm, gizlin qalsa, daha eybəcər söhbətlər ortaya çıxacaq.

Fazil bir qədər də fikrə gedib, həqiqətini danışmağa razı oldu:

- Bilirsən, qayınım Rusiyada olurdu. Ailəsi, iki körpə uşağı çətinlik çəkməsin deyə, onlara da əl tuturduq. Bizdən xeyli razı idi. Bir gün yoldaşım dedi ki, yaxınlıqda, kənddən kənarda bir hərbi hissə var, orada işləyən bir zabit kirayə ev axtarır. Gəlin deyib ki, Fazil qardaşa de, danışsın, gəlib bizdə qalsınlar. Getdim, danışdım. Gizir idi. Ailəsi vardı. Razılaşdıq, həyətdə tikilən ikiotaqlı atadan qalma evi verdik onlara. Güzəranları yaxşılaşdı. Sonra kənddə söz-söhbət gəzdi, qulağıma çatdı ki, bu gizir qayınarvadımla yaxınlıq edir. Bu aralar da dərslər başladığına görə gizir arvadını və uşaqlarını Bakıya yola salmışdı. Söz-söhbətə münbit şərait vardı. Getdim onunla danışdım, dedim, ailən burda yoxdur, daha sənə evə ehtiyac qalmır, get hərbi hissədə qal. Razılaşmadı:

- Mən ev tutmuşam, ora mənə daha yaxşıdır, - dedi. Mən də ona qadağa qoydum. Gəldim onlara, gəlinə dedim ki, bu gündən gizir daha sizə gəlməyəcək. Səbəbini də danışdım. Dedi, nahaq eləmisən, o pul da verirdi, hələ ərzaq da gətirirdi. İndi insan kimi yaşayırdıq. Dedim, o zaman yığış, gəl bizdə qal, o həyətdə tək qalsın. Qayınarvadım buna da razı olmadı.

Gizir isə hər gün axşamdan keçmiş gəlirdi. İşimi-gücümü atıb onu güdürdüm. Gəlirdi, yuyunurdu, yıxılıb yatırdı, səhər tezdən də durub maşınına minib gedirdi.

Fazil arada nə haqdasa fikirləşdi. Susmağından istifadə edib soruşdum:

- Axı o gizir sənin qısqanmana heç bir əsas verməyib, bəs niyə döydün onu?

- Nə bilim, vallah... Qayın arvadı, doğrudan da, gözəl idi. Deyib-gülməyi, ünsiyyət qurmağı da bacarırdı. Hər kişinin ona tamahı düşə bilərdi.

- Bu da əsas vermirdi...

- Bilirəm. Nə isə, bir dəfə soyuq hava idi, gecədən keçmiş getdim onlara. Gördüm ki, gizir qalan evdə stol açılıb, iki nəfər yad adam da var, gəlin də onlara qulluq edir. Dözə bilmədim, girdim içəri, dava saldım, əl-qol atdılar, axır ki, qovdum onları. Gəlin yenə də onları müdafiə etdi, niyə qoymursan sağırlarımı dolandırım? - dedi. Hirsləndim. Ona dedim ki, ay qancıq, ərin evdə yoxdur deyə, kim gəldi yatağına girəcəksən? Üzümə tüpürdü. Saldım təpiyimin altına, səsi batana qədər döydüm. Sonra gedib həmin giziri də tapdım, onu da döydüm. Birisi günü məni tutdular, gizir şikayət etmişdi. Qayın arvadı da gizirin dediklərini təsdiq etdi. Polis idarəsində onları niyə vurubsan, deyə soruşdular. Dedim, qısqanırdım, istəmirdim ki, gizir o evdə qalsın, ona əsgərlərin ərzağını oğurlayıb, gətirib versin. "Qısqanırdım" dediyimə görə, görünür, adıma bu sözü çıxartdılar.

Sonra bir qədər də susdu. Elə bil, çiynindən ağır bir yükü yerə atmışdı. Üzümə baxdı, alnına tökülən saçlarını barmaqları ilə geri daraqladı, burnu ilə alnına tərəf "fınxırdı":

- Şair, qısqanmaq o demək deyil ki, mən qayın arvadına namussuzluq etmişəm...

Tarix
2015.07.07 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla