Yuxarı

Nazir müavininin itkin düşən oğlu

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli İstiqlal Muzeyinin dəyərli eksponatları arasında Milli Qəhrəman Hikmət Nəzərlinin də şəxsi əşyaları var. Muzeyin əməkdaşlarının dediklərinə görə, Xocalı şəhərinin müdafiəsi uğrunda əvəzsiz xidmətləri olmuş Hikmətin taleyindən heç kimin məlumatı yoxdu. Onu nə Ağdama gətirilən meyitlərin, nə də əsir düşərgələrindəki girovların arasında görən olub. Anası Mənsurə xanım oğlunun hələ də sağ olduğunu hesab edir. Deyir, hər qapı döyüləndə, elə bilir, Hikmət qapıdan girəcək.

Hikmət Baba oğlu Nəzərli 7 mart 1966-cı ildə Bakı şəhərində doğulub. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə gedib, sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçüb. 1982-ci ildə Bakıya qayıdan Hikmət 1984-cü ildə hərbi xidmətə çağırılıb. Gürcüstanda hərbi xidmətdə olub, 1986-cı ildə ordudan tərxis edilib və DİN-nin Yanğından Mühafizə İdarəsinə işə qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Gələndə ayaqlarının altı cadar-cadar idi

"Gələn il mart ayında Hikmətin əlli yaşı olacaq. Çox istərdim ki, onun adını daşıyan bir küçə, bir məktəb olsun".

Bunu Milli Qəhrəman Hikmət Nəzərlinin anası deyir. Onunla elə öz evlərində görüşdüm. Mənsurə xanım əlildi, yeriyə bilmir. Deyir, oğlundan sonra evə qapılmaqdan ayaqları tutulub. Xəstəliyinin adı və müalicəsinin olub-olmadığı ilə bağlı soruşdum. Cavab verdi ki, sümük xəstəliyidi. Əməliyyat olunması tövsiyə olunsa da, buna razılıq vermir. Oğlundan xəbər gözləyir:

– Hələ 20 Yanvar hadisələrində onu evdə saxlaya bilmirdim. 19-u yanvar gecəsi hər yerdən güllə səsləri gəlirdi, onu çətinliklə tapıb evə sala bilmişdim. Yatdığım otaqda döşəmədən yer saldım ki, getsə, xəbər tuta bilim. Səhər saat beş olardı, gördüm ki, qapı sakitcə açıldı və kimsə özünü çölə saldı. Mən qapıya çatana kimi Hikmət xeyli aralanmışdı, arxadan nə qədər çağırsam da, qayıtmadı. Onu iki gün görmədim. Bilmirdim, sağdı, yoxsa başına bir iş gəlib. Sonra mənə dedilər ki, Hikməti Şəhidlər Xiyabanında görüblər, şəhidlərin dəfninə kömək edirmiş. İki gündən sonra evə gələndə ayaqlarının altı cadar-cadar idi. Tez-tez döyüş təlimlərinə gedirdi. Bir dəfə məndən hərbi biletini istədi, guya iş yerindən tələb ediblər.

Atası Baba Nəzərli Müdafiə nazirinin müavini idi. Qarabağa silah və ərzaq aparılmasına kömək edirdi. Dedi ki, tapşıraram əsgərləri aparan avtobus gedəndə evimizin yanından keçər, düşüb Hikmətlə görüşərsən. Avtobusun qapısında dayananda içəridə bir-birindən gözəl, bir-birindən boylu-buxunlu cavanları gördüm, Hikməti yolundan etməyə dilim gəlmədi. Əsgərlərdən biri dedi ki, ana, narahat olma, biz qayıdacağıq. Ön cəbhəyə dövlət tərəfindən heç bir dəstək yox idi. Hansısa döyüş əməliyyatını yerinə yetirəndə Hikmət çaya düşmüşdü, qıcolma tutmuşdu deyə, onu evə gətirmişdilər. Çox arıqlamışdı, əvvəlki cüssəli Hikmətdən əsər-əlamət qalmamışdı. Onlar ilk dəfə cəbhəyə yollananda dekabrın sonları idi. Hikmətlə birlikdə gedən otuz iki nəfər Ağdamda düşsə də, onlardan on iki nəfər vəziyyəti, şəraiti görüb qaçmışdı, iyirmi bir nəfər isə Xocalını müdafiə etməyə yollanmışdı...

Mənsurə xanım əlinin altındakı salfetlərdən birini götürüb gözünün yaşını sildi. Birdən mənə elə gəldi ki, Mənsurə xanımın danışmaqdan çox susmağa ehtiyacı var. Bəlkə də belə insanların dərdini tərpətdiyimə görə məni heç vaxt bağışlamayacaq Yaradan. Onun gözlərindən tökülən yaş deyildi, od parçasıydı. Düşdüyü yeri yandırardı. Amma Mənsurə xanım onları düşməyə qoymurdu, salfet əlində idi...

Bir rus generalını tutduqlarına görə onları...

– Hikmət yanına gələn döyüşçü dostlarına tapşırdı ki, hərbi formasını aparsınlar, gedə bilməyəcək. Dedi, ana, görürsən, mən qalıram. Onun dostları ilə him-cimlə danışması gözümdən yayınmadı. Avtobus yenə bizim həyətdən keçəcəkdi. Səhər qalxdı ki, döyüşçü dostlarını yola salsın. Dedim, Hikmət, axı sənin vəziyyətin yaxşı deyil, onları yola salmasan, səndən inciməzlər. Cavab verdi ki, narahat olma, indi qayıdıram. Düşdü aşağı. Mən də pəncərədən baxırdım. Avtobusda hərbi formasını geyindiyini görəndə başa düşdüm ki, onu saxlamaq mümkün olmayacaq. Əlini yelləyib sağollaşdı, heç əlimi də qaldırmadım, üzümü yana tutdum.

Sonra onunla ancaq telefonla əlaqə yarada bildik. Zəng elədi ki, ata, kömək elə vertolyot göndərsinlər, şəhid olmuş döyüşçünü göndərək ailəsinə. Atası dedi, ay oğul, lap pul da verirəm, heç kim uçmur. Xocalı artıq blokadada idi. Ora nə ərzaq aparırdılar, nə silah. Şəhidi elə oradaca dəfn eləmişdilər. Vəziyyət olduqca qarışıq idi. Bir rus generalını tutduqlarına görə onları bərk danlamışdılar. Aqil komandirləri idi, onlara edilən təzyiqlərə görə bərk əsəbiləşibmiş. Deyibmiş ki, necə olur, düşməni əsir götürürük, bizə xəbərdarlıq edirlər ki, onu azad etməsəniz, tribunala gedəcəksiniz. Burada oyun oynayırıq?

Onunla sonuncu dəfə ayın 19-u danışmışdım. Telefonda dedim ki, özün gördün axı vəziyyəti, yenidən niyə qayıtdın ora? Hikmət dedi ki, ana, o camaat axı bizdən kömək gözləyir. Heç bir ərzaq gəlməyən ərazidə əhali boğazından kəsib əsgərləri yedirdir ki, siz bizi qoruyursunuz. Axı onların başqa ümid yeri yoxdu.

Adını unutduğum adam danışırdı ki, Hikməti görəndə yaralı idi. Buna baxmayaraq, o, zirzəmilərdə gizlənmiş adamları şəhərdən çıxardıb geri qayıtmışdı. Sakinlərin sözlərinə görə, o, daha dörd nəfərlə postda olanda üstlərindən düşmən tankı keçib. Digər döyüşçülər başı kəsilmiş, güllələnmiş şəkildə tapılsa da, o dörd nəfərdən xəbər çıxmadı. Evimizə müxtəlif zənglər gəlirdi. Ofeliya adlı qadın da zəng edirdi ki, Hikməti yaralı halda Ağdamda görüb. Vertolyota minməli idi, amma yerini həmin qadına verib. Maraqlıdır, Hikmət Ağdama necə gələ bilərdi? O qadın kim idi? Bizim evin nömrəsini hardan almışdı? Sonra dedilər ki, guya Hikməti bir qrup yaralı döyüşçü ilə birlikdə Gəncəyə göndəriblər. Yoldaşım Gəncəyə, Bərdəyə, Mingəçevirə – hara dedilər, ora getdi, amma Hikməti tapa bilmədi. Sağ qalan döyüşçü dostları danışırdı ki, Hikmət bir dəstə erməni hərbçisini qaz kontorunda girov götürmüşdü. Onun avtomatını isə bizə gətirmişdilər, döyüşçülər lazım olanda o silahı bizdən götürüb cəbhəyə düşmən vurmağa gedirdilər. Sonra biz onu təhvil verdik.

Avtomatları necə oğurladıqlarından danışırdı

– Gedəndə silahını burada qoymuşdu?

– Yox, axı silah az idi. Özü minaatanla atırdı. Avtomatını isə döyüşçü dostlarına vermişdi, onlar da silahı bizə gətirmişdilər. Hikmət söz danışan deyildi, amma elə məqamlar var idi ki, özünü saxlaya bilmirdi. Yatdıqları yerdən avtomatları necə oğurladıqlarından danışırdı. Deyirdi, gecə işıqları söndürüb özlərini yatmışlığa vururmuşlar, bəzən isə səhərə qədər oyaq qalırmışlar ki, silah oğrularını tapa bilsinlər. Bu o dövr idi ki, müdafiə olunmağa silah tapılmırdı. Amma kimlərsə satmaq üçün avtomat oğurlayırdı. İfşa olunmuş oğrulara isə heç bir cəza verilmədi. Buna görə də əsgərlər arasında ruh düşkünlüyü var idi.

– Hikməti axtarmaq üçün yəqin ki, cəhdlər edirdiniz. Getdiyiniz ünvanlarda ümid işığı var idimi?

– Yoldaşım özü bir kəşfiyyatçını Moskvaya göndərmişdi. Həmin adam Hikmətlə birgə itkin düşmüş həmin üç nəfərin də şəklini özü ilə götürmüşdü. Amma heç bir nəticə əldə etməmişdi. Xəbər gətirdi ki, əsrlərin saxlandığı bütün həbsxanalara, zirzəmilərə baxsa da, onların heç biri haqqında məlumat ala bilməyib. Görünür, Xocalı sakinləri düz deyib, bəlkə də onların üstündən postda tank keçib.

Bir ananın oğlu haqqında bu cür danışması çox dəhşətlidi, ifadəolunmazdı. Bunları deyərkən səsindəki əzabı, içindən keçən ağrını hiss etməmək mümkün deyildi. Hərçənd, hadisənin üstündən az vaxt keçməyib.

– O bir sözümü iki eləməzdi. Belə atanın oğlu öz həyatını yaşamalı idi. İki yerdə işləyirdi, həm qarajda mühəndis idi, həm də taksi sürücüsü. Onu görən bir tanışımız deyib ki, atana deyəcəm bir oğlu saxlaya bilmirsənmi, gedib taksi sürücüsü işləyir? Hikmət ona cavab vermişdi ki, burda nə var, oğurluq ki eləmirəm! Olduqca zəhmətkeş idi. Gəlib deməzdi ki, ata, mənə pul ver.

Tabut açılandan sonra aydın oldu ki...

Mənsurə xanım Hikmətin axtarışı ilə bağlı mövzuya yenidən qayıtdı. Söhbət boyu ananın oğlunu tapacağı ilə bağlı ümidin ölümsüzlüyündən içimə qəribə bir hiss doldu. Bilmirsən gözləməkdən ayaqları tutulmuş ananın közərmiş ümidinin üfürüb yanmasına kömək edəsən, yoxsa işarıb-işarıb sönsün deyə, nəfəsini içinə çəkəsən.

- Hikmətin axtarışı ilə bağlı yenə də cəhdlər edirik. Bu yaxınlarda Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları bizdən DNK analizi üçün qan nümunəsi götürdü. Dedilər, kütləvi dəfnlər edilən yerlərdən çıxarılan meyitlər yoxlanılacaq.

Onun dirisini də, ölüsünü də çox axtardıq. Bizə deyirdilər ki, Hikmət tapılıb, tabut düzəltdirin. Yoldaşım hər dəfə gedib görürdü ki, Hikmətin cənazəsi deyil. Yoldaşım Hikmət adı ilə on dörd nəfər dəfn edib. Sonuncu dəfə yenə bir nəfərin tabutunu gətirdilər ki, daha bunu açmayın, oğlunuzdu. Mən dəvə yunundan bir poliver vermişdim Hikmətə, çox isti saxlayırdı. Hikmət deyirdi ki, ana, o poliveri posta kim çıxsa, o geyinir. Poliver tabutdakı şəhidin əynində idi deyə, adamlar onun Hikmət olduğuna inanmışdılar. Təbii ki, tabut açılandan sonra aydın oldu ki, o da Hikmət deyil...

Evlərindən çıxanda gözləri yolda qalmış anaya hansı təsəllini verəcəyim haqda düşündüm. Yadıma düşdü ki, xeyli Xocalı sakini ilə görüşmüşəm. Bəlkə də Hikmətin harada olduğunun cavabı o səs yazılarının arasındadı. Bəlkə də Xocalı camaatı ilə keçirilən bu silsilə görüşlərin birində tapılacaq Hikmət. Hər şeyə inanan deyiləm, amma elə bil, Mənsurə ananın közərən ümidi bir parça qopub ürəyimə düşmüşdü. Ananın sözləri qulaqlarımdan getmədi yolboyu: "Əvvəllər tez-tez yuxuma gələrdi. Bu günlərdə özümü çox pis hiss edirdim, evdəkilərə heç nə demədim. Özümdən getmişdim deyəsən, onda gördüm Hikmət yaxamdan bərk-bərk tutub silkələyir: "Ana, ana". Özümə gəldim. Siması elə gözəl idi ki..."

Tarix
2015.08.23 / 09:30
Müəllif
Feyziyyə Soltanmurad
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla