Yuxarı

Mahal dilini dinc saxlasaydı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahal İsmayıloğlu da getdi, hələ altıncı onilliyi başa vurmamış bizi tərk etdi.

Bu məşum hadisənin xəbəri məni qəfil haqladı, onunla işlədiyimiz illərə, günlərə qayıtdım... Onu 25 ildir ki, tanıyıram - zarafat deyil, bir igidin ömrüdür, on ilini də bir yerdə işləmişik. Doğrudur, onunla dost olmamışıq, elə bir yaxınlığımız da olmayıb, şəxsi münasibətlərimiz də "siz"dən yuxarı qalxmayıb. Amma bir-birimizə həmişə sayğımız olub, "Xalq qəzet"ində işləyəndə qayğısını da hiss etmişəm. Həm də düşünürəm ki, o, haqqında yazılası biridir - Azərbaycanın ən qabiliyyətli, eyni zamanda, ən ziddiyyətli jurnalistlərindən biri!

Mahal İsmayıloğlu ilə ilk görüşümü Məmməd Nazimoğlu haqqında yazdığım yazıda təsvir etmişəm, amma dərinə getməmişəm. Düşünürəm ki, həmin görüşü burda xatırlamağın yeri var, həm də mərhum Məmmədin ruhu şad olar:

1992-si ilin sentyabrında (söz vaxtına çəkər) bir neçə həftə gecə-gündüz işləyib siyasi partiyaların mahiyyəti və fəaliyyəti haqqında silsilə məqalələr hazırlamışdım, çap etdirməyə yer axtarırdım. Həmin dövrdə respublikada ən populyar qəzetlər "Azadlıq" və "Aydınlıq" idi. Amma mən özümə "Aydınlıq" qəzetini ruhən daha yaxın sayırdım. Bu qəzeti hər həftə alır, bütün yazılarını oxuyurdum. Məni ən çox maraqlandıran Məmməd Nazimoğlunun siyasi satirası və Mahal İsmayıloğlunun siyasi publisistikası idi. Bu müəlliflərin heç birini şəxsən tanımırdım. İkinci söz cəsarəti, fikir rəngarəngliyi ilə seçildiyi kimi, birinci də geniş fantaziyası, orijinal yumoru ilə seçilirdi.

Sentyabrın ilıq günlərinin birində cəsarətimi topladım, məqalələrdən birincisini, deyəsən, "Siyasi partiyalar parlamentdə və hakimiyyətdə" idi, götürdüm və "Aydınlıq" qəzetinin Nizami kino-teatrının binasında yerləşən redaksiyasına gəldim. Beşinci mərtəbədə soruşa-soruşa dəhliz boyu otaqları gəzdim. İmkansızlıq həmən hiss olunurdu: otaqlar təmirsiz, mebellər köhnə idi. Baş redaktorun (Babək Hüseynoğlunun) kabineti başda olsa da, bağlı idi. Mənə dedilər ki, məqalələri baş redaktorun müavini Məmməd Nazimoğlu qəbul edir. Onun dəhlizin ayağında olan otağına gəldim. Qapı açıqdı, otaqda iki nəfər vardı, biri oxuyur, o biri yazırdı. İkinci uzun saçlı, eynəkli idi, birinci saçını qısa vurdurmuşdu, alnı açıqdı. İçəri girib salam verdim, yazan başını qaldırmadı, oxuyan isə ayağa qalxdı, məni gülərüzlə qarşıladı. Bir az ürəkləndim, Məmməd Nazimoğlunu xəbər aldım. Müsahibim gözlərindən gülümsədi, "Əfəndim, ünvana gəlmisiz" dedi.

Qəribə müraciətdən çaşdım və tələsik gəlişimin səbəbini açıqladım. Yenə məni heyrətləndirdi, sabaha, biri günə ötürmədi, "otur" dedi. Təxminən on dəqiqə on səhifəlik yazıya baxdı və "aktual mövzudur, amma bu həftənin maketi tutulub, gələn həftə gedəcək" dedi. Artıq vaxt almaq istəmədim, xudahafizləşib çıxdım. Məmməd məni qapıya kimi ötürdü, Mahal isə tərpənmədi, sanki bizi görmürdü və eşitmirdi, yazmaqda davam edirdi…

Düzü, onun bu soyuq münasibətindən əməlli-başlı incimişdim, özümə qarşı sayğısızlıq (tanış olmasaq da) hesab etmişdim. Amma sonralar "Xalq qəzeti"ndə baş verən bir olaydan sonra onu başa düşdüm, incikliyim sayğı ilə əvəzləndi. Deməli, baş redaktor Mahal İsmayıloğlu gənc yazarlardan birinə axşam evə yazı sifariş verir, "səhər nömrəyə çatdırarsan" deyir. İş elə gətirir ki, həmin müxbir yazını hazırlaya bilmir, səhər də min cür bəhanə gətirir. Deyir, kirədə qalıram, bir otaqdır, uşaq səhərə kimi ağlayır, hər gecə işıqlar sönür. Mahal onu diqqətlə dinləyir, sonda görün nə deyir:

"Mən "Aydınlıq"da işləyəndə Ramanıda darısqal bir tövlədə kirədə qalırdım. İşıq ümumiyyətlə yox idi, hətta gündüz lampa yandırmalı olurduq. Gecələr də üç uşağın səsi, bir yandan da ev yiyəsinin inəyinin mələrtisi. Odur ki, yazılarımı "Aydınlıq"ın redaksiyasında yazırdım. Doğrudur, redaksiyaya gəlib-gedən çox olurdu, amma mən onları görməməyə və eşitməməyə alışmışdım. Dünya dağılsa da, yazılarımı yazır, fikirlərimi tamamlayır, materialı nömrəyə çatdırırdım…"

***

Dediyim kimi, Mahal İsmayıloğlu Azərbaycanın qabiliyyətli, oxunan jurnalistlərindən biri idi. Fikirləri aydınlığı, mövzuları aktuallığı ilə seçilirdi, hamının başa düşəcəyi sadə və şirin dillə yazırdı. Onun "gözlərim qəlbimdən nəm çəkirdi", "yaddaşımı yaşında yaşadan oğlum" kimi ifadələri indi də yaddaşımın qızıl fondundadır.

Mahal qabiliyyətli olmaqla bərabər, həm də cəsarətli jurnalist idi. Başına bir fikir gəlsəydi, mıxla da vurub çıxarmaq olmazdı, mütləq yazmalı, oxuculara çatdırmalı idi. Əsil jurnalist kimi dövrünə, vətəninin, şəhərinin problemlərinə güzgü tutmağı sevirdi və qələminə güc verirdi.

91-ci illərin hadisələri yəqin çoxlarının xatirindədir. Ümummilli lider Heydər Əliyev Ali Sovetdəki məhşur çıxışından sonra Mütəllibovçu deputatların təzyiqləri ilə üzləşmiş, indiki Milli Məclisin binasında, faktiki olaraq, təklənmişdi. Belə bir həssas məqamda "Aydınlıq" qəzetinin parlament müxbiri Mahal İsmayıloğlu ona yaxınlaşır və özünü təqdim edir. Çıxışının bir nüsxəsini verməyi xahiş edir, "Aydınlıq"da çap edəcəyik deyir. Böyük insan bu təklifdən məmnun olsa da, öz böyüklüyünü göstərir, "bu sizin qəzetə ziyan gətirər" deyir. Mahal təkid edir və çıxışı əldə edir. "Aydınlıq"ın rəhbərliyi, baş redaktor Babək Hüseynoğlunun Heydər Əliyevə sıcaq münasibəti olsa da, çıxışı verməyə tərəddüd edir, qəzetin təsisçisi, "Qayğı" Cəmiyyətinin sədri İmam Mustafayevə müraciət edir. Beləliklə, Mahal İsmayıloğlunun təkidi və cəsarəti sayəsində Heydər Əliyevin Ali Sovetdəki məşhur çıxışı "Aydınlıq" qəzetində işıq üzü görür.

...Mahal İsmayıloğlu "Aydınlıq"ın parlament müxbiri kimi çox aktiv idi, onun sayəsində indiki istiqlalçı deputatların çoxu redaksiyaya gəlib gedirdi. Radikal mövqeli deputatlarla, Etibar Məmmədovla, İsgəndər Həmidovla, Tahir Əliyevlə xüsusi dostluğu vardı. Təbii ki, onları Mahalın qələmi, qəzetin nüfuzu cəlb edirdi. Mahal onları qəzetə çıxarır, ictimaiyyətə təqdim edirdi. Zarafat deyildi, "Aydınlıq" qəzeti yüz min tirajla çıxırdı. Şişirtmədən demək olar ki, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinə qələmilə səmimi qəlbdən dəstək verən beş-altı jurnalisdən biri də Mahal İsmayıloğlu idi. Amma buna baxmayaraq, Cəbhə hakimiyyətini də cəsarətlə tənqid edirdi, hətta Prezident Elçibəyi tənqid etməkdən belə çəkinmirdi. Bu tənqidlərə görə də Mahal İsmayıloğlu əski dostu, Cəbhə hakimiyyətinin Daxili İşlər naziri İsgəndər Həmidov tərəfindən təzyiqlərə məruz qalmışdı.

Mahalın qəribə bir münasibət qurmaq qabiliyyəti vardı, Azərbaycanın bütün sayılıb-seçilən adamları ilə münasibət yaratmışdı. O zaman "Aydınlıq"ı ayaqda saxlayan da bu əlaqələr idi. Qəzetin maliyyə problemləri vardı, Mahalın əlaqələri bu problemləri qismən aradan qaldırırdı, hətta qəzetin yaradıcı kollektivi ara-bir maaş alırdı. Həmin dövrdə mən artıq "Aydınlıq" qəzetinin ştatdankənar siyasi müxbiri idim və bütün bunları yaxından müşahidə edirdim.

Problemləri tam aradan qaldırmaq isə ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində mümkün oldu. Ümummilli lider 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və ölkədə ictimai-siyasi sabitlik yaratdıqdan sonra "Xalq qəzeti"ni öz himayəsinə götürdü və Mahal İsmayıloğlunu qəzetin baş redaktoru təyin etdi. Baş redaktor da öz növbəsində "Aydınlıq"ın yaradıcı kollektivini "Xalq qəzeti"nə gətirdi. Bu sətirlərin müəllifi də işə dəvət edildi.

"Xalq qəzeti"ndə Mahal İsmayıloğlu ilə işlədiyimiz illər əsasən xoş xatirələrlə yadda qalıb. Mahal xaraktercə ziddiyyətli bir insan olsa da, istedadlı jurnalist, ən əsası isə çörəkverən redaktor idi. Onun dövründə "Xalq qəzeti"nin kollektivi Yeni ili, Novruz bayramını Bakının adlı-sanlı restoranlarında qeyd edir, iyulun 22-si, Mətbuat günü isə təbiətin qoynuna - Qubaya, ya Xızıya səyahət edirdi…

Düşünürəm ki, Mahal İsmayıloğlunun faciəsinə yol açan, xarakterindəki ziddiyyətləri yaradan əsas səbəblərdən biri imkanları ilə iddialarının üst-üstə düşməməsi idi. Allah onu əlində qələm, jurnalist olmaq üçün yaratmışdı, istedadı da bəs deyincə vermişdi, o isə məmur olmaq istəyirdi. Məsələn, 1993-cü ildə Heydər Əliyevin Gəncəyə məşhur səfəri zamanı onu 30 jurnalist müşayət edirdi və bütün media əhli bir avtobusda gedirdi. Mahal İsmayıloğlu isə bu avtobusa yaxın da gəlmədi, məmurların, Tahir Əliyev və başqalarının mindiyi "Mersedes"də səfər etdi. Bəli, ömür boyu siyasi yazılar yazsa da, siyasətçi ola, həyatda öz yerini tapa bilməmişdi.

Türkün bir kəlamı var, fikrə gəlsə də, sözə, yazıya gəlmir. Deyir, kişi burasını (yəni dilini), bir də burasını (…) dinc saxlasa, başına bəla gəlməz. O isə saxlaya bilmirdi, nəinki gördüklərini, hətta eşitdiklərini, xəyal etdiklərini harda, kimin yanında olsa, danışırdı.

Yaradıcı təxəyyülün sərhədləri olmur, amma yerin də, göyün də qulağı olur. Mahalın narahat ruhu da artıq Yerdən ayrılıb, rahat yerdə - göylərdədir…

Tarix
2015.09.01 / 13:40
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

Bakılı manyak: Benyaminov – Milis söhbəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla