Yuxarı

“Erməni əsir məndən bal istəyirdi…”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Gülpəri Bulud qızı Sərkərovadır. G.Sərkərova 1963-cü il fevralın 13-də Şamaxı rayonunun Nərimankənd kəndində anadan olub. Orada 10 illik orta məktəbi bitirərək Şamaxı Pedoqoji məktəbinə sənədlərini versə də, qəbul ola bilməyib. Sonra rayonun mərkəzi əmanət bankında böyük xəzinədar vəzifəsində çalışıb. Birinci Qarabağ müharibəsi veteranıdır. Evlidir, iki övladı var.

"Ay zalım, öldükdən sonra pasportlarımız nəyinə lazım olacaq?"

Atam traktorçu olub. Uşaqlığımdan oğlan kimi atama köməklik etmişəm, qardaşlarımla birikdə. Hələ 1988-ci ildə bu proseslər başlayanda uşaq deyildim, hər şeyi eşidirdim, ağlım kəsirdi. Nəhayət, 1991-1992-ci illərdə müharibə başladı. Hər gün meyitlər, yaralılar gəlirdi. Müharibəyə getməyə qərar verdim. Hərbi komissarlığa ərizə yazdım. Amma valideynlərimin bundan xəbəri yox idi. Xəbər gəldi ki, hazırlaş, Qarabağa gedirsən. Məni yola salmaq üçün rayonun bütün vəzifəliləri gəlmişdi.

1992-ci ilin fevralında böyük bir dəstə ilə Ağdam rayonuna getdik. Kəndlər verilmişdi… Qaçqınlarımız ağlayıb, imdad diləyirdilər. Şirin Mirzəyevin batalyonunda əvvəl rabitəçi kimi qulluq etdim. Sonra Ş.Mirzəyevlə görüşüb döyüşmək istədiyimi dedim. O da məni göndərdi Ədalət Zeynalovun batalyonuna. İlk döyüşüm Abdal Gülablıda oldu. Nədənsə, bizim pasportlarımızı yığırdılar. Bir döyüşçümüz var idi, Rəsul... rəhmətlik… Pasport yığana dedi ki, ay zalım, öldükdən sonra pasportlarımız nəyinə lazım olacaq?..

"Son nəfəsinə qədər "Qarbağ ermənilərindir" dedi…"

Bizim ora getməyimizə səbəb vertolyotumuzun o ərazidə vurlması idi. Vurulanları xilas etdik. Pilot rus idi, şəhid olmuşdu. Güllə yağışı altında olsa da, erməniləri oradan qovub çıxara bildik. Xeyli silah-sursat götürdük.

Məni hələ yoxlayırdılar, döyüşə tam hazır deyildim. Daha sonra Naxçıvanikdə çoxlu itkilərimiz oldu. Şakir adında bir əsgərimiz də şəhid oldu. Tank komandiri idi. Şakirin tankı minaya düşdü. Ayaqları üzülmüşdü. Onu tankdan çıxardıq. Anidən ayaqlarının olmadığını görüb əlləriylə dizinə vurub dedi: "Vay, mənim ayaqlarım yoxdu ki?!". Bu sözləri deyəndən sonra gözlərini əbədi yumdu…

Düşünürəm, ürəyi partladı. Özünə gələndən sonra bilsəydi, yaşayardı. Şakirin qardaşı da başqa batalyonda döyüşürdü. Tutduğumuz erməni əsir ilə normal davranırdıq. Şirin Mirzəyev qoymurdu incidək. Deyirdi, əsirlə davranma qaydaları var. Amma Şakirin qardaşı həmin əsirin başını Şakirin qəbri üstə kəsdi…

Əslində, başını kəsməyəcəkdik. Biz ondan "bu torpaqlar kimindir" soruşanda, deyirdi ki, ermənilərindir. Şakirin qardaşı bir az torpaqla duzu qarışdırıb onun boğazına tökərək dedi ki, bax, bu duzlu torpaq sizindir. Qarabağ isə Azərbaycanındır. Erməni əsir başı kəsilə-kəsilə son nəfəsinə qədər "Qarbağ ermənilərindir" dedi…

Beş qızı, bir oğlu yetim qaldı…

Bizim döyüşçülərin çoxunun şəhid olmasına səbəb, onların tibb maşınında yox, tankların üstündə hospitala gətirilməsi idi. Sonra Şamaxıda böyük əziyyətlə bir tibb maşını aldım. Lakin bir qədər sonra maşın Sırxavənddə minaya düşdü.

Yaxşı texnikamız var idi. Vəngə qədər gedib çıxmışdıq. Bu qədər əziyyətə baxmayaraq, arxadan kömək gəlmədi. Ermənilərin mühasirəsinə düşdük. İki tərəfdən də xeyli itki oldu. Biz meyitləri oradan çıxaranda maşının içi qanla dolmuşdu. Bu, dəhşətli mənzərə idi. Siz bunu ancaq filmlərdə görə bilərsiniz. Şəhid olanların əksəriyyəti yeni gələn əsgərlər idi. Döyüş gedən yer laləlikdi, yanından da çay axırdı. Həmin çay lalələrdən seçilmirdi, qıpqırmızıydı. Döyüşdə Şirin Mirzəyevin müavini itkin düşdü. Beş qızı, bir oğlu yetim qaldı…

Erməni əsir məndən bal istəyirdi…

11 nəfər idik. Qadın təkcə mən idim. Hər dəfə kəşfiyyata gedəndə bir neçə erməni gətirirdik. Əksəri Bakı ermənisi idi. Onlar bizdən çox yaxşılıq görmüşdü. Təsəvvür edin, mədəsi ağrıyan əsir məndən bal istəyirdi.

3 illk xidmət zamanı çox dəhşətlər görmüşəm, yaşamışam. Bu gün isə heç yada da düşmürəm. Aldığım maaşı son qəpiyədək döyüş yolunda xəcləmişəm. Peşman deyiləm. 1994-ci il dekabrda təxris olundum. Buna səbəb isə bir hadisə oldu…

Məzuniyyətə gəlmişdim. Qardaşım sevincək mənimlə görüşməyə gələndə anidən əli ilişdi, sobanın üstündəki qaynar çaydan ikimizin də üstünə aşdı. Ciddi yanıq xəsarətləri aldıq. Bu səbəbdən döyüşlərə qayıda bilmədim.

Xocalını mən görmüşəm, rus qadınları yox!

Tərxis olduqdan sonra rayonda müəyyən qədər hörmət olunsa da, ümumilikdə qayğıdan uzaq qalmışam. Öz işimə qayıtdım. Lakin orada işləyə bilmədim. Bakıya gəldim. Jurnalist Zemfira Məhərrəmli ilə görüşdüm. Mənə iş təklif etdi. Beləcə, Çilov adasında yerləşən neft sənaye kompleksində işə düzəldim. Orada bir keçmiş döyüşçü ilə tanış olub ailə qurdum. Hazırda 45 manat təqaüd alıram. Nə ev, nə də maşın verilib bizə…

İndiki gənclərə vətəni sevməyi, qorumağı tövsiyə edirəm. Bu vətən bizimdir.

Bir dəfə həmkarlar ittifaqının sədri Emin müəllimə zəng edib dedim ki, qardaş, Xocalı faciəsini sən yox, mən görmüşəm. Tədbirlərə dəvət etdiyin rus qadınları yox, mən döyüşmüşəm. Cavab verə bilmədi…

Arzu edirəm ki, torpaqlarımız sülh yolu ilə qaytarılsın. Qaytarılmasa, gedib döyüşək, torpağımızı alaq. Bu gün Ali Baş Komandan əmr versə, yenə gedib döyüşərəm.

Tarix
2015.11.13 / 10:18
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla