Yuxarı

Flora və Rübabədən imtina edən müğənni – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Qızıl duetlər" layihəsinin ikinci dueti Azərbaycan və Kərkük xalq mahnılarının görkəmli ifaçıları Sinan Səid və Nərminə Məmmədovanın oxuduğu "Evlərinin önü yonca" mahnısıdır.

Nərminə Məmmədova ilə ilk tanışlıq

Azərbaycan tamaşaçısının sevgisini qazanan Sinan Səidin çox qəribə həyat hekayəsi var. Bağdad şəhərində radio aparıcılığı edən, əslən İraq türkmanı olan Sinan Səid Bakıya 1958-ci ildə elə radio aparıcısı kimi dəvət olunur. Tezliklə Bakı ona doğmalaşır. Gələrkən təhsili olmayan Sinan Səid ali təhsilini də doğma şəhərdə alır. O vaxtlar bilmirdi ki, ömrünün sonlarında gəncliyinin Bakısı üçün çox darıxacaq.

Sinan Səid özünü əsil azərbaycanlı hiss edir, Azərbaycanı bütün varlığı ilə sevirdi. Radioda işləməyə başlayan aparıcı tezliklə Azərbaycanda öz sevgisinə qarşılıq olaraq böyük sevgi qazanır. Onu vətəni hesab elədiyi ölkədə himayə edir, həm maddi, həm də mənəvi kömək edirdilər.

Sinan Səid valehedici səsi ilə həm ərəb dilində olan həftəlik proqramını səsləndirir, həm xəbərləri oxuyur, həm də Azərbaycan ədəbiyyatının görkəmli yazıçılarının əsərlərini ərəb dilinə tərcümə edirdi. Elə Nərminə Məmmədova ilə də tanışlığı burada başlayır.

Azərbaycan səhnəsinin Çalıquşusu

Məşhur Qiyasbəylilər nəslindən olan Nərminə Məmmədovanın əsil adı Fəridə olub. Sonradan anası "Çalıquşu" romanındakı qəhrəmanın şərəfinə qoyulan adın qızının taleyinə romandakı kimi təsir edə biləcəyini düşünərək onun adını dəyişdirib "Nərmin" qoyur. Get-gedə ad dəyişilərək "Nərminə" kimi səslənir.

Nərminə Məmmədova bəstəkar Tofiq Quliyevin, Qənbər Hüseynlinin, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Ramiz Mustafayevin, Andrey Babayevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın mahnılarını ifa edir, get-gedə "Ay işığında", "Sirrimi bilmədin" , "Alagöz", "Aman ovçu", "Pıçıldaşın ləpələr", "Hardasan yar", "İlk xatirələr", "Nar-nar", "Qərənfil", "Habelə" mahnıları ilə məşhurlaşır.

"Xalq düşməni"nin qızının çətinlikləri

Nərminə xanım 60-cı illərin əvvəllərində anasının nəslindən olan ziyalı bir şəxslə – Ramiz Qiyasbəyli ilə evlənir və bu nikahdan onun yeganə övladı Sevinc (Sevinc Qiyasbəyli – indi Onkologiya mərkəzində tibb elmləri doktoru, professordur) doğulur.

Nərminə xanımın atası Ağası bəyin "xalq düşməni" damğası ilə sürgün olunması onların ailəsinə bədbəxtlik gətirir, Nərminə məktəbdən çıxmaq məcburiyyətində qalır. Amma sonradan təhsilini davam etdirir, BDU-nun Filologiya fakültəsində Mir Cəlal Paşayev, Əlövsət Abdullayev, Ağamusa Axundov, Yusif Seyidov kimi professorlardan dərs alır. Təxminən eyni illərdə Sinan Səid də eyni universitetin jurnalistika fakültəsində təhsil alır. Ancaq oxuduqları universitetdə bir-birini tanımaq şansları olmur. Radioda olan tanışlıqları ilə duet təklifi eyni vaxta təsadüf edir.

Sinan Səid Flora Kərimovadan imtina etdi

Sinan Səidin yaxın dostu, sirdaşı Nahid Hacızadə xatirələrində mahnının yaranma tarixini belə nəql edir:

"Ona ikiotaqlı mənzil vermişdilər. "İnturist"dən öz evinə köçmüşdü. "Volqa" maşını alması da onu çox sevindirirdi.

Baş redaktorumuz dönə-dönə tapşırmışdı: "Sinan Səidi gözdən qoyma. Qəribdir, ondan ayrılma. Hər axşam ona baş çək. İstəsən, onunla da qala bilərsən. Subay adamsan. İkiniz də darıxmazsınız".

Axşamlar Sinan Səid nəsə biş-düş edir, çay qoyurdu. Bu zaman o, dodaqaltı şirin, bir az da qəmli mahnılar oxuyurdu. Bir mahnısını qulağım aldı: "Ninni, yavrum, ninni". O, mahnını qurtarmamış yalvardım:

- Sinan, qadam alım, bir də oxu!

Bir dəfə dedim:

- Sinan, gəl bu mahnını lentə yazdır, efirdə səslənsin. Biz ölüb gedəcəyik, qoy mahnı yadigar qalsın, yaşasın.

Sinan Səid tutuldu:

- Bəyim, sən nə danışırsan? Mən diktoram, gülərlər mənə. Sən bir görəydin, eşidəydin, Bağdadda, Kərkükdə bu mahnını necə oxuyurlar? Onlardan sonra mənim oxumağım gülünc görünər.

- Görünməz, əfəndim, görünməz. Özün də görərsən ki, sənin ifan hamının ürəyini tərpədər.

Sinan Səid gülümsədi:

- Bəyim, bəlkə də belə oldu. Sən mənə bir müğənni qadın tap. Biz duet oxuyaq. Onda başqa cür səslənər bu mahnı.

Mən çox adlar çəkdim: Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Flora Kərimova… Daha kimlər, kimlər…

Sinan Səid də bu müğənniləri tanıyırdı. Ancaq heç biri ürəyindən xəbər vermədi.

Bir gün haradansa gəlirdik. Radiostudiyada xor ansamblının konserti məşq olunurdu. Solist Nərminə Məmmədova idi. Sinan Səid mənim qolumdan tutdu.

- Tapdım, tapdım. Bu xanım oxuya bilər "Ninni yavrum"u. Özü də yaxşı oxuyar.

Mən Nərminə xanımı Sinan Səidlə tanış elədim. Çox sevinsə də, oxumağa razılıq vermədi:

- Mən bu ləhcə ilə belə şirin oxuya bilmərəm, - dedi.

Ancaq birtəhər saqqızını oğurladıq. Məşqlər başlandı. Sinan Səid də, Nərminə xanım da məşqlərə ürəkdən girişmişdilər. Nəhayət ki, bir neçə mahnı hazır oldu.

Sinan Səid dedi:

- Bunları Kərkük xoyratları, daha doğrusu, Kərkük-İraq mahnıları adı ilə verək. Qoy elə bu adla da yaşasın "Kərkük-İraq mahnıları".

O vaxtdan üzü bəri bu mahnılar yaşayır, sevilir. Efirdə: "Oxuyurlar Nərminə Məmmədova və Sinan Səid" sözləri səslənəndə hamı qulaq kəsilir".

Onların birlikdə oxuduqları "Ninni, yavrum, ninni", "Mən səni sevmişəm, allam", "Altun üzük", "Sevdi yar" mahnıları "Kərkük xalq mahnıları" adı altında lentə yazılır.

1990-cı ildə Sinan Səid, yeddi il sonra – 1997-ci ildə isə Nərminə Məmmədova vəfat edib. Amma onların ifasında bizə yadigar qalan Kərkük nəğmələri bu gün də nəinki azərbaycanlılar, bütün türkdilli xalqlar tərəfindən sevilə-sevilə dinlənilir.

Tarix
2015.10.07 / 09:18
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla