Yuxarı

“Terror sərhədimizə yaxınlaşır: Bakı tədbir almalıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan terrorla mübarizəyə hazır olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, qonşu Türkiyədə baş verən hadisələr Azərbaycan üçün də ciddi siqnaldır:

"Türkiyə terrorla mübarizəni gücləndirib. Çoxlarının gözləmədiyi halda Ankara eyni zamanda həm İŞİD, həm də PKK-ya qarşı zərbələr endirir. Son vaxtlara qədər Ankara İŞİD-lə üz-üzə gəlməməyə çalışırdı. İŞİD-in özü İraq və Suriyada müharibə aparsa və Qərb ölkələrinin vətəndaşlarını hədəf alsa da, son vaxta qədər Türkiyə ərazisində terror həyata keçirmidi. Ancaq İŞİD üzvünün Türkiyənin Şanlı Urfa şəhərində həyata keçirdiyi terror aksiyası Ankaranı hərəkətə keçməyə məcbur etdi. Əslində, İŞİD Şanlı Urfada radikal kürdələrə dəstək verən qrupa qarşı terror aksiyası keçirmişdi. Ancaq ölənlər Türkiyə vətəndaşları olduğundan Ankaranın İŞİD-ə qarşı siyasətini sərtləşdirməkdən başqa alternativi qalmadı".

Mütəxəssisin sözlərinə görə, PKK ilə İŞİD arasında heç bir fərq qoymayan rəsmi Ankara Qərbdən dəstək alıb:

"Türkiyə ordusu eyni zamanda PKK mövqelərini də bombalayır. Çünki PKK terrorçuları da bir neçə Türkiyə zabit və əsgərini qətlə yetiriblər. Ankaranın iki cəbhədə savaşmasının önəmli səbəblər var:

Birincisi, Ankara həm Türkiyə, həm də dünya ictimaiyyətinə göstərir ki, onun üçün İŞİD-lə PKK arasında fərq yoxdur. Hər ikisi terror təşkilatıdır. Ona görə də Ankara yalnız İŞİD-in mövqelərini bombalaya bilməzdi. Bu halda Türkiyə ictimaiyyəti düşünəcəkdi ki, Ankara PKK-nı terrorçu siyahıdan çıxarıb. Bu da Türkiyədəki millətçi türklər arasında narazılıq yaradacaqdı və hakim Ədalət və İnkişaf Partiyasının reytinqi azalacaqdı. Buna görə də Ankara İŞİD-lə eyni zamanda PKK mövqelərini də bombalayır.

İkincisi, Ankara Qərbə mesaj göndərir ki, ABŞ və Avropa Birliyi ölkələri Türkiyənin PKK-ya qarşı hücum planını müdafiə etsin. Vaşiqnton Türkiyənin bu hüququnu tanıyıb. Çünki bunun qarşıslığında ABŞ Türkiyənin Adanadakı hərbi bazasından İŞİD-ə qarşı istifadə etmək hüququ qazanıb. Əvvəllər Ankara ABŞ-a Adanadakı İncirlik hərbi bazasından İŞİD-ə hava zərbələri endirməyə icazə vermirdi. İndi isə bu icazə var. ABŞ-dan fərqli olaraq Avropa Birliyinin bəzi ölkələri Türkiyənin İŞİD-lə yanaşı PKK-ya qarşı hücumlarına ehtiyatla yanaşır, bu məsələdə Ankaraya dəstək vermirlər. Ancaq pisləmirlər də. Bunun özü Ankara üçün yetərlidir. Çünki əvvəllər Avropa ölkələri Ankaranı PKK ilə dialoqa və anlaşmaya çağırırdı.

Üçüncüsü, Türkiyə Prezident Rəcəb Təyyub Ərdoğanın PKK-ya qarşı hava zərbələrini intensivləşdirməkdə daxili siyasi məqsədi də var. Ərdoğan bu yolla PKK-nın siyasi qanadı olan və Türkiyə parlamentində 80 deputatla təmsil olunan Xalqların Demokratik Partiyasını zəiflətmək istəyir. Bu partiya parlament seçkilərində 13 faiz səs toplamaqla Ədalət və İnkişaf Partiyasının təkbaşına hökumət qurmasına mane olub. Gələcəkdə koalisiya hökuməti qurula bilməsə, Ərdoğan təkrar parlament seçkiləri təyin edəcək. Bu dəfə isə Ərdoğan çalışacaq ki, Xalqların Demokratik Partiyası 10 faizlik həddi aşmasın. Bu halda Ədalət və İnkişaf Partiyası təkbaşına hökumət qura biləcək və Ərdoğan prezidentin səlahiyyətlərini artıran Konstitusiya dəyişikliklərini reallaşdıra biləcək. Xalqların Demokratik Partiyasının rəhbərliyi PKK terroruna qarşı açıqlama vermir, türk əsgər və zabitlərinin qətllərini pisləmir. Bu da Türkiyə ictimaiyyətinin narazılığına səbəb olur və HDP-nin reytinqi aşağı düşür. Bu faktor Ərdoğan üçün münasibdir.

PKK Türkiyə daxilində fəallaşıb. Terror aksiyalarının sayı artıb. Belə görünür ki, Ərdoğan PKK ilə qeyri-rəsmi danışıqları dayandırıb və terrorçuları zəiflətməyənə qədər onlarla danışıqları bərpa etməyəcək. Bu mərhələ Türkiyə üçün gərgin keçəcək".

E.Şahinoğlu bildirib ki, Azərbaycanda PKK və İŞİD-ə simpatiyası olanlar var. Bu faktor Azərbaycan hakimiyyətini və ictimaiyyətini narahat etməlidir:

"Türkiyədə gərginləşən vəziyyət Azərbaycan üçün də ciddi siqnaldır. Çünki Azərbaycanda həm İŞİD-ə, həm də PKK-ya simpatiyası olanlar var. Məsələn, 30 milyonluq İstanbulda İŞİD-in təmsilçisi Azərbaycan vətəndaşı Abdulla Abdullayev idi. Türkiyə polisi onu həbs edib. Abdulla Abdullayev Azərbaycan və Türkiyə vətəndaşlarını gizli yollarla Suriya və İraqa göndərirdi. İŞİD sıralarında vuruşan azərbaycanıların terror təcrübəsi getdikcə artır. Onlar İŞİD-in bölmələrinə rəhbərlik edirlər. Bu faktor Azərbaycan hakimiyyətini və ictimaiyyətini narahat etməlidir. İŞİD fəaliyyət imkanlarını getdikcə genişləndirir və onlar Qərbin bölgədəki iqtisadi və enerji maraqlarını da hədəf ala bilərlər. Qərbin bölgədəki enerji maraqlarından biri də Azərbaycandır.

Azərbaycandan PKK sıralarına qoşulanlar da var. Məsələn, Türkiyə universitetlərində oxuyan 3 azərbaycanlı tələbə təhsillərini ataraq dağlara gedib PKK-ya qoşulublar. İndi onlar PKK rəhbərlərinin terrorla bağlı tapşırıqlarını yerinə yetirirlər. PKK Türkiyə üzərindən Azərbaycan sərhədinə də xeyli yaxınlaşıb. Bir müddət öncə PKK terrorçuları Azərbaycanın Naxçıvan bölgəsinə yaxın sərhəd məntəqəsində yük maşınını partlatmışdılar. PKK-çıların Naxçıvana keçməsi ehtimalı az deyil.

Azərbaycan rəsmiləri Ankaranın İŞİD və PKK-ya qarşı hava zərbələrinə dəstək verən açıqlamalar veriblər. Bu, doğru siyasətdir. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir və Ankara Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsini pisləyir, bu məsələdə rəsmi Bakıya dəstək verir.

Azərbaycan hakimiyyəti eyni zamanda İŞİD və PKK-nın Türkiyəyə qarşı terror aksiyalarını ciddi nəticələr çıxarmalıdır. Belə bir zamanda Bakı Vaşinqtonla münasibətlərdə gərginliyə yol verilməməlidir. Rəsmi Ankaranın da uzun müddət Vaşinqtonla münasibətlərində soyuqluq var idi. Ancaq elə ki, İŞİD və PKK terrorçuları Türkiyəyə qarşı fəallaşdılar, Ankara Vaşinqtondan dəstək istədi. Belə bir dəstəyə Azərbaycanın da ehtiyacı ola bilər. Digər tərəfdən, İŞİD və PKK sıralarında azərbaycanıların sayının artdığını nəzərə alaraq Azərbaycanla Türkiyənin kəşfiyyat orqanlarının əməkdaşlıqlarını genişləndirməsi də zəruridir".

Tarix
2015.08.03 / 12:07
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla