Yuxarı

“Komandirin iç orqanlarını tasa yığmışdılar” – Cəbhə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı İsmayılov Ələmdar İdris oğludur. 1960-cı ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub, burada boya-başa çatıb. Sovet ordusunda xidmət edib. 1989-cu ildən sərhədyanı kəndlərimizi ermənilərdən müdafiə edib, könüllülər batalyonunda döyüşüb. Hazırda ailəlidir, kamaz maşınlarının təmiri ilə məşğuldur.

Dedi ki, bu, vətən qanıdır...

- Ələmdar bəy, istərdik bizə ilk döyüşünüzdən danışasınız...

- Əvvəla, sizə təşəkkür edirəm ki, bizi ziyarətə gəlmisiniz. Vallah, nə yalan deyim, bu 20 ildə birinci dəfədir bir jurnalistin bizi yada saldığının şahidi oluram. Bunun üçün də başda sizə, sayt rəhbərliyinə və bütün kollektivinizə təşəkkür edirəm. Qaldı ki, ilk döyüşümə... İlk döyüşüm Fərrux dağı uğrunda olub.

İnanın, göydən od yağırdı, göz açmaq mümkün deyildi. O qədər yaralı, şəhid vardı ki, insan dəhşət içində qalırdı. Biz texnikasız, silahsız yüksəkliyi tuturduq. Di gəl, kömək gəlmirdi deyə, yenidən ermənilər hücum edib o mövqeyi bizdən alırdılar. Biz də məcbur qalıb geri çəkilirdik. Orada bizimlə bərabər cəngəvər xanımlarımız da vardı. Bir dəfə əsgərlərdən biri yaralanmışdı, qan içindəydi. Xanım döyüşçülərdən biri gəlib onun yarasını sarıdı, əlləri qan içindəydi. Hamımız susuzluqdan məhv olurduq. Komandir bu xanıma dedi ki, burada üzüm var, ondan su əvəzi ağzına at ki, boğazın yaşlansın. Xanım əlləri qanlı-qanlı üzümü götürüb yedi. Mən ona əsəbiləşdim ki, niyə əlinin qanıyla yeyirsən! Gözləri dolaraq dedi ki, bu qan vətən qanıdır, bütün sulardan şirindir, mənim gözüm yaralı əsgərdən başqa nəsə görmür. Bax bu, məni çox kövrəltmişdi. Ümumiyyətlə, biz döyüşlərə girib o qədər qan görürdük ki, artıq bizdə duyğular, acıma hissi itirdi.

Anama öldüyümü deməyin...

- Yanınızda son sözünü deyən olubmu

- Şahbulaqda dəhşətli döyüş oldu. Həmin döyüşdə taborumuzdan bir qrupu ayırıb tank taboruna köməyə göndərmişdilər. Artıq ermənilər həmin yüksəkliyi almışdılar deyə, biz Maqsudlu kəndinə qədər geri çəkilib postlarımızı orada qurduq. Geridə vurularaq qalan tanklarımızı da birtəhər sürüyüb post qurduğumuz yerə gətirdik. Ermənilər başladılar Maqsudlu kəndinə hücuma, biz məcburən oradan da çəkildik. Bax bu əməliyyatımız çox uğursuz olmuşdu. İnanın, bu döyüşlərdə ac qalmışıq, ayaqlarımız batinkadan həftələrlə çıxmayıb. Bir dəfə də Təpə döyüşləri oldu. Həmin bu yüksəkliyi aldıq bu döyüşdə. Xeyli şəhid verdik, amma bir əsgərin dediklərini unuda bilmirəm. O əsgəri minaatanla vurmuşdular, qarın hissəsini minaatan aparmışdı, bağırsaqları yerdə idi. Nəysə bağırsaqların yerdən yığıb xərəyə qoyanda ona iynə vurdular, gözünü açıb dedi ki, atamın-anamın bir dənəsiyəm, anama öldüyümü deməyin, itkin düşdüyümü deyin... Sonra gözlərini yumdu.

- Heç erməni əsir tutmusunuzmu

- Döyüşlərin birində komandirimiz Qələndər bəy bir ermənini "Ural" maşınıyla, qumbaraatanıyla birgə əsir götürmüşdü, həmin erməni qolundan yaralanmışdı. Biz onu müalicə etdirdik, sonra əsirlərlə dəyişdik. Sizə Şelli döyüşlərindən bir xatirə danışım, orada da dəhşətli döyüşlər oldu. Bizi əmin elədilər ki, sağdan və soldan müdafiə edəcəklər. Birdən gördük mühasirəyə düşmüşük, amma ətrafımızda kimsə yoxdur. Bu vəziyyətdən bizi komandirimiz Qələndər bəy çıxardı. Onun doğru taktikası bizim oradan çıxmağımıza şərait yaratdı.

O şəkildəkilərin çoxu aramızda yoxdur

- Bəs döyüşlə bağlı dodaqqaçıran xatirləriniz varmı

- Bir Qara Şakir var idi. Bir dəfə toplaşmışdıq şəkil çəkdirməyə. Birdən Şakir hamımıza dedi ki, hər kəs bir dənə tək şəklini çəkdirsin. Dedik, niyə axı, tək şəkli nə edəcəyik Dedi, onsuz da, hamımız ölcəyik, heç olmasa, mağardan asarlar, başdaşımıza vurarlar. Gülüşdük, Şakir bunu zarafata desə də, həqiqət idi. Bu gün həmin o şəkil çəkdirənlərdən çoxu aramızda deyil.

- Ələmdar bəy, sizin xatirinizdə xüsusi şücaəti ilə kimlər qalıb

- Mənim yadımda qalanlardan birincisi komandirimiz Qələndər idi... O, həmişə əsgərdən qabaqda gedərdi, kimsəni özündən bir addım qabağa buraxmazdı. Hətta onu bir ara başqa vəzifəyə göndərdilər, bizim taboru başqa bir komandir döyüşə apardı. Amma bütün tabor ayağa qalxıb onu tələb edərək, geri gətirtdi. Məsələn, bizim çoxumuzun bu gün sağ qalmağımızın səbəbi öncə Allah, sonra Qələndər bəyin düzgün taktikaları olub. Bizdə xanım döyüşçülər də var idi. Daşkəsəndən Şəlalə xanım, Zaqataladan Tutu xanım vardı. Onlar Milli Qəhrəman olacaq qədər cəngavər idilər.

Aclıqdan buğda yeyirdilər...

- Ən çox hansı döyüşdə həyəcanlandınız

- Mənim ən çox həyəcan keçirdiyim vaxt ermənilərin doğulduğum kəndi işğal etdiyi gün idi. Bizim kəndi başqa taborlar qoruyurdu, biz isə başqa kəndləri. Xəbər gəldi ki, kəndiniz işğal olundu. Məsafə uzaq olmasına baxmayaraq, gördük ki, kəndimizdə erməni tankları var, evlərdən qara tüstü çıxırdı, yandırırdılar. Evləri qarət edirdilər. İlk dəfə dönüb çarəsizcə kəndimizə baxanda hönkür-hönkür ağladım. Bir də qardaşım, komandirim Qələndərin yaralandığı gün həyəcanım olub. Düzü, kövrəlirəm, bunu danışmaq çətindir. Deməli, Qazançı döyüşü idi. Komandirimizlə birgə kəndin yaxınlığında post qurduq, amma döyüşün tam ortasında Qələndər öz bölüyü ilə getdi. Arabir bizə əlaqə ilə deyirdilər ki, minaları təmizlədik, yaralıları göndərdik. Nəsə, biz kəndin girişində durmuşduq, gördük ki, bizim "Qaz 66" maşınlardan biri gəlir. Mən nə baş verdiyini soruşdum, dedilər, iki yaralımız var, onları hospitala çatdırmalıyıq, məndən maşındakının qardaşım olduğunu gizlədilər. Bu maşın bizdən 2 km uzaqlaşandan sonra Qələndər ayılıb deyib ki, qardaşımı – Ələmdarı çağırın, gəlsin. Mənə əlaqədə dedilər ki, filan yerdə qardaşın yaralanıb, gəl. Tez yanımızdakı su maşınına minib getdim. Gəlib Qələndəri demək olar parçalanmış vəziyyətdə gördüm, hər yeri dəlik-deşik idi. Böyük qardaşım Əli doktoru da çağırıb onu hospitala apardıq. Amma cərrah üzümüzə baxıb ümidsizcə başını yellədi. Əməliyyat başladı. Mən əməliyyatı izləmək üçün xəstəxananın pəncərəsindən boylanırdım. Bir də gördüm, cərrah qardaşımın bütün iç orqanlarını kapron tasın içinə qoydu. Bu, dəhşətli idi, ilahi, insanın qarın boşluğu necə də bom-boş görünərmiş. O anda mən özümdən getmişəm, sonradan məni ayıltdılar. Təbii ki, qardaşım sağaldı, ondan sonra daha uğurlu əməliyyatlara başçılıq etdi. Biz ailədə 5 qardaş idik, dördümüz orduda vuruşmuşuq. Dördümüz də ailəli olsaq da, hər şeydən öncə vətəni düşünmüşük.

- Ələmdar bəy, neçə il döyüşmüsünüz Döyüşdüyünüz vaxt ərzində yaralanmısınızmı Və sonuncu döyüşünüz...

- Sonuncu döyüşümüz Təpə döyüşləri olub, ermənilər orada çoxlu itki verdilər. Biz oranı almışdıq, amma kömək gəlmədi deyə, düşmən həmin əraziləri yenidən işğal etdi. Uşaqlar döyüşdə o qədər ac qalmışdılar ki, taxıllıqda buğda ovuşduraraq yeyirdilər. Mən 1992-ci ildən 1994-cü ilədək döyüşmüşəm. Heç yaralanmamışam. 1996-cı ildə təxris olmuşam.

- Bugünkü gəncliyə sözünüz nədir

- Gənclərimizə son sözüm budur ki, vətəni şou yaratmadan sevsinlər. Həqiqi vətənpərvər olsunlar, məsələn, mənə bu gün silah versələr, hamıdan qabaqda özüm gedəcəm Qarabağa. Bu həyatda tək arzum var torpaqlar qayıtsın, mən orada ölüm, doğulduğum kənddə dəfn olunum.

Tarix
2015.07.21 / 09:19
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla