Yuxarı

“Neftçi”nin unikal əməliyyatı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün Azərbaycan "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışır. Neynəsinlər, görmədikləri günə düşüblər də. Belə uğuru nə vaxt görmüşük ki? Hələ "bir də nə vaxt görəcəyik" sualını da vermirəm ha.

Azərbaycan xalqı bu iki komandanın uğuruna sevinərkən, daha bir klubumuzun unikal uğuru kölgədə qaldı. "Neftçi"ni deyirəm ey... Yox, "Neftçi"nin elə rəhbərliyi var ki, (yazıçı, artist, futbolçu və maklerdən ibarət enerjili qrup) bu komandanın uğurunu papaq altında gizlətmək olmaz. Sadəcə, klub rəhbərliyi özü bu uğurun açıb-ağardılmasını istəməyib.

Hadisələr də lap Cingiz Abdullayevin detektiv əsərlərindəki süjet xəttini xatırladır. Əsərin qısa məzmununu izah edim. Deməli, "Neftçi" heyəti gücləndirmək üçün bir neçə legioner transfer etməliydi. Ancaq Avropanın adlı-sanlı klubları "Neftçi"nin transfer siyasətini qarabaqara izlədiklərindən, yazıq klub rəhbərliyi menecerləri bəyəndikləri futbolçularla danışıqlar aparmağa göndərə bilmirdilər. Nöşün ki, adlı-sanlı Avropa klubları dərhal "Neftçi"nin bəyəndiyi futbolçunu şirnikləndirib, yoldan çıxarır (burda türkün məsələ deyin), onları heyətə qatıb, Çempionlar Liqasında pul qazanırlar.

"Neftçi" bu təqibdən qurtulmaq üçün unikal plan cızıb. Təbii ki, planın müəllifi Çingiz Abdullayevdi. Əvvəlcə komandanın rəsmi saytında məlumat yayıldı: "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov Cənubi Amerikaya səfər ediblər.

Cənubi Amerikaya nəyə gedərlər? Təbii ki, futbolçu gətirməyə. Avropanın bütün klubları bu xəbərdən sonra qulaqlarını şəkləyib, okeanın o tayına boylanmağa başlayıblar. Qoçaqlar da öz işində - Elnur Məmmədovla Vəli Qasımov Braziliya stadionlarında selfinin selfi ardınca çəkdirir, mətbuat xidmətinin əməkdaşları da bu şəkilləri dərhal "Neftçi"nin saytında yerləşdirirlər. Bütün Avropa azdırılıb. Və qəfildən bomba partlayır. "Neftçi" gənc və perspektivli, gələcək vəd edən 33 yaşlı slovakiyalı qapıçını transfer edir. Vay dədə, vay. Düz Avropanın göbəyindən bir addım o tərəfdə ey. "Real"da neçə vaxtdı qapıçı axtarır. Düşüb De Xeanın ardınca. "Mançester Yunayted" də vermir. "Neftçi"nin kəşf etdiyi qapıçıdan xəbər tutsaydılar, nə "Real" yalvarardı, nə də "Mançester Yunayted" naz edərdi.

Hələ bu harasıdı? Üstündən iki gün keçir, "atom bombası" partladılır. Bu dəfə düz Avropanın göbəyində - İspaniyada. "Neftçi" hücumçu transfer edir. Avropa şokdadı ey. "Bəs bunlar Cənubi Amerikaya getmişdilər axı" deyib, başlarına qapaz vururlar.

Bax, budu dronqosayağı əməliyyat. Bax, budu, Çingiz Abdullayev təcrübəsi. Di, gedin, aşığınızı atın. "Neftçi" bütün Avropanı aldatdı. İndi bu uğuru ictimailəşdirmək olar. Daha transferlər rəsmiləşib. Antonio Quinta və Mixal Peskoviç "Neftçi"nin futbolçularıdı. Narahat olmayın, əməliyyatı uğurla yerinə yetirən Elnur Məmmədovla Vəli Qasımov da Azərbaycana qayıdıblar. Sağ və salamatdılar. Bir neçə gün dincəlsinlər, "Qarabağ"la "Qəbələ"ni təbrik edərlər.

Tarix
2015.08.30 / 19:40
Müəllif
Natiq Muxtarlı
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla