Yuxarı

Tanınmış alim: “Nizami Gəncəvi medium olub”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ədəbiyyatında fantastik janrın ən böyük nümayəndəsi hesab olunan Jül Vernin əsərləri müəyyən mənada elmi-texniki tərəqqiyə də xidmət edib. Onun əsərlərində təsvir etdiyi bir çox cihaz qurğular zaman keçdikcə kəşf olunub.

Bəs Azərbaycan ədəbiyyatında fantastik janrın bu cür nümunələri varmı?

Axar.az bu mövzu çərçivəsində tənqidçi-alim Rüstəm Kamalla söhbətləşib.

Nizaminin əsərlərində öz ölümü ilə bağlı məlumatlar var

– Azərbaycan ədəbiyyatında ən yaxşı fantastik əsər hansıdır? Elə bir əsər varmı ki, yazıldığı dövr üçün fantastika hesab olunsa da, sonradan onun proqnoz xarakterli əsər olduğu görünə?

– Azərbaycan ədəbiyyatında ən böyük fantast Nizami Gəncəvidir. Nizami realist fantast idi. Onun əsərlərində öz ölümü, məqbərəsi ilə bağlı məlumatlar var. O, öncəgörən idi. Bəs öncəgörənliklə fantastika eyni şeydirmi? Bax bu, qəliz məsələdir.

– Mənə elə gəlir, ədəbiyyatımızda fantastik hekayənin ilk nümunəsi olan Yusif Vəzir Çəmənzəminlinin "Gələcək şəhər" hekayəsində proqnozlar var.

– Y.V. Çəmənzəminlinin "Gələcək şəhər" hekayəsində bu günün Bakısını görmək olur. Bunun isə əsil fantastikaya dəxili yoxdur. "Qızlar bulağı" əsəri də geriyə yönəlik fantastikadır. Məsələn, orada zərdüştlükdən-filan danışır. Əsərdə proqnoz yoxdur. Həm də Yusif Vəzirin sənətkarlığına görə o əsər çox zəif əsərdir.

Onu məktəb dərsliyinə salmaq istəyirdim, ancaq...

– Bəs Anarın "Əlaqə" povestini fantastik əsər hesab etmək olarmı?

– Anarın "Əlaqə" povestində fantastika elementlərindən istifadə olunub, ancaq o da fantastik əsər deyil. Proqnoz "Ağ qoç, qara qoç"da var. İbrahim Hüseynov adlı bir fantast yazıçı da vardı, sonradan bilmədim, onun taleyi necə oldu. O, rus, Avropa yazıçılarının əsərlərindəki süjetlərdən iqtibas etməklə yazırdı. Emin Mahmudov adlı bir yazıçı da vardı. Cəmi bir neçə hekayəsi çıxdı, yaradıcılığı qabarıq nəzərə çarpmırdı. Mən ona uşaq vaxtı məktub yazmışdım, o da mənə cavab. Sonra eşitdim ki, o, Amerikada yaşayır.

– Məşhur "Atlantidadan gələn adam" əsərinin müəllifi Namiq Abdullayevi fantastik yazıçı kimi necə qiymətləndirirsiniz?

– Namiq Abdullayevin bir hekayəsini bu yaxınlarda oxudum. 7-ci sinfin ədəbiyyat dərsliyinə salmaq istəyirdim ki, adı qalsın, ancaq təəssüf ki, xoşuma gəlmədi, salmadım. Ya mən yaşa dolmuşam, ya da xarici fantastikanı çox oxumuşam deyə, bu hekayəni bəyənmədim.

İsa Muğanna klinik ölümdən sonra dedi ki...

– İsa Muğannanın "Cəhənnəm" romanı necə? Bu əsərdə də fantastika elementləri var sanki.

– Bilirik ki, İsa Muğanna bir neçə dəfə komaya düşüb. İsa müəllim "Cəhənnəm" romanında komada olarkən ona əyan olanları yazıb. Özü mənə danışıb ki, klinik ölüm keçirəndə o dünyada əmilərini görür. Əmiləri ona deyib ki, sən niyə gəlmisən bura, hələ tezdir, qayıt geri və filan əsəri yaz. Deyirdi ki, qayıtdım və "cəhənnəm" sözünü yazdım, dəftəri stolun üstünə qoydum, sonra əsəri yazmağa başladım. Əslində, Əbdürrəhim bəy Haqverdiyevin də əsərlərində fantastika elementləri çoxdur. Folklor mistikası ilə yüklənmiş fantastikası çox güclüdür. "Xortdanın cəhənnəm məktubları"nı oxuyanda adam dəhşətə gəlir. Əbdürrəhim bəy Haqverdiyev Bulqakov səviyyəsində yazıçıdır. Bulqakovun işlətdiyi "priyom"ları Haqverdiyev də işlədib. Heç kim "Usta və Marqarita"ya görə Bulqakova fantast yazıçı demir, demək, biz də Ə.Haqverdiyevə deyə bilmərik. Bütün əsərlər bu və ya digər dərəcədə həm də fantastikadır. Cövhərində fantastika olmayan yazıçı, mif olmayan əsər yaşamaq immunitetini itirir.

– "Usta və Marqarita" demişkən, yadıma "Qətl günü" düşdü. Yusif Səmədoğlunun əsərində şərti metaforizmin elementlərindən kifayət qədər istifadə edilib. Bu əsəri fantastika nümunəsi hesab etmək olarmı?

– Tamamilə düzgün qeyd edirsiniz ki, Yusif Səmədoğlu bəzən atasının yaşadığı dövrün konteksti ilə çox mükəmməl assosiasiyalar yaradıb. "Qətl günü" romanında atasının da obrazı var.

Ölümünü olduğu kimi təsvir edib

– Mən bildiyimə görə, oradakı şair obrazı Hüseyn Caviddir.

– Yazıçının peşəkarlığı ondadır ki, şairin birbaşa prototipinin izini itirir və ümumiləşdirmələr yaradır. Hüseyn Caviddən, Hacı Kərim Sanılıdan, Səməd Vurğundan – hərəsindən bir şey götürür. Səməd Vurğunu düşdüyü vəziyyətdən oğlu əsərində çıxarır və vəziyyəti bu adla bərpa edir. Səmədoğlu atasının həyatını dərk etmək istəyir. Romanda Səməd Vurğunun əsərləri ilə, məsələn, "Vaqif" dramı, "Komsomol" poeması ilə birbaşa assosiasiyalar var. Y. Səmədoğlu geriyə baxmaqla bizi bu günümüzdən, bəlkə də sabahımızdan xəbərdar edən fantastik bir əsər yaradıb. Bu mənada sizin bu əsəri xatırlatmağınız yerinə düşdü. Böyük şairlərin, yazıçıların mistik öncəgörənliyi olur. Məsələn, Mikayıl Müşfiq əsərlərində öz ölümünü olduğu kimi təsvir edir. "Qaya" poemasında Qayanı dostları necə bada verirsə, 1937-ci ildə özünü də dostları o cür bada verir. Belə çıxır ki, Müşfiq fantastdır? Xeyr, Müşfiq böyük mistikdir. Nüsrət Kəsəmənlidə də var idi ölümünü görmək. XX əsrin böyük rus şairi Sergey Yesenin də öz taleyini, ölümünü öncədən bilirdi.

– Müəllim, bir qədər ümumiləşdirmə aparaq: mistika ilə fantastikanın sərhədi nədir?

– Düzü, mən bəzən ayıra bilmirəm ki, mistik öncəgörənliklə fantastikanın fərqi nədir. Biri var ki, yazıçı qəsdən, bilərəkdən fantastika janrının tələblərinə, qanunlarına uyğun olaraq əsər yazır. Biri də var ki, ona ilahidən göndərilən şüuraltı mistik qüvvələr özü də bilmədən əsərlərinə daxil olur. Təəssüf ki, bizim ədəbiyyatşünaslarımız o mistik layları, gizlin mənaları, o ruhun mənzərəsini oxuya bilmirlər. Əgər bir millətin ədəbiyyatında təxəyyül yoxdursa, fantastik süjet qurma instinkti güclü deyilsə, bu, dövlət quruculuğuna, inkişafına mane olur.

Tarix
2015.10.06 / 09:09
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla