Ana səhifə Yazarlar |
Günəş doğdu...
(Təhlil)
Zira, o kəslər qalib gəlir ki, onlar inandılar və
savaşdılar...
Qədim Şərq fəlsəfində əks olunan bu deyim müasir dünya üçün çox
keçərlidir. Yaşadığımız dünya heç də həmişə Haqqın, Ədalətin
yanında ola, Ədalətli ola bilmir. Burada yalnız inanmaq və mübarizə
aparmaq lazım gəlir... Azərbaycan kimi...
Şərqdə doğulub Qərbdə yaşayan və Qərblə Şərqi özündə yaşadan
Azərbaycan o ölkədir ki, öz ilkləri ilə tarixin gedişatını həmişə
dəyişə bilib. Şərqin ilk operasının yarandığı, ilk demokratik
respublikanın qurulduğu, qadınlara ilk dəfə seçmək hüququnun
verildiyi bu ölkə ilk Avropa Oyunları ilə də tarixə növbəti dəfə
adını yazdırmağı bacardı.
"Yalnız tarixin gedişini dəyişə bilənlər qalib
gəlir" – bəli, bu, həyatın dəyişilməz aksiomudur.
I Avropa Oyunlarının beynəlxalq idman aləmində Azərbaycan Brendi
olması da XXI əsrin aksiomuna çevrildi. 17 günlük idman bayramı ilə
bu, qeyd-şərtsiz isbatlandı.
"Yaxşı başlanğıc uğurun yarısıdır". Fransız
yazıçı Andre Jidin təbirincə desək, Azərbaycan iyunun 12-də
qarşıdakı Uğurun yarısını əldə etmişdi. Həmin tarixdən artıq hər
kəs sonun da belə olacağına əmindi...
12 iyun, 2015-ci il...
Avropa təqvimində bir Azərbaycan günü. Bu ölkəni tanımayanlar,
yaxud onun gücünə şübhə ilə yanaşanlar hər şeyin bu qədər fərqli,
bu qədər gözəl və özünəməxsus olacağını yəqin ki, gözləmirdilər.
Azərbaycan gözlənilməyənləri, real hesab edilməyənləri
gerçəkləşdirməyi bacardı.
Açılış mərasimində milliliklə bəşəri dəyərlərin vəhdətində təqdim
olunan ecazkar səhnələr, meydanda rəqqasların şousu, atletlərin
paradı, Avropa və Azərbaycan musiqilərinin səslənməsi, bir sözlə,
hər şey füsunkar idi. Azərbaycanın tarixi, mədəniyyəti, mənəviyyatı
təntənəli şəkildə dünyaya təqdim edildi. Gerçəkdən möhtəşəm idi...
Hətta son iki Olimpiya Oyunlarının – "London-2012" və
"Soçi-2014"-ün açılış mərasimlərini kölgədə qoyacaq qədər... İlk
Avropa oyunlarının açılış mərasiminin "London-2012" və
"Soçi-2014"-lə müqayisədə izlənmə rekordu vurması da bunu sübut
etdi.
Halbuki London və Soçinin məxsus olduğu ölkələr Qərb və Şərq
yarımkürəsində böyük söz sahibidirlər, həmçinin, bu şəhərlərdə
keçirilən mərasimlər bütün dünyanın oyunları sayılırdı. Bakı isə 24
illik müstəqillik təcrübəsi olan Azərbaycanın paytaxtıdır və
dünyanın deyil, yalnız bir qitənin oyunlarına məxsus açılış
mərasimini keçirirdi. Keçirirdi və Avropa Oyunlarının tarixində
yeni səhifə yazırdı...
Bu uğurlu başlanğıcdan sonra Azərbaycan 17 gün müddətində dünyaya
praktiki təşkilatçılıq örnəyi göstərdi. Oyunların təşkilatçılıq
səviyyəsi, ən xırda detaldan tutmuş ən böyük işlərə qədər hər şeyin
incəliklə həyata keçirilməsi göz önündə idi. Lakin bir məqam da
diqqət çəkirdi: dünya ilk dəfə idi ki, heç bir problemin
yaşanmadığı idman tədbirini izləyirdi. Əcnəbi jurnalistlər 2008-ci
ildə Pekin Olimpiya Oyunları keçiriləndə yaşadıqları çətinlikləri,
2012-ci ildə Londonda üzləşdikləri ayrı-seçkilikləri, 2014-cü ildə
Soçidə yaşadıqları əlverişsiz şəraiti hələ də unutmayıblar.
"Bakı bambaşqadır, burada hər şey mükəmməl təşkil
olunmuşdu", - Avropa Oyunlarını ilk gündən sonadək izləyən
fotoreportyor Riçard Hitkoy belə deyir.
Atletlər Kəndində yaradılan şərait, təhlükəsizliyin tam təmin olunması, oyunların qrafikə uyğun və mükəmməl şəkildə keçirilməsi... Dünya heyrət içindəydi və indiyədək hansısa beynəlxalq idman tədbirinin bu səviyyədə keçirilməsinin şahidi olmamışdı. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki "Növbəti ev sahibi üçün Azərbaycanın səviyyəsinə çatmaq çətin olacaq", - deyə bildirib.
Və nəhayət, bağlanış mərasimi, 17 günlük möhtəşəm bayramın
mükəmməl sonluğu. Bu, Avropa Oyunlarının son nöqtəsi, qitə
tarixinin yeni başlanğıcı idi...
"Əlyazmalar yanmır"
Bulqakovun məşhur sözləri yada düşür. Həqiqətən də Azərbaycanın
yazdığı 17 GÜN tarixdən heç vaxt silinməyəcək. Çünki... bu
ölkə idmanla sadəcə, bir yarış, oyun düzənləmədi, dünya sülhü üçün
çalışdı və Avropanı xilas etdi...
Azərbaycan hər şeydən öncə Avropa qitəsinə öz oyunlarına sahib olma
şansını verdi. Bu, artıq inkarolunmaz fakta çevrilib. İqtisadi
böhranın Avropa Birliyi ölkələrini bir-birinə qarşı qoyduğu,
qarşıdurmanın ictimai şüura sirayət etdiyi bir vaxtda "Qoca
Qitə"nin buna çox ehtiyacı var idi. Bunu aradan qaldırmaq, ən
azından yumşaltmaq üçün hər kəsi eyni yerə toplayacaq və eyni
dəyərlər uğrunda mübarizə aparacaq bir olay baş verməli idi ki,
Azərbaycan məhz bunu etdi. Sülhün rəmzi olan idman Bakıda bütün
qitə insanlarını birləşdirmişdi.
Avropa Bakıda yeni dönəmə qədəm qoyur, aşınma təhlükəsi ilə üz-üzə qalan demokratik dəyərlərin xilası Xəzər dənizinin sahilləri ilə Qafqaz dağlarının qoynunda yerləşən bu torpaqlarda baş verirdi. Söhbət demokratik dəyərlərə ən böyük zərbə olan və Avropanın iliklərinə işləmiş islamofobiyanın Azərbaycanda alt-üst olmasından gedir. Halbuki, bu gün islamofobiyanın Qərbin işğal siyasətinə xidmət etdiyi açıq şəkildə ortadadır.
Avropada yaşayan yəhudi əsilli yazar Roni Marqulies bu barədə deyir:
"ABŞ və Avropada şüurlu şəkildə müsəlmanlara qarşı ayrı-seçkilik edilir və bununla islam ölkələrinə qarşı hücumlar legitimləşdirilir".
Bəli, islamofobiya bu siyasətə xidmət edir, lakin Avropa dəyərlərinin gələcəyini təhdid altına aldığı da şübhəsizdir. Belə bir məqamda müsəlman ölkəsi olaraq Azərbaycanın avropalıları qəbul etməsi, onlara müsəlmanların təbliğat aparıldığı kimi olmadığını nümayiş etdirməsi demokratik dəyərlərin gələcəyinin xilas edilməsi istiqamətində atılan mühüm addım idi. Belə demək mümkünsə, Azərbaycan qitənin gələcək taleyində öz xilaskar missiyasını həyata keçirdi və Avropa Azərbaycanın paytaxtında yenidən doğuldu...
Bu, həm də Avropa idmanının xilası idi. Axı, biz tez-tez Avropa
idman cameəsinin dilindən "Panamerika, Asiya, yaxud Afrika
Oyunları var, nədən Avropa Oyunları olmasın" sözlərini
eşidirdik.
Azərbaycanın qazancı...
Avropaya öz töhfəsini verən Azərbaycan Avropa Oyunlarını keçirməklə öz gələcəyi üçün də əsaslı qazanc əldə etdi. Bunu bir neçə istiqamət üzrə əsaslandırmaq olar:
1. İdman
2. İqtisadi
3. Mədəni
4. Siyasi
5. Psixoloji.
İdman faktoru
Azərbaycan Avropa Oyunları ilə dünyanın idman xəritəsində öz
yerini qərarlaşdırdı. Növbəti oyunlarda məşəlin Bakıda
yandırılması, həmçinin, atletlərin paradında Azərbaycan
komandasının başda addımlaması ölkəmizə bu xəritənin mərkəzində
dayanmaq hüququ verir. Bununla yanaşı, milli komandamızın 21-i
qızıl olmaqla 56 medala sahib olması ölkəmizi dünya arenasında
cəlbedici amilə çevirir. Çünki Olimpiya Oyunları təcrübəsinə görə,
medalların sayına uyğun olaraq sıralamada ilk yerlərdə qərarlaşmaq
həmin ölkənin dünyada tanınması baxımından çox əhəmiyyətlidir.
Beynəlxalq idman cameəsinin təşkilatçılıq səviyyəsinə görə Olimpiya
Oyunları ilə eyni çəkidə qiymətləndirdiyi Avropa Oyunlarında ikinci
pillədə yer almaq da Azərbaycanın dünyada tanınması üçün əsas
amildir. Xüsusilə, medal sayında Böyük Britaniya, Almaniya kimi
böyük dövlətləri geridə qoymağımız ...
Azərbaycanın dünyada daha yaxından tanınmasını maraqlı bir detal
da təsdiq edir. Belə ki, oyunlar zamanı su idman növləri üzrə yeni
dünya rekordu qeydə alındı. Nəzərə alsaq ki, dünya rekordları nadir
hallarda baş verir, deməli, növbəti rekorda qədər Azərbaycanın adı
sonuncu rekordun məkanı olaraq xatırlanacaq. Bu, kiçik, amma
olduqca mühüm detaldır.
Avropa Oyunları Azərbaycanda idmana marağı ikiqat artırdı. Artıq
biz paytaxtda və bölgələrdə ailələrin öz övladlarının idman
komplekslərinə getməsi üçün müraciətlərinin artdığı barədə
xəbərləri oxuyuruq. Bu, ölkədə sağlam gələcəyin formalaşmasına
böyük təsir edir.
Bu oyunlarda idman infrastrukturunun yenilənməsi və əsaslı
şəkildə qurulması da Azərbaycanın əsas qazanclarındandır. Qarşıdakı
dönəmdə beynəlxalq idman yarışlarının – "Formula 1", İslam
Həmrəyliyi Oyunları, Beynəlxalq Şahmat Olimpiadası, həmçinin,
futbol üzrə Avropa Çempionatının qrup oyunlarının Bakıda
keçirilməsi barədə qərarlar verilib və bütün bu idman tədbirlərinin
bir çoxu Avropa oyunları üçün inşa olunan obyektlərdə keçiriləcək.
Bunun özü ölkə iqtisadiyyatının gələcəyinə qoyulan kapital hesab
oluna bilər.
İqtisadi faktor
Sadalanan idman tədbirlərinin öz azarkeş kütləsi var, xüsusilə
Formula 1 yarışları dünyada populyardır. İlkin proqnoza görə,
Azərbaycan 2016-cı ildə böyük turist axınını qarşılayacaq. Turizm
sektorunun inkişafı hər bir ölkənin makroiqtisadi göstəricilərinin
artması deməkdir. Azərbaycana gələnlərin sayı çoxaldıqca əlavə
xidmətlərə tələbat da artır ki, bundan da kiçik və orta sahibkarlıq
gəlir əldə edir. Misal üçün, kafe, restoranlar, həmçinin,
nəqliyyat, bank sektoru üçün yeni imkanlar yaranır. Turist axını
hətta tərcüməçilər üçün də yeni iş yerlərinin yaranması deməkdir.
Ölkəyə gələcək turistlərin bölgələrə səfəri yerli əhalinin əlavə
gəlirlər əldə etməsini təmin edir. Fikrimizcə, Avropa Oyunları
yaxın 5 ildə Azərbaycanın qeyri-neft sektorunun inkişafını təmin
edib...
Mədəni faktor
Azərbaycan öz zəngin mədəniyyətini, mətbəxini və tarixini dünyaya əyani şəkildə çatdıra bildi. Təkcə açılış mərasimində müasirliyin vəhdətində nümayiş olunan millilik buna sübutdur. Misal üçün, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindəki miniatürlərlə bəzədilən səhnələr, şairin öz obrazının təqdim olunması "Nizami Gəncəvi Azərbaycan şairi deyil" kimi iddiaları alt-üst etdi. Azərbaycan xalçaçılığının şah əsərlərinin təsviri də buna bariz nümunədir.
Öz möhtəşəmliyi ilə dünyanın diqqətini növbəti dəfə Bakıya yönəldən bağlanış mərasimi də Azərbaycan mədəniyyətini bütün canlı və virtual izləyicilərin yaddaşlarına qazıdı. Zərdüştlüyün simvolu olan Atəşgah Məbədi ilə müasirliyi özündə əks etdirən Alov Qüllələri, Buta simvollarının nümayişi, Qobustan abidələri, Qız Qalası, İçərişəhər incilərinin nümayişi – bir sözlə, bütün səhnə qədim və müasir dünyamızı göz önünə sərdi. Simurq quşunun təsviri ilə Azərbaycan dünyaya öz humanist mesajını da vermiş oldu. Çünki Simurq quşu simvolu köməyə ehtiyacı olanlara, darda qalanlara yardım əlinin uzadılmasını özündə əks etdirir. Bununla dünya Azərbaycanın yardımsevər və sülhsevər ölkə obrazını gördü.
Oyunların açılış və bağlanış mərasimlərində, eləcə də bütün növ
idman yarışlarında "Sarı gəlin" xalq mahnısının, Alim Qasımovun
möhtəşəm ifasında "Qarabağ şikəstəsi"nin, Üzeyir Hacıbəyovun, Qara
Qarayevin əsərlərinin səslənməsi isə qondarma iddialarla Azərbaycan
musiqisinə iddia edən ermənilər üçün əsl zərbə idi.
Ümumilikdə Azərbaycan bu oyunlarla mədəni üstünlük qazandı. Ötən
yazımızda qeyd etdiyimiz kimi, bu, "mədəni
diplomatiyamızın" yeni mərhələyə keçməsinə əsl zəmin
yaradır.
Siyasi faktor
"Mədəni diplomatiya" amilindən çıxış edərək bir daha deyə bilərik ki, Azərbaycan dünyada cəlbedici ölkə imicini gücləndirdi. Bu, özlüyündə siyasi güc deməkdir. Siyasi güc təkcə ordunun, yaxud iqtisadiyyatın güclü olması ilə yox, həm də mədəni üstünlüklərlə, ölkənin tanınma arealının genişliyi ilə ölçülür. Bu prosesdə idman faktoru da xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, ilk Avropa Oyunları Azərbaycanın siyasi güc olaraq qəbul olunmasına növbəti dəfə təkan verdi. Dünya ictimaiyyəti Azərbaycanı yalnız neft ölkəsi yox, mədəni, humanist, qüdrətli bir dövlət olaraq qəbul etdi. Eyni zamanda, Azərbaycan həqiqətlərinin təbliği, Dağlıq Qarabağın işğal faktının dünyaya çatdırılması həyata keçirildi. Bunun özü düşmən üzərində daha bir psixoloji üstünlük deməkdir.
Psixoloji faktor
Əminliklə demək olar ki, oyunlar zamanı Azərbaycana gələn xarici
qonaqlar, həmçinin, televiziya vasitəsilə bu oyunları izləyən
tamaşaçılar - rəsmi məlumatlara görə, Avropa Oyunlarını
ümumilikdə 1 milyarddan artıq insan izləyib - bundan sonra
erməni yalanlarına inanmayacaq. Bu, təkrar edirik, düşmən üzərində
psixoloji üstünlükdür. Avropa Oyunlarının 11-ci günündə 50 ölkənin
atletləri Bakıda qalib gəlmək uğrunda mübarizə apardığı,
paytaxtımızın gözəlliklərini seyr etdiyi bir vaxtda İrəvanda
başlanan etiraz aksiyaları düşmən üzərindəki daha bir psixoloji
qələbəmiz oldu. Bu, ilk növbədə dünyanın İrəvan və Bakı arasındakı
əsl fərqi görməsi, digər tərəfdən, sadə ermənilərin "Qarabağ
uğrunda" deyib dözdükləri rejimin xislətini anlaması idi. Hesab
etmək olar ki, məhz bu amil sadə erməni xalqının Azərbaycan kimi
ölkədə yaşamaq istəyini artırır. Bu da ərazi bütövlüyümüzün bərpa
olunması yolunda irəliyə doğru atılmış daha bir ciddi
addımdır.
Xalqımızın həmrəyliyi...
Avropa Oyunları Azərbaycan xalqının həmrəyliyini də nümayiş
etdirdi. Xüsusilə, oyunlar öncəsi başladılan anti-Azərbaycan
kampaniyasına qarşı bütün xalqın eyni mövqedən çıxış etməsi bu
ölkəni zəiflətməyin, arxasını yerə vurmağın mümkün olmadığını
göstərdi. Anti-Azərbaycan şəbəkəsi Azərbaycanda xalq-iqtidar
birliyi və bu birliyin əsas təminatçısı olan Prezident İlham
Əliyevin səyləri nəticəsində əsl zərbəni almış oldular. Halbuki, bu
qüvvələr ümidliydi ki, Azərbaycan Avropa Oyunları kimi
genişmiqyaslı idman tədbirini ya keçirə bilməyəcək, ya da buna
imkan verilməyəcəkdi. Çünki...
a) Azərbaycan kimi gənc müstəqilliyə sahib olan
ölkə onlardan asılı qalmalı, bir növ boyunduruqda yaşamalıdır. Məhz
buna görə Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqının azad,
müstəqil gələcəyi uğrunda mübarizəsi bu dairələri
qıcıqlandırır.
b) Avropa Oyunları kimi beynəlxalq idman tədbirinə
ev sahibliyi hər bir ölkə üçün iqtisadiyyat başda olmaqla, bir sıra
istiqamətlərdə dividentlər deməkdir. Bəzi ölkələr, yaxud müəyyən
dairələr bu oyunlara ev sahibliyi etmək şansını itirməyin ağrısını
yaşayır və ev sahibliyi hüququnu qazanmış ölkəni hədəf seçirlər.
Azərbaycana qarşı hücumlarda bu tezis açıq şəkildə özünü
göstərirdi.
c) Bəzi Qərb ölkələrinin fikrincə, Avropa Oyunları
kimi böyük idman tədbirlərini Avropa Birliyinə daxil olmayan
ölkələr keçirə bilməz. Çünki uzun illər ərzində Avropa cəmiyyətinə
məhz bu fikir diktə edilib. Xüsusilə, müsəlman ölkələrinin bunu
bacarması onların çoxstandartlı siyasəti üçün böyük zərbədir.
d) Nəhayət, islamofobiya amili. Yuxarıda qeyd
etdiyimiz kimi, Qərb ölkələrində islamofobiyanı məqsədli şəkildə
dəstəkləyir və bu siyasətlə müsəlman dünyasına qarşı silahlı, yaxud
mənəvi hücumlara ictimai legitimlik qazandırırlar. Azərbaycan isə
Əfqanıstana, İraqa və Yaxın Şərqə hərbi müdaxilələrə əsas yaradan
bu siyasəti kökündən məhv etdi, orta statistik avropalının
düşüncəsində əsl müsəlman ölkəsinin obrazını yarada bildi.
Günəş doğdu
"Tarix hər şeyi öz yerinə qoyur". Ümummilli lider Heydər Əliyevin bu sözləri sanki hazırki situasiya ilə assosiasiya olunur. Hər şey və hər kəs öz yerini tutdu və Azərbaycan qalib gəldi.
Böyük Heydər Əliyev illər öncə bir fikir də işlətmişdi:
"Azərbaycan dünyaya günəş kimi doğacaq". İlk Avropa Oyunlarına
möhtəşəm ev sahibliyi etməklə Azərbaycan sözün əsl mənasında,
dünyaya GÜNƏŞ KİMİ DOĞDU...
Bu qələbənin təminatçısı isə xalqın inandığı, arxasında dayandığı
və sona qədər dəstəklədiyi Prezident İlham Əliyev idi.
"Lider yalnız o zaman güclü olur ki, onun arxasında
inandığı xalqı dayanır" fikri siyasi leksikonda öz yerini
təsadüfən tapmayıb. Azərbaycan lideri də öz xalqına güvənərək
ölkəsini qələbəyə apardı. O, xalqın içində idi. O, əlçatan idi.
İdmançılar, adi tamaşaçılar onunla ünsiyyətə girə, şəkil çəkdirə,
sözünü deyə bilirdi. O, sevinirdi, fərəhlənirdi, hətta
kövrəlirdi... Siyasi meydanlarda, atletlərimizin arasında,
tribunalarda, qalib gələnləri təbrik edəndə, məğlub olanlara
təsəlli verəndə O, bu ölkənin Əsgəri və Lideri kimi hərəkət
edirdi...
"17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin
minnətdarlığımızı bildiririk. İdman leksikasından istifadə etsəm,
deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi
və Siz bu komandanın şərəfli kapitanı idiniz. Burada qalib gəlməmək
mümkün deyildi", - Mehriban xanım Əliyeva Prezident
haqqında danışarkən deyib.
Ölkəmizin Birinci Xanımı və ya sadəcə, Mehriban Əliyeva
Azərbaycanın qələbəsində Prezident İlham Əliyevlə bahəm Mehriban xanım Əliyevanın gücü, zəhməti və inamı açıq-aydın görünür.
Əslində, dövlət başçısı bütün bu işləri Birinci Xanıma həvalə
edəndə indi sevincini yaşadığımız qələbənin təməli atılmışdı.
Sadəcə, zaman və səbir lazım idi...
Məhz Mehriban Əliyevanın incə detallarına qədər ölçüb-biçilən,
ilmə-ilmə toxunan təşkilatçılığı Azərbaycanı qələbəyə doğru apardı.
Və O, bütün bunları sadəcə, öz ölkəsinin qələbəsi naminə etdi.
Özünün dediyi kimi, "Xalqımıza, doğma Azərbaycanımıza
xidmət etmək ən böyük şərəfdir".
Bu şərəfli işdə Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycan xalqına güvənərək bu ölkənin bayrağını göylərə qaldırdılar.
Zira, o kəslər qalib gəlir ki, onlar inandılar və
savaşdılar.
Artıq əminliklə deyə bilərik: Zəfərin mübarək, Azərbaycan.
Qoy, Tanrı hər zaman Azərbaycanı və Azərbaycanlıları
qorusun!!!
Tarix
2015.07.10 / 17:51
|
Müəllif
Aynur Camalqızı
|