Yuxarı

Dekanın ölümü, hakim ədaləti və ... - İlk cəza

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu şəkil Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinova məxsusdur. İyulun 31-dən verdiyi ədalətli qərarla medianın əsas səhifələrində yer alan hakimin buna kifayət qədər haqqı var.

Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) ölüm işi ilə bağlı istintaq və məhkəmə prosesləri 2 ilə yaxındır davam edir.

Əvvəldən cinayət işinin və ölüm faktının araşdırılmasının, demək olar ki, içində olan jurnalist kimi, proseslərin hardan hara gəldiyinin şahidi olmuşam. Ona görə də tam məsuliyyəti ilə deyə bilərəm ki, uğursuz əməliyyatda həyat yoldaşını itirən həmkarımız Anar Niftəliyevin problemə bir ailənin faciəsi kimi deyil, yüzlərlə körpənin gözüyaşlı qalmasına mane olmaq prinsipi ilə yanaşması ədalətli qərarla nəticələndi. Burada proseslərin gedişini daim diqqətdə saxlayan medianın əhəmiyyətli rolu da danılmazdır.

Həkimlər həqiqətənmi təqsirsizdi?

Bəllidir ki, son illərdə xəstəxanalarda, doğum evlərində ölüm faktlarının artması media ilə yanaşı, sadə vətəndaşları da dilə gətirdi. Ölənlərin yaxınları həkim səhlənkarlığından hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etsələr də, həkimlərə cinayət işinin açılmasına, hər hansı cəzanın verilməsinə nail ola bilməyiblər. Demək olar ki, bütün şikayətlərdə "həkimlərin təqsiri olmadığı üzə çıxıb" və yaxınını itirən adamlar taleləri ilə barışıb proseslərdən geri çəkiliblər. Bu, heç də həmin vətəndaşların səriştəsiz, bəzi hallarda savadsız olması ilə bağlı deyil. Həkimlərin cəzasız qalmasında bir sıra subyektiv amillərin, rüşvət məqamlarının olması danılmazdır.

Həkim səhlənkarlığından dünyasını dəyişən şəxslərin sayının durmadan artması bu tendensiyanın qarşısının alınmasını zəruri edirdi. Səhlənkarlıq edən həkimlərə qarşı bəzi hallarda cinayət işinin başlanmaması, bəzi hallarda isə onların əsassız olaraq xitam olunması bu cinayətlərin qurbanlarının sayının artmasına səbəb olmuşdu.

Elnarə Tofiqqızının ölümü ilə bağlı aparılan cinayət işi və məhkəmə proseslərini daim diqqətdə saxlamağımızın əsas səbəbi də həkim səhlənkarlıqlarının ictimai təhlükəlilik dərəcəsini cəmiyyət və səlahiyyət sahiblərinə çatdırmaqla bunun qarşısını almağa nail olmaqdır. Başqa sözlə, bir ananın adi həkim səhvindən dünyasını dəyişməsi tək bir ailənin deyil, bütövlükdə cəmiyyətin, səhiyyə sisteminin və onun fəaliyyətinə nəzarət etməli olan hüquq-mühafizə orqanlarının problemi olmalıdır. Bu, həm də bir vicdan məsələsi olmalıdır. Çünki heç kəs həyatda heç nədən sığortalanmayıb. Ancaq təəssüf ki, indiyədək həkimlərin bacarıqsızlığı, səhlənkarlığı, bəzən isə texniki avadanlıqların imkanlarının zəif olması üzündən xəstələr həyatlarını, körpələr analarını, valideynlər övladlarını itirməyə məhkum olublar. Və bu cinayətlər cavabsız qaldıqca, günbəgün artır.

Həkimləri nüfuzdan salan gərəksiz əməliyyatlar

Hüquq ictimaiyyəti bunu qanunlarda həkim məsuliyyətinin nəzərədə tutulmaması ilə izah edirlər. Səhiyyə işçiləri, ekspert komissiyaları isə birmənalı olaraq həkimlərin doğru qərar verdiklərinə, xəstədə olan ciddi patalogiyaların ölümlə nəticələndiyinə rəy verirlər.

Araşdırmalar göstərdi ki, həkimlərin, onların çalışdığı tibb müəssisələrinin cəzalandırılması sistemində ciddi boşluqlar mövcuddur. Bunun mühüm səbəblərindən biri də icbari tibbi sığortanın hələ də tətbiq olunmamasıdır.

Hələ xeyli əvvəl mərhum Elnarə Tofiqqızının ölüm faktını araşdırarkən, maraqlı bir məqam da üzə çıxdı. Belə ki, əməliyyatdan əvvəl həkimlər ona süd vəzinin popilloması diaqnozu qoyublar. Bir necə xəstəxanada müayinədən keçən xanıma hər dəfə müxtəlif qərarlar veriblər; həkimlərin bəzisi xəstəliyin ciddi həkim müdaxiləsi tələb etmədiyini desə də, ailəyə yaxın olan həkim Fərəcullah İdrisov E.Tofiqızını və yaxınlarını yalnız əməliyyatla sağalacağına inandıraraq, onları razılaşdırıb. Halbuki, tibbi ədəbiyyatlar, eləcə də bu sahədə təcrübəsi olan həkimlər deyirlər ki, popilloma əməliyyatsız sağalan xəstəlikdir və o qədər də ciddi problem hesab olunmur. Ailəni narazı salan ən mühüm amil də məhz həkimin onları bilərəkdən, pul qazanmaq xatirinə aldatmasıdır. Bu cür hallar isə, ilk növbədə, əhalinin həkimlərə, səhiyyə sisteminə onsuz da az olan inamını, etibarını sıfıra endirdi.

Hakim vicdanının səsi - ilk presedentlər

Lakin ötən gün Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun qatil həkimlərin cərimələnməsi və "Medi Sina" Tibb Mərkəzinə qarşı cinayət işinin başlanmasına dair qərarı ədalətin hələ tam ölmədiyini, onu qazanmaq üçün isə illərlə keçilməz yolları aşmaq tələb olunduğunu göstərdi. Məhz Anar Niftəliyevin qətiyyəti, ona bu işdə yardım edən vəkillərin ağır zəhməti sayəsində, nəhayət, Azərbaycanın məhkəmə təcrübəsində ilk presedentlər yarandı. Bəli, məhz presedentlər.

İkram Şirinov, həkimlərin insan ölümünə səbəb olduqlarını əsas tutaraq onları cərimələməklə yanaşı, əməliyyatın həyata keçirildiyi klinikaya qarşı cinayət işinin başlanmasına qərar verməklə ikinci presedentə imza atdı. İndiyədək dövlət və özəl klinikalarda baş verən yüzlərlə ölüm faktlarının araşdırılması uzağı rayon məhkəməsindən o yana getməyib və bütün hallarda hüquq-mühafizə orqanları "ölən günahkardır" prizmasından çıxış edərək qatil həkimlərə fəaliyyət azadlığı veriblər. Ona görə də xəstələr həkimlərə, şikayətçilər hakimlərə güvənmirlər. Lakin İkram Şirinovun vicdanının səsi ilə qəbul etdiyi son qərar içimizdə ölən ümudlərimizə yeni nəfəs verdi.

"Medi Sina" klinikasının ancaq adı qalıb

Məlum əməliyyat zamanı klinikanın baş həkimi olan Abbas Bağırov hadisələrin ağırlığına dayana bilməyərək dərhal vəzifəsindən istefa verdi. Hazırda Yasamal rayonunda başqa bir klinikaya rəhbərlik edən A.Bağırovun istefası məsuliyyətdən canını qurtarmasına heç bir əsas vermir.

Onu da deyək ki, ölüm faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda "Medi Sina" Tibb Mərkəzi ilə bağlı cinayət işinin başlanmasından sonra klinika təmir adı ilə fəaliyyətini dayandırıb. Lakin məhkəmənin lisenziyasız fəaliyyətlə məşğul olmasını təsdiqləyən qərarından sonra orada ciddi araşdırmaların aparılacağı da qaçılmaz olacaq. Bu, həm də hazırda aşkar-gizli belə qanunsuz fəaliyətlə məşğul olan klinikaların işinə də təsirsiz qalmayacaq.

Özəl klinikalara nəzarət çox zəifdir

Yeri gəlmişkən, məhkəmə klinikanın E.Tofiqqızının ölümündə cinayətkarcasına davrandığı, Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla qətlə şərait yaratdığı qənaətinə gəlib. Bunu əsas gətirərək, hakim "Medi Sina" klinikasına qarşı cinayət işi qaldırılması və Baş Prokurorluğa göndərilməsinə qərar verib. Eyni zamanda klinikanın əmlakına həbs qoyulub.

Təcrübəmizdə dövlət müəssisəsində çalışan həkimlərin artıq pul qazanmaq həvəsilə özəl klinikalarda əməliyyat etdiklərinə tez-tez rast gəlirik. Onlar orada heç bir müqavilə bağlamadan, əlbəttə ki, müəyyən məbləğ qarşılığında baş həkimlə şifahi razılıq əsasında, xəstələri məcburi qaydada oraya yönəldirlər. Özəl klinikalar isə lisenziya tələblərinə uyğun olub-olmamasını nəzərə almadan, bütün hallarda həmin həkimlərə "yaşıl işıq" yandırırlar. Əməliyyatlar uğursuzluqla nəticələndikdə isə ölənlərin yaxınları hüquq-mühafizə orqanlarında dəlil-sübutsuz qaldıqları üçün haqsız çıxarılırlar. Çünki həmin oğurluq əməliyyatlar heç yerdə qeydiyyata alınmır, ödənişlər qeyri-rəsmi aparılır, müqavilələri şifahi razılaşmalar əvəz edir. Bunu bu yaxınlarda bir sənədin axtarışı ilə bağlı müraciət etdiyimiz özəl klinikalardan birinin baş həkimi özü də etiraf etdi.

Hakimin ən dəyərli əmlakı onun vicdanıdır

Belə bir şəraitdə hakim İkram Şirinovun E.Tofiqqızının ölümünə səbəb olan həkimlər - Firuz İbrahimov, Mahir Abdullayev və Fərəcullah İdrisovun, eləcə də onların gizli əməliyyat apardıqları klinikanın cərimələnməsi barədə qərarı məhkəmə sistemində həkim səhlənkarlıqlarına qiymət verilməsi ilə bağlı ciddi dönüş yaradacaq. Doğrudur, vəkillərin də qeyd etdiyi kimi, bu, prosesin sonu deyil. Təbii ki, qərardan narazı qalan qarşı tərəf, eləcə də təzminat məbləğlərinin az olmasına etiraz edən zərərçəkən Anar Niftəliyevin qərardan şikayət edəcəkləri istisna edilmir. Buna görə həmin sənədin qüvvəyə minməsi hələ xeyli vaxt aparacaq. Ancaq hər bir halda hakimin bu qərarla Azərbaycanın məhkəmə tarixində xüsusi ehtiramla yad ediləcəyini danmaq olmaz. Bu qərar vətəndaşların ədalət mühakiməsinə, qərarların yuxarıdan tapşırıqla deyil, vicdanın səsi ilə veriləcəyinə inamını artıracaq. Beləliklə, bir vicdanlı qərarla bir ailənin deyil, bütün cəmiyyətin rəğbətini qazanan məhkəmənin və hakimin bundan dəyərli əmlakı ola bilməz.

P.S. Bu gün mən də bir ilkə imza atmaq istəyirəm. Təcrübəmdə ilk dəfə olaraq Azərbaycanın məhkəmə sistemində müsbət nümunəni şərh etdim. Hüquq-mühafizə sisteminin bütün sahələrinə dair belə şərhlər yazmaq və oxumaq arzusu ilə...

Strateq.az

Tarix
2015.08.02 / 15:18
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla