Yuxarı

Paris teraktı: qorxunc həşşaşilər qayıdır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yay Fransada futbol üzrə Avropa çempionatı keçiriləcək. Yarışa aylar qalmış terror məhz son dünya çempionu (Almaniya) ilə fransızların görüşündə baş verir. Hər olimpiadalar, yarışlarqabağı bu "praktika" var.

***

"Həsən ibn Səbbahın kölgəsi Avropa üzərindədir" - alman yazıçısı Ernst Hayn "Əlamuta qayıdış; göyərçinin boyunbağısı" adlı ilk tarixi romanına faktoloji müqəddimə ilə giriş verir.

"Dağın yaşlısı"nın bihuş etdiyi həşşaşilər Şərqdən Qərbə "səlib yürüşü"nə ayaq açıblar və artıq çox gecdir, kimsə onları durdura bilməz. Necə ki, dünyanı İslam xilafəti yaratmaqla hədələyən İŞİD terrorçuları indi qoca qitəni viran qoymaq arzusundadırlar.

Baxın: "İslam dövləti"ni körükləyən, silahla təmin edən dünya günün birində özü bu təhlükə ilə üzbəüz qalır.

Necə ki, Əl Qaidə yaranışından sonra nəzarətdən çıxdı, barışmaz qruplar meydana gəldi, onlar Avropaya ayaq basmağa başladılar, eləcə də, vəhhabilərin "kafir Qərb"ə yürüş edərək "şəriət" hədəfləri Paris teraktında isbatını tapdı.

***

Tarix 1231. Sentyabr. Bavariya kralı Lüdviq hər səhər olduğu kimi Kelheym şəhərində cəngavərləri və məbədçiləri ilə gəzintiyə çıxır.

Körpüyə qalxanda üzbəüzdə ona hikkəli və qəribə nəzərlərlə baxan bir gənci görür.

Kralın ətrafındakılar onu uzaqlaşdırmaq istəyəndə, Lüdviq icazə vermir, yaxınlaşıb nə istədiyi ilə maraqlanır.

Uzun saçlı gənc çatar-çatmaz bir göz qırpımında xəncəri kralın boynuna soxur və onu öldürür. Cəngavərlər qatili tikə-tikə etsələr də, qətlin sirr pərdəsi açılmır.

Yalnız Parisin Böyük Ustadı, məbədçilərin lideri Peter Montaiqu bilir ki, Bavariya liderini öldürən Əlamut qalasına kəşfiyyata göndərilən Adriandır.

İsmaililərin təriqətini və Əlamutun mübhəmliyini öyrənməyə göndərilən xəfiyyə bir həşşaşi kimi Kelheymə qayıdaraq kralı qətlə yetirir. Bu, Səbbahın qoca qitədə ilk sui-qəsdinin başlanğıcı olur...

***

Parisin Ustadı Adrianın əkiz qardaşı Orlandonu yanına çağırır. Əkiz qardaşlara Gemini deyə xitab olunurdu.

Gemini Ustadın təlimatı ilə Zakarias adlı məbədçi ilə birlikdə Əlamuta qardaşının niyə bu qətli törətməsinin gizlinlərini açmağa göndərilir.

Lakin yolda gəmi qəzasında Orlando Zakariasın öldüyünü zənn edir və özünü İsgəndəriyyə şəhərinə çatdırır.

Burada qarşılaşdığı Mənsur ona Səbbah haqda ətraflı bilgilər versə də, Əlamutun qorxunc bir qala olduğunu söyləyir.

Orlando isə təlimatı yerinə yetirməlidir. Bir medalın iki üzü olan Adrian və Orlando "Dağın yaşlısı" üçün növbəti sınaq idi.

Həşşaşi qardaşına çox bənzəyən Orlando qalaya gələndə Səbbahdan fədailərə qədər hər kəs təəccüb içərisində olur. Bavariya kralına sui-qəsdə göndərilən bir fədai necə sağ çıxa bilər?!

***

Qaladakı Hazimin dediyi kimi: "Bir fədai ölmək üçün öldürür. Ölüm onun üçün risk deyil, cənnətə qovuşmaq üçün bir açardır. Başqa tərzdə olsaydı, düşmənlərimizi xəncərlə öldürməzdik.

Onları zəhərləyərdik və fədailərə qaçmaq fürsəti yaradardıq. Lakin ölüm axtarışımız düşmənlərimizi qorxudur, bizim ölümdən qorxusuzluğumuz onların canına vəlvələ salır".

Hazim ibni Tahir Arrani adlı fədaini yada salır: "Ramazan ayının 12-ci günü Nizam ül-Mülkü öldürdü, adı şan və şərəflə dolsun!".

Həmid Herisçinin konspiroloji mülahizələrinə inansaq, ibn Tahir aranlıdır və azərbaycanlı kamikadzedir:

"Fədai" adlanan islam nindzaları əsl fövqəlinsanlara çevrilib bütün dünyanı silkələyir. Tarixçilərə bir sualım var: səlibçilərin Şərqə hücumuyla təxminən eyni vaxtda baş vermiş bu üsyan, bəlkə, bir mərkəzdən idarə olunub, hə? Diqqət edin, səlibçilərlə ismaililər həm müttəfiq, həm də düşmən idilər.

Hər iki qüvvə uca qəsrlərdə gizlənən cəngavərlərdən ibarət idi. Hər iki qüvvə Qüds xəzinəsinə nəzarət etmək fikrindəydi... Səlibçilər fədailərə "assasin" deyirmişlər. Uzaq Avropadakı öz daxili çəkişmələrinə çox vaxt bizim fədailəri də qatırmışlar".

***

Orlando Əlamutda fədai qardaşı Adrian kimi qəbul edilərək aylarla qalada qalır, sirləri öyrənir, qardaşının eşqindən divanə olduğu Zayidəni tanıyır, onun şirin nağıl kimi sevgi haqda söhbətlərinə qonaq olur.

"Dağın yaşlısı" – Səbbahın isə şübhələri onu dinc qoymur, Adrianın sağ qalmasına inana bilmir. Nəhayət, onunla görüşür və Tanrınn mövcudluğu haqda sorğu-suala tutur.

İsmaililərin peyğəmbəri ibn Səbbah Tanrının olduğunu inkar edir: "Kainat var və sonsuza qədər olacaq. Bir Tanrı varsa belə, bu yerin-göyün yalnız bir nəfər tərəfindən yaradılışı inandırıcı deyil. Tanrı, sadəcə, düşüncədən ibarətdir.

İnsan daima düşüncə istəyir. Biz hamımız şəfa tapmayan din cahilləriyik. Tanrının olub-olmamağı vacib deyil. Əsas ona inam yaradan dinlərin varlığıdır".

Orlando özünü iman gətirmiş bir fədai kimi Səbbaha göstərir və onun əmri ilə İsgəndəriyyədə həşşaşilərin düşmən elan etdiyi əl-Mənsuru öldürmək adı ilə qalanı tərk edir.

Orlando xoşbəxtdir: "Vəzifəmi uğurla başa vurdum. Fədailərin sirrini açdım. Onların başqalarından üstünlüyünün xaşxaş və saxta cənnət, hurilər olduğunu öyrəndim. Səbbah isə saxtakarın biridir".

***

Orlando qayıdan gecə Parisin Ustadı ibn Səbbahdan aldığı məktubu yandırır: "Bizi aldatmaq üçün ən yaxşı adamınızın əkiz qardaşını göndərdiniz. Onu da sıralarımıza qatmaq çətin olmadı. Adamınız yoldaşı Zakariası öldürməsini təsdiq edəcək".

Romanın proloqunda və ortalarında təkrar verilən bu şeir isə əsərin adını simvolizə edir:

"Deyləm vadilərində

İlk baharda ölü göyərçinlər tapılar

qar bəyazlığında".

Deyirlər ki, sevgilərindən ötrü bir-birini öldürürlər və boyunlarında qan damlalarından bir qırmızı parlaq zəncir daşıyırlar - göyərçinin boyunbağısı kimi...

***

1307-ci ildə Fransa torpaqlarında bütün məbədçilər tutularaq, dillərindən etirafları alındı və hamısı gilyotində can verdi. Həsən Səbbah isə 34 il Əlamutda yaşadı.

Ölümü müəmmalı oldu və cəsədi tapılmadı. Onun yerini bir başqası alsa da, həşşailərin süqutunu yaxınlaşdırdı. 1256-cı ildə monqollar heç bir qüvvənin edə bilmədiyi Əlamut qalasını ələ keçirdilər.

E.Hayn yazır ki, Səbbah ölümündən az əvvəl min il sonra yenidən qayıdacağını xəbərdar etmişdi. Alman romançı ərəb təqvimi ilə min il sonra şiələrin müqəddəs Qum şəhərində Xomeyninin göz açdığını yazır:

"1983-cü ildə Beyrutda Amerikan Dəniz donanmasına edilən hücumda 240 nəfərin ölümü ilə nəticələnən hadisədə mesaj buraxılmışdı: "Fədailərin sayı artdıqca insanlar bizdən daha çox qorxacaq. İki ay sonra Küveytdə bomba dolu yük maşını Amerika səfirliyinə girdi. Bu aktda neçə nəfərin öldüyü bilinmədi".

Haynın "Əlamuta qayıdış" romanını oxumaq üçün ilk növbədə Bartolun "Fədailər qalası – Alamut" mütaliə olunmalıdır. Çünki Bartol həşşaşilər mövzusunda "A" hərfidirsə, Haynın əsəri Bartoldan əvvəl oxuna bilməz. Bu iki roman bir-birinin tamamlayır.

Ən əsası ayrı-ayrı zəmanələrdə qələmə alınmış və çox uzaq bir dövrü təsvir edilmiş hər iki kitab günümüzlə səsləşir. "İslam Dövləti" terrorçularının Yaxın Şərqdə bu gün elədikləri ibn Səbbahdan gəlir – bir az fərqli və ayrı aspektdə...

***

Yalnız həşşaşilər kimi qaranlıq və çox geniş araşdırma tələb edən bu mövzuda Nəsrəddin Tusi barəsində olduqca az bilgi var. Bildiyimiz odur ki, "Əxlaqi-Nasiri" əsəri hazır olandan bir qədər sonra N.Tusi həbs edilir və həşşaşilərin qalasına göndərilir.

Müəllifin həbs olunmasına dair bir neçə səbəblərdən biri bu əsəri yazması göstərilir. "Əxlaqi-Nasiri" əsərində nəzərə çarpan mütərəqqi fikirlər o dövrkü müsəlman ruhanilərini qəzəbləndirib.

N.Tusi Əlamutda sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınmış alim ismaililərin yanında keçirdiyi 20 ildən artıq dövrdə "Əxlaqi-Nasiri", "Şərhül-İşarət", "Təhrir Məcəsti" "Təhrir Öqlidis" əsərlərini yaza bilir. Məmməd Süleymanov "Tusi və həşşaşilər" məqaləsində yazır ki, Tusi nə Nəsimi, Nəimi, nə də Xəyyam olub.

Müəllif bununla alimin terrorçulara təslim olaraq, sona qədər onlara tabe olmasına diqqət çəkib. Tusi də Əlamut qalası ilə eyni vaxtda həşşaşilərdən azad olub, monqolların hücumundan sonra bir işğalçını başqasına dəyişib…

Tarix
2015.11.18 / 09:09
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İranda telefonunuzda MTN yazısı görsəniz... - Reportaj

Deputatın olduğu canlı yayıma basqın - Video

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Dövlət iki mərkəzi satır – Hərrac

Dəmir yolunun bu hissəsi söküldü

Xaçmazda quşlar kütləvi tələf olur? – Foto

Öcalandan Gülən haqda şok sözlər

Moskva sirki Bakıya gəlir

Messinin dublu, almanların “sülh”ü…

Saratovka qaymağı zay çıxdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla