Yuxarı

Şiə “babuşka” və taun

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günlərdən Lənkərandı. Göyüzü tər-təmiz, şəfəq saçmaqda, bürkü və boğanaq istidə daldalanmağa tək yer dəniz, insanlar bir az daha ümidli, bir az daha canlı, bir az daha məşğuldur - amma nə ilə onu bilmək ol(m)ur.

Adamlar elə hey harasa gedirlər, qaçahaqovdadırlar, tələsirlər və... yetişirlər; kimi çayxanaya, kimi sahilə, kimisi də köhnə-küşkül vaqonların arxasına. Hər kəsin öz məşğuliyyəti var. Kamyu Oranın yerinə Lənkəranı "Taun"a köçürsəydi, bu şəhərin adamları onlardan fərqlənərdi. Çünki oranlılar kimi ümidli olsalar da, bəlaya qarşı daxili müqavimət demək olar ki, heçdir.

"Bəlanı insan təyin etmir. Adam fikirləşir ki, o, mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi keçib gedəcək. Lakin bəla keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur" ("Taun").

...Qapıdan çıxan kimi məhlənin bu başından axırınacan hamı ilə "salam-əleyküm" edirəm - tində oturandan tutmuş taksi şoferinə qədər. Məhlə uşağı gəlib, filankəsin oğlu, bəs necə olmalıdır?! Sonra çörək almağa gedirəm və qabağıma Oran şəhərinin qurbanı çıxır, pul istəyir, verməliyəm, adətə çevrilib.

- Xoş gəlmisən, Allah ölənlərinin yerini behişt eləsin, 1 manat 50 qəpik varındı?

- Qoy, çörək alım, pulu xırdalasın verərəm.

Və bir manat verirəm.

- Bəs 50 qəpik?

Sanki borcluyam və anlayıram ki, köhnə-küşkül vaqonların arxasına tələsik keçməyin qiyməti azı 1 manat 50 qəpikdir...

Bizim məhəllənin qürubu 90-larda başlayıb. 2005-dən isə 10 ildir ki, fasiləsiz o qaynar yer sürətlə insanları ilə yoxsullaşır. Kimi məzara, kimi tənhalığa, kimi kim bilir hara gedir. Elə üç taksi sürücüsü yaxınlarda həyatını itirdi - Təyyar ağır xəstəlikdən, Nicat qurbana çevrilərək, həmişə kefikök olan Elxan isə qansızmadan. Dəhşətlisi budur ki, onların faciəsindən və ölümündən bu kiçik məhəllədən başqa kimsə xəbər tutmur. Dünya genişdir...

Vəssalam. Kamyusayağı desək, bəla keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur.

***

90-cı illərdə məhərrəmlikdəki şəbehlərin öz qəhrəmanı varıydı. Bu mərasimlərə təmtəraqlı hazırlıq, həyəcan, ürək qızdıraraq könüllü özünü işə vermək öz yerində. Kimi skamyalarla yolları bağlayırdı, kimisi teşt-ləyən gətirirdi, kimi ələmləri xüsusi düzəldilmiş yerlərə qoyurdu və biz uşaq entuziazmı ilə çırmanıb bu işlərə böyük həvəslə qoşulardıq, özümüzü öldürərdik ki, gələnlər üçün hər bir hazırlıq yüksək səviyyədə olsun.

Hətta elə inanmışdıq ki, Kərbəla da bu məscidin qabağında yerləşir, hadisələr də burada olub. Bizə görə bu yerdən başqa heç yerdə müsəlman yoxdur. Şəbeh bir dəfə keçirilərdi və o günün baş personajı rəhmətlik Şükür idi. Səhv etmirəmsə "orusyət"də alver edirdi, Aşurada isə məhəlləyə gəlirdi. Onun rolu at belində məscidin qarşısına gələrək imam obrazını nümayiş etdirmək idi.

Bu illərdə onun rolunu əvəzləyən olmazdı və günün birində yenə xüsusi şəbeh hazırlığıdır – gəl ki, Şükür gəlib çıxmır. Lap "Bəyin oğurlanması" kimi, tədbir yarımçıq qalıb. Və uzun çək-çevirdən, gözləmədən sonra xəbər yayıldı ki, Şükür atdan yıxılıb, ayağını sındırıb və əvəzedici yoxdur. Uşaqlığımızın ən pərişan günlərindən idi...

Və indi günlərdən Lənkərandır. Göyüzü tər-təmiz, şəfəq saçmaqda... bu yaxınlarda bir "babuşka" nəvəsini rayon xəstəxanasına gətirib, körpə yüngülcə naxoşlayıb. Tibb bacıları bir də görüb ki, arvad "ya Əbəlfəzl Abbas, ya imam Hüseyn, özün bu uşağa kömək ol", - deyə-deyə, ah-vayla dua etməkdədir, - hamı uğunub gedib.

Rus nənə də bu illər ərzində şiə olub. Lənkəranda sovetdən bu günə kimi çoxlu ruslar yaşayıb. Təkcə nümunə üçün deyim, nənəmgilin qonşuları ruslardan təşkil edilib, hətta onlara aid bir kilsə də var, indi evə çevrilib.

Demək, təkcə Şükür və biz yox, "babuşka" da Əbəlfəzl Abbasın qələm qollarına and içirmiş. Qəribədir... Adamlar isə elə hey harasa gedirlər, hər kəs bir şeylə məşğuldur - amma nə ilə onu asanlıqla bilmək ol(m)ur...

Tarix
2015.07.07 / 11:36
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İranda telefonunuzda MTN yazısı görsəniz... - Reportaj

Deputatın olduğu canlı yayıma basqın - Video

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Dövlət iki mərkəzi satır – Hərrac

Dəmir yolunun bu hissəsi söküldü

Xaçmazda quşlar kütləvi tələf olur? – Foto

Öcalandan Gülən haqda şok sözlər

Moskva sirki Bakıya gəlir

Messinin dublu, almanların “sülh”ü…

Saratovka qaymağı zay çıxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla