Yuxarı

Sibirdə əsgərlik çəkən, fəhləlik edən - Rektor

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rektorun keçmişi" layihəsində

Axar.az yeni layihəyə start verir. Bu dəfə ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin rektorları ilə, necə deyərlər, "sərbəst vəzn"də söhbət edəcəyik.

Layihənin ilk qonağı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlidir.

Onunla rəhbəri olduğu ali tədris ocağında görüşdük. Müalicədən yenicə qayıtmışdı. Ona görə də layihəmizin formatında xırda dəyişiklik oldu.

Kobudluqla incəlik arasında sərhəd yoxdur

- Nazim müəllim, bu gün özünüzü necə hiss edirsiniz? Deyəsən, şəhərdə yox idiniz.

- Çox yaxşıyam. Rayonda oldum, istirahət etdim. Şəkərimə görə Yesuntukiyə getmişdim, müalicə olundum.

- Həkimlər şəkərli diabeti "həyat tərzi" kimi xarakterizə edirlər – yəni qormağa dəyməz. Bir şeirim var: "Dərdimi əzizlədim, adına şəkər dedim". Şəkər olduğunuzu dediniz, bəs özünüzü necə xarakterizə etmək olar?

- Desəm ki, xasiyyətimdə hər iki hal var, yanılmaram. Bəzən kobud da oluram; kobudluqla incəlik arasında elə ciddi sərhəd yoxdur. Şəkər xəstələrində ən böyük şərtlərdən biri əsəbi şəraitdə yaşamasıdır. Şəkər həyatın, mühitin bizə verdiyi "bəxşiş"dir. Biz o mühitdə yaşayırıq. Elə bir sahə var ki, insana da, predmetə və sosial mühitə də təsir edir. Və bu mühitdə bərabərlik, tarazlıq pozulur: belə bir mühitdə baş çıxartmaq, o mühitə hazır olmaq, mənə elə gəlir, ən çətin məsələlərdən biridir.

- Nazim müəllim, sizinlə söhbətimiz düşündüyüm kimi başlamadı. Biz elə xəstəlikdən danışırıq... Sizi hər hansı bir xəstəliyə təslim olmuş kimi xarakterizə etmək olarmı?

- Yox, qətiyyən. Mən xəstəliklərin hamısına – istər şəkər, istər ürək xəstəliyi olsun – qarşı mübariz olmuşam. Özümü xəstəliyə qarşı mübarizədə müqaviməti sınmış hesab eləməmişəm. Mən şəkəri, təzyiqi ölçməmişəm, yaxın qoymamışam bu hissi özümə tərəf...

Ayaq barmaqlarımda xatirələr

- Yəqin, boş vaxtlarınız heç olmur.

- Hər bir adamın həyatda əylənə bildiyi sahələr var. Məsələn, boş vaxtlarımda əsasən Azərbaycan tarixi ilə bağlı araşdırmalar aparmışam. Şumerlərin kimlik məsələsinə baxmışam, onları araşdırmışam, kökünü tapmışam. Təbii ki, bu kitablar çıxandan sonra ictimaiyyət rəy verə bilər. Yəni bu gün bizim Azərbaycan dilimizin, o cümlədən, digər türk dillərinin etimoloji sözlükləri yoxdur. Etimoloji sözlük olmayan dildə danışanda, o dildə söhbət eləyəndə yarımçıqlıqlar yaranır. Bu gün kifayət qədər dilçi alimimiz, ədəbiyyatşünasımız yetişir. Hamısı da hansısa rus mütəfəkkirinin, rus aliminin, ya da ingilisin ağzına baxır, onun dediklərindən sitat gətirir. Sanki kitablarında o adları göstərməklə fəxr edirlər ki, mən tədqiqat əsərimdə filan müəlliflərə istinad etmişəm. Bir şey dərk olunmur ki, bununla özünü o adamların adı ilə təqdim edirsən. Ən böyük bəla budu. Həyatda bir təqdim olunmaq var, bir də təqdim etmək. Bir də var ki, insan özü özünü təqdim edir. Öz-özünü təqdim etməkdə parametrlər çoxdur. Aparıcı parametr fikirdir. Fikrin dil ifadələri ilə yüklənməsi və onu hər hansı bir məclisdə ictimaiyyətə çatdırılmasıdır.

- Nazim müəllim, sizi ötən anlarınıza qaytarmaqla bağlı gəlmişdim yanınıza. Yeniyetmə və gənclik illərinizdən yadınızda nələr qalıb?

- Desəm ki, elə də təmtəraqlı gəncliyim olmayıb, yanlış olmaz. Çünki atam xəstə olub, erkən yaşlarımdan ailədə çox yükü öz üzərimə götürmüşdüm. Tələbəlik illərimdə də, sonralar da ağır günlər az olmayıb. Mebel fabrikində fəhlə işləmişəm. Sonra o dövrdə Azərbaycan Dövlət Universitetinin hesablanma mərkəzinə gəlmişəm. Sibirdə əsgərlik çəkmişəm. Bu dəqiqə də ayaq barmaqlarımda həmin illərin xatirələri qalır. Sibir şaxtasının don vurması... Mühitdən mühitə keçdikcə insan digər canlılar kimi o mühitə adaptasiya olmalıdır. Adam var ki, tez adaptasiya olur, adam da var ümumiyyətlə adaptasiya olmur. Yəni hər bir mühitdə ətraf bərabər olmur, tarazlıq pozulur, gərək o tarazlığa dözə biləsən. Məqsədinə nail olmaq üçün həyatın enişli-yoxuşlu pilləkənlərində çaşmamalısan. Ola bilər, bir dəfə yıxılarsan, bir daha o pillələri qalxa bilməzsən.

Ailənin təməli necə uğursuz qoyulubsa...

- Amma şükür ki, həyatınızda pillələr üzü yoxuşa olub, enişə yox...

- Heç nə asan olmur. Universitetin Mexaniki-riyaziyyat fakültəsinin dekanı var idi – Arif Babayev. Çox güclü riyaziyyatçı idi. Dediyinə görə, 30 yaşında doktorluğu Gürcüstanda müdafiə etmişdi. Gürcüstan Elmlər Akademiyasının prezidenti Muskavaşveli söyləmişdi ki, kaş sən gürcü olaydın. Bax, həmin Arif müəllim bizim dekan idi. Ancaq elə adlı-sanlı akademiklər, elmlər doktorları, dosentlər var idi ki, adam onlardan bezirdi. Bu gün təəssüf ki, elə alimlərimiz çox azdır. Mən də o vaxt Lütfi Zadənin çoxluqlar nəzəriyyəsindən diplom işi götürmüşdüm. Bu, çox maraqlı sahə idi. Azərbaycanda təzə açılan sahələrdən biriydi. Dedilər ki, "5" almaq üçün dekana demək lazımdır. O zaman Arif müəllim dedi ki, qiyabiçi hara, 5 qiymət hara?! Mən diplom işini müdafiə elədim. Komissiyanın sədri Samson müəllim yerli yəhudilərdən idi. Sual verdi: "bu işi neçə ilə müdafiə edə bilərsən?" Elmi rəhbərim dedi ki, iki ilə. Belə bir vaxtda komissiya qərar verdi ki, diplom işim "5" qiymətləndirilsin. Universitetin elmi işlər üzrə prorektoru vardı, Yəhya Məmmədov, Elmlər Akademiyasının müxbir üzvü, prorektor idi. O, məni kafedrada müəllim kimi saxlamaq istədi, razı olmadım. O vaxtı universitetdə kafedrada qalmaq, müəllim olmaq əlçatmaz idi. Sonra getdim Cəmil Əhmədlinin yanına, lakin o, məni o qədər də yaxşı qarşılamadı. 10 ədəbiyyat siyahısı verdi. Bir dəfə pul verdi, dedi, get, filan kitabları al, birini özünə, birini də mənə. Aldım gətirdim. Qalıq qaytarmaq istədim, götürmədi. O vaxtlar çox kasıb yaşayırdım. Borc alırdım, borcu qaytarmaq üçün də borca girirdim.Yazdım. Baxdı, redaktə etdik. İkimizin adından Akademiyanın xəbərlərində dərc olundu.

- Beləliklə, Cəmil müəllim sizin gələcək karyeranızda önəmli rol oynadı.

– Hə. Mən artıq qəbul olunurdum. Məqalələrim dərc olunurdu, Cəmil müəllim haqqımda xoş danışırdı. Bir dəfə bir yas məclisi vardı. Çadırın qırağında durub siqaret çəkirdim. Bir də gördüm Cəmil Əhmədli gəldi. Siqareti tulladım. Qoluma girdi, "icazə verirəm, yanımda çək", dedi. Çadıra bir girdik. Mənimlə xeyli söhbət etdi. Dedi, mövzu seçmək bilirsən nədi? Dedim, nədi? Dedi, mövzu seçmək gələcək həyat yoldaşını seçmək kimi bir şeydir. Əgər müəyyən müddətdən sonra həyat yoldaşınla aranda soyuqluq olarsa, boşanarsan. Ailənin təməli necə uğursuz qoyulubsa, bax, mövzu da elə olmalıdır ki, o boşluq olmasın.

Firudin Köçərliyə görə mənim...

- Və mövzu təklif etdi...

- Yox, seçməyimi istədi. Bir-birinə uyğun dörd mövzu seçdim. Birini bəyəndi. Müdafiəmdə çoxlu maneələr oldu. Fəlsəfə İnstitutunun direktorunun Firudin Köçərli olması və mənim İzzət Rüstəmovun bacısı oğlu olmağım qarşıma sədd çəkirdi. Axır ki, müəyyən müddətdən sonra bu səddi də aşa bildim.

- Niyə mane olurdu?

- Yerliçilik qorxusu vardı. Həm də başqa məsələlər. Mən Cəmil Əhmədlidən fəlsəfəni öyrəndim. Fuad Qasımzadə, Həsən Quliyev, Nizami Məmmədov – bunlar mənim taleyimdə böyük rol oynayıblar. Amma dediyim kimi, dissertasiyanı müdafiə edə bilmirdim. Bir dəfə Nizami Məmmədov işimlə maraqlandı, fəxrlə dedi ki, keçəcəksən. Lakin Fəlsəfə İnstitutunun Elmi Şurası yenə qəbul eləmədi.

- Niyə?

- Ona görə ki, mən gədəbəyli idim. O vaxt da Fəlsəfə İnstitutunun rəhbəri gədəbəyli Firudin Köçərliydi. Ehtiyat edirdi ki, ona yerlibaz deyərlər.

Nazim müəllim xatirə dəftərini vərəqləməkdə davam edir. Elm ocağında baş verən çəkişmələrdən, bir alimin digərinə olan münasibətinə görə onun elmi rəhbəri olduğu aspirantların əziyyət çəkməsindən bəhs edir. Danışır ki, onun müdafiə etməsi üçün bu çəkişmələr düz 3 il davam edir. Axır ki, dissertasiya müdafiəsinə nail olur. Bu dəfə elmi rəhbərlərinin sırasına daha bir alimin adı əlavə edilir...

- Dissertasiya hazır idi, məqalələr yazılmışdı, ancaq yaxına buraxmırdılar. İnstituta Aslan Aslanov direktor gəldi. Nizami müəllim dedi, heç kim Cəmil Əhmədlini qəbul eləmir. İkinci rəhbərim də olmalıdır. Nizami Məmmədovu rəhbər kimi yazdıq. Telman adlı əmim oğlu vardı. Bir dəfə dedi ki, niyə gedib kənddə müəllim işləmirsən? Dedim, müdafiə üçün pul lazımdır. Moskvaya gedib-gəlmək, məqalələri yazdırmaq və sair. Mənə xeyli pul verdi, həm borclarımı qaytardım, həm yazı makinası aldım, həm də Moskvaya gedib-qayıtmağa, orada qalmağıma yetdi.

Şumer mənim ən yaxşı övladımdır

- O zamanlar gənc fəhlə Nazim nəyi fikirləşirdi? Kim olmaq istəyirdi?

- Mən heç fikirləşmirdim ki, bankda, yaxud böyük bir trestdə və ya bu universitetdə fəaliyyət göstərəm. Ancaq bir fikrim olub ki, irəliyə gedim. Dayanmaq, yerində saymaq mənim prinsipimə yad olub. Maneələrdən heç vaxt qorxmadım. Mən Ali Diplomatiya Kollecini açanda nə diplomatiya sahəsində o qədər biliyim var idi, nə də bir o qədər dünyagörüşüm. Məni qınayanlar da oldu, ancaq fikrimdən dönmədim. Ən savadlı kadrları topladım. Mənim dostlarım o vaxt dəstək oldular, maddi və mənəvi köməklərini əsirgəmədilər. 1993-cü ildə ilk qəbulu apardıq. Beynəlxalq əlaqələrimiz genişləndi... Sonradan Bakı Ali Diplomatiya Kolleci və Bakı Avrasiya Universiteti adını daşıdıq.

- Nazim müəllim, siz danışdıqca belə başa düşürəm ki, heç boş vaxtınız olmur.

- Olur, niyəı olmur? Boş vaxtlarımda dostlarla görüşürəm, şumerləri tədqiq edirəm. Bundan ləzzət alıram...

- Dostlarla görüşəndə nədən söhbət eləyirsiniz? Yoxsa yenə də şumerlər dostlarla söhbətinizin arasına girir?

- Mənim o dostumla söhbətimdə birinci müzakirəmiz yenə də şumerlərdi. Yəni Şumer mənim ən yaxşı övladımdı. Mənim namizədlik, doktorluq işlərim idrak nəzəriyyəsində məntiqlə bağlı olub. Rus və digər mənbələrdə istinad eləyirlər ki, yunanlar klassik elmin baniləridir. Öz-özümə sual verdim, doğrudanmı onlar klassik elmin baniləridi? Bu məni apardı çıxardı yunanlara. Yunanlardan getdim hetlərə, hetlərdən getdim akkadlara, akkadlardan şumerlərə. Əmin oldum ki, şumerlərdə dayanmaq lazımdır. Hətta Kaliforniya Universiteti qədim musiqinin kökünü öyrənmək üçün ekspedisiya təşkil edib. Açıqlama verdilər ki, qədim musiqinin notlardakı uyğunluğunu yunanlarda görə bilmədik, şumerlərdə gördük. Demək, bəşəriyyətin ilk elmi yaradıcısı şumerlərdir. Şumerlər kimdir? Şumerlər özlərini kiengerlər adlandırıblar. Yəni göydən yerə gələnlər. Naxçıvanda, Urmiya gölü ətrafında Türkmənistanda kiengerlər var. İkinci bir tərəfdən, şumerlər özlərini "qarabaşlar" adlandırıblar. "Qara" türkcə-şumercə "böyük" deməkdi. Yəni böyük başlar – düşünən başlar olublar. Bunu axtardım, onların dilini, əlifbalarını öyrənməyə başladım. Bütün bunları öyrəndikdən sonra keçdim Azərbaycana. Nə vaxtlar buzlaşma, nə vaxtlar istiləşmə olub, öyrəndim. Öyrənə-öyrənə gəldim çıxdım Məmmədəli Hüseynovun Azıxla bağlı tədqiqatlarına. Gördüm ki, dünyada ən davamlı mədəniyyət bizim Azərbaycanda olub. Bütün türklərin mərkəzi dünyaya yaymasının kökü Azərbaycan olub.

Məni qonaq çağırıb, səs verəcəklərini dedilər

- Nazim müəllim, maraqlıdır ki, sizə ünvanladığım bütün sualların cavabı yenə də gəlib şumerlərə çıxır. Bu, artıq həyat tərziniz və düşüncələriniz haqda bizə çox şey deyir... Yeri gəlmişkən, bayaqdan bir neçə dəfə çay gətizdirmisiniz: Sizin üçün bu dövrdə çay içmək asan olar, ya çay keçmək?

- Sual çox mürəkkəb oldu... Əgər dağ çayından danışırıqsa, onun qarşısında tab gətirmək daha çətindir. Mən çətinliyə öyrənmiş adamam, asan da olmasa, çayı keçərəm, çayı isə içmək nə vaxtsa çayları keçməyimizə yardımçı olar. Bilirsən, dağ çayında qeyri-müəyyənliklər var. Belə baxırsan, əslində, rəngarənglik daha çoxdur dağ çayında. Göz bir şeyə baxanda yorulur, ancaq dağ çaylarına baxanda yox.

- Sizdəki bu həyat eşqi, araşdırma həmin o rəngarənglikdən irəli gəlməyib ki?

- Həyatım boyu düşüncələrimə görə standart adam olmamışam. Özümü heç vaxt, heç bir standarta daxil eləməmişəm. Yəni standartlar özü bu dəqiqə qeyri-standartlara çevrilir. Bəzən adamlar var ki, həyatında görkəmli bir yazıçı necə geyinir, onun kimi geyinib; nə yeyibsə, o cür yeyib, gəzib və sair. Mənə görə, həyatda insanın özünün izi olmalıdır.

- Bəlkə, parlamentə namizədliyinizi verəsiniz?

- İki dəfə parlament seçkisində iştirak eləmişəm. Birinci dəfə mənim namizədliyimi veriblər, ikinci dəfə isə özüm getmişəm. O zaman namizəd olarkən sadə adamlar məni qonaq çağırdı, səs verəcəklərini dedilər. Ancaq bəzi səbəblərdən sənədlərimi geri götürdüm. Bu dəfə isə heç nə deyə bilmərəm, gözlənilmədən qərar verə bilən adamam.

Adamın üzünə gülürlər, arxasınca danışırlar

- Nazim müəllim, dostunuz çoxdur, ya düşməniniz?

- Vallah, mən kənarın fikrini necə öyrənim? O üzrə tədqiqat aparmamışam. Bilirsiniz ki, adamın üzünə gülürlər, arxasınca danışırlar. Mənə elə gəlir ki, bu dəqiqə insanlar yaxşını görmək əvəzinə pisi axtarır.

- Şeir yazmısınız?

- Mən şeir yazmamışam. Amma mənə çoxlu şeirlər həsr olunub. İlyas Tapdığın, Musa Ələkbərlinin mənə həsr etdikləri şeirlərini daha çox bəyənmişəm. Saz da bağışlayıblar. Onların da hamısını istifadə eləyən adamlara bağışlamışam. Hətta Sazbənd Xudunun mənə bağışladığı çox qiymətli sazı Gədəbəydə balaca bir oğlana bağışladım. Amma saza həmişə qulaq asıram. Maşında yol gedəndə dastanlarımızı danışan aşıqları dinləyirəm...

- Yəqin ki, nəvələriniz də var. Baba kimi özünüzü necə görürsünüz? Vaxtınız var onlara dastan, nağıl danışmağa?

- Yox, mən nəvələrə nə dastan danışıram, nə də nağıl. Çünki onlar bizə gələndə babadan istəkləri olur, gərək mən onların istəklərini yerinə yetirməklə məşğul olam. Özüm azad, yaradıcı olduğuma görə onlara da azadlığı öyrədirəm.

- Uşaqlıq xatirələriniz tez-tezmi yadınıza düşür?

- Yadıma düşmür. Təmtəraqlı olmayan uşaqlıqdan nə yadımda qala bilər ki!? Həyat şəraiti məni başqa şeylərə vadar eləyib. Məni nə atam, nə də anam fikrimdən döndərməyə çalışıb. Tam azad böyümüşəm. Harada azadlığını tapa bilirsənsə, həyatın mənası da elə oradadır.

Tarix
2015.09.02 / 13:28
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla