Yuxarı

“Heydər Əliyev Naxçıvanda bizə elə şeylər danışdı ki...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələsgər Məmmədov Azərbaycan kinematoqrafiyasında özünəməxsus yer tutan aktyorlarımızdandır. O, "Tehran-43", "Bəyin oğurlanması", "Xoşbəxtlik qayğıları", "Yol əhvalatı", "Qəm pəncərəsi" və başqa filmlərdə rol alıb.

Axar.az əməkdar artist Ələsgər Məmmədovla müsahibəni təqdim edir.

- Ələsgər müəllim, gəlin, bir az uzağa gedək, uşaqlığınıza...

- Mən Bakının məşhur "Kubinka" adlanan məhəlləsində doğulub, böyümüşəm. Tanınmış yer idi. Tapılmayan mallar orada tapılardı. Mənim doğum günüm bəşəriyyətin yenidən dünyaya gəldiyi vaxta təsadüf edir – İkinci Dünya müharibəsinin sonuna. Kasıbçılıq olub. 7 yaşımda atam rəhmətə gedib. Qardaşımın 2 yaşı var idi. 14 yaşım olanda təsadüfən Dram Teatrında tamaşaya baxdım. C.Cabbarlının "Almaz" və Şekspirin "Qış nağılı" əsərlərinə... Elə özümdən asılı olmayaraq xoşum gəldi sənətdən. Həmin vaxt "26-lar adına mədəniyyət sarayı" var idi. Professor Lütfi Məmmədbəyovun Xalq teatrı idi. Tamaşalarına biletlə gəlirdilər. Repertuarı da gözəl idi. Əvvəlcə, Lütfi müəllim məni götürmədi. Dedi ki, get Əkrəm müəllimin uşaq dram dərnəyinə. Dedim, yox, mən buranı istəyirəm. Kütləvi səhnələrə çıxaram. Səssiz rollara.

- 14 yaşınızda?

- Hə, 14 yaşımda. 2 ildən sonra mən zavodda işə girdim.

- Bəs orta məktəbdə oxumurdunuz?

- Pis oxuyurdum orta məktəbdə. Səkkizinci sinifdən çıxartdılar məni. 44 nömrəli məktəbdə onuncu sinfə kimi oxudum. Sonra Qənnadı fabrikinin yanındakı axşam məktəbində 11-ci sinfi bitirib, İncəsənət Universitetinin axşam şöbəsinə daxil oldum.

- Aktyorluq fakültəsinə?

- Kino aktyoru. Amma kinoya heç vaxt həvəsim olmayıb, təsadüfən gəlmişəm. Dublyaja gedirdik, bir nəfər mənə dedi ki, kinoya çəkilmək istəyirsən? Dedim, nə bilim. "Rəqiblər" filminin sınaq çəkilişi gedirdi. Arif müəllim də baş operator idi. Mənə bir top verdi. Dedi, bax aparata. Tima Bəkirzadəyə rusca "on podoydyot" - dedi. Beləcə düşdüm kinoya. Həmin vaxt Montin zavodunda işləyirdim.

- Azərbaycan aktyorlarından sizə kim daha çox stimul verdi aktyor olmağa?

- Mənim Möhsün Sənanidən xoşum gəlirdi. Bizim teatrda işləyən aktyorlardan Siyavuş Aslana hörmət edirdim. Siyavuş "Nənəmin şahlıq quşu"nu oynayanda köhnə univermaqdan "Ana-uşaq" kafesinə qədər hamı bilet axtarırdı.

- Onda neçə yaşınız var idi?

- 26-27 yaş... Biz o teatrda çox əziyyət çəkdik. Hərdən cavan aktyorlara deyirəm ki, bir cümlə demək üçün Nəcəfə pul verirdik. İndi baş rolları oynamırlar. Əsas rolları bəyənmirlər. Bir dəfə "Şir evdən getdi" filminə çəkilirdik. Senkeviç var idi – şiri oynayan. "Malıy" teatrda işləyirdi. Deyir, getdim müdirin yanına, məndən soruşdu ki, maaşını artırım? Dedim, yox, rol istəyirəm. Cavab verdi ki, rol yoxdur.

O vaxt oynayandan da bir tamaşanı ardıcıl neçə il oynayırdıq. Ötən gün Lonovoyun 80 illiyi idi. Deyir, mən bir rolu 60 il oynadım. Bizim teatrda da olur. "Əliqulu evlənir"i neçə illər oynadım. Amma məhəllədə mənim aktyor olmağıma pis baxırdılar. "Tı çto, durak? Sən alverçi olarsan, biznesmen olarsan. Sənin hardan ağlına gəlib aktyor olmaq? Bizi biabır eləmisən", - deyirdilər.

- Sizi məşhur edən film hansıdır?

- "Bəyin oğurlanması"... Görənlərin çoxunun o film yadına düşür.

- Bir az özəl sual vermək istəyirəm. Xanımlar istəyir ki, məşhur adamla ailə qursun. Ailə quranda siz aktyorluğa yeni başlamışdınız. Nə dərəcədə təsiri oldu?

- Həyat yoldaşım uzaq qohum idi. Tibb bacısı işləyirdi. Elə sakitcə təklif elədim ki, mənə ərə gələrsən? Razılaşdı, evləndik, 40 ildir artıq.

- O vaxtkı Azərbaycan teatrı, kinosu və tamaşaçısı ilə indikilər arasında fərq nədir?

- O vaxt televiziya insanların ürəyinə girmişdi. Eləcə də teatra meyil çox idi. Kinolarımız sovet vaxtı baxılmırdı. Sovet dağılandan sonra filmlərə baxılmağa başlandı.

- Amma çoxları deyir ki, o vaxt kinomuz daha yaxşı idi. İndi gülməli, yersiz, şit zarafat filmləri çəkilir.

- Sən serialları qatma. O başqa sənətdir. Film çəkilmir axı... Çəkilən də efirə getmir. Mən son illərdə bir dənə "Cavad xan" filmini bilirəm. Bir də "Axırıncı dayanacaq".

- Filmə çəkilməyə o vaxt üçün nə qədər qonorar alırdınız?

- Onun pulu yadımdan çıxıb. "Qərib cinlər diyarında" filmindən 1700-ə yaxın pul aldım. Bir ay boş idik. Getdik İliç buxtasında kütləvi səhnə çəkdik. Sonra nə qədər axtardıq özümüzü heç ekranda görmədik. Təsəvvür elə, 90 min pulum var idi. 9 dənə ev alardıq.

- Ədəbiyyatla maraqlanırdınızmı?

- O vaxt Dostoyevskinin ən çox dəbdə olan əsəri "Cinayət və cəza" idi.

- İndi hansı əsərləri oxuyursunuz?

- Axırıncı oxuduğum Ordubadinin "Gizli Bakı", Mehdi Hüseynin "Səhər", Dostoyevskinin "Alçaldılmış və təhqir olunmuş insanlar", "İdiot" və s. əsərləridir.

- Sizə deyirdilərmi oynadığınız əsəri əvvəlcə oxuyun?

- Demirdilər. Rejissor başa salırdı və təbii ki, əsəri oxuyurduq. O tamaşanı 2-3 dəfə də Moskvada görmüşdüm. Yenə deyirəm, fitri istedad başqa şeydir. Nikita Mixalkova deyirlər ki, yaxşı film çəkmək üçün nə lazımdır? Deyir, birincisi, ssenari, ikincisi, ssenari, üçüncüsü, ssenari.

- Sizin bu filmlərə az çəkilməyinizin, belə deyək də, Yaşar Nuri, Siyavuş Aslan, Rasim Balayev qədər populyar olmamağınızın səbəbi nədir?

- Əlbəttə, rollar. Onlar böyük rollar oynayıblar.

- Sizə niyə vermirdilər bu rolları?

- Mənim fakturam elə idi ki, gərək mənimçün yazardılar baş rolu. Məsələn, Fazil Salayev gözəl aktyor idi. İstedadlı insan idi. Fazil heç nə edə bilmədi. Ceyhun Mirzəyevin böyük istedadı var idi. Amma adi bir fəxri ad bilmədi.

- Xarici ölkələrdən təklif almısınızmı?

- Bir xarici filmə çəkilmişəm – "Tehran-43". Çörçil, Ruzvelt, Stalinin görüşündən bəhs edir.

- Gənc aktyorlardan kimləri bəyənirsiniz?

- Rövşən Kərimduxt, Anar Heybətov, Vəfa Zeynalova – bunları bəyənirəm.

- Gələcəyə nə planınız var?

- Heç bir şey yoxdur. Heç ümidim də yoxdur. Moskvadan aktyorlar danışırlar. 80 yaşında aktyorlar 500 filmə çəkiliblər. Hərəsinin öz teatrı var. Eyni həvəslə işləyirlər. Etuş gəlmişdi bura, 93 yaşında. Öz teatrı, tamaşaçısı var. Alesya Fredeyevin 70 illiyində Medvedyev şampan açır, Putin təqdim edir. Onu görən ətraf da eyni reaksiya verir. İldə 2-3 dəfə Heydər Əliyev gəlirdi. O birilər də baxırdı ona gəlirdi. Muğam niyə qalxdı? Mehriban xanımın gözü onun üstündədir. Hamısı da ona görə. Çox böyük şeydir qayğı. Çox qəribədir. Biz 90-cı ildə Naxçıvanda Heydər Əliyevlə görüşdük. Bizə elə şeylər danışdı ki! Çox qəribə yaddaşı var idi.

- Bu də görürsən ki, harınlamış biri siqnalı basır küçənin ortasında və Siyavuş Aslan "Ələsgər" qışqırır...

- O, əvvəla istəkdən gəlir, ikinci də neçəsi məni saxlayıb maşınına dəvət edib ki, 300 manat verib, sizin adınızı yazdırmışıq. Mən də deyirəm ki, 150 verəydin, özüm oturardım da (gülür). Kaloritli filmdir. Çox baxılır. Bilirsiniz nə pisdir? Mən həmişə deyirəm, bu qədər film gedir, tamaşalar verirlər. Heç kimi maraqlandırmır ki, bu kimdir. Əgər Moskvada yaxşı iş görmüsənsə, mütləq xeyirini görəcəksən.

- Azərbaycanlı aktyorlardan, rejissorlardan, məşhurlardan hansı ilə ailəvi yaxınlığınız olub?

- Heç biri ilə.

- Bu gün bəs?

- Elə bu gün də. Bir daha Siyavuş Aslan, Yaşar Nuri doğulmayacaq. Ola bilər ki, başqa adamlar gəlsin. Bilirsiniz, teatra münasibət bu gün çox pisdir, gəlmirlər. Əgər yaxşı münasibət olsaydı, gələrdilər. Gəlsələr, nə olacaq mənim üçün? 300 manat, 250 manat maaş artacaq. Elə teatrlar var 180 manat maaş verirlər. Maaş qalxmalıdır, filmə qayğı göstərilməlidir. İncəsənət Universitetinə tələbə qəbulu başqa cür olmalıdır. Mütləq istedadlı adamlar gəlməlidir. İstedadlı adamların gəlməyi üçün də maddiyyat olmalıdır. Mozalan çəkirdilər bu yaxınlarda. Mənə 50 manat verirdilər. Deyirəm ki, 50 manat ayıbdır. Deyir, daş daşıyırsan?

Amerikada artistlər daş daşıyırlar bəyəm? Artistlərə başqa cür baxırlar. Çəkiliş çox çətindir. 6-7 saat işığın altında dayanmaq çox ağırdır.

- Hansısa serialda çəkilmisiniz?

- Yox, dəvət eləməyiblər.

- Dəvət eləsələr?

- Əlbəttə. Niyə də yox?!

- Mən eşitdiyimə görə, siz daha ciddi mövzular istəyirsiniz.

- Gözləsəm, bəlkə, gəlmədi. Yaşamaq da lazımdır. O gedənlər var e, elə bilirsiniz, xoşbəxtlikdən gedirlər?

- ...Xoşbəxtsiniz?

- Nə xoşbəxtəm, nə bədbəxt.

- Azərbaycan tamaşaçısının sizə qayğısından, sevgisindən razısınızmı?

- Bizim sənətə?

- Yox, Ələsgər müəllim olaraq, aktyor olaraq sevgidən, qayğıdan razısınızmı? Yetərincə sevilirsinizmi?

- Sevilsək də, sevilməsək də, oradan heç nə gəlmir. Nə xeyir gəlir, nə ziyan...

- Siz sevgi deyəndə nəyi nəzərdə tutursunuz? Hökmən nəsə pul gəlməlidir?

- Sevgi bilirsən nədir? Əgər biri tanınırsa, Moskvada nəsə eləyir pul qazanmaq üçün. Səni havayı sevsinlər. Sən də ac qarına sevil. Hara qədər gedəcəksən?

- Belə çıxır ki, sizi çox sevməklərinin mənası yoxdur. Əsas puldur.

- Pul yox. Dolanmaq üçün maddi təminat lazımdır. Sevəndə nə olur? Cibə nə gəlir?

- Bəs cavan qalmağınızı nəyə borclusunuz?

- Allaha... O özü saxlayır.

- Filmlərinizdə daha çox gülüşə üstünlük verirsiniz. Həyatınızda da – evdə, ailədə, küçədə də beləsiniz? Yoxsa tamam fərqli bir adamsınız? Məsələn, türk aktyor Kamal Sunal həyatda çox ciddi adam olub.

- Bəli, həyatda çox ciddiyəm. Evdə də uşaqlarım inanmırlar ki, mən artistəm. Bunlar başqa-başqa işlərdir. Yaxşı vaxtda işləmişik, zövq almışıq. Maraqlıdır ki, onda heç pul adamın yadına düşmürdü.

- Mən belə başa düşürəm ki, siz bu sənətə maddiyyata görə gəlməmişdiniz. Amma indi düşünürsüz ki, maddiyyat mütləqdir.

- İndi nə sənət var, nə maddiyyat. Zövq alıb yaşamaq üçün heç olmasa, biri olsun də.

- Azərbaycan gəncliyindən razısınızmı?

- Yenə də deyirəm, o dövr gənci ilə bu dövr gənci çox fərqlidir...

- Fərq nədir?

- Fərq – ölkənin inkişafı. Bütün dünyaya baxıb müqayisə edə bilirsən.

- Bax, tanınmış aktyorsunuz. Polis tanıyır, məmur tanıyır – hamı tanıyır sizi. Bütün insanların da həyatda sənət problemləri, ailəvi problemləri, məişət problemləri olur. Sizin Ələsgər müəllim olmağınız, tanınmış biri olmağınız sizə polisdə, ya başqa yerdə kömək olubmu?

- Çox olub. Nə zaman getmişəmsə, imtina edən olmayıb.

- Uşaqlarınız da özü qəbul olub, oxuyub?

- Oğlum Memarlıq və İnşaat Universitetini 21 yaşında bitirib. Hörmət barədə narazılığım yoxdur.

- İndiki yumoristlərin sizə münasibəti necədir?

- Rafaellə Coşqunu yaxından tanımıram. Amma Tahirgil məni çəkiblər. "Məşədi İbad"da Hambal rolunda. Ondan sonra da görməmişəm.

- Ən çox rəhmətə gedən aktyorlardan kimlər üçün darıxırsınız, onunla oturub söhbət etmək istəyərdiniz?

- Hamısı üçün. Onlar maraqlı adamlar idi. Artistlikdən başqa insan kimi də maraqlı idilər.

- Dünya aktyorlarından kimi bəyənirsiniz?

- Mənim Rac Kapurdan xoşum gəlirdi. Böyük aktyor idi. İtalyan aktrisası Sofi Loren, indi yaradıcılıqdan uzaqlaşıb. Gürcü aktyorlardan da bəyəndiklərim var. Gürcülərin tamaşalarına çox adam gəlir.

- Gürcülər demişkən, biz bu müharibədən sonra ermənilərlə düşmən olduq. Gürcüstan filmləri, Ermənistan filmləri, Rusiya, Dağıstan – bunların hansı sizi daha çox cəlb edir? O aktyorlardan dostlarınız varmı?

- Var, gürcü dostlarım var... O vaxt gürcü kinosu var idi. İndi alınmadığına görə çəkmirlər. Festival keçirdirlər. İkisinə biz getmişdik. Elə bil bayram idi, bayram!

- Yəni Gürcüstanda belə bizdən çox hörmət var sənətə?

- Bəli. Teatra orda böyük hörmət var. Gedirik Türkiyəyə, Trabzon nə boyda şəhərdir? 2500 dollar maaş alır aktyorlar. Bir aydan bir də həmin maaşı mükafat verirlər. Nə qədər film çəkilir...

Tarix
2015.08.27 / 09:00
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla