Yuxarı

“Atam bunu bilsə, qan salar...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Sözün güneyi" adlı layihəsinin budəfəki qonağı Cənubi Azərbaycandan gənc yazar Fəhimə Mustafapurdur.

26 yaşlı xanım yazar hazırda Təbrizdə yaşayır.

Fəhimə Mustafapurun iki hekayəsini oxuculara təqdim edirik.

Böyükağa nə vaxt gələcək?

İlməkləri birbəbir salıram. Belim quruyub, amma umurumda deyil. Bala haşiyənin sonuncu sovunu salırıq. Qırmızı gülün axır gül ləçəklərini üstün tuturam. Dərindən nəfəs alıram. Elə biləsən, doğrudan ağacların, güllərin üstündən çıxıb başa yetişmişəm. 17 lay ləvərdən (xalçanın balaca haşiyəsi. - Red.) sonra fərş qurtaracaq. Gördüyüm çəkmələrə görə əlim elə qızışıb ki, anam deyir, nə olub, tələsirsən?

- Həndaa bə! Sabah Böyükağa gəlib həftəliyimizi verəndə 3-4 tümən şayırdana verəcək, bir az da sən versən, bir cüt çəkmə alaram. Özün deyibsən!

"Ay belim", - anam deyir!.. Dəfənəni tez-tez tapdaya-tapdaya deyir: "Dədəniz ölsün! Necə cavanlıqda gedib bir iş sahibi olmadı?! İndi ömrümün son çağında oturmuşam ilmək salıram. 30 il qabaq Arteşdən çıxanda dedim, çıxma. Heç olmasa, bir yaxşı iş tap, sonra çıx. Fikrini verdi ətir-odekalona. Şalvarımın ütüsü gərək qarpız kəsə. İndi də 60 yaşında hələ fəhləliyə gedir".

Dediyimdən peşman oldum. Fərş üstə həmişə bir söz açılsaydı, anam lay çıxıncan deyinərdi. Hələ çox şükür 17 lay qalır. Nazik arğacı anam çəkir, tapdalayır. Yetişdik ləvərə. Bir kələf məddi qırmızıdan açıb başlayıram. Tərbiyətdə gördüyüm çəkmələr yadıma düşüncə tez-tez ilmək salıram.

Axır ilməyi salıb, təxtəbənddən atılıram yerə. Təxtəbənd o qədər ucalıqda dayanıb ki, duranda əlim səqfə yetişir. Təxtəbənd altında uzanıram. Bacardıqca gərnəşirəm, doğrudan elə bil ki, uzanıram. Əllərimi qoyuram başımın altına. Baxışım lampaya tikilib. Allah, nə vaxt Böyükağa gələcək bizə? Düzünü istəsən, Böyükağadan zəhləm gedir. Həmişə bizə gələrdi, tələsərdim getsin. Deyərdim, bəs baxışı yazığa baxan baxışdı. Amma indi tələsirəm gəlsin. Gedirəm pəncərə qabağına. Otururam taxçasında.

Eh! Nə soyuqdu! Soyuqdan sancılandım. Çox şükür, gör nə qədər qar yağıb. Sabah çəkmələrimi geyəndə bu qarda eşiyə çıxsam, hamı mənə baxacaq. Mən də hamıya fors satacam.

"Qız hardasan? Gəl, bu dəfənəni ver mənə. Əlimdən düşdü", – anam deyir.

Özümə gəlib dəfənəni verirəm anama.

- Ana? Niyə qoymursan barı xoş xəyala dalam? Yaxşı. İndidən deyirəm haa, 20 mindən üstə olsa, almayacam.

- Yaxşı, baba!..

- Qapıdı! Qız, dur gör kimdi? – anam deyir.

Çadranı atıram başıma. Həyəti ayaqyalın qaçıram. Ayaqlarım gizildəyir. Dəmpayılarımı geyməmişəm. Qapını açanda Böyükağa gözlərimi doldurur. "Anan evdə?" – soruşur.

- Bəli, buyurun.

Elə "buyurun" deyib qaçdım evə. Ayaqlarım donub soyuqdan. Dəhlizdəki papışları Böyükağa yetişənədək taxıram ayaqlarıma.

Yetişdi! Böyükağa hesab-kitabı bir kağıza yazıb, bir bəstə pulla birlikdə verir anama.

Yenə elə baxdı haa! Zəhləmgetmiş! Elə bil ki, müftə pul verir bizə. İl yarımdı bu 12 metrlik fərşin üstündə belim əyilib.

Dəhliz qapısının dalındakı köhnə başmaqlara gözüm sataşır. Pulları anamdan alıb barmaqlarımın arasında oynadıram. Dodağım qaçır. Gözaltı Böyükağaya baxıram. Bir tar simləri ki, fərşin boyların əlinə alaraq tellərində gəzdirir. Ayaq üstə durammıram daha. Otururam taxtabəndin üstündə. Gözüm pullarda, fikrim də çəkmələrimin yanındadı. Daha Böyükağanın anama nə dediyini eşidəmmirəm.

Böyükağa getdikdən sonra corablarımı geyinirəm. Anam gəldiyində məni geyinmiş şəkildə dəhliz qapısının yanında görərək "Başmaqlarıvı gey, gəlirəm", – deyir.

Bu gün bu başmaqları geyməyimin sonuncu günüdür. Burunları cırılıb. Gözləməsəm, içinə su gedər. Ayaqlarıma su getməsin deyə, qarlı yerə basıram addımlarımı. Uzaqdan baxan naqqışlı oynadığımı sanar. Qar da məndən acıq çıxır sanki. Maşınların şüşəsilənləri işdən düşməyənə qədər şıdırğı yağır.

Axeyyy! Xətti-vahid gəldi. Ayaqlarımı çırpıram xətti-vahidin ilk pilləsinə. Qar tökülür yerə. Bir az isinmək üçün arvadların arasına soxuluram.

Son duraqda hamı düşür. Bazara yetişdik. Qar hamını elə karıxdırıb ki, bazarda qaçhaqaçdı. Hər kimi dindirsən, deyir pulsuzluqdu, mən bilmirəm bəs bu camaat bazarda nə iş görür? Yetişdik Tərbiyət ağzına. Əvvəl dükanda gördüyüm çəkmələrə sarı gedirəm.

Hanı bəs? Elə bura qoymuşdu axı! "Qoy soruşum", – anam deyir. Anamın içəri gedib çıxması heç iki dəqiqə çəkmir. "Deyir satmışıq. O sayz da, o model də yoxdu". Dedim, bəs Tərbiyət xiyabanı başıma fırlandı. Az qalmışdı səriləm yerə, yapışdım dükanın şüşəsindən. Nə poxuydu yedim?! Beh versəydik, saxlayardı.

Anam əlimdən tutub özüylə sürüyür. "O çəkmələrdən Tərbiyətin bütün dükanlarında var", – deyir... "Mədən də şeyx mədəsidi. Həm gözəl olsun, həm də ucuz", – anam deyir. Onun sözünə qulaq vermirəm. Fikrim çəkmələrdədir. Nəhayət, Tərbiyət xiyabanını neçə dəfə aşağı-yuxarı edəndən sonra mən dediyim çəkmələri tapdıq.

Ölümü saldım evə. İslanmış corablarımı çıxarıb buxarının böyrünə girirəm. Buxarının istisini qaldırıb, ayaqlarımı yapışdırıram ona. Heç istini hiss eləmirəm. Sabahın fikri axırda öldürəcək məni. Varlı olduqlarını bilsəydim, heç dostluq salmazdım. Doğrudan da, çətindir varlı adamla dostluq qurmaq. Yaxşı hələ bildir palto aldıq. Bildir qar yağmadı, paltoları hərraca qoydular. Şalvarım da qalacaq çəkmələrimin altında.

Dərindən nəfəs aldım. Gör nə yağır! Çox şükür. Zivənin üstündə dörd barmaq boyda qar oturub. Paltar sancaqları da qar altında itib. Kaş səhərədək qar yağsın. Elə yağsın ki, arvadların qapıya yığışmaq imkanları olmasın. Bilmirəm, sabahın fikrində olum, yoxsa bu sözbaz arvadların. Bilmirəm dəə! Sabah şalvarımı çəkmələrimin içinə qoyduğumu görcək, dalımca söz qoşacaqlar. "Zəhra xanımın qızı nə moda düşüb, ay bala?! Görəsən, nə olub?" Axı sizə nə?!.

Rəhmətlik böyük nənəm deyərdi: "Bala, öz tay-tuşunuzla olun. Deyən ola, yazıq arvad, öz tay-tuşumuz yor-yolçudu daa! Qoyun üç-dörd nəfər başlı-qulaqlı adamla oturub-duraq, bir-iki kəlmə söz öyrənək.

Sərçələrə bax! Yazıqlar nə oturmağa yer tapırlar, nə yemək. Qoy dəsmal arasındakı xırda çörəkləri bacadan qarın üstünə silkələyim.

"Qız, dur get pilətənin xodun al. Şorba qoymuşam, indi suyun çəkər", - anam deyir. Həyətin çırağın yandırıb, buza dönmüş dəmpayıları geyərək həyətin o başındakı mətbəxə gedirəm. Ayaqlarımı qara qoyduqca ayağım batır. Qar tökülür üstünə. Pilətənin xodunu azaldıb, ayaq izlərimin yolun tutub qayıdıram evə.

Yerimin içində məgər yuxu gələ gözümə! Çəkmələrin fikrindən yatammıram. Ay-ulduz saymaqdan yoruldum. Böyük nənəmin təsbehini alıram əlimə, başlayıram salavat çevirməyə.

Dedim, bəs işıq saldılar gözlərimə. Kirpiklərim açılmırdı. Ova-ova yerimdən durdum. Təsbeh düşmüşdü yerimin içinə.

İşıq deyil. Gündür. Göydə o qədər parıltılı görünür ki, deyirsən, yaydır. Qaçıram pəncərə qabağına. Daş başıma! Bəs qar hanı?! Elə bil ki, heç qar yağmayıbmış. İndi hanki qar üstə çəkmələrimi geyim?! Belə geysəm də, məhəllədə hamı mənə güləcək. Daş başıma! O birisi başmaqlarımı da eşiyə atdım. Gözüm dikilib navalçadan süzən suya. Yaman söz qalmır, özümə deyirəm.

"Qız, dur! Saat 11 olub haa! Saraya demisən, on bir yarımda mədrəsədə olsun axı!" Dik durub oturdum. Hə? Nə olub? "Dur vaxtdır!" – anam deyir. Tələsik qaçıram pəncərə qabağına. Yarım metrəcən qar yağıb. Əlimi qoyuram qəlbimin üstünə. Çox şükür. İndiyə qədər belə qorxulu yuxu görməmişdim. Tələm-tələsik geyinirəm. Bir dəfə də sandıqxanadakı boş taxtabəndə baxıram. Çəkmələri taxıram ayağıma. Barmaqlarım üşümür. Arvadlar qapıya yığışmayıblar. Bu gün daha naqqışlı oynamayacam! Ayaqlarımı hara sevsəm, qoyacağam.

Soğan

"Qız, soğanın qabığın yerə tökmə, acılıq düşər evə", – anam deyir. Heç elə bil eşitmirəm. Soğanın acılığı gözlərimi göynədir. Ancaq göz yaşım təkcə soğana görə deyil. Keçmişin acılığı ürəyimi də yandırır. Soğanları əlimə götürüb soyduqca, göz yaşlarımı itirəcək qədər acı olduğunu arzulayıram – anam ağladığımı bilməsin deyə.

Ayağa dururam. Soğanları suyun altına tutub, boşqaba qoyduqdan sonra otağa sarı gedirəm. Qapını örtüb, arxasına yapışdırdığım kiçik pitiklərə baxıram. Sarı-qırmızı pitiklər xəzan yarpaqlarına bənzəyir. Yazdıqlarımı gözdən keçirirəm. Bu aralar heç nə yadımda qalmır. Yaşım bir az çox olsaydı, deyərdim, alzeymerə tutulmuşam. Pitiklərin yazıldığı günlərə baxıram. Şənbə... Bazar günü... Heç indi hansı gündür?

- Ana?! Sabah neçə şənbədi?

- Cümə.

Əlimi qapıya yapışdırdığım pitiklərə çəkirəm. Cüməni axtarıram. Bir sarı balaca pitik tapıram.

Cümə! Abanın səkkizinci günüdü. Doğum günüm.

Ayna qabağına qaçıram. Saçlarımın hörüyünü açıb, barmaqlarımı salıram saçımın arasına.

- Yox, hələ qocalmamışam.

Aynadan anama baxıram. Divanın üstündə oturub, suyun içindəki sarımsaqları soyur.

- Ana?! Heç bilirsən sabah nə günüdü?

- Yox, bala.

Anama sarı dönüb "sabah mənim doğum günümdü", – deyirəm. Elə bil ki, anam bir torba barıtdı. Başlayır deyinməyə.

- Bala, qoy oturum. Çox belə xoş günüm var? Sən olan gün ağrı qarnımı kəsirdi. Aclıq bir tərəfdən, sancı bir tərəfdən dədəmi yandırırdı. Dədənlə savaşdıq, çıxdı getdi. Gövhər xanım səsimi eşidib, bimaristana yetirməsəydi, indi heç yoxuydun ki, doğum günün də olsun!

- Yaxşı. Səndən hədiyyə istəyən oldu ki, hirslənirsən?

Otağa gedirəm. Qapının dalındakı sarı pitiyi qoparıb, tikələyirəm. Pəncərə qabağına gedirəm. Eşikdəki çırağın işığında tökülən qara gözüm dikilib. Pəncərəni açıb, gözlərimi yumuram. Qar dənələri üzümə çırpıldıqca, sanki iynə batır. Parça-parça pitikləri ovcumun içinə qoyub, əlimi pəncərədən eşiyə tuturam. Yel pitiyin tikələrini özüylə uzaqlara götürür.

Bir sərin yel canımın hər bir yerini titrədir. Yavaş-yavaş bir gözümü açıram.

- Pəncərəni niyə açıbsan, dondum.

- Yaxşı! Dur ayağa. Siqaret tüstüsü hər yeri götürüb.

Yorğanı başıma çəkib yatmaq istəyirəm, ancaq yuxum qaçıb. Saata baxıram. Saat on birə iyirmi dəqiqə işləyib. Gözlərimi ova-ova pəncərə qabağına gedirəm. Doğum günümdə ilk dəfədi qar yağır. Həmişə yağış yağardı. Payız adında yaşayan qüssə ürəyimi, həyatımı, hər şeyimi özüylə birləşdirib. Carçının səsi sükutumu əlimdən alır.

- Nə əcəb? Nə olub səhər tezdən car çəkirsən?

- O gün gələn elçilər vaxt alıblar, bu gün axşam oğlanla gələcəklər.

Qol-qıçım sustaldı. Dedim, bəs ürəyim bir divar kimi yıxıldı.

- Bəyəm babiyə deməmisən o oğlanı?

Anam əlində carı dəstəsini o yan, bu yana əsdirərək, qaş-qabaqla deyir:

- Lazım deyil. Özün bilirsən, qoymaz. Bir dəfə dedim, eşidim. Eşidib ki, küçədə görüb heç qüvənmir. Başını sal aşağı, işinlə məşğul ol. Qoy gəlsin, görək nə cür oğlandı.

Elə bil neçə nəfər məni əməllicə tapdalayıb, keçib. Otağa gedib uzanıram.

- Görəsən, nə cür oğlandı?

- Bunların acığına hər kim olsa gedəcəm!

Ürəyim bir söz deyir, ağlım bir ayrı söz. Əlimi salıram boynumdakı gül şəklində olan boyunbağıma.

- Mübarəkdi, – Əli deyir.

- Amma Əli, atam deyib, hər kim elçi gəlsə, gərək altı-yeddi yaş böyük ola. Sən məndən bir yaş böyüksən. Hələ bilsə küçədə görüb bəyənibsən, qan salar!

Əli dirsəklərin dizlərinə dayayaraq, gözlərini zilləyib. Yerə baxa-baxa "biz bir-birimizə öyrəşmişik", – deyir.

O gün evə gedəndən sonra, "Səni sevirəm! Ancaq necə desən, elə edərəm", – deyə bir mesaj göndərdi.

Anam bir gecə atama "Əli ailəsilə gəlsin?" – soruşdu.

Başımı yorğanın altında basdırmışdım. "Lazım deyil. Dur get qoy yatım!" –dedi atam. Ürəyim titrədi. Divara sarı döndüm. Özümü yuxuya vurdum.

***

"Qız, dur bu soğanları soy", – anam deyir.

Məcməyidəki soğanlara sarı dönürəm. Soğana əl vurduğumda acılıq ürəyimə düşdü. Soğanları soyduqdan sonra yel qabıqlarını yerə saldı. Əyilib yığmaq istədiyimdə peşman olub xalının altına qoydum qabıqları.

- Mən bu sözlərə inanmaya-inanmaya belə acılıq saldı, qoy görüm anama neyniyəcək?

Soğanları anama verəndə "qız yerə tökmədin ki?" – soruşdu. "Yox", – dedim.

Gedirəm otağa sarı. Pəncərə önündən astaca yer üzünə qonan qar dənələrini seyr edirəm.

- Allah, qoyma haa, elçilər gəlsin. Əlini atamın ürəyinə sal.

Qəhvəyi rəngdə olan qonaqlıq paltarımı geyib, çadra başımda divanın üstündə oturmuşam. Anamın qorxudan, yoxsa başqa bir səbəbdən pəncərə önündən ayrılmadığını bilmirəm. Telefon zəngi həm məni, həm də anamı elə diksindirdi ki, ikimiz də telefona sarı qaçdıq.

- Alo! Buyurun!

- Hacıxanım evdə?

Bir xanım səsi idi.

- Bəli.

Telefonu anama verib, geri çəkildim. Sanki anama vay xəbəri verdilər. Telefon əlində dizləri yerə yamandı.

- Sağ olun! Öz evizdi.

"Hələlik", – deyib telefonu yerə qoyduqdan sonra "Hə? Kimiydi?" –soruşdum.

Elçilər. Deyir qohumların biri ölüb, gəlməyimiz olmadı.

Ürəyimə su səpdilər sanki. Özümü kanapə üstünə salıram. Divardakı tabloya sataşır gözlərim. Əli, Fatimə, Allah… "Köpəyin qızı, demədimmi soğanın qabığın yerə tökmə, acılıq düşər evə?! Xalının altı bütün zibildi. Elə əvvəl gündən soğan mənə düşməyib heç". Heç saymıram anam nə deyir. Bir də Allah adına baxıb, "Allah, soğana acılıq verdiyin üçün sağ ol!" – deyirəm.

Tarix
2015.09.28 / 08:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla