Yuxarı

Röya əsgərimizi də sındırdı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saat 3-dən sonra ermənilərin "Medved" postu iki dərə arasındakı yola tərəf atmağa başladı. Camaat bir kənddən o birinə getmək üçün gəlib oradan keçirdi.

Yenə də bir qrup kəndli həmin yoldan keçəndə ermənilər başlamışdılar oranı vurmağa. Arvadlar qayanın arxasına sığınıb qışqırırdılar. Səsləri güllə səsini batırırdı. Deyərdin, bu dəqiqə dərilərini soyurlar. Polkovnik Cavadov DŞK-nı hədəfə tuşlayıb, "vurun oranı, qayıdıram indi", - dedi. 12,7-lik güllələri pıtraq kimi yağdırırdıq ermənilərin atəş mövqeyinə. Təxminən, 20 dəqiqədən sonra atəş kəsildi. Barıt qoxusunu ciyərimə çəkmək istəyirdim ki, arxadan səs gəldi. Silahı doldurub "kimdir" - soruşdum. Polkovnik Cavadov idi, yanında da 3 qadın. "Bunlara su verin, qorxublar", - polkovnik əmr edib səngərə - bizim yanımıza qalxdı... və mənim üçün unudulmaz olan həmin söhbətə başladı:

"92-də ermənilər kəndimizə girəndə mənim 9 yaşım var idi. Bilmirəm niyə, amma mənim qulağımda güllə səsi yox, bitib-tükənməz çığırtı qalıb. Nəsə, hərə qarışqa kimi bir tərəfə qaçanda mən gedib qonşumuz Sürəyya bacının evinə girdim. Onların tövlələrində gizli bir yer var idi. Qaçıb özümü ora soxmaq istədim. Birdən təpik düz mədəmin üstündən dəydi, iki qatlandım. "Ədə, küçük, itil burdan, səs-zad çıxararsan, gəlib taparlar məni", - Sürəyya bacı üstümə çımxırdı. Bax, Aqşin, ata canı, mənə elə sifət göstərdi ki, az qala, qaçıb ermənidən kömək istəyəcəkdim. Nəsə, özümü birtəhər verdim ot tayasının içinə. Allahsızlar elə bil, iy bilirlər. Gələn kimi tayaya od vurdular. Məcbur olub çıxdım. Çıxmağımla mədəmin üstünə bir təpik də saqqallı dığa ilişdirdi. Əsir düşdüm. Əşş... 9 yaşlı uşaq e... Avtomat boyda idim... Kənddə tutulan bütün əsirləri gətirib düşərgəyə basdılar. Gözüm anamla atamı axtarırdı. Onları orada tapa bilmədim. Onların erməninin əlinə düşməməsinə görə elə sevinirdim ki... Arada özümü saxlaya bilməyib gülürdüm. O saqqallı biqeyrət də gəlib təpikləyirdi. Sürəyya bacı orada yox idi. Tapa bilməmişdilər onu... Bizə isə itin zülmünü elədilər... Bax, əllərimdəki, üzümdəki ləkələr – hamısı onların işidir. Odda qızdırılmış dəmir stəkana su töküb dedilər, götür iç. Əlimi atıb götürmək istəyəndə cızdağım təpəmdən çıxdı. Sonra bizi erməni əsirlərlə dəyişdilər. Bir az böyüdükdən sonra zabit olmağa qərar verdim. Kəndə qayıdanda Sürəyya bacını gördüm. Bir dəri qalmışdı, bir sümük. Əslində, həmin gün məni ermənilərdən gizlədə bilərdi. Vallah, qorxumdan heç cınqırımı da çıxarmazdım. Amma məni göz görə-görə erməninin əlinə verdi...

Bax, o Sürəyya bilirsən kimdir? Heç ağlına da gəlməz. O Sürəyya bayaq mənim yanımda gələn paltolu qadındı... Bayaq görəydin, botinkamı qucaqlayıb yalvarırdı, kömək istəyirdi. Nə isə... Gedim uşaqlara deyim, onları arxa yolla aparsınlar kəndə. Yenə gedib güllənin altına düşməsinlər".

İndi deməyim odur ki, mahiyyət etibarilə Röyanın sındırma taktikası Sürəyyanın atdığı təpikdən heç də fərqlənmir. İki əməlin ikisi də bilavasitə erməniyə kömək edir. Röya bu günün gəncini, sabahın əsgərini sındırır. Vətənin keşiyində dayanan birini vətənin deşiyinə soxub-çıxartmaq təkcə həmin gəncə qarşı deyil, bütövlükdə bu ölkəyə xəyanətdir.

Xalq artistinin, əsas da bir insanın təhqir olunması hüquqi-nöqteyi nəzərdən yolverilməzdir. Ancaq bu sənətçinin əlinə kozır vermir ki, o, mahnılarını bir kənara atıb, "Dolya vorovskaya"nı oxumağa başlasın. İstənilən halda məsələni qanun çərçivəsində həll etmək daha ədalətlidir. Onda bir də heç kim cəsarət edib sənin bostanına daş atmaz.

İndi nə edək ki, bizim bəzi müğənnilər Vahabzadə Bəxtiyarı yox, Lotu Bəxtiyarı oxuyublar.

Bir də türk müğənnilər Sultan Süleyman Qanunidən bəhs edən seriala çəkilir, bizim müğənnilər isə "qanuni oğru"luq edir. Bu da bizimkilərin qanuna hansı prizmadan yanaşdıqlarının bariz nümunəsidir.

Ona görə də musiqi sənətimiz bu gündədir. Təhqir, hədə-qorxuya qarşı vaxtında tədbir görülməlidir ki, sonradan başqaları küçədə ayaq, sosial şəbəkədə əl açmasınlar.

Bu hərəkəti – söyüşü, hədə-qorxunu, sındırmağı xalq artisti yox, hansısa xalq yazıçısı eləsəydi, indi o bədbəxt yazıçının kitablarını yandırmışdılar. Amma heç kim dayaz təfəkkürdən 5 dəqiqə uzaqlaşıb evindəki gülünc mahnı albomlarını sındırmağa cəsarət etməz. Çünki çoxu dayaz düşüncə tərzinə adət edib.

Röya xanım deyir ki, mən ağzımı açmasam, acından ölərsiniz. Nəzərə almaq lazımdır ki, bu müğənnilərə o mahnıların sözlərini verən olmasa, onlar da acından ölərlər. Onsuz da, indi yazılan mahnıların əksəriyyəti düşük, bayağı söz yığınından ibarətdir.

Sonda bir şey deyim, əzizlərim: Troya atı gözəl və təmtəraqlı idi, amma ölkəyə bədbəxtlik gətirdi.

Tarix
2015.07.15 / 09:09
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla