Yuxarı

Kim Putin kimi cəsarət göstərə bilərdi?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

PAPA AĞ EVDƏ VƏ PUTİN MƏSCİDDƏ

Ötən həftənin mühüm beynəlxalq hadisəsini əsas informasiya nəhəngləri olan CNN və BBC televiziyaları müəyyənləşdirdi. 4 gün ərzində dünyanın hər tərəfinə yayımlanan xəbərlərdə katolik aləminin misilsiz gücü nümayiş olunurdu.

Hər gün qaynar nöqtələri bəşəriyyətin vahid evinə daşıyan kütləvi məlumat mərkəzləri birdən-birə hamını katolik messialarının və dini liturgiyalarının iştirakçısına çevirmişdilər. Soyuq müharibənin yekununda üz-üzə gələn Qorbaçovla 2-ci İohan Pavelin görüşünün yol açdığı epoxal dəyişiklərə bərabər siqnallar şərhçilərin dilindən düşmürdü. Avropa və Amerikanın siyasi fikir laboratoriyaları Roma Papası 1-ci Fransiskin ABŞ-a və Kubaya səfərinə gələcək dünya nizamını təmin edən mühüm tarixi hadisə kimi yanaşırdılar.

Onsuz da kilsələrə təkcə Allaha ibadət yeri deyil, həm də xalqları itaətə gətirən məbədlər kimi baxdığımızdan "müqəddəs ata"nin min kilometrlərlə məsafə qət edərək, fərqli cografiyaları və bir-birinə zidd siyasi rejimləri bir araya gətirməsində qeyri-adilik axtaran yox idi. Axı sayı milyarddan artıq insana rəhbərlik edən dini mərkəz əsrlər boyu kralların taxt-tacının etibarlığının əsas zəmanətçisi olub.
Məgər, Napoleon ordusu kütlələrin "azadlıq" şüarları altında Romaya daxil olarkən işğal etdikləri ərazilərdə kardinallarla müqavilə bağlamaqdan vazmı keçdilər? Əsla yox. Böyük fransız sərkərdəsi təkcə at belində fateh olmağı deyil, həm də bağlı qəsrləri və qalaları ələ keçirmək üçün rahibləri və yepiskopları özünün ordusuna qatmışdı. Parisdə restavrasiya olunan kilsələr də buna xidmət edirdi. Lakin Napoleon Papa 7-ci Piyin əlindəki tacı əsil korsika dağlısı kimi kobudluqla alıb başına qoyanda düşünməliydi ki, onun taxtının dayaqlarını sarsıdan ilk növbədə kilsələr, dini ehramlar olacaq.

Sui-qəsdlərlə dolu olan siyasi tarixin istənilən döngəsində dini hücrələri dövlət sarayları ilə birləşdirən yeraltı yolları heç kəs dağıtmaqda maraqlı olmayıb. Çünki hökmdarlar hər zaman Tanrıya və onların yerdəki elçilərinə pənah gətirməkdən başqa çarə tapmayıblar. Lenin kimi tarixi qanunuyğunluqların əksinə gedənlər isə çox yaşamayıblar, vücudlarında gizlətdikləri allahsızlığın bədələni çox ağır ödəyiblər.

Roma Papası cəmi bir il öncə əzəli düşmənləri barışdırdığı Kubanı ziyarət edərkən o ölkənin kommunist keçmişinə və indisinə yağdırdığı lənətləri unutmağa məcbur idi. Sovetlər Bilriyinin Amerikaya açılan pəncərəsini o zamanlar kim söymürdü ki? Lakin indi 11 milyonluq xalq ötən əsrin 60-cı illərindən məruz qaldığı blokada və diplomatik təcridetmədən çıxdığına görə məhz Vatikana borcludur. Doğrudur, hələ ilk addımlar atılır və barış missiyasını irəlilətmək üçün hələ çox işlər görülməlidir. Uzun onillər qarşılıqlı düşmənçilik çox dərin izlər qoyub. İndinin özündə də yaşlı kastroçular Amerikanın kəskin dəyişməsində bir hiylə və məkr görürlər. Lakin onlar Papanın dünyəvi missiyası qarşısına çıxmaqda acizdilər. Çünki xalq kasıbdır, SSRİ adlı nəhəng imperiya xəritədə yoxdur, əfsanəvi inqilabçı isə uzun illərdi canı ilə əlləşir.

Yeri gəlmişkən, Fransisk Kubanın Azadlıq meydanında çıxışı zamanı kütlələrin qəlbini oxşayan daha bir incə məqama əl atır. O deyir: "Mən indi Çe Geveranın simasını görürəm".

Məşhur Çeni təkcə kastroçuların deyil, bütün latın amerikalarıların ilahiləşdirdiyini heç şübhəsiz hamı bilir. Lakin Vatikan dövlətinin başçılığına qədər elə həmin Argetinadan - yezuitlərin ordenini alaraq dünya katoliklərinin liderliyinə doğru gözlənilməz sıçrayış edən 1-ci Fransisk bunu başqalarından daha yaxşı anlayır. Çünki özü bir vaxtlar komandantelərin kütlə inqilabına başçılıq etdiyi torpaqlardandır. Ona görə də Papanı tez-tez solçu, yaxud kommunist baxışlarının daşıyıcısı olmaqda qınayırlar. Halbuki müqəddəslərin partiyalılığı, sinfi və milli mənsubiyyəti olmur.

Yəqin Ağ Evi heç vaxt belə görməmişdiniz.

Fransa inqilabının gətirdiyi hakimiyyət bölgüsü ənənələri orada tamamilə itərək, dinin dövlətdən ayrı olduğu barəsindəki balladalar bir andaca yox olmuşdu. Dünyanın fərqli hakimiyyət başçılarını qəbul edərkən öz bəyazlığını qoruyub saxlayan bu əzəmətli siyasi mərkəz bir günlük də olsa, öz libasını dəyişmişdi. Vaşinqton - bütün Amerika demək olmasa da, on minlərlə insan müqəddəs dini lideri alqışlamaq üçün meydanlara çıxıb və əlahəzrətə əllərini toxundurmaq üçün kiçik maneələri aşmağa can atırdılar. Papanın şərəfinə düzülmüş hərbi dəstələrin haradan gətirdliyini isə soruşmağa heç kəsin ixtiyarı yoxdur. Çünki tribunaya qalxarkən Beynəlxalq Trubunalın deyil, məhz dünyanı idarə edən mərkəzlərindən birinin başçısı olan 1-ci Fransisk ağ əbası altında qoruyub saxladığı dövlət və din təəssübünü bir an belə kənara qoymur. Axı son illər kilsənin ətrafında baş verən qalmaqallar elə Avropanın özündə nə qədər tərəfdar itkisinə səbəb olub. Elə isə Yaxın Şərqə göndərilməli olan, bəlkə İraqdan və Əfqanıstandan çıxarılıb gətirlimiş kiçik Amerika ordusunun cəmi bir taboru orkestrin müşayiəti ilə pontifikin qarşısından keçərkən Papa çöhrəsindəki təbəssümü əskiltmir və dünyanın dörd bir yanına mesaj göndərir ki, o, Amerikanı mühakimə etməyə deyil, onunla müttəfiq olmağa gəlib.

Vatikan bankının pulları dövlətlərin sərəncamında olan sərvətlərdən daha çoxdur və dünyanın vahid hakimiyyətini qurmağa iddialı olanları öz nüfuz dairələrini genişləndirməkdən başqa heç nə düşündürmür.

Axı iqtisadi böhranın tüğyan etdiyi və yüz minlərlə insanın həyatını itirdiyi bir dönəm kimiləri üçün fəlakət anı başqalarına hökmranlıq fürsəti deməkdir. Roma kilsəsinin avtoriteti həm də ondadır ki, dünyaya jandarm kimi diqtə edən siyasi paytaxtlardan fərqli olaraq yoxsullar, kimsəsizlər və xəstələr - "qızıl milyard"ın kənarında qalan bütün binəvalar Papanın messialarını ilahi göndəriş, dirilik və hüzur üçün peyğımbər çağırışları kimi qəbul edirlər. Belə şəraitdə savaşan xalqlar arasında sülh təşəbbüsündə bulunmaq, ali məhkəmə rolunu öz üzərinə götürmək, hamını barışa səsləmək və humanist hərəkətlərdə bulunmaq əsil xeyirxahlıq nümunəsi deyil, bəs nədir?

Əhalisinin böyük əksəriyyəti - üçdə ikisini protestantlar təşkil edən Amerikanın katolik aləminə hər zaman mənfi münasibəti fonunda sonuncu papalar bu qarşılıqlı inamsızlığı aradan qaldıra biliblər. Təkcə 80 milyondan artıq insanın deyil, həm də Asiya və Afrika qitəsinin katoliklərinin səcdə etdiyi bir mərkəzin dini liderinə Amerikanın bütün siyasi hakimiyyət qollarında yüksək ehtiram göstərilir. Çünki 80 milyondan artıq katolikin dövlət orqanlarında təmsilçiliyi də kifayət qədər yuxarı həddədir. Ali Məhkəmənin 9 hakimindən 6-sı, Konqres üzvlərinin 31 faizi, indiki prezidentlik marafonuna çıxanlardan isə 6 nəfərinin və 44 prezident içərisində yalnız Con Kennedinin adı bir ölkənin tarixində xüsusi yerə iddia edənlərin lideri üçün bütün taxt-taclara yuxarıdan aşağıya baxmağa mənəvi haqq verir. Demokratik bir ölkənin gücü də bundadır - orada seçilmiş varlı qanunvericilərin qarşısında Fransisk əsil Monteskyö kimi senatorlara hüquq dərsi keçir, onları təmsil etdikləri xalqı unutmamağa çağırır, vəzifənin daimi olmadığı haqda öyüd-nəsihətindən də qalmır. Halbuki Kapitoliyə can atarkən o, Obama ilə görüşündə apardığı müzakirələr haqqında heç bir məlumat vermir və kardinallar - onu müşaiyət edən peşəkar komissarlar bunu şəxsi söhbət kimi qələmə verirlər.

Malta adasında Sovet rəhbərini də beləcə məxfi danışıqlara tutub bir imperiyanın sonuna fərman vermişdilər.

Buna görə də protestant və katolik olmasından asılı olmayaraq, xristian dünyası vahidliyini qoruyub saxlaya bilir. Ən azı yeni siyasi düzən Vatikanın versiyasına görə ona yaxın olan elitaların hökmranlğına xələl gətirməməlidir. Əsil yezuit yanaşmasıdır -"məqsəd vasitəyə haqq qazandırır".

Dünya hər hansı bir siyasi lderin deyil. Vatikan başçısının BMT kürsüsündən sülh və ədalət çağırışına daha çox tapınır və Papanı alqışlayır. Axı müharibələrin qırıb əldən saldığı xalqların başqa alternativi yoxdur!

Lakin Fransiskin cəmi bir il öncə Romaya dəvət edib böyük "yeddilər"in sanksiyalara məruz qoyduğu Rusiya lideri həmin əks qütbü formalaşdırmağa çalışır. Xatirinizdə olar, onda Putini öz rezidensiyasında yüksək qonaq kimi salamlayan Vatikan rəhbəri Ukraynadan ona dikilən gözlərə və işğalçıya cəza çağırışlarına məhəl qoymadan böyük bir ölkəni Avropadan ayırmağa "yox" deməyə çalışmışdı. Baxmayaraq, pavoslav bir ölkədə - Rusiyada katoliklər bir neçə yüz mindir, əhalinin heç bir faizini də təşkil etmir, lakin ortada təsir dairəsi uğrunda savaş getdiyi bir vaxtda Vatikan dünyası sadəcə Brüsseldən gələn direktivlərlə işləyə bilməzdi.

BRİKS – bu, Yer kürəsindəki quru ərazilərin 25 faizi deməkdir, dünya əhalisinin 40 faizi, xammal və mineral ehtiyatlar, meşə və su mənbələrinə söykənən nəhəng bir cazibə mərkəzini heç kəs bir qırağa ata bilməz. Üstəlik, Rusiya liderinin müsəlman aləminə doğru uzanan əllləri, bağladığı böyük müttəfiqlik sazişləri, hərbi yardımlar da Papanın Putinə sülh carçısı olduğunu təsbit edən və onu "mələk" statusunda rəsmiləşdirən ordenlə müküfatlandırmağa vadar etmişdi. Razılaşın ki, bütün Qərb mediasının amansız hücumları qarşısında bu rus liderinə göstərilmiş böyük iltifat idi.

Dünənsə Obama uzun müddətli sanksiyalardan sonra Rusiya prezidenti ilə bir masa arxasında badə qaldırırdı.

Kremlin bir addımlığında Ərdoğanın və Mahmud Abbasın iştirakı ilə 10 min adamın eyni vaxtda dini rutuallarını yerinə yetirəcək bir məscid açan ölkədə kimsə müsəlmanların sıxışdırıldığından necə danışa bilər? Onların qabağına dərhal Qərbin "kafir"lərlə apardığı mübarizədə həyatını itirən milyonlarla cəsəd və xarabazarlığa çevrilən torpaqlar qoyulacaq. Ruslar uğurla dini müharibəyə oynamağı bacarır və islamçıların himayəçisi rolunda çıxış edirlər.

3-cü Vizantiya statusuna iddia edən, Papa ilə Yaxın Şərqin xristianlarının xilası haqqında düşünən bir şəxs çox ustalıqla Ukrayna münaqişəsindən sıyrılıb Suriyaya qoşun göndərir, Tartusda Əsədə son sığınacaq adı ilə böyük bir coğrafiyada Qərblə savaş cəbhəsi açır, İŞİD-in boş yerindən yaranmadığını anqlosaksların üznünə çırpır, onları mühakiməyə qalxır. Başqa liderlərdən kim belə cəsarətli hərəkət edə bilir? Baxın, rus millətçilyinin arqumenti bundan ibarətdir.

Halbuki bunu Ərdoğan etməliydi. Türkiyə lideri isə hökumətsiz qaldığı səbəbilə İranla heç bir uzlaşma tapmadan və bütün Avropa paytaxtları ilə siyasi ixtilafda olduğu üçün Moskvaya gəlməyə məcbur idi.

Putin çeçen liderinə bir ölkə miqyasında hüdudsuz ixtiyar verib, onu siyasi vəziri yerinə qaldırıb və Kadırovun siyasi ierarxiyadakı mərtəbəsinə qısqanan daxili və xarici düşmənlərinə və Papanın keçmiş sovet satelliti ilə birləşdiyi Amerikanın qarşısına O, siyasi rejim formasından asılı olmayaraq hamilik etdiyi islam dünyası ilə çıxır.

Axı müsəlmanların vahid lideri yoxdur və onlar başqa dini rəhbərləri Birləşmiş Millətlər Təşkilatında salamlamağa məcburdular. Səud kralını mühakimə edən və Məkkə ayaqlanmasında həyatını itirənlərə görə məhkəmə tələb edən İran lideri Yaxın Şərqin yanan ocağını söndürmək üçün ABŞ-la əvvəlki düşmənçiliyi deyil, son barış dilini danışır. Halbuki, Məkkəni Təbrizə köçürmək mümkün deyil və kral ailəsi mühakimə olunsa da, İranın hazırki siyasəti onu müsəlmanların dini-mədəni və mənəvi məbədinə çevirməyəcək.

Putinin BMT tribunasından bir daha islam dünyasının və dininin böyüklüyündən danışması kütləvi köçkün axınına məruz qalmış Avropadan və Amerikanın əleyhinə olan beynəlxalq şəraitdən bəhrələməsi deməkdir. Kremldə Papanın şərəfinə ordu kimi düzülməyən rus elitası azan səsindən rahatsız olmadığını dünyaya göstərə bilir. Axı 26 milyonluq islam etiqadlısı bu gün Yaxın Şərqdəki kimi qırılıb soyqırıma uğramır.

Hər halda müsəlmanların Fransisk kimi qəbul olunan başçısı yoxdur. Ona görə, Roma Papası Ağ Evdə, Putin məsciddə dünyanın taleyini həll edirlər.

Allahın evi dövlət başçılarının evinə çevrilib!

Tarix
2015.09.29 / 22:05
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla