Yuxarı

BMT dəyişsə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir az darıxdırıcı, bir az da yeknəsəq görünən bu ildə, özü də çox da uzaq olmayan gələcəkdə insanlar daha bir maraqlı siyasi tarixi - BMT-nin yaradılmasının 70 illiyini qeyd edəcəklər...

Amma bu tarix cəmiyyətlər və dövlətlər üçün nə qədər əlamətdardır? Onlar bu tarixə həqiqətənmi önəm verirlər?..

İşğal olunmuş ərazilərilə bağlı BMT TŞ-nin dörd qətnamə qəbul etdiyi bir ölkənin vətəndaşı kimi etiraf edirəm ki, bu suallara cavab vermək mənim üçün elə də asan deyil – ona görə ki, bu qətnamələrin tələbləri neçə illərdir kağız üzərində qalıb...

70 ildə dünyaya baxışın iki meyarı müəyyənləşib. Bir hissə bütün proseslərə dövlətlərin suverenliyi prizmasından baxır, digərləri isə hər bir məsələdə insan haqlarını önə çəkirlər...

Daha maraqlısı isə odur ki, hər iki baxışın tərəfdarları BMT-dən narazıdır – suvernelik tərəfdarları belə hesab edir ki, bu institut dövlətlərin suverenleyini müdafiə etməkdə acizdir, insan haqlarına önəm verənlər isə əksinə, düşünür ki, BMT suverenlik məsələsinə daha çox diqqət etdiyindən insan haqlarının müdafiəsi üçün bir o qədər də effektiv deyil...

Təkcə bunlarla iş bitsəydi, necə deyərlər, dərd yarıydı. Mən bir dəfə BMT-nin insan haqları komitəsində çalışan bir nəfərin çıxış etdiyi seminarda olmuşdum.

Bu adam deyirdi ki, biz BMT-dən azadlıq və demokratiya umuruq, amma onun üçüncü ölkələrdən olan əməkdaşları hətta dağılmış Yuqoslaviya şəhərlərinə bərəlmiş gözlərlə baxırlar, çünki dağılmış Yuqoslaviya belə onlara cənnət kimi görünür...

Amma heç də həmişə belə deyildi. Bəli, bir neçə il, təxminən 15-20 il bundan əvvəl dünya böyük dəyişikliklərin ərəfəsində olduğu kimi görünürdü. Bu dəyişikliklər baş tutsaydı, bəlkə də hər şey başqa cür olacaqdı...

Yadıma gəlir, dünya dəyişməyə üz tutduğu zaman bir məsələ də - yeni dünyada BMT-nin yeri və rolu məsələsi də gündəmə gəlmişdi. O vaxt belə fikir hakim idi ki, dünya birdəfəlik soyuq müharibənin reallıqları ilə vidalaşmalıdır. Məsələ bundadır ki, BMT də özündə II Dünya müharibəsinin və soyuq müharibənin reallıqlarını təcəssüm etdirirdi. O vaxt BMT-nin ciddi şəkildə modifikasiya edilməsi, ya TŞ-nin daimi üzvlərinin sayının artırılması, ya da veto hüququnun götürülməsi gündəmə gəlmişdi. Amma bu planlar çin olmadı. Gəl, onlar hələ bu gün də yaddan çıxmayıb...

Elə bu yaxınlarda Böyük Britaniya və Fransa veto hüququnun götürülməsi təklifilə çıxış etdi. Təklif özünə reaksiyanı çox da gözlətmədi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dərhal bəyan etdi ki, bu, yolverilməzdir, çünki veto hüququ BMT-nin nizamnaməsində təsbit olunub...

Belə reaksiyanın dərhal bəyan edilməsi heç də təsadüfi deyil, çünki veto hüququ Rusiyanın əlində bir alətdir və təbii ki, o, həmin alətlə vidalaşmaq fikrində deyil...

Amma bircə anlığa təsəvvür edin. Veto hüququ götürülür. Hər şey TŞ-də səsvermə ilə həll olunur. Bu halda BMT-nin strukturu və fəaliyyəti nə qədər canlanaradı!..

TŞ-yə seçkilərə diqqət birə on artardı. Dövlətlər burada səs çoxluğu qazanmaq üçün yarışa girərdilər. Amma indi bunların heç biri yoxdur... Əvəzində beş dövlətin veto hüququ var - onlar da bu hüquqdan öz maraqları üçün gen-bol istifadə edirlər...

Bəs dünya, o biri dövlətlər bu vəziyyətdən nə qazanır? BMT özü bu prosesdən nə əldə edir? Demək olar ki, heç nə...

Səhv etmirəmsə, dünya federasiyası haqqında ilk dəfə ciddi şəkildə yazan İmmanuil Kant olub. O, dünyanı federativ respublika kimi təsəvvür edirdi və iki yüz ildən sonra da olsa, dünyada səylərin əlaqələndirilməsi, böyük problemlərin birgə həll edilməsi zərurəti dərk olundu. Amma BMT yarananda dünya bütöv deyildi, o, artıq iki sistemə, həm də qaliblərə və məğlublara bölünmüşdü...

İndi daha artıq iki hərbi - siyasi blok yoxdur, amma II Dünya müharibəsində qaliblər və məğlublar kimi bölgü qalır. Hətta Çin belə iddialar irəli sürməyə başlayıb ki, onun II Dünya müharibəsindəki rolu yetərincə qiymətləndirilmir...

Düzdür, bir ara belə təsəvvür yarandı ki, bu bölgü də götürələcək, çünki dünyanın bütünləşməsi üçün zərurət yaranmışdı. Təbii ki, bu yeni reallıqlar BMT-yə də, artıq qeyd etdiyimiz kimi, yeni məzmun verə bilərdi...

Amma onlar baş tutmadı. İki sistemli dünya çoxqütblü dünya ilə əvəzləndi. İndi dövlətlər bu qütblərin siyasi "kaprizləri" ilə hesablaşamağa məcburdur...

Problem yaradan ölkələrdən ilk olaraq Rusiyanın adını çəkdik. Amma demirik ki, digər dövlətlər mələkdir, yox, onlar da mələk deyillər, hamısı başqalarına öz həyat tərzini, dünyagörüşünü və ideologiyasını sırımaq istəyir...

Fəqət, bir "nisbətən" sözü var və biz bir çox hallarda "yaxşı" ilə "pis" arasında deyil, "pis" və "nisbətən pis" arasında seçim etməli oluruq. Təbii, bu anlamda dünya nisbidir və biz iki şərdən nisbətən mülayimini seçməli oluruq...

İndi real baxanda görürsən ki, dünya beş dövlətin - BMT TŞ-nin beş daimi üzvünün nəzarətindədir. Onlara nə xoş gəlirsə, ona səs verir, xoşları gəlməyən məsələyə isə veto qoyurlar. Çox vaxt da elə olur ki, birinin xoşuna gələn o birisini xoşlandırmır. Belə olan halda isə məsələ lap qəlizləşir, nəticədə də heç nə alınmır...

Amma veto hüququ olmasaydı, çox şey başqa cür ola bilərdi və BMT sözün əsil mənasında daha işlək quruma çevrilərdi. Həm də dünyada daha ciddi nizam yaranardı və yeni nizam-tərəzi qurulardı. Amma indilikdə nə var? Sadəcə, beş dövlətin bitib-tükənməyən maraqları və bir də "kapriz"ləri...

Tarix
2015.08.28 / 08:45
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla