Yuxarı

Sənə əlvida demirəm…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sözünlə birgə özün də yaşayacaqsan

Bir ünlü şairimizi, bir böyük söz ustasını, bir Vətən aşiqini, bir misilsiz istedad sahibini, bir itirilmiş yurdunun həsrətiylə ürəyi yaralı olan nakam qardaşımızı, bir dostu və yol yoldaşını da itirdik. Sentyabrın 23-də Məmməd Aslanı Xırdalan-Binəqədi yolunun üstündə, vulkan dağının soyumuş küllərindən qoparılmış bir qəbiristanda - qaçqın, Bakıda yaşayan kəlbəcərlilərin məzarlığında torpağa tapşırdıq.

Ətraf tikililər, küçələr, evlər bir rəzalət mənzərəsidir, Bakının qulağının dibində bu boyda səliqəsizlik bizim daxili durumumuzu, özümüzə, milli xarakterimizə və şəhərimizə münasibətimizi göstərir. Qəsəbələr salınır, xərc çəkilir, evlər tikilir, ancaq bunun yolları niyə ilan yolu olmalı, niyə rahat keçib getmək üçün, nəfəs almaq üçün yer saxlanmamalıdır? Niyə indi salınan yeni yaşayış yerlərində küçələrimiz belə dolanbac olmalıdır? Niyə düzlüyü sevmirik? Bu rayonun böyükləri hara baxır?

Məmməd belə şeylərə əsəbiləşərdi. Buna görə ilin yarısını yollarda, dağda-daşda, Dəlidağın, Murovun havasının tutduğu yerlərdə keçirərdi. Onsuz da Bakıda evi yox idi, dağlara qalxmaq Sumqayıtda beşinci mərtəbəyə ağrıyan ayaqla dırmaşmaqdan daha asan gəlirdi ona.

Məmməd çağdaş şeirimizin qüdrətli yaradıcılarından biriydi. Yunis İmrədən Aşıq Ələsgərə - Aşıq Şəmşirə qədər böyuk bir yol keçmiş, türk dilinin bütün gözəlliklərini əks etdirən, ərəb-fars zınqırovnamələriylə millətin başını xarab edən saray mədhiyyə sicilləmələrinə öz ana südü kimi tərtəmiz ruhuyla dərs verən əsil milli ədəbiyyat yolunun adamıydı. Göycə-Kəlbəcər saz-söz ənənələrinə baglıydı, bu dağların bağrından qopan nə hikmətlər vardısa, Məmmədin sinəsində, yaddaşında yuva qurmuşdu. Qoşmanın, gəraylının ustasıydı, bu yoluna sonadək sadiq qaldı, xaric vurmadan, həmişə öz səsiylə oxudu.

Bununla yanaşı, Məmməd Aslan gözəl uşaq şairiydi. Uşaqlar üçün televiziya verilişlərinin təkrarsız aparıcısıydı, dil sərrafı olaraq bir müəllim kimi sözü anlamaq və qorumaq dərsi verirdi. Onun çox sevilən uşaq verilişlərini niyə bağladılar, onu AzTV-nin zövqlə nəşr etdiyi qəzetindən niyə uzaqlaşdırdılar, bilmirəm, ancaq onu bilirəm ki, Məmməd bunların ağrısını yaşadı, bu qədirbilməzlik mühiti insan ömrünü qısaldan, insanı içindən baltalayan, qələmini qıran, ruhunu sarsıdan şeylərdir və Məmməd bu zorakılıqlar burulğanında nə qədər incisə də, şükür ruhunu qorudu, iki cildlik şeir kitabını oxuculara çatdırdı, Anadolu-türk poeziyasından örnəklə, çox sevdiyi Mövlanədən seçmələri sevə-sevə nəşr etdirdi.

Ayrıca uşaq şeirlərindən düzənlənmiş bir kitabını hazırlamışdı. Məmməd, doğrudan da, qeyri-adi istedad sahibiydi. Yollara çıxanda foto makinası, kamerası əlindən düşməzdi. Yorulmadan çalışardı. Apardığı televiziya verilişlərinin bölgələrdən gətirilən bütün video-görüntüləri onun öz əməyinin məhsuluydi. Yollarda, dağlarda mənim tələskənliyimə baxmayaraq seçdiyi bir mənzərəni, gülü- çiçəyi dəfələrlə lentə köçürməmiş keçib getməzdi. Bundan zövq alırdı, sözlə deyə bilmədiklərini bu yolla deyirdi.

Məmməd Aslan hələ sovet dövründə Azərbaycanla Türkiyə arasında körpü salan, gedib-gələn, sonradan Azərbaycanın ən yaxın dostları olmuş Türkiyə ziyalılarını Azərbaycana dəvət edən, Türkiyə səfəri haqqında o vaxt əldən-ələ gəzən "Ərzurumun gədiyinə varanda" kitabını yazan böyük ziyalı, yurdsevər, türklüyün aşiqi və təbliğçisi idi.

Ədəbiyyatımıza ötən əsrin altımışıncı illərində gəlmişdi. O, Yazarlar Birliyinin Natəvan klubunda ilk şeirlərini oxuyanda mən tələbəydim, elə orda tanış olmuşduq və bu tanışlıq Məmməd Bakıya köçənədək davam etmişdi. Sonra bu tanışlıq dostluga çevrildi. Köçüb gələndən sonra bir müddət Böyükşorda onuncu islah-əmək düşərgəsinin yanında kasıb bır gecəqondu məhəlləsinin balaca bir evində anasıyla yaşayırdı. Təsadüfən mən də əsgərliyimi həmin türmədə çəkirdim, fürsət düşən kimi Məmmədgilə qaçırdım və yeni şeirlərimizi oxuyurduq bir-birimizə.

Məmməd Bakıya köçsə də, fikri, ruhu dağlardaydı. 1984-cü ildə yayın axırında onunla ilk dəfə Kəlbəcərə, İstisuya getdim və sanki Azərbaycanı, Kiçik Qafqazı yenidən kəşf etdim. Kəlbəcər ayrıca bir dünyadır. İstisunun başı üstündə, Sücaətin quş yuvasına bənzər kafesində saz havalarını dinləyə-dinləyə, şeir oxuya-oxuya kəsdiyimiz çörəyin dadı-duzu bir də heç yerdə təkrar olunmadı. Məmməd mənə Kəlbəcərin hər köşəsini göstərdi, sevdiyi adamlarla tanış elədi, İstisuda böyük şeir şöləni təşkil etdik, Ala Göllərin üstündə at çapdıq, dağ yollarıyla aşıb Göyçəyə getdik, Ələsgər ocağını ziyarət etdik, İslamın, İsmixanın qonağı olduq, Göyçə gölündə üzdük. Düzünə qalsa, at çapmaqda da, Göyçədə üzməkdə də Məmməd yalnız tamaşaçıydı. Mənim isti vannadan sonra Tərtərin buz sularında çimməyimi görəndə "özünə qəsd edirsən, öləcəksən..." deyirdi.

Talenin acı, sərt oyunları və dünyanın xəyanətkarlığı Kəlbəcəri əlimizdən çıxartdı. Müvəqqəti olsa da. Yalnız dağlarda boya-başa çatmış adamlar kəlbəcərlilərin o dağlarsız nələr çəkdiklərini duya bilərlər. Havası çatmayanda, Məmmədi Yardımlıya aparırdım. Başqalarının dilindən keçən sözlər bəzən qəribə vərdişlər yaradır. Mən anama "bacı" deyirdim və bizim evimizə gələn dostlarım, o cümlədən Məmməd Aslan üçün də bir bacı, bir qardaş ocağı vardı, ərklə gedər, günlərlə dağı-daşı dolaşar, hər qayanı, hər ağacı lent yaddaşına köçürərdi. Oraları da elə Kəlbəcər kimi tanıyırdı və ilin hansı vaxtı "gedək Yardımlıya!" desəm, hazır idi...

Məmməd Aslan gözəl redaktor idi, dil zövqünə söz ola bilməzdi. Bu baxımdan onunla müqayisə oluna bilən adamlar çox azdır. O da mənə inanırdı və əli çatmasa da, telefonla oxuyurdu yeni şeirlərini, ya da zəng vurub qəzet və dərgilərdə dərc olunmuş yeni yazılarını oxuyub-oxumadığımı soruşurdu. Dostlar bir-birlərinin dəyişilməz oxucularıdır. Yaxınlar gedir, kürəyimizdən soyuq küləklər əsir, dünya özgələşir...

Məmməd qardaşımın bir qabiliyyəti də vardı. O, əsil loğman idi, xalq təbabətini gözəl bilirdi, illər uzunu özü-özünü müalicə etmişdi. Ancaq bir dərmana əli çatmırdı. O da Dəlidağın havasıydı, suyuydu... Kəlbəcərə gedib-gələ bilsə, Kəlbəcər azad olsa, Məmməd bundan sonra on-onbeş il də yaşayardı. Onun kəmikləri - nəşi vulkan külündə qovrulacaq - Kəlbəcər torpağına qayıdana qədər...

Sənə əlvida demirəm, Məmməd! Çünki ayrılmırıq. Biz ömrümüz boyu bu Vətənin qeyrətini çəkdik. Kefini başqaları çəkdi... Ancaq dünyanın malının-mülkünün torpaqdan fərqi yoxdur. Söz isə Allah amanındadır və əbədidir. Sən hər il şəhidlərə və qərənfillərə oxşama deyəcəksən... Sözünlə bir, özün də yaşayacaqsan...

24.09.2015

Tarix
2015.10.01 / 09:42
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla