Yuxarı

Xutsiyevin iyul yağışı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən onu tələbəlik vaxtı, Moskvada "kəşf" etmişdim. Televizora baxırdım. Birdən bir filmi elan etdilər. Adı da qəribə idi – "İyul yağışı". Dedim, baxım görüm, necə filmdir, onsuz da bir işim yox idi.

Elə ilk dəqiqələrdən filmin atmosferi məni özünə çəkdi. Xəbərim olmadı ki, film nə vaxt qurtardı.

Dedim ki, gərək bu rejissoru yadda saxlayım. Filmin sonunda rejissorun adını öyrəndim – Marlen Xutsiyev. Sonra isə onun haqqında bilgi toplamağa cəhd etdim. O vaxt bu, elə də asan deyildi, internet-filan yox idi. Azacıq da olsa, müəyyən bilgi əldə etdim və bu, mənə sonrakı bütün dövr üçün bəs etdi...

Bu günlərdə də Rusiya saytlarına baxırdım. Birdən gözüm bir yazıya sataşdı, gördüm ki, Marlen Xutsiyev haqqındadır. Qəribəsi o idi ki, sən demə, rejissor hələ də sağ imiş və özünün 90 yaşını qeyd edirmiş...

Bəlkə də indiki gənclik sovet filmlərinin nə demək olduğunu duya bilmir. Yox, mən demirəm ki, dünya kinosu sovet filmlərinin yanında bir heç idi. Bu, çox ədalətsiz qiymət olardı. Dünya kinosunun da böyük inciləri vardı. Amma sovet filmlərini duymaq üçün o dövrü yaşamaq lazım idi. Biz kinoda bir baxışa, bir sözə möhtac idik. Bəzən elə olurdu ki, bütün film ərzində bircə fikir də kifayət edirdi. Belə fikirlər adətən siyasi sistemin sifətinə bir sillə kimi dəyirdi...

Amma Marlen Xutsiyevin filmlərində mən başqa bir nisgil duyurdum. O filmlərdə dünyanın ən ülvi ideyalarından biri üzərində qurulmuş siyasi sistemi öz böhranları ilə birgə görmək, sistemin qürubunu duymaq cəhdi vardı. "İyul yağışı" filminin maraqlı finalı adamı çox təsirləndirirdi. Bir tərəfdə gənclər dayanır, o biri tərəfdə də müharibə veteranları... Gənclərin üzündə bir çaşqınlıq, qeyri-müəyyən təlaş sezilirdi. Bu təlaş filmin yaradıcısından gəlirdi. Sanki rejissor demək istəyirdi ki, biz gəlib dalana dirənirik, artıq, böyük bir boşluq var...

Mən o baxışları hələ də unuda bilmirəm. Sonradan böyük bir siyasi sistemin qürubuna biz də həmin baxşılarla baxırdıq – anlamağa çalışırdıq, amma çətinlik çəkirdik, bundan sonra nə olacağını yəqinləşdirməyə cəhd edirdik, di gəl, bacarmırdıq...

Yadıma gəlir ki, o vaxtlar da çox şey qeyri-müəyyən idi. Bu qeyri-müəyyənlik adamı sıxır, qorxudurdu. Mənə elə gəlirdi ki, Marlen Xutsiyev bütün bunları irəlicədən görürdü və çox böyük təlaş, hətta təşviş keçirirdi.

Əslində əsil kino da belə olmalıdır – düşündürməlidir... İndi baxırsan ki, axtarış var, kino çəkmək istəyən var. Amma bir təqlidçilk də var. Çalışırlar ki, xaricdə olduğu kimi, bizdə seriallar olsun və yaxud da "Cəsur ürək" kimi bir şey çəkilsin...

Amma əbəsdir. Rejissorlara demək istərdim ki, siz insanı çəkin, bu günün azərbaycanlısını çəkin. Onda bəlkə bir şey alındı. Həm də bir şeyi bilmək çox vacibdir ki, əsil kinoda nikbinlik, optimizm də fəlsəfi olur.

Təsadüfi deyil ki, sovetlərin vaxtından yadımızda "Azadlıq" kimi müharibə serialları qalmayıb. Yaxşı, inandırıcı səhnələr olsa da, unutmuşuq belə serialları... Amma Marlen Xutsiyevin fimləri yadda qalıb. Ona görə ki, həmin o filmlərdə həqiqət zərrəsi vardı.

Digər filmlərdə də bunu tapmaq olur. Məsələn, mən lap bu yaxınlarda bir daha "Sakit Don" filminə baxdım. Bəli, o keçmişdə hiss etdyim, duyduğum elektriki bir daha duymaq üçün. Niyə görə o dövr bizə maraqlı görünür? Əvvəldə ülvi ideyalar haqqında bir cümlə yazdım. Nə idi bu ideyalar? Qardaşlıq və Bərabərlik... Bu mənada sovet sistemi də böyük bir eksperiment idi. Həmişə olduğu kimi niyyət xoş idi, saf idi, ülvi idi. Amma nahaq yerə demirlər ki, cəhənnəmə aparan yol elə xoş niyyətlərdən keçir. İndi özüm-özümdən soruşuram ki, o sistemə qarşı bizdə böyük nifrət vardımı?..

Bəli, sistemin ideologiyalaşdırılmış həyatına, onun komsomol və partiya iclaslarına qarşı acıq vardı, onun təlimatçılarını və təlimatlarını çoxu sevmirdi. Amma hamı daha çox bu fikirdə idi ki, hər şeyi korlayan elə həmin "instruktorlar"dır, hamı düşünürdü ki, əsil sosializm tamam başqa bir şeydir...

Bəlkə də həmişə, bütün böyük sosial eksperimentlər vaxtı nəsə alınmayanda hamı tiri bir tərəfə qoyub, tükü qırmanclayır. O vaxt belə ovqat güclü idi.

Tək-tük adamlar vardı ki, onlar deyir və göstərirdi ki, yox, camaat, xırdaçılıq etməyin, burada nəsə böyük bir hesabla qaydasında deyil, tiri qoyub, tükü döyəcləməyin... Belə insanlardan biri də rejissor Marlen Xutsiyev idi – indi 90 yaşını qeyd edən bir sovet rejissoru. Əslən osetin, amma yaddaşlarda sovet rejissoru kimi qalan bir adam...

Tarix
2015.10.09 / 12:56
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla