Yuxarı

“Heydər Əliyevlə görüşdə Xəlil Rzaya dedim ki...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin budəfəki qonağı Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun həyat yoldaşı Validə Bağırovadır.

Allahverdi Bağırov 1946-cı ildə Ağdam rayonunda anadan olub, burada boya-başa çatıb. 11 illik təhsilini 1966-cı ildə bitirib. O, bugünkü "Qarabağ" futbol klubunun yaradıcılarındandır və uzun müddət klubun heyətində çıxış edib. Daha sonra sovet ordusunda hərbi dəniz donanmasında dəniz piyada alayında hərbi xidmət keçib.

Ermənilərin torpaq iddialarına qarşı mübarizə aparan Allahverdi Bağırov Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milli Qəhrəman Allahverdi Bağırovun həyat yoldaşı Validə Bağırova bizə həyat yoldaşıyla getdikləri yoldan danışdı:

Qatarda tanışlıq

- İlk tanışlığımız mən qardaşımla qatarda gələndə olmuşdu. Rəhmətlik məni orada görmüşdü ilk dəfə. Sonra evlərinə gedib, "o qızı bəyənirəm", deyib. Ailəsi soraqlayıb kim olduğumu. Ata-anamın tez rəhmətə getdiyini öyrəniblər. 7 uşaq yetim böyümüşük. Mənə elçi gələndə qardaşım qəti "yox" dedi.

İgid adam

İgid adam idi. Müharibədən əvvəl də onun qorxmazlığını bilirdik.

Elə cavanlığında da ötkəm, sözü keçən adam idi. İstər ailədə, istər bacı–qardaş arasında qayğıkeş, diqqətcil insan idi. Hamının yerin bilən, torpağını, vətənini də canından çox sevən adam idi. Ailə qədri, qohum qədri bilən elə torpağın da qədrini bilər.

İlk övladımız Aynur 1984-cü ilin yanvarında dünyaya gəldi. Ata kimi, ailə başçısı kimi çox istəyirdi övladlarını. Onlara qarşı çox həssas idi. Həddən artıq ailəcanlı idi. Rəhmətə gedəndə uşaqlar balaca idilər. Zümrüd birinci, Aynur ikinci sinifdə oxuyurdu.

Qızını həkim görmək istəyirdi

Övladlarını oxutmaq istəyirdi. Həmişə Aynuru həkim görmək istədiyini deyirdi. Aynur da "həkim olacağam", - deyib ona uşaq ağlı ilə reseptlər yazırdı. Deyirdim, ay qızım nə çox dərman yazmısan? Bağçada da həkim xələti geyindirib lap həvəsə salırdılar. Bacısını da yanında tibb bacısı kimi əyləşdirirdi.

Hadisələr başlayan gündən Allahverdinin yuxusu çəkilmişdi. Qardaşı Eldarın gəlməyini gözləyirdi hər axşam. Eldar darvazadan girən kimi birinci ev Allahverdigilin idi. Ona səslənərdi. Gəldiyini deyərdi. O da ərkyana acıqlanardı ki, harda qalmısan. Məhəbbətini hiss etdirən adam deyildi. Amma narahatlığı çox istəməyindən irəli gəlirdi. Doğmalarına məhəbbəti çox böyük idi. Həmişə anasının sağ olmağını arzulayardı ki, kaş sağ olardı, ona paltar alardım. O məhəbbətlə də ikinci qızına anamızın adını qoydu. İkinci qızının adı Zümrüddür.

Övladlarının hər ikisi ata arzusunu yerinə yetiriblər. Biri hüquqşünas, o biri də həkimdir. Həm atalarının arzusu, həm də öz istəkləri ilə seçdilər sənətlərini. Atalarına layiq bala oldular.

Qardaş acısı

1991-ci ildə Eldar şəhid olandan sonra döyüşə başladı. O vaxta kimi kömək edirdi. Amma 1991-ci il oktyabrın 31–dən sonra elə bil Allahverdi üçün həyat da dayandı. Yeməkdən, içməkdən kəsildi. Saqqal uzatdı. Çox istəyirdi qardaşını. Eldar rəhmətə gedən gündən tamam dəyişdi. Evdən də soyudu. Bütün günü döyüşlərdə olurdu. Özünə qarşı da çox laqeydləşmişdi. "Eldarsız bazara girə bilmərəm", - deyirdi.

Əl-ayağı tikanla dolu olurdu

Olurdu ki, mühasirəyə düşürdü, əli-ayağı tikanlı gəlirdi. Balacalar əlinin tikanını çıxardırdı. Döyüşə gedəndə 3 gün mühasirədə qaldıqları zaman olub. Qarabağ müharibəsi arxivlərində videoları var. Əsgərləri arasında söz sahibi olub. Yaşı cavan da olsa, sözü eşidilən ağsaqqal kimiydi.

Ağdam restoranı

Əsgərlərini Ağdam restoranına yığırdı. Yedirdib-içirdirdi orda. Alınmış əsirləri də orda saxlayırdı. 1300 nəfər əsir almışdı. Ölənlərin sayı məlum deyildi. Onların hamısını ilk olaraq o Ağdam restoranında yerləşdirirdi. Sonra ailələrə təhvil verirdi. Ölənləri də Ağdam məscidində kəfənləyəndə üz-gözlərini tez örtdürürdü ki, yiyələri ermənilərin meyitləri pis günə qoyduğunu görməsinlər. Onların dəfnində də böyük köməyi olurdu.

Deyirlər, Allahverdi əsirlərin azad olunmasında başqalarının eləyə bilmədiyini edirdi, bunun sirri nə idi? Deyirəm: Vətənə xalqa sədaqət. Qoyub getmirdilər. Ağdamda otururdular. Gələn-gedəni qarşılayırdılar.

Yeddi güllə yarası ilə ölmüşdü

Əyin-başı olmayana paltar verirdilər. Bəzən gəlib evdən paltar aparırdı. Uşaqların paltarını aparıb körpələrə geyindirirdi.

Evə iki uşaq gətirmişdi. Biz baxırdıq. Gürcüstandan gəlmişdilər. İki nəfər ailə idi. Gürcüstan azərbaycanlısı. Onları Xocalıya Eldar yerləşdirmişdi. Orda işləyirdi. Dükan açmışdı. Sonra da əsir düşdülər. Gəlin tapılmadı. Allahverdi oğlanın meyitini aldı. Yeddi güllə yarası ilə ölmüşdü. Oğlu ölən erməni qadın onu güllələmişdi. Onun iki övladı vardı – biri 3, biri 4 yaşında. Ata-anası uşaqlara tapşırıb ki, bizə bir şey olsa, deyin, sizi Eldara, ya Allahverdiyə çatdırsınlar. Bunları da bir ailə özünə götürmək istəyəndə uşaq deyib ki, Allahverdi əmi mənim qohumumdur. Onda Allahverdi də onları evə gətirmişdi. Uşaqlar gələndə təsəvvürəgəlməz vəziyyətdə idilər. Neçə günü pəyədəmi, harda saxlamışdılarsa, dəhşətli iy gəlirdi. O qədər ac idilər ki. Yuyundurub paltarlarını dəyişdik. Neçə gün saxladıq. Gürcüstandan uşaqların babaları, bir də əmiləri gəlib çıxdı. Meyiti Allahverdi ermənilərdən alıb kəfənə tutdurmuşdu. "Qaz-51" maşını, bir də o vaxtkı təcili yardım maşını ilə yola saldı. Ərzaq da qoymuşdu, bir neçə əsgər də göndərmişdi onlarla. Bir neçə gün sonra gəlini axtarmağa qayıtmışdılar. Amma Allahverdi nə qədər axtarsa da, Vitalik demişdi ki, axtarmayın.

Erməni dostu var idi...

Televiziyaya da çəkmişdilər. Bir qızın atasını və qardaşını geri qaytarmışdı. Bacılar elə cəbhədə onun ayağına düşmüşdülər. Qucaqlayanda əyilib qoymamışdı. Ümumiyyətlə, Allahverdi nə qədər ötkəm idisə, bir o qədər də ürəyiyuxa idi.

Vitaliklə futboldan dostlaşmışdılar. O da ermənilərin milli qəhrəmanıdır. Onların Müdafiə Nazirliyində işləyir. Başqa bir futbol yoldaşı var idi. Leonik. Sonradan eşitdik ki, o da bizə qarşı döyüşür. Onun atası dəllək idi. Şimali Qafqazda görmüşdülər onu. Dəllək Azadın oğlu idi. Bir gözü də kor olmuşdu. Demişdi hə, mən də döyüşürəm. Hadisələrdən əvvəl dost idilər.

Çingizi Allahverdi aparmışdı...

Ümumiyyətlə, Allahverdi kimi dosta sədaqətli insan çox azdır. Buna görə də ona kömək edirdilər. Düzdür, zamanla çox dostlarının etibarsız çıxdığını gördük. O qədər olmuşdu ki, danışıq uzun çəkdiyindən elə bilmişdilər, erməni bunu da əsir götürüb. Qayıdanda məəttəl qalmışdılar. Çingiz Mustafayevə Allah rəhmət eləsin. Bu gün Allahverdinin kanalı olan varlı qardaşı yoxdur. Çingiz Mustafayev üçün Allahverdi icazə almışdı. Xocalı qırğınının ilk çəkilişlərini Seyidağa Mövsümlü aparmışdı. Fikir verin, Çingiz ağlaya-ağlaya çəkir. Sonra onun özünü də çəkirlər. Həmin əraziyə keçmək üçün icazəni Allahverdi almışdı. Allahverdi icazə alanda demişdilər, özün tək gəl. Meyitlərin yığılmasını Seyidağa Mövsümlü çəkmişdi. Bir də türk jurnalist var idi. İrfan Sapmaz. İlk yaralıları o çəkmişdi. Səhəri gün icazə alınmışdı, Seyidağa Mövsümlü qalan çəkilişi aparmışdı.

Hər şey Çingizləşdirilir...

Allahverdini iyunun 14-ü vurdular. Bir gün sonra da Çingizi. Allahverdidən iki gün sonra isə Şirin Mirzəyevi saldılar minaya. Xocalı hadisəsi ərəfəsində efirə gedən bütün verilişlərdə hamı gözləyir ki , Allahverdinin də adı çəkiləcək. Bu gün efirdə hər şey Çingizləşdirilir. Hamının etdiyi bir nəfərin adına çıxılır. O çəkilişlərin birində də Allahverdinin adını çəksinlər, onun da elədiyini göstərsinlər. Desinlər ki, bu çəkiliş üçün icazəni Allahverdi alıb.

Meyitə benzin töküb yandırıblar

Allahverdi deyirdi ki, Bakının kəndindən bir oğlan gəlmişdi. Nədənsə ona "Fikser" deyirdilər. Çox igid oğlan olub. Ürəklə döyüşürmüş. Hər iki ayağından pulemyotla vurmuşdular. Əsir düşməmək üçün özünü partlatmışdı. Allahverdi onun meyitini ermənilərdən alanda görmüşdü ki, meyitə benzin töküb yandırıblar. Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylini də Allahverdi gətirmişdi. Xoranmurdda vurulanda qalmışdı erməni tərəfdə. Meyiti götürə bilməmişdilər. Xocalıların içindən Əlif Hacıyevin də meyitini Allahverdi gətirib.

Heydər Əliyev bizi qəbul edəndə...

1993-cü ilin dekabrında mərhum prezident Heydər Əliyev milli qəhrəmanların ailələrini qəbul edəndə Xəlil Rzaya dedim ki, sizin oğlunuzun meyitini Allahverdi gətirib. Bu gün niyə başqasını tərifləyirsiniz? Niyə onun adını çəkmirsiniz? Xəlil Rza Allahverdi haqqında bir kəlmə də demədi.

Tank keçəndə maraqla baxırdıq

Heç vaxt onu müharibədən çəkindirmədim. Çünki çox zəhmli adam idi. Mən desəydim elə bilərdi ki vətəni, xalqı sevməyən biriyəm. Bacıları deyirdi. Amma mən deyə bilmirdim. Qətiyyən döyüşdən danışmazdı. Həyətdə iş görəndə deyirdilər ki, Allahverdi mühasirəyə düşüb. Mən onda anlamırdım mühasirə nədir, döyüş necə olur. Tank, top tanımırdıq. Tank keçəndə maraqla baxırdıq. Əvvəllər ancaq televizorda görmüşdük belə şeyləri. Həmişə inanırdım ki, Allahverdiyə heç nə olmaz. Onun igidliyi, qorxmazlığı məni inandırmışdı.

Dedi üç günə gəlirəm

Sonuncu dəfə gələndə qızım arxasınca qaçdı ki, bizi də apar. Dedi üç günə gəlirəm. Torpaqları alıb gələcəm. Qardaşımgildə qoymuşdu bizi. Gecə yuxu görmüşdüm. Qaynım Əmiri axtardım ki, Allahverdini yuxuda görmüşəm. Qurban bayramı ərəfəsi idi. Əmirə dedim ki, bir heyvan al qurban kəsək. Bütün mal-qaranı aparmışdılar. Əmir dedi ki, ratsiya ilə deyiblər hücum olacaq, mən də gedirəm. Sonra Allahverdini tapdım. Dedim gəl, qurban kəsək. Dedi ki, yox, bu gecə hücuma keçirik. Mənə də tapşırdı ki, möhkəm atışma olacaq, evdən çıxıb gedim. Qaranlıq düşəndə xəbər gəldi ki, Allahverdi minaya düşüb. Onu yaralı vəziyyətdə atamgilin həyətinə gətirdilər. Sürücünün də bir ayağı parçalanmışdı. Gördük ki, xərəyin içində yerdə uzanıb. Hərbi geyim toz-torpağın içindədir. Elə böyük yarası da yox idi. Partlayış nəticəsində maşın üstünə aşmışdı. Maşını qaldırmağa çalışıb. Üzündə, qaşında qəlpə yaraları var idi. Biz görəndə artıq rəhmətə getmişdi. Eldarın ölümündən sonra saqqalını qırxdırmamışdı. Üzünün zəhmindən adam qorxurdu...

Heç olmasa bir küçəyə...

İstəyimiz odur ki, adı əbədiləşsin. Heç olmasa, bir küçəyə onun adı verilsin. Milli qəhrəman təqaüdü alırıq. Bu evdə müvəqqəti qeydiyyatdayıq. Özümüzün deyil, müvəqqəti qalırıq.

Milli qəhrəmanın qızı Zümrüd xanım da söhbətə qoşulur. Söhbət əsnasında atasına lazımi qiymət verilmədiyindən gileylənir:

- Atamızın adı bizim üçün fəxrdir. Sadəcə elə bilirəm ki, onun adından istifadə etsək, adına xələl gələcək. Tanıyanda hörmət edirlər. Atam nə qədər zəhmli görünsə də, o qədər mehriban, qayğıkeş bir ata idi. Şəhid olanda mənim altı yaşım var idi. Xatırlayıram. Ağdamda birinci sinfə gedirdim. Uzun zaman keçdi. Amma bu gün yetərincə qiymət verilmir. Quzanlıda abidə var. Atamın şəkilləri, videosu bir yana, o abidəni çəkəndə tən yarıdan göstərmirlər. Atam olan hissəni vermirlər. Bilmirəm niyə belə edirlər. Heyf ki, zəhməti yerdə qaldı. Heç vaxt bizə güzəşt olunmayıb. Təhsil haqqını hamı kimi ödəmişik, əziyyətlə oxumuşuq.

Sağ olsaydı, daha ürəkli olardıq. Soruşanda, təqdim edəndə "Zümrüdün atası şəhiddir" deyirdilər. Hamıdan fərqlənirik. Amma qəhrəmandır, fəxr edirik. Şəhid qızı olmaqla qürur duyuruq. Milli Qəhrəman Allahverdi bəyin qızı olmaq özü də şərəfdir. Ədalətsizliyə həmişə etiraz etmişik. Bu gün Allahverdi Bağırov kimi oğlanlar çox azdır. Əksəriyyəti öz mənfəətini güdür. Ürəyimizdəki ata boşluğu hər zaman olacaq. Onu heç kim, heç nə ilə doldura bilməz.

Tarix
2015.09.16 / 08:45
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla