Yuxarı

“Onun erməni olduğunu bilsək də...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afaq Şıxlının xüsusi təqdimata ehtiyacı yoxdur. Moskvada yaşayıb-yaradan şairlərimizdəndir. Bədii yaradıcılığı, ictimai fəaliyyəti ilə bir növ, Azərbaycanın mədəniyyət üzrə səfiridir.

Axar.az-ın "Soraq" layihəsinin budəfəki qonağı olan şairəmiz həm də həkimdir. İlk sualım da elə onun həkimlik və şairlik fəaliyyəti ilə bağlı oldu:

- Afaq xanım, ixtisasca həkimsiniz. Amma şair kimi daha çox tanınırsınız. Bunun sirri nədir? Yaxşı həkim deyilsiniz?

- Hələ bizdən çox-çox əvvəl, bu iki sahə – ədəbiyyatla həkimlik arasında qan bağının olduğu görülüb. Tibb Universitetində müəllimim olmuş professor Qəhrəmanov həmişə deyərdi ki, həkimin əlləri zərgər əlləri kimi, ürəyi şair ürəyi kimi olmalıdır.

Bir çox həkimlər ədəbiyyatla aşina olublar, həm də necə, hansı səviyyədə! İbn Sina, İbn Firnas, Fridrix Şiller, Qilyom Şevalye, Anton Çexov, Nəriman Nərimanov, Abbas Səhhət, Paşa Qəlbinur... Sualdan belə çıxır ki, ədəbiyyatla məşğul olduqlarına görə çağdaşları gərək Nərimanova və ya Çexova pis həkim deyəydilər. Bu iki sənətin bir vücudda qovuşması, mən deyərdim, bir tale işidir!

Təbib insan orqanizmini sağaltdığı kimi, yazar da könülləri sağaldır, yatmış buz duyğuları oyadır... Ədəbiyyat ürək yaralarına məlhəm olur, vicdanı ağrılardan xilas edir.

O ki qaldı şair kimi tanınmağıma – sevindiricidir.

Ədəbiyyat mənim qara sevdamdır

- Birinci sualımda sözsüz ki, zarafat vardı, amma yenə də olsun, ədəbi tədbirlər, görüşlər həkim olmağınızı unutdururmu?

- Ara-sıra unutduğum zamanlar olur... Amma məndə günah yoxdur. Ədəbiyyat övladlarımdan və vətənimdən başqa hər şeyi mənə unutdura bilər... Buna haqqı da var. Çünki o, haradasa bütün elmlərin anasıdır. Həyatın ən vacib ünsürlərindən biri olan sağlamlığı insana qaytara bilmək böyük bir şərəfdir! Bunu anlayıram, lakin nə edim, ədəbiyyat mənim qara sevdamdır! Bəzən özümə "mən niyə həkim oldum", - deyə sual verirəm: əli qələm tutandan müxtəlif peyzajlar, portretlər çəkməyə cəhd edən, uşaq yaşlarından şeir yazan, bir neçə alətdə çalıb-oxuyan biri, yəni incəsənətə hərtərəfli bağlı olan biri nədən həkim olmalıydı?.. Yəqin ki, bu istək insanları çox sevdiyimdən, onlara hər cəhətdən qayğı göstərə bilmək niyyətimdən irəli gəlmişdi. Gəncliyimdə Azərbaycandakı ən gənc iki həkimdən biri mən idim: 20 yaşlı Ceyhun (adını səhv etmədimsə) və mən. O zaman qəzetlər bizdən çox yazdılar. 21 yaşım olarkən artıq adıma xəstələr gəlirdi. Amma demək ki, qismətin mənimlə bağlı düşündükləri başqa imiş...

- Siz həm də Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvüsünüz, bu, sizə Azərbaycan ədəbiyyatının təbliğində bir iş görmək imkanı verirmi?

- Düzdür, müxtəlif birliklərin üzvü olmaq, gözəl əsərlərin yazılması üçün vəsilə deyil və mən bunu hər zaman deyirəm. Deyim ki, bütün vasitələrdən istifadə edərək bir çox qurumların üzvü olmağa can atmaq – şairin özünəinamının az olduğuna dəlalət edir. Adının yanında fəal qrup adlarının çəkilməsindən istifadə etmək keyfiyyətsizlik nişanəsidir. Lakin əgər həqiqətən də ədəbiyyata xidmət edən dəyərli təşkilatların üzvü olursansa, o zaman yalnız və yalnız Vətəninə xidmət etməlisən. Vətənə əldə silah da xidmət etmək olar, qələm də. Elə məqamlar var ki, qələm daha güclü və strateji əhəmiyyətli silaha çevrilir. Qürbətdə yaşayan yazarların misalında isə bu daha dolğun, daha düzgün olaraq öz əksini tapır. Biz nümunəvi və açıqgözlü olmalıyıq, vətənimizi canımızdan və mənfəətimizdən daha artıq sevməliyik, çünki yaşadığımız və getdiyimiz yerlərdə Azərbaycan ziyalısı bizim simamızda tanınır.

Dünyanın bir çox şəhərlərini gəzərkən ədəbi əlaqələr qurmaq, müxtəlif millətdən olan ədəbiyyat adamları ilə söhbətlər aparmaq və Azərbaycan xalqının təmsilçisi kimi vətəninin dərdlərindən danışmaq, onun ağrılarını dünyaya çatdırmaq fürsətim olur. İnsanlar siyasətçilərdən daha çox, söz adamlarına inanırlar, onların dediklərini daha tez qavrayırlar.

Mən olduğum hər yerdə, danışdığım hər söhbətdə xalqımın tərənnümçüsüyəm!

Ədəbi həyatımda dönüş nöqtəsi

- Moskvada bir çox azərbaycanlı yazar var. Aranızda ədəbi əlaqələr mövcuddurmu?

- Moskva ədəbi mühitimiz zəngin və maraqlı bir mühitdir. Gözəl şairlərimiz, publisistlərimiz, tərcüməçilərimiz, ədəbiyyatsevərlərimiz var. Biz bir-birimizə mənəvi bağlarla bağlıyıq.

Təbii ki, buradakı ədəbi mühit Azərbaycandakından daha kiçikdir, sayca azıq. Lakin bu o demək deyil ki, az işlər görürük. Birgə, müxtəlif səpgidə tədbirlər: poeziya günləri, yubileylər, bayram şənlikləri, yeni kitabların təqdimat gecələrini keçiririk. Gördüyümüz hər bir işlə, sanki qəlbimizdəki vətən həsrətini kompensasiya edirik. Öz əsərlərimizi xarici dillərə çevirib oxuculara çatdıra bildikcə, başqa millətdən olan yazarları ana dilimizdə "danışdırdıqca" torpağımıza və xalqımıza daha yaxın oluruq.

- Siz necə düşünürsünüz, Rusiya Yazarlar Birliyi SSRİ Yazıçılar İttifaqının varisi rolunu oynaya bilirmi, yoxsa bu da başqa bir ittifaqdır?

- Bu tamam başqa bir mövzudur. Sovetlər Birliyi dönəmi ilə müasir dövrümüz bir olmadığı kimi, bu qurumlar da başqadır. Lakin deməliyəm ki, Rusiyada çox dəyərli və istedadlı şairlər, yazıçılar var. Onlarla tanışlıq mənim ədəbi həyatımda dönüş nöqtəsi hesab oluna bilər.

- Bizim ədəbiyyatımız Rusiyada necə tanınır və ümumiyyətlə, tanınırmı?

- Rusiya qüdrətli dövlətdir. Buradan hər yer güzgü kimi aydın görünür. Azərbaycan ədəbiyyatının bizim dövrlərə qədər olan korifeyləri və eləcə də, indiki dövrün maraqlı yazarları, türk yazarları (təbii ki, rus dilinə tərcümə olunanlar) izlənir və oxunur. Lakin ədəbiyyatımıza diqqəti çəkmək üçün tərcümə işinə böyük diqqət və zaman ayırmaq, yeni əsərləri təqdim və təbliğ etmək lazımdır.

Hər il dekabr ayının üçüncü həftəsində Azərbaycan və rus şairləri birgə poeziya gecəsi keçirirlər. Bu gecənin ənənəvi olaraq, hər il eyni zamanda keçirilməsi haqda AYB Moskva bölməsinin toplantısında qərar verilmişdi. Olduqca mənalı və dəyərli olan belə tədbirlər ədəbiyyat adamlarını daha da yaxınlaşdırır.

- Bu yaxınlarda Fikrət Qocanın Moskvada 80 illik yubileyi keçirildi. Bildiyim qədər, siz və digər moskvalı yazarlar o yubiley tədbirində iştirak etdiniz. Bu haqda danışa bilərsinizmi?

- Tədbir Mərkəzi Ədiblər Evinin böyük zalında, Azərbaycandan gələn görkəmli sənət adamlarının və Rusiyanın müxtəlif şəhərlərindən bu yubileyə gəlmiş bir çox görkəmli ziyalıların, ədəbiyyatçıların, ədəbiyyatsevərlərin iştirakı ilə keçirildi. Bu onu göstərdi ki, Fikrət Qoca ismi Azərbaycan oxucusu üçün nə qədər önəmlidirsə, onun sərhədlərindən uzaqlarda da bir o qədər önəmlidir.

Erməni kökənli olduğunu bilsək də...

- Sizcə, ermənilər oraya niyə dəvət olunmamışdı və ya dəvət olunmalı idilərmi?

- Qəribə sualdır. Ermənilərin oraya gəlişini gözləyənlər vardımı? Bura Rusiya olsa da, xalq - Azərbaycan xalqıdır. Amma ömrünü-gününü vətən sevgisinə kökləyib yaşayan bir insan olaraq bunu deməyə haqqım çatır ki, milli ziddiyyətləri əks etdirən, xalqımıza ləkə yaxan, yalan-palanı, tarixi olmazları əks etdirən istər ədəbi, istərsə də başqa əsərlər istisna olmaq şərti ilə, əsil ədəbiyyatda milli ayrı-seçkilik aparmaq – ulu xalqımızın təbiətinə uyğun deyil. Götürək Eduard Əsədovu. Onun erməni kökənli olduğunu bilsək də, sevgi şeirlərinə nifrət edə bilmərik. Ermənilər necə hərəkət edərdilər, necə edirlər və edəcəklər – bu, onların öz işləri, öz mənliklərinin hesabıdır. Biz isə tarixi və əsli-nəcabəti bəlli olan Azərbaycan xalqıyıq!

- Heç qəribçilik yaşayırsınızmı? Niyə bu sualı verdim? Mənim aləmimdə Moskva bizlər üçün qərib şəhər olmamalıdır. Uzun müddət ikinci paytaxtımız hesab olunub. Siz moskvalılar necə, o doğmalığın içində az da olsa, qürbət havasını hiss edirsinizmi?

- Etiraf edim ki, bu sual məni ən xoş anımda belə bir uşaq kimi kövrəldə bilər.

İcazənizlə, bu suala şeirimlə cavab verim:

Mən vətəndən dönəndə

Sərhəd bağlana, qalam!

Məndən ayrı qürbətin

Bağrı dağlana qala!

Mən vətəndən dönəndə

Vətən də həsrət çəkə!

Ağlayan sətirlərim

Önümə bir sədd çəkə!

Mən vətəndən dönəndə

Haray sala küləklər...

Əllər ayrı düşsə də,

Ayrılmaya ürəklər!

Doluxsuna, kövrələ

Üzü məndən dönən də...

Yollar qubar bağlaya

Mən Vətəndən dönəndə!..

...Burada bir qədər haşiyəyə çıxmaq istəyirəm. Bu yaxınlarda, nostalji hislərimdən xəbərdar olan oğlum Nicat məni SSRİ muzeyinə aparmışdı. Burada müxtəlif köhnə cihazlar, maketlər, o dövrün geyimləri, hətta kitablar da vardı. Bunların demək olar ki, hamısını insanlar lazımsız əşya kimi gətirib muzeyə təhvil vermişdilər. Kitabların arasında gözüm Səməd Vurğunun seçilmiş əsərlərinə sataşdı. Üç cild idi. Sanki onlar da mənim kimi qəribsəmişdilər... Xahiş edib üçünü də götürdüm, evə gətirdim. Tozlarını silib rəfə düzdüm. Heç nəyə gücüm çatmasa da, onları tənhalıqdan xilas edə bildim.

- Qızınız da bədii yaradıcılıqla məşğul olur. Sizin nəsildə yazarlar çoxdur. Rəhmətlik İsmayıl Şıxlı da əminiz idi.

- Şıxlinskilər nəsli Azərbaycana Rus-Yapon müharibəsinin qəhrəmanı, dahi artilleriyaçı, general-leytenant Əliağa Şıxlinski, XVIII əsrin görkəmli şairi, M.P.Vaqifdən sonra ünlü qoşma ustası kimi tanınan Kazım ağa Saleh (Şıxlinski), şair, alim və hərbçi Mustafa Ağa Arif Şıxlinski, XX əsrin məşhur ziyalılarından biri - Şərif bəy Şıxlinski, Azərbaycan ədəbiyyatının unudulmaz siması - İsmayıl Şıxlı, Azərbaycan geologiyasının banilərindən biri, Azərbaycanın baş geoloqu olmuş Arif Şıxlinski kimi tanınmış şəxsiyyətlər bəxş edib.

İsmayıl Şıxlı isə genotip olaraq nəsli ənənəni – yazar olmağı mənə verib. Damarlarımda neçə faiz bilmirəm, amma onun qanı axır. Elə bir müdrik, dürüst, təvazökar, sözün hər mənasında, mükəmməl insandan sonra zəif şəxsiyyət olmağa, sadəcə, ixtiyarım yoxdur.

Qızım Nilufərə gəlincə, mən poeziyanı nə qədər sevirəmsə, Nilufər də nəsri bir o qədər sevir. O, özünü yazıçı və tərcüməçi kimi hiss etdiyini söyləyir, baxmayaraq ki, gənc olsa da çox gözəl, isti, səmimi şeirləri var. Bunu bir ana kimi yox, bir şair kimi deyirəm. Məni tanıyanlar bilir ki, yersiz təriflər mənlik deyil. Tərif bəzən gənc yazarları geri salan ən qorxulu səbəbə çevrilə bilər. Bunu bir çoxları bilsə, yaxşı olar.

Nilufər tərcümə işini çox sevir və bunun öhdəsindən hələ ki, bacarıqla gəlir. Şeir, hekayə, povestləri Azərbaycan dilindən rus dilinə, rus dilindən Azərbaycan dilinə məharətlə çevirir. Dünyanın bir çox ölkələrinin qəzet və jurnallarında dərc olunur. O, bu yaxınlarda hörmətli Leyla Əliyevanın sədri olduğu Rusiyada Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Rusiyada yaşayan gənclər üçün "Mən Azərbaycan dilini necə bilirəm" mövzusunda Moskva Dövlət Dilçilik Universitetində keçirilən "Azərbaycan dilindən imla" müsabiqəsində birincilik qazandı. Əlbəttə ki, sevinirəm və fəxr edirəm. Hər zaman gənclərə ana dilimizi sevməyə və dərindən öyrənməyə çağıran bir gənc kimi bu, onun vətən qarşısında borcu idi. Hazırda Nilufər Türkiyədə yayımlanan "Qarabağ hekayələri" adlı hekayələr toplusunun rus dilinə tərcüməsi ilə məşğuldur. Kitabda Elçin Əfəndiyev, Elçin Hüseynbəyli, Sabir Rüstəmxanlı, İmdat Avşar, Qənirə Paşayeva, Eyvaz Zeynalov, Əkbər Qoşalı, Narıngül Nadirqızı, Günel Anarqızı və bir çox başqa yazarların hekayələri yer alıb. Bu kitabın rusdilli oxuculara təqdim olunması Rus ədəbi mühitində Azərbaycan həqiqətlərinin təbliği kimi dəyərli bir rol oynaya bilər.

Ədəbiyyatı ağ eyvanlı gözəl bir evə bənzədirəm

- Afaq xanım, özünüzü ədəbiyyatımızın hansı mərtəbəsində hiss edirsiniz?

- Ədəbiyyatı güllü-çiçəkli bir bağçanın həyətindəki pəncərələri Günəşə açılan ağ eyvanlı gözəl bir evə bənzədirəm. Bu evin çoxsaylı otaqları var... Kimisi kirayənişindir burada, kimisi sahibkar. Kiçik, lakin işıqlı və səliqəli otaqlardan birinin sahibi olduğumu düşünürəm.

- Gözləntiniz nədir? Bir yazar olaraq arzunuza çatmısınızmı?

- Deyirlər, şeirə hopdurulan arzular çin olur, icazənizlə, mən də arzularımı nəzmə çevirim:

İstəyirəm ağrıyanda başım üstdə anam olsun...

Ürəyimdə kiməsə də özüm qədər inam olsun...

İstəyirəm Günəş görüm göy üzündə səhərçağı,

Nəvəmin də gözlərini qamaşdırsın gün işığı...

İstəyirəm öz əlimin əməyindən usanmayım,

Əməyimin qazancına baxa-baxa utanmayım...

İstəyirəm torpağımda özüm gəzim - ağa kimi,

Darıxanda seyrə çıxım dərəsindən dağa kimi...

İstəyirəm "dəmir" qapı döysün "taxta" qapıları...

Qaranlıqda boğulanlar haqq səsini duysun, barı...

İstəyirəm o gün gələ - arzulara inam olsun!..

Qan yerinə haqq-ədalət, kin yerinə iman olsun!..

Tarix
2015.11.16 / 09:27
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla