Yuxarı

Müəllimin acından ölən qüruru

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim Cəbiş müəllim" təkcə müharibə mövzusunda çəkilmiş film deyil, həm də ailə-məişət mövzularının yer aldığı, keçən əsrin tipik Bakı məhəlləsini təsvir edən bir dramdır.

Filmdə hadisələr İkinci Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Bu illərdə qələbə naminə – Namiqin sözləri ilə desək, vətən üçün, Stalin üçün hər cür çətinliyə dözüb ailəsini halal zəhmətlə dolandırmağa çalışan sadə adamların mənəvi üstünlüyü əks olunur. Arxa cəbhə hərdən elə tragikomik boyalarla verilir ki, filmdəki komik, xüsusilə, Nəsibə Zeynalova və Əliağa Ağayev olan səhnələrə adam ağlamaq istəyir. Bu da Həsən Seyidbəyli peşəkarlığı deməkdir.

Baş rolu ifa edən Süleyman Ələsgərov uğurlu seçim olub. Ancaq Cəbiş müəllim hədsiz ideallaşdırılıb. Qurandan don da geyinsə, inanmaram ki, 41-45-in aclığı vaxtı pul qazanacığını bildiyi halda sabun bişirməkdən imtina edən bir adam olsun. Adam yersiz kaprizlərinə görə uşağını acından öldürür. Rejissor burda reallıqdan uzaqlaşır, sanki. Amma filmin canı da bir-iki məsələnin üzərində qurulub ki, onun da biri sabun bişirməyən Cəbiş müəllimin acından ölən qürurudur.

Şəfiqə Məmmədovanın canlandırdığı rol isə sözlə ifadə olunmayacaq qədər möhtəşəm… Bir aktrisa bir rolu ancaq bu qədər doğal oynaya bilər.

Bir çox peşəkar, aktyor, rejissor, kinotənqidçi bu fikirdədir ki, filmə çəkilmək üçün aktyor təhsili olan adam olmaq şərt deyil, əsas istedad və rola uyğun gəlməkdir. Makedon da belələrindəndir. Aqil Ağacanovun yaratdığı Makedon obrazı filmdə elə Cəbiş müəllim qədər yadda qalıb. Ancaq Namiq daha sevimli obrazdır mənə görə.

"Böyük Vətən müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib".

Bu sözlər "Bizim Cəbiş müəllim" filmində Nəcəfovun dilindən verilir.

Bakının qara nefti guya sovet camaatını ağ günə çıxardı. Sadəcə, onsuz da, boyunduruqda olan xalq başqa bir boyunduruq daha istəmirdi.

Son iki gündə İkinci Dünya müharibəsinə aid 2 filmə baxdım: "Sıravi Rayanı xilas etməli" və "Qəzəb" ("Fury"). "Bizim Cəbiş müəllim"lə qeyri-ixtiyari müqayisələr apardım beynimdə. Hollivud filmləri üçün, əlbəttə ki, ilk növbədə böyük maliyyə vəsaitləri ayrılıb. Güclü texnika, silah-sursat çoxdur və bu müharibə təsəvvürünü yaratmağı asanlaşdırır. Bununla yanaşı Hollivudda şiddət var, dəhşət var – müharibə səhnələri çoxdur və bu, bəzən adamı yorur.

"Bizim Cəbiş müəllim"də isə əksinə, arxa cəbhədəki vəziyyət ön plana çıxarılır. Yalnız bir-iki səhnəni çıxmaqla filmdə müharibə detalları yox dərəcəsindədir. Əvəzində müharibə adamların simasında, ac mədələrdə, qarışıq münasibətlərində, uşaqların dedikləri meyxanalarda, Makedonun dama çıxmış Tanyanın arxasınca qaçmağındadır. Əgər filmdə müharibə dəhşətləri arxa cəbhədəki vəziyyətlə paralel təsvir olunsa, bu, daha da axıcı və baxılan olmazdımı?

İkinci Dünya müharibəsi SSRİ və ABŞ-ın qələbəsi ilə başa çatdı, bu dəfə də onların arasında "soyuq müharibə" başladı – elə soyuq idi ki, buzları bu günə qədər də ərimək bilmir.

Olan olmuş, ölən ölmüşdü. Yerdə qalanlara ancaq susmaq qalırdı... Yeri gəlmişkən, mənə elə gəlir, Üçüncü Dünya müharibəsi başlasa, bu dəfə Cəbiş müəllim mütləq sabun bişirəcək...

Tarix
2015.07.13 / 09:34
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu yoldakı körpü təmir edilir – Ehtiyatlı olun!

“Molla Nəsrəddin” jurnalı haqda şok faktlar

Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

“Belə bayağı, primitiv sözlər...”

Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Aşıq Ədaləti öldürmək istəyən kim olub?

Erməni hakerlərdən növbəti hücum - Foto

Möcüzələr yaradan Qəbələ sakini – Video

Pamuk: “63 il əvvəl İstanbul...”

Azyaşlılara sevindirici xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla