Yuxarı

İbrahim Tatlısəsi heyran qoyan Bərdəli – Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məhv olmuş istedad" layihəsində

Təəssüf ki, mətbuatda onun haqda məlumat çox azdır. Bu qədər böyük istedadına – bənzərsiz səsinə rəğmən, Vidadi Bərdəli axtarış sistemlərində təkcə ölüm xəbəri ilə yadda qalıb.

Amma yalnız axtarış sistemlərində. Nisbətən orta nəsil yaxşı xatırlayır: o vaxt Vidadi Bərdəlinin oxuduğu toylarda alqış səsindən oturmaq olmurdu. Toyxananın hər künc-bucağından bir baş boylanırdı içəri. Hətta çağırılmamış qonaqlar, yaxından-uzaqdan xəbər tutanlar da Vidadi Bərdəlinin səsini eşitmək üçün o məclisə gəlirdilər...

Vidadi Bərdəli 9 iyul 1959-cu ildə Bərdədə anadan olub. Hələ gənclik vaxtlarından müxtəlif toy məclislərinə, el şənliklərinə dəvət olunan müğənninin ifası sonradan paytaxta da səs salır...

Sənətçinin dostu Manaf Ağayevin onun haqda xatirələrini Axar.az-la bölüşür:

"Vidadi Bərdəli ilə bağlı o qədər xatirələrim var ki! Dəfələrlə bir yerdə məclislərdə olmuşuq. Gənc vaxtlarımızda o, "Qarabağlılar" restoranında solist idi. Mən ona qulaq asmışam, ondan sənət görmüşəm. Vidadinin sənətinin əvəzi yoxdur. Bundan sonra da oxuyan çox olacaq, amma o səsdən, o diapazondan bir də olmayacaq. Onun səsi, həqiqətən də, bənzərsiz idi. Bu səs ona vergi kimi verilmişdi. Vidadi insan kimi də çox yaxşı, sakit, mehriban adam idi. Ən əsası, gözəl dost idi. Heç vaxt kiməsə paxıllıq eləməzdi.

Vidadi Bərdəlinin sənəti haqda çox danışmaq olar. Hətta türk musiqisinin imperatoru İbrahim Tatlısəs də onun səsini eşidəndə belə bir söz demişdi: "Azərbaycanda çox müğənni var, amma Vidadi Bərdəli başqa bir dəryadır, aləmdir". Bunu bizə kasetdə göstərmişdi. Həmin video ailəsindədir.

Deyib-gülən adam idi. Son zamanlar sanki öləcəyini bilirdi – çox maraqlı idi ki, tez-tez ölümdən danışırdı. Onun həyatında pis nə var idisə, hamısı öz səhvlərinin nəticəsidir. Səhlənkar idi, efirə meylli deyildi, fonoqram oxumazdı heç vaxt, oxuya da bilmirdi. Onunku təbiilik idi, həmişə canlı oxuyurdu. Ona görə də efirdən kənar olurdu".

Vidadi Bərdəli sənətinin davamçısı, müğənni Tuncay Bərdəli də sənətkarın həyat və yaradıcılığı ilə bağlı təəssüratlarını Axar.az-la bölüşüb. O, Vidadi Bərdəlinin həm müğənni, həm də insan kimi əvəzsiz biri olduğunu deyir:

"Təəssüf ki, əmim Vidadi Bərdəli bu gün aramızda deyil. Onun yoxluğu bizim üçün böyük itkidir. Əmim çox gözəl insan idi. Əliaçıq, kövrək, ehtiyacı olana əl tutan...

Şəxsiyyət və sənətkar kimi də əvəzolunmaz biri idi. Biz əmimlə bir çox el şənliyində olmuşuq. O, puldan çox dostluğa, qardaşlığa, insanlığa dəyər verirdi. Bir müğənni kimi isə səsinin bənzəri olmayıb".

Sənətkarın erkən yaşda dünyasını dəyişməsi hər kəs üçün gözlənilməz oldu. Bəziləri onun həddindən artıq spirtli içki içdiyinə görə belə tez vəfat etdiyini desə də, ailəsi bu iddiaları qəbul etmir:

"Vidadi Bərdəlini heç bir səbəb məhvə sürükləməyib. İndiki zamanda el şənliklərində yeyib-içməyən sənətkar çətin tapılar. Süfrə açdırmağı, yeyib-içməyi sevən adam idi. Onun ölümünün içki ilə heç bir əlaqəsi olmayıb. Heç kim bir ömür sağ qalacağından sığortalanmayıb. Bu da onun alın yazısı idi. Sadəcə, əmim hər şeyi ürəyinə salan, özünə dərd edən, kövrək bir insan olub. Ətrafında onu əsəbiləşdirən adamlar var idi. Hansı ki, həmin adamlar əmimin ölümündən sonra onu "içki düşkünü" adlandırdılar. Əslində isə həqiqət belə deyildi... Ümumiyyətlə, ölən adamın arxasınca danışmazlar, xüsusilə, o, böyük sənətkardırsa".

Bu cür səsinə rəğmən niyə kifayət qədər tanınmadığını soruşuruq, Tuncay bəy etiraz edir:

"Vidadi Bərdəli bu gün bəzi dəridən-qabıqdan çıxan müğənnilərdən daha məşhurdur. Allah ona elə bir səs vermişdi ki, onun reklama ehtiyacı yox idi. İstedadı sayəsində ölkədə kifayət qədər tanınırdı. Atamla bir yerdə Moskva, Sankt-Peterburq, Vladivostok, Kazan, Minsk, Türkiyə, İran və başqa yerlərdə yaşayan azərbaycanlıların toy məclislərinə, el şənliklərinə dəvət olunurdu. Onu hər yerdə sevirdilər. Lakin istedadını gözü götürməyənlər də var idi. Onun sağlığında ayağının altını qazanlar da olub. Amma Vidadi Bərdəli düşmənçilik etməyi sevməzdi. O, bütün müğənnilərlə, sənətçilərlə xoş münasibətdə olub, hörmət saxlayıb. Ümumiyyətlə, heç kimlə dava etməzdi, mübahisələrə baş qoşmazdı.

Amma əmimin yaxşı dostları da var ki, hər dəfə "Sənsizəm" mahnısını mənim ifamda eşidəndə onu yada salırlar. Mən onun sənətini davam etdirdiyimə görə böyük fəxarət hissi keçirirəm".

Manaf Ağayevin danışdığı məsələni Tuncay bəy də təsdiq edir:

"Bir çox sənətkar əmimin sənətini qiymətləndirib. Böyük türk müğənnisi İbrahim Tatlısəs də əmim haqda yüksək fikirlər səsləndirmişdi. Demişdi ki, mən belə bir səs eşitməmişəm: "Qardaş, bu necə səsdir?! Mən sənə "Azərbaycan musiqisinin imperatoru" deyərdim".

Tuncay bəy deyir ki, zaman keçdikcə onun unudulmaz olduğuna bir daha əmin olur. Çünki bu gün də əksər məclislərdə Vidadi Bərdəli xatırlanır, onun möhtəşəm ifasından danışılır.

Ömrü boyu səsi ilə insanları məclislərə çağıran müğənni sonuncu dəfə səssizliyi ilə onları öz yasına dəvət etdi. "İmperator"u belə özünə heyran qoyan Vidadi Bərdəli sənətinin təzə-təzə ekranlarda parladığı bir vaxtda – 2012-ci ilin 30 noyabrında 53 yaşında beyninə qan sızması nəticəsində vəfat etdi.

Mərhum sənətkarın toy məclislərindən birindən hazırlanan ifasını təqdim edirik.

Tarix
2015.07.31 / 08:45
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla