Yuxarı

Son nobelçinin möhtəşəm hekayəsi - Dilimizdə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbiyyat üzrə son Nobel ödülçüsü, Belarus yazıçısı Svetlana Aleksieviçin təqdim etdiyimiz bu hekayəsi 2014-cü ildə "Russkiy Stil" (Almaniya) müsabiqəsində nəsr nominasiyasının qalibi seçilib. Hekayəni dilimizə yazıçı Nəriman Əbdürrəhmanlı tərcümə edib.

***

Kəhrəbadakı milçək

Hamı yalan danışır. Balaca, sısqa Pervuşin reanimasiya masasının sağ küncündə çöməlmişdi, yorğun, etinasız nəzərlərlə özünün ətrafında bir neçə yaşıl pijamalı və mavi ağızlıqlı həkimin qaynaşdığı nəhəng cəsədinə baxırdı. Sonunda işıq görünən bir tunel olması kimin ağlına gəlmişdi? Yalan deyiblər.

Heç bir tunel yox idi, o, yalnız tünd-qırmızı və bənövşəyi parıltını, düz gözlərinin qabağında böyüyən, göbələklərə oxşayan, deşik-deşik olmuş çətirləri xatırlayırdı.

Öz bədəni onun xoşuna gəlmirdi. Eynilə cizgi filmdəki Dovşan Qardaşın dabanına oxşar iri, boz dabanlı yöndəmsiz, nazik qıçları, gövdəsinin böyründə gəmi kanatları sayaq uzanmış çəlimsiz qolları vardı. Sifətinə plastik maska taxılmışdı, bu da onu ölüyə oxşadırdı, maskadan balıq qəlsəmələri təki şişib-çəkilən, ucunda kisəcik olan qısa botu sallanırdı. Amma Pervuşin bu mənzərəni hissiz-duyğusuz qəbul elədi, elə bil, indi tamam borucuqlarla dolu olan soyuq reanimasiya blokunda özü yox, başqa bir yad adam uzanmışdı.

- Fasilə! Bir də fasilə! – Pervuşin bu sözləri eşitdi. Kinolardakı kimi "Onu itiririk" və buna oxşar bir şey söylənmirdi. Lap cavan tibb bacısı defibrilyatorun "ütülər" ilə bədənin üzərinə əyildi, o baxdığı yerdən qızın elastik gözəlliyinə tamaşa elədi. Kardiomonitor xoşagəlməz tərzdə fışıldayır, yaşıl üfüqi xətti göstərirdi. Tibb bacısının müdaxiləsindən sonra xətt titrəyir, səs çalarını dəyişir, həkimlər daha fəal tərpənirdilər.

Pervuşin adəti üzrə əlilə ağzını yumub əsnədi, öz-özünə də təəccübləndi: onun əsnəməyini burda kim görəcək?

- Tərpədək! – Görünür, başçı olan həkim gur səsilə dilləndi. – Xlorlu kalsi, adrenalin!

- Pal Sanıç, adrenalinin son ampulasıdır!

- Atropin! Həm də ikinci bud kateteri, cəld!

"Afərin, - Pervuşin beynindən keçirdi, - çalışırlar. Amma bütün bu vurnuxmanın xeyri yoxdur!"

Çevik tibb bacısı titrəyən əllərilə Pal Sanıça nəsə verdi, sonra geri çəkilib, ağ rəngli divara söykəndi, gözlərini duydu. Pervuşin mavi kağız maskanın kənarlarında iki qara ləkənin yarandığını sezdi – qızın kirpiklərinin tuşu axmışdı.

"Yəqin, mən onun birinci xəstəsiyəm, - fikirləşdi. – Heyif qızdan. İlk ölün münasibətilə təbrik eləyirəm, əzizim!

Pervuşin güldü, ona elə gəldi ki, özünün xırıltılıtəhər səsini eşidir. Heyrətindən dikəlib balaca boyunu düzəltdi, elə bu vaxt da Kseniyanı gördü.

Kseniya qonşu masanın üzərində uzanmışdı, onun ətrafında da elə bu cür tamaşa gedirdi. Pervuşin gördü ki, qız hələlik gözəldi, onun gözəlliyinə nə "nəfəs alan", kisəcikli, meymunsayaq plastik maska, nə körpücük sümüyünün altından sallanan kateter, nə altından bir çəngə buğdayı, pırpız saçının çıxdığı nazik rezinli əzik kağız qalpaq xələl gətirirdi.

O, bütün ötən günü və ağrılı sevgilərinin çoxillik tarixçəsini xatırladı.

Maşın şəhərətrafı şoseylə şütüyür, salondakı sıxıcı sükut şişmiş beynini doğrayırdı. Birtəhər söhbətə başlamaq lazım idi. O radionu işə salmaq istədi, amma Ksyu Pervuşinin əlindən yapışıb saxladı, uzun barmaqlarıyla ovcunu sıxdı. Yox, bu dəfə onun çıxıb getməsinə imkan verməyəcək. Pervuşin asanlıqla əlini çəkib, xilaskar sükandan yapışdı. O, iki il bu qadına sevgidən boğulurdu, iki dəlisov il keçirmişdi! Onda ağlına gələrdimi ki, qadının bircə təması ondan ötrü dozülməz – bütün sonrakı günlərdə! - olacaq. O gözucu Ksyuya nəzər saldı, hiss elədi ki, bu gözəl, sığallı sifətin bütün cizgilərinə nifrət eləyir. Bu, nə vaxt baş verdi? Pervuşin buna cavab verə bilmirdi. Sevdiyi adam vardı, tamamilə yox oldu, indi yanındakı oturacaqda bir vaxtlar arzuladığı qəşəng, cəlbedici ayaqlarını bir-birinin üstünə aşırmış yad bir qadın əyləşib.

- Ksyu, nəsə bir qərara gəlməliyik. Mən daha bu cür bacarmıram.

- Lazım deyil, Maksim. Hər şeyi olduğu kimi qoyaq qalsın.

Cındırdı ki cındırdı! Bir həftədən sonra qırx yaşı tamam olacaq, amma yenə iradəsiz Maksimka kimi qalıb. Daxili səsi ona pıçıldayırdı: "Hə, gəl ona de ki, sənə nifrət eləyirəm, yataqda birgə uzanmağa məcbur olanda iyrənməməyə çalışıram!" Amma digər mehriban gur səs birinciyə cavab verirdi: "Qadınlarla belə rəftar eləmək olmaz. O pis heç bir hərəkət eləməyib. Sadəcə, sən soyuyubsan, bunun günahkarı o deyil".

Amma birinci pıçıldayan - "Onun, onun günahıdı, qadın həmişə günahkardı".

Pervuşkin maşını kəskin surətlə döndərdi, Kseniya qorxuyla ona baxdı.

- Ehtiyatlı ol, əzizim, aşa bilərik.

Aşmaq? Gülməlidi... Bütün həyatı alt-üst olub. O, özünə Ksyudan artıq nifrət eləyirdi, zəifliyinə, birdəfəlik hər şeyə nöqtə qoya bilməməyinə görə nifrət eləyirdi.

Pervuşin Ksyunu iki dəfə atıb getmək istəmişdi. Birinci dəfə qız onun qayıdışına ağlamışdı. Maksim onda fikirləşmişdi: ay axmaq, sənə daha nə lazımdı, gözəl-göyçək qızdı, səni sevir, sənsiz yaşaya bilmir. Bu "sənsiz yaşaya bilməməyi" o, ikinci dəfə çıxıb gedəndə özündə hiss eləmişdi. Ksyu çoxlu həb içmişdi, onu zorla həyata qaytarmışdılar. Şübhəsiz, Pervuşin qərarını dəyişdi. Bəs indi necə olacaq?

Dostları onları kabab qonaqlığına gözləyirdilər, şəhərətrafı evə çatmaq üçün hələ iyirmi dəqiqə yol getməliydilər. Maşının pəncərəsinin o tərəfində sarı-qırmızı payız rənginə bürünmüş, bir azdan hər şeyin ötüb-keçəcəyini andıran meşə görünüb yox olurdu. Pervuşin fikirləşdi ki, beynində fırladılan kinolentdə ölüm obrazları şübhəli dərəcədə tez-tez peyda olmağa başlayıb.

Ksyu nəsə danışırdı. O, bunu çoxdan arxa plan kimi qəbul eləmişdi, bu günsə beynimdən keçirdi: bu qadını belə dərindən nəyə görə sevmək olar axı? Cavab da tapmadı.

O söhbətin sonunu axşama, arvadının adəti üzrə onun əllərini zəhərli ilan kimi özündən aralayıb başını çiyninə qoyacağı və bütün axşam ərzində ilk dəfə susacağı vaxta saxlayırdı. Getdikləri evin sahibəsi Ksyunin yaxın rəfiqəsi idi, üstəlik, ərindən o qədər də xoşu gəlmədiyindən şübhələnirdi, Pervuşin də buna çox bel bağlayırdı. Ksyuya demək istədiyinin hamısını deyəcək, – hətta, əməlinin uğurlu olması, onun dərhal qara-qışqırıq salmaması, sözünü bitirməyə imkan verməsi üçün cib dəftərçəsində söyləyəcəklərinin mətnini bir neçə dəfə yazıb-pozmuşdu, - həm də arvadının rəfiqəsinə böyük ümidlər bəsləyirdi, o təskinlik verəcək, ona nifrət bəslədiyindən gecənin qalan hissəsini Ksyu ilə xilasedici söhbət aparacaq: qoy alçaq hara gedir getsin, belə daha yaxşıdı, qoy rədd olsun.

Ksyu şosenin geri qaçan şəridinə baxır, tanışlıqlarının ilk həftəsində onun bağışladığı sadə medalyonu oynadırdı: bir parça kəhrəbadan ibarət olan medalyonun şəffaf qızılı dərinliyində balaca qara milçək donub qalmışdı. Pervuşin özünü bir vaxtlar Allah saydığı qadının can alan, sürüşkən sevgisinin məhvedici qətranında batıb qalmış həmin səfeh həşarat kimi hiss eləyirdi. O, eynilə həmin bədbəxt milçək kimi caynaqlarının və bədəninin hərəkətsizliyini, donuqluğunu, özünün daha bir azadlığa çıxmaq cəhdində gücsüzlüyünü duyurdu.

"O, məni buraxmayacaq, buraxmayacaq", - sözləri gicgahlarında zoqquldayırdı. Qəfildən qolları gücdən düşdü, barmaqları quruyub taxtaya döndü, Kseniyanın qulaqbatırıcı qışqırtısı altında, elə bil, yavaşıdılmış sürətlə qabaq şüşəyə yaxınlaşan yol kənarındakı fənərin beton dirəyini gördü, saniyənin yüzdə birinin necə yavaş ötdüyünə təəccübləndi: budur, beton dirək onu - kiçicik həşəratı uddu, əbədi olaraq özünün rəngbərəng qətranına bürüdü, düşmən mühitdən təcrid elədi, çoxdan gözlənilən rahatlığı və sakitliyi gətirdi.

Pervuşin nəzərlərini qonşu masadakı bədənə zilləmişdi, qəfildən eynilə özü kimi sısqa, iri dabanlarıyla yanında büzüşüb oturmuş Kseniyanın özünü gördü. O, gözünü çəkmədən öz ağ, nazik boynuna, reanimatorların müdaxiləsindən içərisində həşərat olan kəhrəba medalyonun atılıb-düşdüyü yerə baxırdı. Bağı metaldandı, metalı-filanı yoxdu, həkimlər onu çıxarmağa vaxt sərf eləmədilər, onluq vaxtları yoxdu. Adama elə gəlirdi ki, o heç kəsi görmürdü, yalnız sanki qoxulaya-qoxulaya burnunu o tərəf-bu tərəfə hərləyirdi.

Pal Sanıç monitordakı düz yaşıl xəttə baxa-baxa və cihazın iyrənc fışıltısına qulaq asa-asa yorğun halda kağız maskasını çıxardı. "Deyəsən, vəssalam. Çatmadıq".

Revuşin çiyinlərini çəkib nəfəsini dərdi: "Hə, nolar".

Ksyunun üzərində vurnuxma davam eləyirdi. Kök həkim qadın tibb bacılarını qovur, tələsik halda Pervuşinə aydın olmayan göstərişlər verirdi. O, həkimin monitoruna baxdı. Zümrüd rəngli xətt gah düzəlir, gah donqarlanırdı.

"O, hələ həyata qayıda bilər".

Amma onun balaca məxluqunun sifətinə, masanın üstündə öz bədəninə tamamilə etinasız halda, yırğalana-yırğalana oturuş tərzinə baxıb, qəfildən dəhşətlə dərk elədi: Arvadı "ora" qayıtmayacaq, ömürlük onunla olacaq. Ömürlük...

Yox!!! Yox!!! Bircə bu olmasın! O sevmədiyi qırsaqqız məxluqla yanaşı cəhənnəmdə yaşamışdı, amma Əbədi yanında olmaq cəhənnəmdən pisdi!

- Get görək, Ksyuxa! – Pervuşin onun qulağına qışqırdı. – Geri qayıt!

Arvadı uzanmış sifətini ona çevirdi, mənasız-mənasız baxdı, amma Pervuşin qadının onu başa düşdüyünə əmin deyildi.

- Tez ol, Ksyu! Onların səni xilas eləmələri üçün iki dəqiqələri qalıb.

- Əzizim, - arvadı ölgün halda xırdaca əllərini ona uzatdı, mən səni atıb getmərəm, Maksim can!

- Pervuşin yerindən dik atıldı, onun çiyinlərindən yapışıb silkələməyə çalışdı, amma ovucları qadının bədənindən keçib gedirdi. Ksyu ona gülümsünür, qucaqlamağa çalışır, amma qolları da sürüşürdü. Onun monitoru fışıldayır, düz üfüqi xətt göstərirdi.

Vəssalam. Onlar indi əbədi bir yerdədilər! Bu fikir, elə bil, iti iynə kimi Pervuşinin "mən"inə sancıldı, qızğın maye kimi gözəgörünməz damarlarıyla axıb beynini partlatdı. "Mən özümə and içmişdim ki, ayrılacağıq. H-Ə-M-İ-Ş-Ə-L-İ-K!" Ksyu masanın kənarında barmaqlarının ucunda elə özünün ölgün, ağ qıçlarının üstündən o tərəf-bu tərəfə atıla-atıla rəqs eləyir, həddən artıq xoşbəxt görünürdü. Tibb bacıları onun bədənindən kateterləri çıxarırdılar.

Pervuşin yumruq kimi sıxılıb, naməlum bir şeyin qatı mayesinə çevrilib, elə bil, tennis topu kimi qolaylanıb öz kəlləsinə dəydi, orda qəddini düzəltdi, damarlarıyla axdı, öz ürəyini eynilə yerə düşmüş boksçu hədəfi sayaq ayaqlarıyla təpikləməyə başladı. "Həmişəlik! Həmişəlik ayrılırıq!" – Onun beyninin qaranlıq bir küncündə döyünürdü və bu döyüntü yavaş-yavaş soyuyan bədəninə yayılırdı. Pervuşinin monitorundakı xətt titrəyib şahə qalxdı.

- Lənət şeytana! – Qulağının lap yaxınlığında həkimin səsi guruldadı. – Sağdı! Qızlar, işləyirik!

Qızlar çalışmağa başladılar. O, ürəyinin necə peşəkarcasına işlədildiyini duydu, dərmanların kəskin qoxusunu, donmuş sinəsində cihazların soyuqluğunu hiss elədi. Pervuşin hələ öz beyninin bir küncündə kiçik halda qalıb yenidən ölmüş Ksyunun uzandığı yerə baxdı. Onun xırdaca eybəcər varlığı gözəl bədəninin üzərində uçurdu. O, pəri kimi bağlı illüminatorun lükünə çırpılıb çıxış yolu axtarırdı. Ksyu bütün gücünü onu, sağ, naşükür adamı tutub saxlamağa, öz mövcudluğuyla həyatını zəhərləməyə sərf eləmişdi.

Onun сəsədini cihazların borucuqlarından ayırdılar, balaca medalyon yırğalanan masayla dərmandamcıladanın dəmir borusu arasında qalıb xırçıldadı, bir hissəsi sınıb güclə eşidilən səslə parıldayan kafel döşəməyə dəyib cingildədi. Həmin kiçicik parçada Nuh əyyamından qalmış milçək ləkə kimi qaralırdı.

- Əlvida, dostum. Nəhayət, bu gün ayrıldıq".

...Amma Pervuşin şüurunu itirən məqamda qəfildən onun təbəssümünü aydınca gördü.

- Görüşənədək, sevgilim. Mən gözləməyi bacarıram.

Tarix
2015.10.09 / 11:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla