Yuxarı

“Yaşıl eynəkli adam”dan gələn dostluq təklifi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli teatr və kino aktyoru, Respublikanın xalq artisti Yaşar Nurinin doğum günüdür. Yaşasaydı, bu gün 64 yaşını qeyd edəcəkdi.

Axar.az çoxlarının sevimlisi olan aktyor haqqında pərəstişkarı Anar Həsənlinin maraqlı yazısını təqdim edir:

"İnanmayacaqsınız. Deyəcəksiniz ya "LƏTİFƏ"di, ya özündən "MEZOZOY ƏHVALATI" uydurursan, ya da "ORDAN-BURDAN" yığdığın materialları olmuş kimi qələmə verirsən. Amma heç biri deyil. Oxuyacağınız hadisənin içində özüm iştirak etmişəm, bilavasitə mənimlə bağlı olub.

Onsuz da məzuniyyətdən qayıdanda başıma qəribə "YOL ƏHVALATI" gəlmişdi, ogünkü əhvalat da gəldi, işlər oldu cağbacağ. Ancaq hər şey yaxşı qurtardı. Eyniadlı filmdə deyildiyi kimi: Özüvü üzmə, atam. Bu həyatda nə baş verirsə versin, bil ki "HƏR ŞEY YAXŞILIĞA DOĞRU"du.

Şəhərdə xırda-para işlərimi görüb qurtarmışdım. Bir balaca yorğunluğum vardı, həm də acmışdım. Lap "AC HƏRİFLƏR" kimi. Dedim, girim bir kafeyə, həm bir az dincəlim, həm də yüngülvarı nəsə yeyim. Sonra da işə qayıtmalıydım.

Girdim kafelərdən birinə. İçəridə demək olar, heç kim yox idi. Bir yer seçib oturdum, sifarişimi verdim, başladım gözləməyə.

Bir az sonra kafeyə təxminən 23-25 yaşlarında oğlan girdi. Üzündəki ifadə nələrdənsə xəbər verirdi. Qəmgin idi, hiss olunurdu nəsə problemi var. Mənə yaxınlaşanda ani olaraq baxışlarımız toqquşdu. Gəlib oturdu yanımdakı stolda. Gözünü "PƏNCƏRƏ"yə dikdi. Deyəsən kimisə gözləyirdi. "NİGARANÇILIĞ"ı vardı. Bilmirəm, nə səbəbəsə onun belə olması, hətta gözlədiyi adamın kim olacağı da mənə maraqlı gəldi.

Sifarişim gəlmişdi. Yavaş-yavaş yeməyə başlamışdım, bütün fikrimsə bu gəncdə idi. Bir neçə dəqiqədən sonra kafeyə gözəl, gənc bir xanım daxil oldu. Oğlanın əyləşdiyi stola yaxınlaşdı.

Qeyri-iradi olaraq söhbətlərinə qulaq asmalı oldum. Səslərini aydın eşidirdim. Oğlan ayağa qalxdı:

- Xoş gəldin, Gülnar.

- Salam..

Oturdular.

- Sağ ol ki, sözümü yerə salmadın.

- Elçin, deyim ki, vaxtım azdı. Odur ki, birbaşa mətləbə keçək.

- Mətləb deyəndə ki... istəyirəm məni "BAĞIŞLA"yasan və əvvəlki həyatımıza qayıtmağımıza razı olasan.

Qadın istehza ilə güldü:

- Elə bildim toyunuza "DƏVƏTNAMƏ" gətirmisən!

O, sanki bu söhbəti çoxdan gözləyirdi:

- Amma bağışlanma olmayacaq... Bunu mənə xəyanət edəndə düşünəydin. "FRANSIZ" aktrisalarına oxşatdığın o "GÖZ HƏKİMİ" ilə aldadanda düşünəydin. Bilməliydin ki, əvvəl-axır bu sözü deyəcəksən.

- Çox peşmanam, inan.

Qadının səsi titrəyirdi:

- Bu peşmanlığın nə vaxtdan başlayıb? Onu da götürüb "İSTANBUL REYSİ" ilə uçduğun vaxtdan, ya birlikdə "QATARDA" Moskvaya gedəndə? Yol uzun, iki nəfərlik kupe. Yəqin ki, maraqlı olub. Bəlkə də mənə dediyin və çox sevdiyim sözləri ona da demisən: "Səndən ötrü "MÜQƏDDƏS ODA YANARAM"".

- Bunlar keçmişdə qalıb, Gülnar. "ÖMRÜN YOLLARI"nda hər şey ola bilər. Bunun "ƏZABLI YOLLAR"ı var, hamar yolları var. Məncə, biz artıq o yolun əzablısını keçmişik.

Qadın özünü atıcı kimi hiss edirdi və güllələri düz hədəfə atırdı:

- Nağıl danışma. Bunları unuda bilmərəm. Hələ biz birlikdəykən siz onunla yeni münasibətə başlayanda "SƏNDƏN XƏBƏRSİZ" ağlayırdım. Ayrılanda isə "KÖKDƏN DÜŞMÜŞ PİANO" kimi qalmışdım bir küncdə. Özümə gücüm çatmırdı. İntiharın "ASTANA"sındaydım. Düşdüyüm vəziyyətə "NEKROLOQ" yazan lazımıydı. "YAY GÜNÜNÜN XƏZAN YARPAQLARI" kimiydim. "YERLƏ GÖY ARASINDA" qalmışdım. Dərdimi deməyə adam tapmırdım. Qonşularsa nəyə görəsə məndən yan gəzməyə çalışırdılar. Yaxşı deyiblər ki, "QONŞU QONŞU OLSA" kor qızım ərə gedər...

- Gülnar...

- Sözümü kəsmə. Hətta bir dəfə mesajlarınızı da oxuya bilmişdim. Ehtiyatsızlıq edib silməmişdin. Yəqin düşünmüşdün ki, oxudum-oxumadım, səninçün heç bir əhəmiyyəti yoxdur. Yadımdadır hər kəlməsi. Sən yazmışdın ki, ey mənim "EVLƏRİ KÖNDƏLƏN YAR"ım, "AD GÜNÜ"n mübarək. Sənin "AĞ ATLI OĞLAN"ın səndən ötrü çox darıxır. O, səni hər gecə "YUXU"da görür. Üzümüzə gələn son "DÖRD BAZAR GÜNÜ" birlikdə ola biləcəyik. İndidən "ALOV"lanıram. Sonra da bir qəzəl yazmışdın, müəllif kimi də adını "Dərdindən dəli olan "QƏZƏLXAN" Elçin kimi qeyd etmişdin. Onun cavabı da yadımdadı...

- Axı sən niyə bunları...

- Dedim ki, sözümü kəsmə. O isə yazmışdı ki, ay mənim "TOPAL TEYMUR"um, mən də sənsiz darıxıram. Hər yerdə "SƏNİ AXTARIRAM". Cavab yaz, amma "BAYQUŞ GƏLƏNDƏ" yazma, aləm qarışar, evinizdə "MİLLİ BOMBA" partlayar. Sonra da gülüş işarələri. Deməli, mən bayquşammış... İndi deyirsən, bunları unudub səni bağışlayım və bir yenidən ailə olaq?

Düzü, vəziyyətin bu yerə gələcəyini gözləmirdim. Oğlan içəri girərkən üzündəki kədərin səbəbini indi başa düşdüm. Onlar davam edirdilər:

- Bunları yadıma salıb qanımı qaraltma, xahiş edirəm. Hər şey geridə qaldı.

- Yox, mənimçün heç nə geridə qalmayıb. Bəlkə də heç kim mənə qarşı belə "NAKƏS"lik, "YARAMAZ"lıq eləməzdi, sən elədin. Düzü, səndən bu hərəkəti gözləmirdim. Küçədəki sahibsiz "KÖPƏK" səndən yüz dəfə etibarlıdı. Sən mənə zülm verdin. "OD İÇİNDƏ" çabaladım. Düşünürdüm ki, "YARIMÇIQ QALMIŞ MAHNI" kimiyəm, "TƏNHA NARIN NAĞILI" mənim haqqımda yazılıb. Amma vaxt ötdükcə möhkəm olmağa çalışdım. Dözdüm, qırılmadım. "YARIMŞTAT" işlədim, başımı qatdım ki, dərddən şişməsin. Onsuz da "KİŞİLƏR"in hamısı belədi, dedim. Və getdikcə hər şey düzəldi. İndi isə "NƏ GÖZƏLDİR BU DÜNYA" deyə düşünürəm – Susdu. Ürəyindəkiləri deyə bildiyinə görə sanki rahat hiss edirdi özünü. Ayağa qalxaraq:

- Amma həmin bu dünyada yanımda sənə yer yoxdu. Artıq sən bir heçsən! Məni axtarma! İndi isə "MƏN EVƏ QAYIDIRAM". "MƏNİM AĞ ŞƏHƏRİM", yeni həyatım məni gözləyir. Əlvida! - deyib arxaya baxmadan kafedən çıxdı. Oğlanın titrək və ümidsiz vəziyyətdə dediyi sözləri eşitdim:

- Sən yaxşı qızsan, Gülnar...

Başını ovuclarının arasına qoydu...

Tamam özümü itirmişdim. Axı bu söhbətin mənə nə aidiyyəti vardı, niyə onların söhbətinə hakim kəsilmişdim, nə qədər müddət idi burda oturmuşdum, bilmirdim. Sadəcə, hər ikisinə yazığım gəldi. Oğlana yaxınlaşıb onların söhbətini eşitdiyimi, onlara hansısa köməkliyi etmək istədiyimi demək istədim. Amma fikirləşdim ki, o, bunu mənə irad tuta bilər. Bu vaxt o, mən tərəfə baxdı. Bir azdan ayağa qalxıb yaxınlığıma gəldi:

- Anar Həsənli?

- Bəli...

Bayaqkı sifət ifadəsindən heç nə qalmamışdı. Üzündəki kədəri artıq xoş bir təbəssüm əvəz eləmişdi.

- Yaşar Nurinin doğum gününə həsr edəcəyiniz status üçün mövzu yığa bildinizmi? Axı sentyabrın 3-də onun 64 yaşı tamam olur – gülərək dedi.

- Başa düşmədim. Bu nə deməkdi?

Üzümdə min ilin təəccübü vardı. Matım-qutum qurumuşdu. Bu vaxt Gülnar adlanan qadın yenidən kafeyə girdi və düz gəlib yanımızda dayandı. Bayaqkı kədərdən əsər-əlamət yox idi simasında. Mən cavab gözləyirdim. Oğlan stulları geri çəkdi:

- İcazənizlə əyləşək.

- Buyurun.

- Deməli belə. Anar bəy, mən və bu gördüyünüz xanım tələbə yoldaşım sizi Feysbukdan tanıyırıq. Filmlərimiz, aktyorlarımız barədə yazdığınız statusları oxuyub çox bəyənmişik.

- Təşəkkür edirəm.

- Biz Mədəniyyət və İncəsənət Universitetinin magistrləriyik. Dostlarımızdan biri bizə demişdi ki, ola bilməz ki, siz Yaşar Nuri haqqında da belə səpkili status yazmayasınız. Və o, sizin bu gün haralarda olacağınızı bilib bizə məlumat vermişdi. Siz olduğunuz yeri Feysbukda qeyd edirsiniz deyə, bu elə də çətinlik yaratmadı və sizi izləməyə başladıq. O, bir çox məlumatları bizə verirdi. Günlərlə sizi təqib etdik. Əməlli-başlı detektiv olmuşduq. Gözləyirdik ki, münasib yerdə görüşək. Nəhayət ki, siz bu kafedə əyləşdiniz. Bir neçə gün bundan əvvəlsə eşitdiyiniz o mətni hazırlayıb məşq elədik. Bu, həm də bizim Yaşar Nuriyə olan sonsuz məhəbbətimizdən irəli gəlir. Məncə, pis alınmadı.

Mən də onların "dili ilə" danışdım:

- Hə, bəlkə sizə bir "SPASİBO" da deyim? Ya səhər-səhər "MUSİQİLİ XAŞ" qonaqlığı verim? – güldük.

Xanım:

- Siz özünüz nəsə yaza bilmişdinizmi Yaşar müəllimlə bağlı? – deyə soruşdu.

- Hazırlamağına hazırlamışdım, amma belə düşünürəm bu, daha maraqlı olacaq. Hazırlayıb paylaşacam. Elə diqqətlə qulaq asırdım ki, söhbətin bütün gedişatı yadımda qalıb.

Oğlan qımışdı:

- Yəqin materiala əl gəzdirəcəksiniz.

- Təbii ki – Məni maraqlandıran sualı verdim - Bəs adlarınız nədi?

- Adlarımızsa doğrudu. Mən Elçinəm, bu da Gülnar...

- Maraqlıdı. İnanın ki, heç vaxt ağlıma gəlməzdi ki, belə bir hadisə ilə rastlaşam.

İkisi də ayağa durdu:

- Bizi bağışlayın ki, sizi narahat etdik, bir az kədərləndiniz də, amma məncə, pis alınmadı. İndi isə Yaşar Nuri ilə bağlı tədbirə getməliyik. Sizi görməyimizə şad olduq, – qapıya tərəf addımladılar.

- Yaxşı, bəs dostumuzun adını deməyəcəksiniz? Bu, məni çox maraqlandırır. İnanın ki, aramızda sirr kimi qalacaq.

Onlar artıq qapıya çatmışdılar. Oğlan:

- Onun profili texniki səbəblərə görə bağlanıb. Yeni profillə sizə dostluq göndərəcək yəqin ki, - deyib əvvəl qızı buraxdı, sonra isə özü arxasınca çıxdı.

Bilmirdim hansı hissləri keçirəm. İndicə şahidi və iştirakçısı olduğum hadisəni düşünüm, yoxsa "dostumun" kimliyini tapım. Amma istənilən halda sevinirdim. Sevinirdim ki, Yaşar Nuri kimi sənətkarları unutmayan, onları yad edən istedadlı gənclərimiz var. Hər şeyi necə də əvvəlcədən planlaşdırıblar. Bunun nəyi pisdi ki? Deməli, nəyəsə ümid etmək olar. Deməli, böyük sənətkarlar unudulmayacaq. Deməli, Yaşar həmişə qəlblərdə yaşar.

Bu əhvalatdan təxminən 3 gün sonra "YAŞIL EYNƏKLİ ADAM"dan mənə dostluq təklifi gəldi"...

Tarix
2015.09.03 / 12:36
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla