Yuxarı

Onu heç kim özününkü saymır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər siyasətçinin bir ayaması var. Boyunun kiçik olması da Rusiyanın Baş naziri D.Medvedevin başına bəladır. Bir söz deyən kimi hamı dərhal qayıdır ki, bəli, Medvedev bu dəfə də "boyundan yuxarı" danışdı.

Elə bu günlərdə D.Medvedev daha bir bəyanatla çıxış etdi. O dedi ki, növbəti ildən başlayaraq ölkənin iqtisadiyyatında artımlar olacaq. Təbii ki, baş nazir, nəsə deyəndə hansısa təhlillərə əsaslanaraq söz deyir.

Elə bu səbəbdən də onun dediklərini təkzib etməkdən tam uzağıq. Amma rusiyalı məmurların özlərinin etirafına görə, Krımın ilhaqından sonra ölkənin iqtisadi və maliyyə itkiləri az qala bir neçə yüz milyard dollar təşkil edir. Belə bir vəziyyətdə yalnız "sıfırdan başlayan artım" haqqında danışmaq mümkündür - ölkə iqtisadiyyatı böyük sürətlə çökərək müəyyən bir səviyyədə qərar tutur və bundan sonra artım başlayır.

İndi Rusiya iqtisadiyyatının hansı ssenarilə inkişaf edəcəyi elə də maraq doğurmur. Mənim üçün başqa məsələ maraqlıdır. Bu yaxınlarda götürüb L.Tolstoyun "Anna Karenina" əsərini yenidən oxumağa başladım. Elə bil ki, o vaxtkı Rusiya cəmiyyətinin təsviri gözlərim önündə dayandı.

Lenin o vaxt yazırdı ki, Tolstoy rus inqilabının aynasıdır. İnqilabın aynası olub-olmadığını deyə bilmərəm, amma mən də razıyam ki, Tolstoy həqiqətən də rus gerçəkliyinin aynasıdır. O, rus kəndlisini olduqca ətraflı və gözəl təsvir edir. Onun məişətini, mentalitetini, işə az, içkiyə isə daha çox meyl göstərməsini bizim üçün təsvir edir.

Eləcə də o vaxtkı rus elitasının da öz həyatını nə qədər mənasız işlərlə və qeybətlərlə "yandırmasını" bizə göstərir. Bu, mənzərədən istisnalar olsa da, onlar elə bir uğur qazana bilmir, kiçik fluktasiyalar kimi "sönürlər".

Təbii ki, "Anna Karenina" tamamilə başqa bir rakursdan baxılmalı və oxunmalı əsərdir. Amma məni bu dəfə daha çox rus məişəti, rus cəmiyyəti maraqlandırır və özünə cəlb edirdi. Bu əsəri oxuyandan sonra başa düşdüm ki, Rusiya iqtisadiyyatı hələ uzun müddət yerində sayacaq.

Əsərdə tamamilə haqlı olaraq deyilir ki, alman kəndlisi və ya xırda burjuyu kiçik bir şeydən yapışıb onu özü üçün azadlığa çevirə bilir, amma gəl ki, Rusiya cəmiyyəti bunu bacarmır, o, həmişə azadlığın olmamasından gileylənir və əslində isə o vaxtın orta statistik rus kəndlisi sadəcə, içki düşkünü və tənbəl idi. Eyni sözləri o vaxtın elitası – Rusiya zadəganları haqqında da demək mümkündür. Ballar və bir də ki, saray qeybətləri - orta statistik rus zadəganını yalnız bu maraqlandırırdı.

İndi o vaxtdan iki yüz ildən artıq vaxt keçib. Amma bu iki yüz ilin yarısı sosial eksperimentlərə və olan-qalan işgüzarlığın məhv edilməsinə sərf edildi. Bəli, Rusiyanı gənc dövlətlərə aid etmirlər. Amma gənc dövlətlər üçün xarakterik olan bütün göstəricilər bu ölkədə var.

Rusiya indi-indi totalitar rejimdən nisbətən mülayim siyasi rejimə keçir. Yalnız indi özünün yeni adamlarını - işgüzar təbəqəsini yetişdirir. Yalnız indi milli münasibətləri tənzimləməyə, əsl federal münasibətlər qurmağa cəhd edir.

Gənclik özü bir perspektiv deməkdir. Gəncliyin gələcəyi hələ öndədir. Adam bunları Rusiyanın da timsalında görmək istəyir.

Amma dərhal bir simbioz - köhnə Rusiya ilə yeni Rusiyanın simbiozunu görürsən. Bütün məsələlərdə köhnə - monarxist və imperialist Rusiya ilə hələ

gənc Rusiyanın çarpışmasını göz önünə gəlir.

Maraqlıdır ki, üstələyən və önə keçən hələ köhnə Rusiyadır. Məhz həmin Rusiya Krımı ilhaq etməyə təhrik etdi; məhz həmin köhnə Rusiya Qafqazda musiqini sifariş edir; məhz həmin köhnə Rusiya Baltik ölkələrini səksəkədə saxlayır...

Gənc Rusiya isə hələ ayaq tutub yeriyə bilmir. Onun ifadəçisi ola biləcək və onu irəli apara biləcək siyasi partiya yoxdur; onu əlində bayraq edə biləcək bir siyasi lider yoxdur.

Köhnə Rusiya daim irrasionallığa can atır, onun "azadlıqsevərləri" belə bunun nə demək olduğunu yetərincə dərk etmirlər. Gənc Rusiya isə başqa torpaqda əkilmiş toxum kimidir - cücərə bilmir ki, bilmir.

Ona görə də Rusiyanın ən böyük problemi bilirsiniz nədir? Köhnə və böyük Rusiya, yəni mühafizəkar qanad güclüdür. Amma gənc Rusiya düz iki yüz ildə özünün əsas işini görüb qurtara bilməyib - Rusiya liberalını yetişdirə bilməyib.

Liberal adam hələ də Rusiyada ən yaxşı halda yad ünsürdür, ən pis halda isə o, "beşinci kolon"dur – onu heç kim özününkü hesab etmir.

Tarix
2015.07.31 / 08:30
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla