Yuxarı

Şirməmməd müəllim, buna məcbursunuz

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirməmməd Hüseynovdan həqiqi Məhəmmədə doğru...

Marşal Davu tamam başını itirmiş formada həyəcanla izah edir:

- Hökmdar, siz Parisdə olduğunuz müddətdə hökumət xalq üsyanının baş verəcəyindən qorxur.

İmperator gülümsünür:

- Siz istəyirsiniz mən çıxım gedim?

Gecə Fuşe peyda olur. Həmin çəlimsiz, dodaqları rəngsiz və başı hər zamankı kimi qabağa əyilmiş, lakin bu dəfə balıq gözlərində parlayan gülüşlə:

- Əlahəzrət, bu dəfə mən müvəqqəti hökumətin rəhbəri kimi təşrif buyurmuşam.

O özünün şadyanalığını heç gizlətmir də. İmperator yenə gülümsünərək:

- Mən sizi ilk dəfədir axmaq yerində görürəm. Siz hökm edə bilmirsiniz, Fuşe! Sezar doğulurlar, necə ki, sadiq xidmətçi olmaq da yaranışdandır! Siz yaxşı qulluqçusunuz. Amma bir məsələdə haqlısınız - sizin hökumət müvəqqətidir. Sona çatan kimi siz əvvəlki ağıllı xidmətçi vəzifəsinə qayıdacaqsınız…

Bir zamanlar Napoleonu sürgünə göndərərkən onun qapısını kəsən generallar və öz naziri Fuşeyə böyük sərkərdənin dediyi sözlər apokalipsis olaraq düz 200 il sonra Sovet Azərbaycanının həyatında da zühur etdi. 1987-ci ildə Heydər Əliyevi SSRİ rəhbərliyindən ev dustaqlığına endirəndə onun düşmənləri sevinmişdilər ki, nəhayət, gilyotin qurulub və dünyanı əsdirən DTK məktəbinin ən görkəmli çekistini başqa bir Yelena adasında - Kremlin ahıllar evində birdəfəlik bitirəcəklər. Düz 3 il ərzində fransız triumfatoruna yedizdirdikləri zəhəri eynən kiçik bir xalqın böyük liderinin cisminə və qəlbinə yeritməyə çalışdılar. Bütün ölümlü cinayətlərdə onu suçlandıranlar partnomenklaturanın bədnam izlərini hər yerdə tapırdılar. Azərbaycan başdan-başa sovet prokurorları ilə dolu idi. Bir milyon ton pambığın, 2 milyon ton üzümün çıxdığı məkanları lupa ilə ekspertizadan keçirib bütün əmək qəhrəmanlarının titullarını əllərindən alır, keçici qırmızı bayraqlarla ölkəsini tanıtdıran Əliyevi müttəfiq respublikaların gözündən salaraq onu İttifaq miqyasında linç etməyə çalışırdılar.

Lakin Əliyevin izlərini Azərbaycandan silib qurtarmaq mümkün olmurdu. O, təkcə beşillik planların öncülü deyildi, milli həyatı əhatə edən hər yerdə Əliyev qarşıya çıxırdı. Qurulan zavod və fabrikləri yenidənqurma dalğası altında dağıtmaq bəlkə də mümkün idi. Bəs onminlərlə beynəlmiləl təhsilli gəncdən, bütün respublikanın ucqarlarında qurulmuş məktəblər hesabına savadlanmış milyonlarla yeniyetmədən, xalqın mədəni səviyyəsini müəyyənləşdirən saysız-hesabsız intellegensiya nümayəndələrindən, ən nəhayət, peşəkar idarəetmə ordusundan imtina etmək yalnız bir toplumu tamamilə məhv etməklə mümkün idi. O üzdən, tarixin gedişinə sona qədər süngü ilə hökm edə bilməyənlər Əliyevin edamına hazırlığı yarımçıq qoyub Azərbaycanı tərk etdilər və fərqli bir libasda yeni inqilabın çəngindən xilas olmağa çalışdılar.

İndi mən sizdən sual edirəm, Şirməmməd Hüseynov - 1987-93-cü illərdə iki fərqli formasiyanın qovuşuğunda köhnə-yeni elitaya Əliyevsiz dövlət qurmağa kim mane olurdu? Bütün ölkəni bir nəfərin əleyhinə arxeoloji qazıntı meydanına çevirəndə sizlər hardaydınız? Əslində, şəxsi düşmənləri olmayan Əliyevi fiziki və mənəvi məhv etməyə çalışanların bir millətə qəsd etmək niyyətində olduğunu görmək sizlərə o qədərmi çətiniydi? Hər növ şər işləri görənlərin bir xalqın liderini Moskvada mühakimə edəndə onun 14 illik xidmətlərindən bir cümlə yazıb ora göndərmək mümkün deyildimi?

Axı sizlərin tribunası 90-cı illərdə təkcə BDU-nun auditoriyası deyil, bütün Sovet məkanı idi. Bunlar zorən sizi mövqe bildirməyə çağırış deyil. Repressiya illəri çoxdan arxada qalıb. Lakin Rəsulzadənin qızılla birgə mühacirətinə dair verdiyiniz sualı müəllim kimi deyil, müstəntiq qiyafəsində səsləndirəndə sizə doğma olan tarixin başqa səhifələrini qaldırıb baxmağı hər kəs tələb edə bilər. Xalq hərəkatının önünə çıxanların doğrudanmı hamısında belə bir əminlik vardı ki, SSRİ-ni dağıdan beynəlxalq imperializm sonra onları gül-çiçəklə demokratik ideallara qovuşduracaq?

Doğrusu, müstəqilliyin qazanıldığı ilk illərdə metropoliyaların dayaqlarını qoruyub saxlamağa çalışan Kremlə milli azadlıqları boğmaq üçün dərin düşünməyə heç gərək də yox idi. Çünki bütün elitamız Azadlıq meydanına toplaşırdı və orada ölkənin gələcəyini görmək o qədər də çətin deyildi. Dediyiniz dövlət harda olub bəs onda biz onu görməmişik?

1991-ci ildə Vətənin ilk çağırışına ayağa qalxan mərd oğullar Qarabağda kütləvi ət maşınından keçəndə Rəsulzadə ideyaları ilə onlara sipər çəkmək istəyənlər harada qalmışdı bəs? Yoxsa, Kəlbəcərin işğalından sonra səslənən "sərhəddə divar çəkəcəyik, bununla da müharibəyə son qoyulacaq" stilində təfəkkürə dayanan idarəçiliyi siz əski irsə bağlılıq hesab edirsiniz? Halbuki döyüş üçün ayağa qalxanların o ülvi hislərindən ağıllı rəhbərlər torpaqların müdafiəsində istifadə edə bilərdilər. Əgər ideyalardan qoruyucu zireh taxmaq mümkün idisə, hər bucaqdakı xiyabanları biz niyə salırdıq?

Allahı sevərsiniz, bu yerdə şəhidlik üçün buyurulan müqəddəs kəlamlarımıza əl atmayın. Torpağı su əvəzinə qanla suvarmaq yalnız Şərq məfkurəsinin məhsuludur. Qərblilər ölməyi deyil, Vətən üçün yaşamağı üstün tuturlar! Aleksis de Tokvill deyir ki, Avropada insanlar siyasi azadlıqlarını dövlətlərini tamamilə dağıtmaqla əldə ediblər. Yəni burada Fransa burjua inqilabı ilə dünyaya gələn respublika quruluşundan, səlahiyyətlərin bölgüsündən, çəkindirmə və balans funksiyasından söhbət getmir. Siz Amerikada doğru olan təcrübəni gətirib başqa bir milli mühitə tətbiq edə bilməzsiniz. 90-cı illərdə lidersizləşdirmə və hakimiyyətin elə küçələrdən idarə olunması əslində düz yüz il əvvəlki demokratik cümhuriyyət zamanı ilə eynilik təşkil edirdi. Nəticəsi çox ağır oldu. Halbuki Makiavelli hələ 500 il əvvəl xaos şəraitində avtoritar idarəçiliyin qaçılmaz olduğunu özünün məşhur "Hökmdar" əsərində yazmışdı.

Bəs xalq inqilabçıları Rəsulzadə ilə bərabər, böyük italyan mütəffəkirini niyə yaxşı oxumamışdılar? Dövlət və hakimiyyətin fərqini bizə izah etmək üçün politoloji dərsliklərə deyil, son 30 ilin gerçəklərinə baxmaq kifayətdir. Hamını ehtizaza gətirən Qərb demokratiyalarında dəyişən iqtidarlar dövlətin müvazinətinə heç bir mənfi təsir göstərmirsə, bizim kimi təməl prinsipləri və idealları nə qədər mübarək olsa da liberal, ortodoksal, partokrat, plutokrat, daha onlarla "krat" hakimiyyətlərimiz yıxılan kimi dövlətimiz ondan qabaq çökürsə, kağız üzərində yazılanlar mənasını itirir. Təkcə simvollarla, işıqlı əsərlərlə, millətə xidmət edən fədai insanların ruhları ilə dövlət qurulmur, Şirməmməd müəllim!

Bilirsizmi, Əbülfəz Elçibəyin üzərinə gedənlər onu taxt-tacı KQB generalına verməkdə suçlandırırlar. Əlbəttə, bizim keçmiş şərqşünas siyasi elitamıza qalsaydı, onlar bütün ictimai qanunların, idarəetmə fəlsəfəsinin ziddinə olaraq partokratlardan aldıqları kresloları heç kəsə verməzdilər. Cəbhəkratiyanın liderlərinin bir qismi öz rəhbərlərini hələ də Əliyevlə gizli sövdələşmədə, əvvəlcədən tandem yaradaraq təhlükə anında sadəcə yerlərini dəyişməyə razılaşmaqda günahlandırırlar. Sən demə, bununla müasir Azərbaycan demokratiyası Şərqi Avropa ölkələrinin yolunu getməkdən məhrum olubmuş. Halbuki Elçibəyin yeganə tarixi düzgün addımı onun Bakıdan qan tökülmədən uzaqlaşması, xalqla vuruşmaması və həm özünün, həm də tərəfdarlarının son anda xilas ünvanını düzgün görməsində idi. Ancaq əksinə olsaydı, məgər bir xalqın nicatına doğru gələn tarixi liderin yolunu kəsmək mümkün idimi?

Elçibəy prezidentlik kreslosunda oturanda Fuşe kimi gördü ki, bura meydan deyil. O, səriştəsizliyi idarəçilik kursuna çevirməyə başlayanda sizin dediyiniz Rəsulzadənin atributlarının hamısı onun başının üstündə idi. Lakin onlar əqidə ilə bağlı olduqları ideoloji babalarının yüz il əvvəl bolşeviklərə məğlubiyyətindən fərqli olaraq, bu dəfə mürəkkəb zamana, yeni formasiyanın quruculuq yollarını tapa bilməməyə və inqilab etdikləri kütlənin qəzəbinə təslim oldular. Ona görə də Heydər Əliyev həm də Rəsulzadənin xilaskarıdır! Əks halda Talışıstandan bir, Ləzgistandan iki, Bakıdan üçüncü bir əşirət başçısı indi Suriyada və İraqda olduğu kimi parçalanmış xanlıqlarımıza başçılıq edəcəkdi. Onda bizim Stalinlə dostluq hesabına xilas olmuşların şəklini tapdaq altından qaldırmağa bir kimsənin tapılacağına inanmaq çətindır, Şirməmməd müəllim!

1993-cü ildə qan çox az töküldü. Hə, tarix şərt şəkilçisini sevmir. O vaxt prezidentlik uğrunda vuruşan, indi müxtəlif məkanlarda balaca piştaxtalara sığınanların virtual qəhrəmanlıqlarını görəndə hər dəfə bu barədə düşünməli olursan. Geriyə qayıdıb, Nəvahidə qoşun cəmləmiş və xaos diktaturasının hökm elədiyi bir məmləkətdə Surətin edam kötüyünə gətirilənləri Heydər Əliyevsiz təsəvvür etməyə bir daha çalışın. Yəqin yaranan mənzərə hazırkı İŞİD başçılarının vandalizmdən çox az fərqlənəcəkdi. Lakin zamanın çarxını geri döndərib xalq üzərində eksperiment aparmaq olmur. Amma "bir kərə yüksələn bayraq, bir daha enir", Şirməmməd müəllim! Özü də bilirsiniz necə enir? Məgər tarixdə tamam yox olan millətlər və dövlətlərin siyahısını bilmirikmi?

Yox, Roma imperiyasından danışmağa tələsməyin. Heç Sovetlər Birliyi də burada misal göstərilə bilməz. Təkcə son yüz ildə onlarla dövlət yaranıb və yox olub. Onların siyasi fədailəri, qələm fəhlələri, 34 yaşlı Rəsulzadə kimi altruist istiqlal mücahidləri vardı. Ancaq çifayda. Tarixin unudulması nə qədər pisdirsə, onun ilahiləşdirilməsi və ideallaşdırılması da o qədər ziyanlıdır.

Azərbaycanın görkəmli filosofu, alimi, ziyalısı Əlisa Nicat bir vaxtlar ruhların söhbətini dərc edirdi. O, Bəyazidi Əmir Teymurla, Bağırovu Nərimanovla, yaxud başqa bir dövrün qəhrəmanları ilə "görüşdürür", ziddiyyətli tariximizin qaranlıq səhifələrini bu yolla aydınlatmağa çalışırdı. Əlisa müəllimin yolu ilə getsək, əgər Rəsulzadənin məqsədi müstəqil və güclü Azərbaycan görmək olubsa (buna heç kəsin şübhəsi yoxdur - Z.O.), onun ruhu şad ola bilər. Savadsız və kasıb millətinin dünyaya çıxmasını istəyibsə, bütün bunları Heydər Əliyev gerçəkliyə çevirib.

Yəqin yenə dövlətin əsas funksiyasının top və topxana, neft və qazla yanaşı, insan yetişdirmək olduğunu deyəcəksiniz. Özü də ləyaqətli və ədalətli vətəndaş. Bax bu vəzifə bizim hamımızın birgə işindən asılı olub. Heydər Əliyevin dövründə milli səviyyə yüksəlib, dünyaya açılmamız genişlənib, iddialı bir xalqa çevrilmək mümkün olub. Kənardan baxanlar, bizi müharibənin məğlubiyyəti sindromundan əziyyət çəkənlər kimi görmürlər. Lakin yəqin deyəcəksiz ki, yaltaqlıq, rüşvət və əliəyrilik, məmur özbaşınalığı və haqsızlıq da artıb. Bunlar təkcə dövlətlə bağlı olan məsələ deyil. Tarixin bütün dövrlərində liderlərin kölgəsinə o qədər mənfəətpərəstlər toplaşır ki! Axı bunu heç bir quruluş tam inkar edə bilmir. Təkcə bir fakta - 1993-cü ildən sonra Heydər Əliyev haqqında yazılan kitabların son 12 illə müqayisəsinə baxın. Nəyi görəcəksiniz? Kəskin bir azalmanı. Bəs Rəhbərin adına bağlanan və vəzifə pilləsində irəliləmənin qarantına çevrilən bu kütləvi iş niyə axsayıb? Yoxsa, o adamların ilham pəriləri qeyb olub?

Yox, sadəcə onlar dövrün aparıcı tendensiyasını yaxşı bilirlər. İctimai ruhun istəklərini deyil, öz mənafelərini haradan çıxaracaqları onlara gün kimi bəllidir. Bundan böyük Heydər Əliyevin dünyəvi miqyasına bir xələl gəlirmi? Əsla, yox.

Bütün ölkə boyu yalnız bir insanın heykəllərindən danışırlar. Guya bu bütpərəstlikmiş. Meksikadakı bəlli bir kampaniyanı Azərbaycanda da təkrarlayın - Heydər Əliyev zirvəsindən bir misqal da aşağı enməyəcək. Çünki onu böyük edən heykəllər deyil, müasir Azərbaycan dövlətini qurmasıdır! Ona görə də bu ölkədə minlərlə mədəniyyət və incəsənət xadimi var, lakin tək bir insanın adının qarşısına bu sözləri yazmaq olar - DÖVLƏT ADAMI, o da Heydər Əliyevdir.

Dediyiniz ləyaqətli cəmiyyəti və qanunlarla yaşayan toplumu qurmaq üçün İlham Əliyevin "ensiklopediya müşavirəsini" xatırlatmaqda bir fayda olduğunu düşünürəm. Cənab prezident "indi hakimiyyətdə biz olmasaydıq, onda nələrin yazılacağını təsəvvürümə gətirirəm" söyləmişdi. Cəmi üç aylıq fasilə - İlham Əliyevin iqtidara qısa bir müddət sonra gəlişi yetərliydi ki, prezidentin nəzərdə tutduğu o pusquçu məmurlardan, sabotajçı və əqidəsiz varlıqlardan xilas olmaq mümkün olsun. Lakin Napoleonun dediyi kimi, onlar sonra imperatorun - əsil sərkərdənin siyasətinə qayıdacaqdılar. Ona görə də əgər milyonlarla insan bu dövlətə Heydər Əliyevin qurduğu siyasi sistem kimi yanaşırsa, siz onları qınaya bilməzsiniz!

Vaxtilə 14-cü Lüdovik də belə söyləmişdi. Demişdi ki, dövlət mən özüməm. Bəli, bizə 90-cı illərdə sizin dediyiniz dövlət qalmadığından elə bir şəxsiyyət lazım idi ki, o sözü desin və özünün daşıdığı keyfiyyətləri dövlətə köçürsün. Çünki Şərq xalqlarında dövlət ona rəhbərlik edənə çox oxşayır. Mustafa Kamal Türkiyə Cümhuriyyətini quranda Osmanlının 600 illik mirasına söykənirdi, Heydər Əliyevsə bir xalqın min illərdir davam edən məğlubiyyət seriallarından savayı elə bir keçmişə malik deyildi! Ona görə də Atatürkə əqidəsindən asılı olmayaraq, baş əyənlər kiçilmədikləri kimi bu gün də böyük Heydər Əliyevə ehtiram göstərənlər onu məhz dövlət qurmaq bacarığına görə sevirlərsə, əbədi hörmət bəsləyirlərsə, bu faktla barışmalısınız!

Şirməmməd müəllim, Lenindən indi sitat gətirmək qətiyyən populyar deyil. Lakin bir dünya inqilabını törətmiş şəxsin haqqını tanıyaraq onun sözlərini hərdən xatırlatmaqda fayda olduğunu düşünürəm. Amansız tərəfdar axtarışları zamanı Vladimir İliç "bolota"lardan çox qorxurdu. Bir çox intellegensiya təmsilçiləri mövqe bildirməyərək, sükut yolunu seçərək partiyaların fövqündə durmaq istəyirdilər. Halbuki ziyalılar susanda fəhlələr kütlə inqilabının liderlərinə çevrilirlər. Ona görə də millətimizin öndə olan adamlarının borcu tarixi utopik və ilğım şəklində beyinlərə yeritməkdə deyil, gerçək nümunələrlə təqdim etməkdədir. Hər halda Rəsulzadə və istiqlal hərəkatının o zamankı məğlubiyyəti, müstəqilliyimizə son verilməsinin günahı Əliyevlərdə deyil. Ona görə kim qalibdən bəhs edirsə, ona qəzəblə baxmağa ixtiyarınız yoxdur.

İslam dünyası İmam Hüseyn şəhidliyindən sonra sanki kədərə, məğlub olmuş savaşın ideallaşdırılmasına daha çox bağlanıb. Həmin mənəvi mərəzi davam etdirərək siyasi şəxsiyyətlərə qiymət verməyək. Bütün millətimiz hər gün sabahını Rəsulzadə ilə açsa, məktəblilər hər gün ilk dərslərini Cümhuriyyətə həsr eləsələr də, siz tarixdən Uzun Həsəni, yaxud Cavadxanı gətirib müasir dövlətçiliyimizin fövqünə qaldıracaqsınız. Ona görə ki, diri liderlər Ulu öndərə alternativ ola bilmir, gedib onu tarixdə axtarırsız.

Halbuki hər kəsin haqqını özünə verərək Heydər Əliyevi qalibiyyətin simvolu kimi tanımağa məcbursunuz. Uğur hadisəsi üzərində, güclü olmaq və uduzmamaq fəlsəfəsində tarix yazmaq daha əbədiyaşardır! Napoleon öz nazirinə dediyi kimi - Sezar doğulurlar, Fuşe! Elə sadiq xidmətçi də!

Qeyd: Yazı Şirməmməd Hüseynovun "Heydər Əliyev hakimiyyət, Məmməd Əmin isə dövlət qurub" fikrindən sonra Musavat.com saytında başlayan və hazırda davam edən polemikanın davamı kimi yazılıb.

Tarix
2015.09.02 / 22:51
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla