Yuxarı

Şəhid anası erməni əsgəri güllələdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Məmmədov Elşən Məmməd oğludur. O, 1965-ci ildə Ağdam rayonunda anadan olub. Burada boya-başa çatıb. 1983-1985-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Daha sonra vətənə qayıdaraq müxtəlif işlərdə işləyib. Bir müddət diş həkimi işlədikdən sonra Ağdam rayon polis idarəsində çalışıb. Ailəlidir.

Bizi bu döyüşdə səhv yönləndirdilər...

- Elşən bəy, siz Qarabağ döyüşlərində polis kimi vuruşmusunuz. Necə oldu döyüşlərə atıldınız?

- Əvvəla, sizi salamlayıram və demək istəyirəm ki, mən hər gün Axar.az saytını oxuyuram. Əsas da "Cəbhə xətti" layihəsinin oxucusuyam.

1990-cı ildə Ağdam rayon polisinə işə girərək sivil polis kimi fəaliyyətə başlamışam. Müharibə haqda ilk dəfə bizə xəbər edildi. Dedilər, Ağdərə rayonu ərazisindəki torpaq sahəsində vətəndaşları öldürüblər. Hamımıza tapşırdılar ki, polis formasında olaq. Mən ilk polis formasını da onda geyinmişəm. Hamı çaşıb qalmışdı ki, sən polisdə işləyirmişsən, biz bilmirmişik. Bu, mənim ilk əməliyyatım olub. Bir dəfə də bizi Gəncəyə apardılar. 150 nəfər olardıq. Dedilər ki, Xankəndinə hücum olacaq. Guya bizimlə OMON-çular ora getməlidir. Sonra ora Bakı polisini yolladılar, bizi geri qaytardılar. Ən ağır günlərimiz Cəbrayıl rayonunda ezamiyyətdəykən olub. Zamzurq, Balamzurq, Daşbaşı kəndləri olmaqla 11 kəndi boşaltdıq. Cəbrayılın o vaxtkı rəisi Rəşid Mahmudov idi, çox güclü adamıydı. Şəxsən özü irəlidə gedirdi. Cəbrayılın bir yüksəkliyində ermənilərin postu var idi. Heç cürə girə bilmirdik ora. Bir həftə içində oranı da aldıq.

- Bəs polislə hərbçinin bu döyüşlərdəki fərqi nədir?

- Polislə hərbçinin fərqi onda idi ki, silah əsas bizdə idi, biz harasa hücum edib alırdıq, təhvil verirdik əsgərə. Bizim o vaxt Ağdam polis batalyonu da var idi. Mənim Cinli kəndində çox həyəcanlı günlərim olub. Bizi bu döyüşdə səhv yönləndirdilər. Əlimizdə də hər texnikamız var idi. Amma ermənilər yüksəklikdə dururdular. Döyüş başladı, artilleriya atmağa başlasa da, hava dəstəyi olmadı. Uğursuzluğa düçar etdilər bizi. Bütün rayonların polisləri vardı orda. Bizim uşaqları ermənilər yuxarıdan vurur, göz açmağa imkan vermirdi. Biz tankın içindən polislərin başından, belindən vurulduğunu görürdük, geri də çəkilə bilmirdilər. Sağ olsun komandirimiz Faiq Baxşəliyevi, onun sayəsində uşaqların 90 faizi sağ qala bildi.

Şəhid anası erməni əsiri güllələdi

- Başqa hansı çətin döyüşləriniz olub?

- 1992-ci ildə bizə əmr gəldi ki, səhər hücum olacaq. Gecəni yuyundum ki, səhər ölsəm, tər-təmiz ölüm. Bütün uşaqlar bunu düşünürdü. Səhər girdik döyüşə. Dəhşətli döyüşlər gedir, amma biz tanka benzin tapa bilmirik. Kənd camaatı ordan-burdan benzin tapıb gətirdi. Benzin az idi deyə, şumluqla yox, asfalt yolla getdik. Ata-ata gedirdik, amma bir az geridə qaldığımız üçün qabaqda nələr olduğunu bilmirdik. Tək bildiyim buydu ki, erməni kəndini də almışıq. Ala Yaqubun dəstəsi, Fred Asifin dəstəsi də oradan keçmişdilər. Bir ferma var idi, fermaya yaxınlaşanda minaya düşdük. BTR-in içində yeddi nəfər vardı. Sürücümüz rəhmətlik Rövşən Cavadovun dayısı oğlu Elxan idi. İki nəfər yaralanmışdıq, bir nəfərimizin dabanını mina aparmışdı, mən də başımdan yaralanmışdım. Erməniylə məsafəmiz 100-150 metr olardı, artıq ermənilər atmağa başlamışdılar. Biz həm ayağını itirən yaralını çıxarmaq istəyirdik, həm də atışırdıq. Həmin yaralı dostumuzu ermənilər vurdu, şəhid oldu. Biz onu oradan çıxara bilmədik, texnikamız da orada qaldı. Mənim ayağım da sınmışdı, həm də yaralı idim deyə, hospitala apardılar. Təzə sağalmışdım ki, Xocalı faciəsi baş verdi. Yaralı olmağıma baxmayaraq, yenidən işə çıxdım. Xocalıda yaralananları, şəhid olanları məscidə, hospitallara daşıyırdıq. Çünki həmin ərazilərdə post vardı, o posta polislər nəzarət edirdi. Hətta iki xanım döyüşçümüz var idi. İntiqam almaq üçün gəlmişdilər. Ancaq biz onları qoymurduq irəli. Deyirdilər ki, heç olmasa, izn verin, sizə yemək bişirək. Sonra dedilər ki, erməni əsiri gətirin, onları biz öldürək, oğullarımızın intiqamın alaq. Bu xanımlar Əsgəranda ilk şəhid olan əsgərlərimizin – Bəxtiyarla Əlinin anaları idilər. Bir dəfə biz Ağbulaq istiqamətində hücuma keçmişdik, oradan erməni döyüşçünü silahıyla birgə əsir götürdük. Bəxtiyarın anası həmin əsiri güllələdi. Biz o anaya söz vermişdik ki, sizə əsir gətirəcəyik. Və gətirdik də!

- Hansı dəhşətli səhnəni unuda bilmirsiniz?

- Bir dəfə Daxili Qoşunlarla birgə hərəkət edirdik. "Qrad"ları maşınlara yığırdılar. Bu əsnada əsgərlərdən biri həmin maşının kabinində əyilib nəsə edirdi, anidən maşındakı "snaryad"lardan biri açıldı. Bu "snaryad"lar açılanda içindəki pər fırlana-fırlana gedir. Həmin pər gedib o əsgərin belini ülgüc kimi kəsib apardı. O, yerə uzanıb qışqırırdı, bütün daxili orqanları görünürdü. Bir insanın ürəyini, ciyərini belindən görmək dəhşət idi. Ancaq "ana, yanıram, yanıram", - deyirdi. Hospitala çatdırsaq da, heç kim ona çarə qıla bilmədi. Cərrah da dəhşət içində idi. Həmin əsgər "ana, ana" deyə-deyə canını tapşırdı.

Ermənilər kompüter sistemi ilə işləyən tanklar gətirmişdilər

- Elşən bəy, sonuncu döyüşünüz nə vaxt olub?

- Yadıma gəlir ki, sonlarda mən "Qrad" atmağa başladım. Bildiyimiz kimi, müharibənin allahı da artilleriyadır. Bizə koordinatlar verirdilər ki, filan yeri vurmalısınız. Biz də necə lazımdı, oranı vurub məhv edirdik. Bağbanlar istiqamətində döyüş gedirdi, ermənilərə təzə, kompüter sistemi ilə işləyən rus tankları gətirmişdilər. Mən də "Qrad" maşınıyla tək gedirdim. Mənə işarə elədilər, başladım atmağa. Üç "Qrad" atmışdım ki, ermənilər məni həmin tanklarla vurmağa başladılar. Hər tərəfdən atırdılar. Oradan necə çıxdığımı bilmirəm, amma maşınımı vurdular, hətta "Qrad" borularından birini də zədələmişdilər.

- Nə vaxt cəbhədən qayıtdınız?

- Biz erməniylə atışmanı 1995-ci ildə dayandırdıq. Amma sərhədyanı yerlərdə yenə postlarda durmuşduq. 2000-ci ildə polisdən tərxis olundum. Hazırda 130 manat prezident təqaüdü, 370 manat ikinci qrup əlili kimi pul alıram. Ağrımadığım günlərdə isə taksiçilik edirəm.

Tarix
2015.07.23 / 09:09
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla